Məhkəmə qərarları › İş №2-1(103)-414/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-414/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-414/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4246/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********918800 və **********912600 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********918800 nömrəli Qərara əsasən 2021-ci ilin gəlir vergisi üzrə 1,924.16 manat, xx.xx.2023-cü il tarixli **********912600 nömrəli Qərara əsasən 2022-ci ilin gəlir vergisi üzrə 14,120.82 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı 2021-ci il üzrə gəlir vergisi bəyannaməsində ümumi gəlirini 119,385.00 manat, 2022-ci il üzrə isə ümumi gəlirini 87,895.32 manat bəyan etmiş, lakin xərclərə dair təsdiqedici sənədi olmadığından ödənilməli gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı təsdiq edilmiş şərti rentabelik normasına əsasən hesablanmışdır. Lakin vergi orqanı həmin dövrlər üzrə kameral vergi yoxlaması həyata keçirmiş və fərdi sahibkarın 2021-ci il üzrə gəlirlərini 119,385.00 manat, xərclərini 1,311.81 manat (o cümlədən bank xidməti üzrə 876.81 manat, qeyri-rezident üzrə nəqliyyat xərcləri 435.00 manat), vergiyə cəlb edilən gəliri 118,073.19 manat, gəlir vergisini isə 5,903.66 manat, 2022-ci il üzrə gəlirlərini 87,895.32 manat, xərclərini 2,642.00 manat (o cümlədən sosial sığorta haqları üzrə 600.00 manat, bank xidmətləri üzrə 1,946.00 manat, ödənilmiş sığorta haqları üzrə 435.00 manat), vergiyə cəlb edilən gəliri 85,253.32 manat, gəlir vergisini isə 17,050.66 manat müəyyən etmişdir. Başqa sözlə, vergi orqanı iddiaçının malların alınmasına dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki, iddiaçının xərclərə dair sənədi olmadığından 2021-ci və 2022-ci illər üzrə gəlir vergisi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstür əsasında hesablayır. Həmçinin, Vergi Məcəlləsinin 67.14 və 83.19-cu maddələri gəlir və xərcdən hər hansı birini müəyyən etmək mümkün olmadığı halda, gəlir vergisinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmasını vergi orqanının hüququ kimi yox, vəzifəsi kimi təsbit etmişdir. Qeyd edilənlərə əsasən 2021-ci və 2022-ci illərin gəlir vergisi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən aşağıdakı qaydada hesablanmalıdır.2021-ci il: Vergiyə cəlb edilən gəlir =119,385.00: (100 + 20) x20 = 19,897.50 manat, Gəlir vergisi: 19,897.50 * 20% = 3,979.50. 2022-ci il: Vergiyə cəlb edilən mənfəət =87,895.32: (100 + 20) x20 = 14,649.22 manat, Gəlir vergisi: 14,649.22 * 20% = 2,929.84. Göründüyü kimi, iddiaçının ödəməli olduğu mənfəət vergisi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının malların təqdim edilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Göründüyü kimi, iddiaçının ödəməli olduğu gəlir vergisi 2021-ci il üzrə 3,979.50 manat, 2022-ci il üzrə 2,929.84 manat ola bilcəyi halda, vergi orqanı tərəfindən iddiaçıya əsassız olaraq ümumilikdə 2021-ci il üçün 1,924.16 manat, 2022-ci il üçün isə 14,120.82 manat əlavə vergi məbləği hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) e-2-1(112)-4246/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin İddiaçı barəsində olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********918800 və **********912600 nömrəli qərarları ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” üzrə aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2023-cü il aralığında cəmi 228,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “məişət mebeli, 4-lü mebel, Veneza küçnc divan, İzabel künc, Serena künc və s.” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda iddiaçının qeydiyyatda olan təsərrüfat subyektinin mövcud olmadığı aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuş və bununla əlaqədar barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********936100 nömrəli Qərar qəbul edilmişdir. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən fərdi sahibkar tərəfindən riskli əməliyyatların aparılmasına, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərtinin təsbit edilməsinə baxmayaraq, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə hesablama metodu tətbiq edilməklə 2022-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsinin göstəricilərinə əsasən 75 faiz güzəşt hüququnun tətbiq edildiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********567400 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmişdir. Fərdi sahibkar tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-cü il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsi göstəricilərsiz təqdim edildiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 17050,66 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********595300 nömrəli Qərar qəbul olunmuşdur. Daha sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu tədbiq edilməklə 2022-ci il üçün təqdim olunmuş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində vergiyə cəlb olunan gəlir və xərc məbləği qeyd olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 17050,66 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********870800 nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İddiaçı tərəfindən inzibati qaydada edilmiş müraciət əsasında inzibati icraat aparılmışdır. İnzibati icraat çərçivəsində iddiaçı inzibati araşdırmaya təqdim etdiyi yazılı izahatında 2021-ci ilin iyun ayından etibarən yumşaq mebellərin təmiri və istehsalı fəaliyyəti ilə məşğul olduğunu, atasına məxsus əmlakın bir hissəsini mebel sexi kımı istifadə etdiyini, istehsal etdiyi yumşaq mebellərin müqavilə əsasında "xxxx" MMC-yə və "xxxx" MMC-yə elektron qaiməfaktura ilə təqdim etdiyini, mebellərin istehsalına lazım olan malların (o cümlədən taxta, DİK, DSP, süngər, parça, şrup və sair mallar) “Sədərək Ticarət Mərkəzi”ndən və “Dərnəgül bazarı”ndan aldığını, bu malların alışı zamanı satıcılar tərəfindən elektron qaiməfakturaların təqdim edilmədiyini, sifarişlər əsasında istehsal edəcəyi mebellərin sayının az və həcminin kiçik olması səbəbindən alacağı materialların həcmi az olduğu üçün (müxtəlif detallar və növ parçalar) satıcılar tərəfindən elektron qaimə-faktura verilməsindən imtina olunduğunu, məşğul olduğu istehsal fəaliyyətinin material tutumlu sahə olduğunu, faktiki materialların sərf edildiyini nəzərə alaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsinin müddəalarını əsas götürməklə Nazirlər Kabinetinin 55 nömrəli qərarına uyğun olaraq malmaterailların maya dəyərinin gəlirlərin əldə edilməsi ilə bağlı xərclərdə nəzərə alınmasını xahiş etmişdir. Uçot-baza məlumatlarına əsasən iddiaçı tərəfindən 2022-ci il ərzində 227135,32 manat, o cümlədən "xxxx" MMC-yə 205020,0 manat, "xxxx" MMC-yə 20485,0 manat dəyərində müxtəlif növ yumşaq mebellərin və "xxxx" MMC-yə 1630,32 manat dəyərində “Taxta 5x10 6 metrlik ölçüdə” və “İşçilik Haqqı (Texniki xidmət)” təyinatlı elektron qaimə-fakturaların təqdim edildiyi, bəyannamə məlumatlarına əsasən 2021-cı ilin sonuna və 2022-ci ilin əvvəlinə mal qalığının olmadığı, malların (işlərin, xidmətlərin) alınması ilə bağlı 2022-ci ildə elektron qaimə-fakturaların əldə edilmədiyi, elektron alış aktları əsasında malların əldə alınmadığı, idxal-ixrac əməliyyatlarının aparılmadığı, yəni təsdiqedici sənədlərlə almadığı malları satdığı müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçı barəsində 01,09.2023-cü il tarixli **********942900 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar qəbul edilmişdir. Sonradan iddiaçı tərəfindən təqdim edilmiş 2021-ci ilin gəlir vergisi bəyannaməsində xərclər hissəsində 99487,50 manat, 2022-ci ilin gəlir vergisi bəyannaməsində xərclər hissəsində 73246,1 manat təsdiqini tapmayan xərclər qeyd edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” haqqında xx.xx.2023-cü il tarixli **********786100 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2021-ci və 2022-ci illərin dəqiqləşdirilmiş gəlir vergi bəyannamələrini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyindən 2021-ci ilin gəlir vergisi üzrə 1924,16 manat, 2022-ci ilin gəlir vergisi üzrə 14120,82 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********918800 nömrəli və **********912600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 noyabr 2023-cü il tarixli, **********912600 nömrəli qərarından görünür ki, İddiaçı kameral yoxlama nəticəsində 2022-ci il üçün gəlir vergisi üzrə 14.120,82 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 noyabr 2023-cü il tarixli, **********918800 nömrəli qərarından görünür ki, İddiaçı kameral yoxlama nəticəsində 2021-ci il üçün gəlir vergisi üzrə 1.924,16 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X4ni keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır (xx.xx.2024-cü ilədək qüvvədə olmuşdur). 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır (xx.xx.2024-cü ilədək qüvvədə olmuşdur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları» (xx.xx.2024-cü ilədək qüvvədə olmuşdur). İşin hallarından müəyyən olunur ki, uçot-baza məlumatlarına əsasən iddiaçı xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növü “sair mebellərin istehsalı” olmuşdur. İddiaçının 2021-ci il üzrə ümumi gəliri 119.385,00 manat olmuş, vergi ödəyicisi 2021-ci ilin gəlir vergisi üzrə cəmi gəlirdən çıxılan xərc kimi 99.487,50 manat məbləğini qeyd etmiş, ödənilməli gəlir vergisini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasına əsasən hesablamış (119.385,00/(100+20)x20=19.897,50 manat, gəlir vergisi 19.897,50 manat x 20%)=3979.50 manat) və 3979.50 manat gəlir vergisi bəyan etmişdir. İddiaçının 2022-ci il üzrə ümumi gəliri 87.895,32 manat olmuş, vergi ödəyicisi 2022-ci ilin gəlir vergisi üzrə cəmi gəlirdən çıxılan xərc kimi 73.246,10 manat məbləğini qeyd etmiş, ödənilməli gəlir vergisini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasına əsasən hesablamış (87.895,32/(100+20)x20=14.649,22 manat, gəlir vergisi 14.649,22 manat x 20%)=2.929,84 manat) və 2.929,84 manat gəlir vergisi bəyan etmişdir. Cavabdeh orqan vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2023-cü il aralığında cəmi 228,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "məişət mebeli, 4-lü mebel, Veneza künc divan, İzabel künc, Serena künc və s.” satışda qeyd olunduğu müəyyən etmiş və iddiaçı tərəfindən təqdim edilmiş 2021-ci ilin gəlir vergisi bəyannaməsində xərclər hissəsində 99.487,50 manat, 2022-ci ilin gəlir vergisi bəyannaməsində xərclər hissəsində 73.246,10 manat məbləğində xərci sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərc olaraq müəyyən etmiş və nəticədə mübahisələndirilən qərarlarla iddiaçıya 2021-ci ilin gəlir vergisi üzrə 1924,16 manat (119385,0-1311,81)*5%-3979,5), 2022-ci ilin gəlir vergisi üzrə 14120,82 manat (87895,32-2642,0)*20%-2929,84) əlavə vergi məbləği hesablamışdır. Hazırkı iş üzrə iddiaçı 2021 və 2022-ci illər üzrə cavabdehin ümumi gəlirinə birbaşa gəlirdən çıxılmalı xərc nəzərə alınmadan 20 faiz dərəcə ilə gəlir vergisi hesablaması qaydası ilə razılaşmayaraq əlavə verginin hesablanması barədə qərarlarını mübahisələndirir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, vergi ödəyicisinin xərclərə dair təsdiqedici sənədi olmadığı təqdirdə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq hesablanır. İddiaçı 2021-ci il üzrə gəlir vergisi bəyannaməsini təqdim edən zaman ümumi gəlirini 119.385,00 manat, 2022-ci il üzrə gəlir vergisi bəyannaməsini təqdim edən zaman isə ümumi gəlirini 87.895,32 manat bəyan etmiş, xərclərə dair təsdiqedici sənədi olmadığından ödənilməli gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabelik normasına əsasən hesablamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin əldə etdiklərindən e-qaimə faktura ilə malları (işlərin, xidmətlərin) təqdim etdiyi mübahisələndirilmir. Başqa sözlə, vergi orqanı vergi ödəyicisinin 2021 və 2022-ci il hesabat dövrləri üzrə alış sənədləri olmayan malların satışını qəbul edir. Qeyd olunmalıdır ki, əgər satış əməliyyatının baş verdiyini həm iddiaçı, həm də cavabdeh qəbul edirsə, buna uyğun olaraq həmin satılan malın alınması da hər hansı şübhə yarada bilməz. Çünki ayrı qaydada həmin satışı həyata keçirmək mümkün deyil. İddiaçı hər hansı xidmət deyil, fiziki formaya malik malın satışını həyata keçirdiyi üçün satış yalnız onun əldə olunması yolu ilə baş verə bilərdi. Lakin cavabdeh qeyd olunan halları nəzərə almamışdır. Cavabdeh aparılmış əməliyyatların əmtəəsiz əməliyyat olmasını qeyd edir. Lakin cavabdehin qeyd olunan satış gəlirlərinin mövcudluğunu qəbul etdiyi halda həmin malların mövcud olmamasına istinad etməsi birbirinə zidd yanaşmalardır. Cavabdeh əməliyyatı əmtəəsiz hesab etməsinə rəğmən, iddiaçının gəlirini qəbul etmişdir və onun bu davranışı əməliyyatın əmtəəsiz hesab olunması ilə bağlı yanaşmaya uyğun deyildir. Başqa sözlə, gəlir qəbul olunursa, onun əldə olunmasında iştirak edən xərcin mövcudluğu da qəbul edilməlidir. Vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz olması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və eqaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz olması kimi qiymətləndirilməməlidir. Başqa sözlə, elektron qaimə-fakturanın əmtəəsiz əməliyyat hesab edilməsi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Bir sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Qeyd edilməlidir ki, Vergi Məcəlləsi vergi ödəyicisinin mühasibat uçotunu aparmadığı və ya müəyyən edilmiş qaydada aparmadığı halda vergi orqanının ödənilməli olan verginin məbləğini 67-ci maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququnun olduğunu bilavasitə təsbit etmişdir. Eyni zamanda mübahisələndirilən dövr üzrə qüvvədə olmuş Vergi Məcəlləsinin 83.9-cu maddəsi gəliri birbaşa müəyyən etmək mümkün olmadığı halda, gəlirin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanmasını nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən vahid məhkəmə təcrübəsi nəzərə alınmaqla cavabdehin kassasiya şikayəti mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında qeyd olunur: 15. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə, gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh mənfəət vergisini riskli əməliyyat üçün qanunla nəzərdə tutulmuş qaydada hesablamamışdır. Belə ki, cavabdeh iddiaçının apardığı əməliyyatlar üzrə müəyyən məbləği xərc olaraq nəzərə almadıqda, həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların Vergi Məcəlləsinin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə əlavə mənfəət (gəlir) vergisi hesablamışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-64/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)- 1203/2024 nömrəli qərarları). 16. Həmçinin kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-2643/2024 nömrəli qərarında mövqeyi ondan ibarət olmuşdur ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Halbuki hesablamanın bu qaydada tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (xx.xx.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4246/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar