Məhkəmə qərarları › İş №2-1(103)-4140/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4140/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4140/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti; subyektiv hüquq”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X6 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “fəxri adın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10309/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dağlıq X4 səhiyyə işçilərinin bir qrupuna “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adının verilməsi haqqında xx.xx.1991-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən ekstremal şəraitdə DQMV əhalisinə tibbi yardımın təşkilində və belə yardım göstərilməsində xüsusi xidmətlərinə görə X3 (Stepanakert şəhəri Kərkicahan qəsəbəsinin həkimi) “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adı verilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Z.Kərimovaya Azərbaycan Respublikası Prezidentinin 12 may 1991-ci il tarixli Fərmanına əsasən “Əməkdar həkimi" fəxri adı verilmişdir. Lakin, vəsiqənin və döş nişanının götürülməsi barədə məlumat yoxdur.

3. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X2 02 yanvar 2010-cu il tarixində ölmüşdür.

4. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə bildirilmişdir ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçıdur (bundan sonra – iddiaçı).

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anası X3 “Əməkdar həkim” fəxri adının verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 201 nömrəli Fərmanının icra edilməsi və bununla bağlı vəsiqənin və döş nişanının iddiaçıya təqdim edilməsi ilə əlaqədar öhdəçiliyin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X5 əvvəllər mövcud olmuş Dağlıq X4 Uşaq xəstəxanasının pediatriya şöbəsinin müdiri vəzifəsində, Birinci Qarabağ müharibəsi başlayandan sonra isə Xankəndi şəhərinin Kərkicahan qəsəbə xəstəxanasında uşaq həkimi işləmişdir. xx.xx.2010-cu il tarixdə isə vəfat etmişdir. Müharibə dövründə ekstremal şəraitdə Dağlıq X4 əhalisinə tibbi yardımın təşkilinə və belə yardımın göstərilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin “Dağlıq X4 səhiyyə işçilərinin bir qrupuna “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adının verilməsi haqqında” xx.xx.1991-ci il tarixli 201 nömrəli Fərmanı ilə anasına Azərbaycan Respublikasının Əməkdar həkimi fəxri adı verilmişdir. Lakin cavabdeh tərəfindən Prezidentin Fərmanı icra edilməmiş və anasına bu fəxri adın nə vəsiqəsi, nədəki döş nişanı təqdim edilməmişdir. Anası isə sağlığında səhhətiylə əlaqədar olaraq bununla maraqlana bilməmişdir. Anasının varisi kimi həmin fəxri adın vəsiqəsinin və döş nişanının ona təqdim edilməsi məqsədilə Prezidentin adı çəkilən Fərmanının müvafiq qaydada icra edilməsi üçün göstərişin verilməsi barədə tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə onlayn qaydada müraciət edilmişdir. Müraciəti icra edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. Müraciətinə Səhiyyə Nazirliyində baxılaraq Nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 3-28/2-K-29xx-xx-3654/2024 nömrəli məktubla ona onlayn cavab verilmişdir. Həmin cavabda bildirilir ki, Z.Kərimovaya Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli Fərmanına əsasən “Əməkdar həkim“ fəxri adı verilmişdir. Lakin vəsiqənin və döş nişanının götürülməsi barədə məlumat yoxdur. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hər bir Dövlət təltifi barədə Fərman dövlət başçısı tərəfindən imzalandıqdan sonra Fərmanın icrası təltiflə bağlı təqdimatı vermiş orqan tərəfindən müvafiq qaydada icra edilir. Lakin anası Zeynəb Kərimovaya “Əməkdar həkim” adının verilməsi barədə Respublika Prezidentinin Fərmanı Səhiyyə Nazirliyi tərəfindən bu günə kimi icra edilmədən qalmışdır. Belə hallarla bağlı qanunvericilikdə heç bir iddia müddəti müəyyən edilməmişdir. Odur ki, Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Fərmanının icrası təmin edilməli və Zeynəb Kərimovaya “Əməkdar həkim” adı verilməsi barədə vəsiqə və döş nişanı sonuncunun vərəsəsi kimi ona təqdim edilməlidir.

7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10309/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı vəziyyətdə İddiaçı anası mərhum X3 xx.xx.1991-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən verilmiş “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adı şəxsi xarakterli hüquq hesab edildiyindən İddiaçı vəsiqənin və döş nişanının verilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur.

10. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10309/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1153-cü maddəsində şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqlarından bəhs edilir. Fəxri adın verilməsi heç də əmlak hüquqları ilə əlaqəsi yoxdur. Mən mərhum anamın vərəsəsi olaraq ona verilmiş fəxri adın mənim gələcək nəsillərimə də örnək olması və mərhum anamın necə bir insan olduğunu onlara aşılamaq üçün həmin fəxri adın sənədini və döş nişanını qanunamüvafiq qaydada alıb qoruyub saxlamaq məqsədi daşıyıram və buna mənim hüququm çatır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında” Əsasnamənin 4-cü maddəsində göstərilir ki, “Əməkdar həkim” fəxri adı səhiyyə sahəsində xüsusi xidmətlərinə görə müalicə-profilaktik sanatoriya-kurort müəssisələrinin, elmi-tədqiqat institutlarının və digər səhiyyə idarələrinin bu sahədə azı 20 il işləmiş işçilərinə verilir. Həmin Əsasnamənin 13-cü maddəsində təsbit olunur ki, Azərbaycan Respublikasının fəxri adını almış şəxslər öldükdə fəxri adın vəsiqəsi və döş nişanı yadigar kimi saxlamaq üçün həmin şəxslərin ailələrində qalır və ya onların ailələrinə verilir. Azərbaycan Respublikasının fəxri adını almış şəxs öldükdə vərəsələrin razılığı ilə onun vəsiqəsi və döş nişanı saxlamaq və nümayiş etdirmək üçün muzeylərə, arxivlərə verilə bilər. Fəxri ad almış şəxsin vərəsəsi olmadıqda onun fəxri adı və döş nişanı Prezidentin Administrasiyasına qaytarılır. Mülki Məcəllənin 2.1. maddəsində göstərilir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitutsiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Göstərilənlərə əsasən bildirirəm ki, mərhum anam Zeynəb Kərimovaya Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adı vəsiqəsi və döş nişanı onun vərəsəsi kimi mənə verilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin üzərinə öhdəçilik kimi qoyulmalıdır. Bununla bağlı isə iddia ərizəmin mümkünsüz sayılması barədə Bakı İnzibati Məhkəməsinin 2-1(12)- 10309/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və işə baxılmanın mümkünlüyü barədə yeni qərardad qəbul edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

d) Prosses iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “Azərbaycan Respublikasının Fəxri adları haqqında” əsasnamə:

2. Azərbaycan Respublikasının eyni fəxri adı bir şəxsə təkrar verilmir. Azərbaycan Respublikasının bir fəxri adına layiq görülmüş şəxs, əmək fəaliyyətinin digər sahəsində xidmətlərinə görə müvafiq fəxri ad almağa — bu, fəxri adların verilməsi şərtlərinə zidd gəlmirsə, — təqdim edilə bilər.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1153. Şəxsi xarakterli hüquq və vəzifələrin vərəsəlik üzrə verilməsinin yolverilməzliyi Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5 Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6.İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

27. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

28. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

29. Hazırki iş üzrə iddiaçının hüquqi marağı anası X3 “Əməkdar həkim” fəxri adının verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 201 nömrəli Fərmanının icra edilməsi və bununla bağlı vəsiqənin və döş nişanının iddiaçıya təqdim edilməsi ilə əlaqədar öhdəçiliyin Azərbaycan Respublikası Səhiyyə Nazirliyin üzərinə qoyulması barədə qərar qəbul edilməsidir.

30. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Fəxri adları haqqında” əsasnamənin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının eyni fəxri adı bir şəxsə təkrar verilmir. Azərbaycan Respublikasının bir fəxri adına layiq görülmüş şəxs, əmək fəaliyyətinin digər sahəsində xidmətlərinə görə müvafiq fəxri ad almağa — bu, fəxri adların verilməsi şərtlərinə zidd gəlmirsə, — təqdim edilə bilər.

31. Lakin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1153-cü maddəsində qeyd edilmişdir ki, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.

32. İş materiallarına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Dağlıq X4 səhiyyə işçilərinin bir qrupuna “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adının verilməsi haqqında xx.xx.1991-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən ekstremal şəraitdə DQMV əhalisinə tibbi yardımın təşkilində və belə yardım göstərilməsində xüsusi xidmətlərinə görə X3 (Stepanakert şəhəri Kərkicahan qəsəbəsinin həkimi) “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adı verilmişdir.

33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Z.Kərimovaya Azərbaycan Respublikası Prezidentinin 12 may 1991-ci il tarixli Fərmanına əsasən “Əməkdar həkimi" fəxri adı verilmişdir. Lakin, vəsiqənin və döş nişanının götürülməsi barədə məlumat yoxdur.

34. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X2 02 yanvar 2010-cu il tarixində ölmüşdür.

35. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə bildirilmişdir ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçıdur.

36. Beləliklə, göstərilənlərdən aydın olur ki, hazırkı vəziyyətdə İddiaçı anası mərhum X3 xx.xx.1991-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən verilmiş “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adı şəxsi xarakterli hüquq hesab edildiyindən İddiaçı vəsiqənin və döş nişanının verilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur.

37. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

38. Həmçinin, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

39. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

40. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3-28/2-K-29xx-xx-3654/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Z.Kərimovaya Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli Fərmanına əsasən “Əməkdar həkim“ fəxri adı verilmişdir. Lakin vəsiqənin və döş nişanının götürülməsi barədə məlumat yoxdur.

41. Belə olan halda Z.Kərimova tərəfindən vəsiqənin və döş nişanının götürülməsinin sübuta yetirilməməsi cavabdeh inzibati orqan tərəfindən iddia tələbinin icra edilməsini mümkünsüz edir.

42. Əlavə olaraq apellyasiya şikayətinin dəlili olan ““Əsasnamə”nin 13-cü bəndində qeyd edilən Azərbaycan Respublikasının fəxri adını almış şəxslər öldükdə fəxri adın vəsiqəsi və döş nişanı yadigar kimi saxlamaq üçün həmin şəxslərin ailələrində qalır və ya onların ailələrinə verilir.” əsası ilə bağlı Kollegiya qeyd edir ki, həmin “Əsasnamə” 14 may 1999-cu il tarixində qəbul edilmişdir. Yəni iddiaçıya fəxri adın verildiyi tarixdən 8 il sonra qəbul edilmişdir. Hansı ki, respublikada iddiaçıya fəxri adın verilməsini tənzimləyən normativ hüquqi akt qüvvədə olmamışdır. Daha sonra qəbul edilmiş və hazırda da qüvvədə olan “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”də Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslərə Azərbaycan Respublikasının fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunması müəyyən olunmuşdur.

43. Yuxarıda qeyd edilən “Əsasnamə”dən sonra xx.xx.2000-ci il tarixdə Mülki Məcəllə qüvvəyə minmişdir. Mülki Məcəllənin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.

44. “Normativ hüquqi aktlar haqqında ” Azərbaycan Respublikası Konstitusiyasının 2.5cimaddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.

45. Həmçinin iddiaçının mərhum anasına fəxri ad verilərkən həmin münasibətləri tənzimləyən qanunvericilik aktı olsa belə, 1991-ci il tarixindən mərhum 2010-cu il tarixinədək (vəfat edənədək), yəni 19 il müddətində müvafiq vəsiqə və döş nişanını tələb etməmişdir. Həmin vaxt iddiaçının mərhum anasına fəxri ad verilərkən vəsiqənin və döş nişanının da verilməsini müəyyən edən qanunvericilik aktı mövcud olsa belə, həmin vəsiqə və döş nişanının təhvil alınmamasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

46. Bundan əlavə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”

47. Qeyd edilənlərə əsasən kollegiya qeyd edir ki, iddiaçının qeyd edilən tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.

48. Beləliklə, iddiaçının iddia qaldırmaq üçün hüquq müəyyənedici sənədləri olmadığından onun subyektiv hüququ olmamaqla yanaşı, mübahisə predmeti olan fəxri adı şəxsi xarakterli hüquq hesab edildiyindən və şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil olmadığından iddiaçının iddia tələbi mümkün hesab edilə bilməz.

49. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10309/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10309/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar