Məhkəmə qərarları › İş №2-1(103)-414/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-414/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-414/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin imtinasının qanunsuz sayılması, tibbi müayinədən keçirilməsi və sair” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-701/2023 saylı, 12 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinalarının qeyri-qanuni sayılmasını, səhhətinin düzgün qiymətləndirilməsini təmin etmək üçün uyğun bildiyi tibb komissiyasında müayinədən keçməyinə şərait yaradılmasını və ədalətli qərar çıxarılmasını, xəstəliyi sübut olunduğu halda, 2021-ci ilin mart ayından dayandırılmış pensiyasının ödənilməyən aylarının bərpa olunmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının qanunsuz sayılması və həmin tarixdən ona 2-ci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 03 may 2013-cü il tarixində ürək, sol kürək, boyun nahiyələrində, hər iki qolunda şiddətli ağrı, mədə bulanması şikayətləri ilə xəstəxanaya yerləşdirilmiş və ona “Miokardın ön və arakəsmə nahiyəsinin transmural infarktı” diaqnozu qoyulmuşdur. Bundan sonra, Mərkəzi Klinikada bir neçə damarına stend qoyulmuşdur. Dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Elmi-Tədqiqat kardiologiya institutunda və ərazi üzrə 18 saylı Birləşmiş Şəhər Xəstəxanasında stasionar müalicə almışdır. Səhhəti ilə əlaqədar 7 nömrəli Tibbi - sosial ekspert komissiyasının rəyi ilə ona ilk dəfə xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016cı il tarixindən 5 il müddətinə xx.xx.2021-ci il tarixədək 2-ci qrup əlillik kateqoriyası üzrə pensiya təyin edilmişdir. Lakin, növbəti mart 2021-ci il tarixindəki yoxlamanın nəticəsi olaraq, ona xx.xx.2021-ci il tarixində göndərişin natamam doldurulması cavabı verildi və xx.xx.2021-ci ildə yaşadığı ərazi üzrə xidmət göstərilən TSEK-ə yaxınlaşması tövsiyyə olundu. xx.xx.2021-ci il tarixində 3 saylı TSEK-də müayinə edən həkim hazırkı vəziyyəti ilə bağlı (ürəyin atım fraksiyası 37%, təngnəfəslik, baş ağrıları, aşağı ətrafa verən şişkinlik və s.) tam əminliklə əlilliyin bərpa olunacağını bildirsə də, 23 noyabr 2021-ci il tarixində Əlillərin bərpa mərkəzinə dəvət olunmuşdur. Gündəlik qəbul etdiyi dərmanlarla tanış olduqdan, təzyiqini ölçdükdən, yatdığı xəstəxanaların, aldığı müalicələrin sənədləri ilə tanış olduqdan sonra hiss etmişdir ki, ədalətli qərar çıxarmaq iqtidarında deyillər və beləliklə ona rəsmi imtina verilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, sonucu dəfə iddiaçının əlilliyi 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0082003AAD5N saylı göndərişi əsasında qiymətləndirilmiş və “X1: İX sinif- Qan dövranı sistemi xəstəlikləri =>120-125- Ürəyin işemik xəstəlikləri=> 120- Stenokardiya (döş inağı) =>120.1- Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX: Gərginlik stenokardiyası İİ f/s .Əvəllər keçirilən miokard infarktı, Postinfarktdan sonrakı kardioskleroz (2013) Aortokoronar şuntlu transplantatın olması, Stent əməliyyatından sonrakı vəziyyət (2013). Xr. ürək çatmazlığı İİ Dərəcə AF=38 Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, NSD qarışıq tipli Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİ dərəcə tez-tez krizlərlə; Mərkəzə göndərilmənin imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması- Səbəb: xəstənin hazırki vəziyyəti diaqnozun ağırlaşmalarını təsdiq edən aparılan diaqnostik müayinələr funksional pozğunluq dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-701/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və həmin tarixdən İddiaçı 2-ci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddiaya etirazın məzmunu ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdeh tərəfindən ona beş il müddətinə ikinci dərəcə təkrar əlillik təyin edildiyindən, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının qanunsuz sayılması və həmin tarixdən ona 2-ci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3558/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə İddiaçı müraciətinə münasibətdə onu əyani müayinə etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müddəaları nəzərə alınmaqla müvafiq inzibati aktı qəbul etmək üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin olunması və bunun nəticəsi barəsində həmin müddət ərzində cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə məlumat verməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 19 yanvar 2024-cü il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0082003AAD5N nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən beş il müddətinə (xx.xx.2026cı ilədək) ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ümumi xəstəlik səbəbindən beş il müddətinə (xx.xx.2026-cı ilədək) ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilməsi təsdiqini tapdığı müəyyən edilmiş, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin imtinasının qanunsuz sayılması, tibbi müayinədən keçirilməsi və sair” tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar