Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4141/2025 12.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (qanunsuz əlverişli inzibati aktın ləğvi, inzibati icraatda qeyri-müəyyən hüquqi anlayışların tətbiqi, əhəmiyyətsiz inzibati akt) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2-1(112)-7189/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçının əlillik vəziyyəti ilkin olaraq Sumqayıt 3 saylı Şəhər Xəstəxanasının 0773003AAB72 nömrəli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.14-cü bəndinə müvafiq olaraq Ümumi xəstəlik-gözdən əlil səbəbindən “ilkin” müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-M-31122/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin, vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1187/2024 nömrəli “diaqnoz təsdiqini tapmaması” barədə qərar ləğv edilsin, xx.xx.2019-cu il tarixli, 2.5.14-cü bəndinə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlil səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilərək, xx.xx.2023-cü il tarixindən “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilsin. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Heyətinin qərarının İddiaçı aid hissədə ləğv olunmasına dair qərar qəbul edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ilk dəfə xx.xx.2019-cu il tarixdə ümumi xəstəlik səbəbindən 3-cü dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlillik müddətsiz təyin edilmişdir. İddiaçı bir müddət əlilliyə görə əmək pensiyası almış, lakin, sonradan iddiaçıya təyin edilmiş əlillik “əlillik alt sistemində” etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək onun xx.xx.2019-cu il tarixdən əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-1(112)-5777/2021 saylı qərarı ilə iddiası təmin edilmişdir. Adıçəkilən qərardan verilmiş apellyasiya və kassasiya şikayyətləri təmin edilməmiş və məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Bundan sonra adıçəkilən qərar icraya yönəldilmiş və cavabdeh inzibati orqan tərəfinədn icra edilərək iddidaçının dayandırılmış əlilliyi xx.xx.2019-cu il tarixdən bərpa edilmişdir. Cavabdeh sonradan iddiaçıya müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiy Agentliyinə əyani müayinəyə dəvət etmişdir. Bundan sonra cavabdeh orqan xx.xx.2023-cü il tarixli qərar ilə iddiaçıya xx.xx.2019-cu il tarixdə təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Adıçəkilən bildirişi tərtib edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə istinad etmişdir. Cavabdehin qəbul etdiyi qərar iddiaçıya rəsmi olaraq təqdim edilməmişdir. Bu əsasla hesab edirlər ki, iddiaçı tərəfindən cavabdehin qərarının mübahisələndirilməsi üçün müddəti ötürməmişlər. Hesab edirlər ki, cavabdeh inzibati orqan iddiaçının əlilliyinin qiymətləndirilməsini ləğv edərək düzgün qənaətə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində alt sistemə daxil edilir. Göründüyü kimi, cavabdeh inzibati orqan ləğvetmə barədə bildirişdə və qərarda adıçəkilən normaya istinad etsə də, əlilliyin qiymətləndirilməsi qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədən ibarət olması, həmin sübutların kim tərəfindən təqdim edilməsi, eləcə də, risk qrupu dedikdə bu qrupa kimlərin hansı meyar daxilində daxil edilməsini əsaslandırmamışdır. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı dair Sumqayıt 3 saylı Şəhər Xəstəxanasının 0773003AAB72 nömrəli göndərişi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.14-cü bəndinə müvafiq olaraq Ümumi xəstəlik-gözdən əlil səbəbindən “ilkin” müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Lakin, vətəndaşın əlilliyi xx.xx.2020-ci il tarixində **********3 nömrəli ESDAS nömrəsi ilə etibarsız hesab edilmiş, vətəndaşın məhkəməyə müraciəti əsasında xx.xx.2023-cü il tarixində 3-17-4/3-1-13159/2023 nömrəli məhkəmə qərarı əsasında bərpa edilmişdir. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17- 4/2-M-31122/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin, vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1187/2024 nömrəli “diaqnoz təsdiqini tapmaması” barədə qərar ləğv edilsin, xx.xx.2019-cu il tarixli, 2.5.14-cü bəndinə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlil səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilərək, xx.xx.2023-cü il tarixindən “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilsin. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7189/2025 nömrəli iş üzrə 08 iyul 2025-ci il tarixli qərarı ilə (Aygün Abdullyeva) iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4- Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2-1(112)- 7189/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbi-ekspertizaların həyata keçirilməsini təmin etməmişdir. Həmçinin şəxsin əyani müavinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasr'nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tam haqlıdır. Agentlik müayinə-müalicə müəssisəsi deyil, həmin müəssisələr tərəfindən aparılmış laboratorvə instrumental müayinələrin nəticələrini və müalicə müddətlərinin qiymətləndirməsini həyata keçirən orqandır. Əyani müayinə zamanı vətəndaşın xəstəlik müddətində aldığı müalicələri əks etdirən sənədlər qiymətləndirilərək barəsində yekun qərar qəbul edilir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2- 1(112)-7189/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və iddia tələbinin dəyişdirilməsinə dair ərizəsini nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.7. tibbi reabilitasiya - orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemi Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5.Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi İlk növbədə qeyd etmək lazımdır ki, 12 mart 2026-cı il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia tələbinə “cavabdehin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü tarixli qərarlarının iddiaçıya aid hissədə ləğv edilməsi” kimi baxılmasının davam etdirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Beləliklə, iddiaçının hüquqi marağı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024cü il tarixli və xx.xx.2024-cü tarixli qərarlarının iddiaçıya aid hissədə ləğv edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, xx.xx.2025-ci il tarixdə cavabdehə sorğu verilərək xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1187/2024 nömrəli “diaqnozun təsdiqini tapmaması” barədə qərar və həmin qərarın qəbul edilməsinə əsas olan sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Həmin sorğuya cavab olaraq 22 dekabr 2023-cü il tarixli, 3-17-4/3-3-1187/2024 nömrəli qərar məhkəməyə təqdim edilmişdir. Sonradan Agentliyin nümayəndəsi məktubla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, sorğu əsasında Agentlikdən təqdim edilməsi xahiş olunan “xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1187/2024 nömrəli “diaqnozun təsdiqini tapmaması” barədə qərar” Agentliyin Tibbi-sosial ekspert komissiyasının 22 dekabr 2023-cü il tarixində həyata keçirilmiş əyani müayinəsinə uyğun olaraq tərtib edilmiş qərarıdır. Sözügedən qərar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin Mərkəzləşdirilmiş İnformasiya Sistemində xx.xx.2024-cü il tarixində nömrə almışdır. Nəzərə alınması xahiş olunmuşdur. Odur ki, məhkəmə tərkibi hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş 3-17-4/3-3- 1187/2024 nömrəli qərarın tarixi kimi “xx.xx.2024-cü il” əsas götürülməlidir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasr'nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tam haqlıdır. Agentlik müayinə-müalicə müəssisəsi deyil, həmin müəssisələr tərəfindən aparılmış laboratorvə instrumental müayinələrin nəticələrini və müalicə müddətlərinin qiymətləndirməsini həyata keçirən orqandır. Əyani müayinə zamanı vətəndaşın xəstəlik müddətində aldığı müalicələri əks etdirən sənədlər qiymətləndirilərək barəsində yekun qərar qəbul edilir.”. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilinə münasibətdə bir neçə mərhələdə hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. İlk növbədə qeyd etmək lazımdır ki, mübahisləndirlən və iddiaçıya münasibətdə əlverişsiz hüquqi nəticə yaradan Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü tarixli qərarlarının qəbul edilməsinin maddi hüquqi əsası kimi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndi çıxış edir. Həmin normaya nəzər salaq: 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Hüquq nəzəriyyəsindən məlumdur ki, hüquq normaları öz daxili məntiqi quruluşuna görə üç əsas elementlərdən ibarətdir: hipoteza, dispozisiya və sanksiya. Bu elementlər hüquq normasının hüquqi mahiyyətini tam şəkildə ifadə etməyə, onun necə və nə zaman tətbiq ediləcəyini müəyyənləşdirməyə imkan verir. Hüquq normasının bu strukturu onun praktik fəaliyyətinə çevirilməsi baxımından da vacibdir. Hipoteza-hüquq normasının hansı şəraitdə və hansı hüquqi vəziyyətlərdə tətbiq ediləcəyini göstərir. O, hüquqi nəticənin yaranması üçün zəruri olan faktiki və hüquqi halları müəyyən edir. Dispozisiya-hüquq normasının əsas məzmun hissəsidir, yəni subyektlərin hüquq və öhdəliklərinin nədən ibarət olduğunu, hansı davranışın onlardan gözlənildiyini əks etdirir. Sanksiya isə normaya əməl olunmadığı təqdirdə tətbiq olunacaq hüquqi nəticəni - məsuliyyət və cəza tədbirini göstərir. (bəzən də müvafiq davranışa görə mükafatı). Bu struktur normaya daxili məntiqilik verir: “əgər belə bir şərait mövcuddursa, o zaman bu cür davranmaq lazımdır, əks halda belə nəticə ilə qarşılaşacaqsan” modeli yaranır. Hüquq normasının bu cür quruluşu onun həm hüquqi texnika baxımından aydın və tətbiqedilən olmasını təmin edir, həm də hüquq müəyyənlik və proqnozlaşdırıla bilmə prinsiplərinin həyata keçməsinə şərait yaradır. Hipoteza-hüquq normasının tətbiq edilməsi üçün zəruri olan obyektiv və subyektiv şərtləri müəyyən edən hissədir. Yəni hipoteza göstərir ki, norma kimə və hansı hallarda şamil olunur. Bu, hüquq münasibətlərinin konkret şəraitdə hansı şəxslərə aid olduğunu və hüquq normasının hansı vəziyyətlərdə qüvvəyə mindiyini izah edir. Elmi ədəbiyyatda qeyd edilir ki, hüquq normasının hipotezası hüquq normasının əsas struktur elementlərindən biri kimi çıxış edir və onun funksiyası normanın tətbiq olunma şərtlərini müəyyənləşdirməkdir. Yəni hipoteza normanın hansı subyektlərə tətbiq olunacağı ilə yanaşı, hansı hüquqi və faktiki şəraitdə tətbiq olunduğunu da göstərir. Hüquq normasının hipotezası qanunverici orqan tərəfindən əvvəlcədən ehtimal edilən hallara (faktlara) əsaslanaraq müəyyən edilir. Hüquqi tənzimlənməsi zəruri hesab edilən münasibətlər, ilk növbədə, bu münasibətlərin yaranmasına səbəb ola biləcək halların aydın şəkildə müəyyən edilməsini tələb edir. Qeyd olunan normada “əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda” ifadəsi hipotezadır. Başqa sözlə, həmin faktın baş verməsi kifayət edir ki, hüquq normasında nəzərdə tutulmuş hüquqlar qüvvəyə minsin və ya müvafiq vəzifələr icra edilməyə başlasın. Hipotezada ifadə olunan hüquqi faktların müəyyənlik dərəcəsindən asılı olaraq mücərrəd və kazual hipotezalar fərqləndirilir. Kazual hipotezalar hüquq normasının tətbiqi üçün lazım olan hüquqi faktları konkret hadisələrin dəqiq təsvirinə əsasən ifadə edir. Mücərrəd hipotezalar isə hüquq normasının tətbiqi üçün tələb olunan hüquqi faktı dəqiq və konkret davranış modeli ilə deyil, ümumi və qeyri-müəyyən anlayışlarla ifadə edir. Məhkəmə tərkibi yuxarıda göstərilənləri hazırkı mübahisəyə tətbiq edərək qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndindəki “əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda” müddəası bir neçə qeyri-müəyyən hüquqi anlayışın birlikdə işlədilməsi ilə formalaşan qiymətləndirmə formuludur. Burada hüquqi dəyərləndirilməli olan vacib məsələ ondan ibarətdir ki, “düzgünlük”, “şübhə” və “əsaslı sübutlar” dedikdə nə başa düşülür? Başqa sözlə, “qərarın düzgünlüyü” inzibati aktın faktiki, yoxsa hüquqi hallarının səhv olmasıdır? “Şübhə” dedikdə bu zaman sadə ehtimal kifayətdir, yoxsa yüksək ehtimal tələb olunur? Hansı tələblərə cavab verən sübutlar cavabdeh orqan üçün “əsaslı” hesab edilməlidir? Məhkəmə tərkibi qeyd edir ki, inzibati hüquqda “qeyri-müəyyən hüquqi anlayışlar” dedikdə konkret şəkildə müəyyən olunmamış, lakin vəziyyətdən asılı olaraq hüquq tətbiq edən inzibati orqan tərəfindən şərh edilən (məzmunu doldurulan) və inzibati aktın səbəb ünsürünü müəyyənləşdirən ifadələr başa düşülür. Nəzərə almaq lazımdır ki, qeyri-müəyyən hüquqi anlayışların tətbiqi inzibati orqanın işin faktiki və hüquqi hallarının müəyyənləşdirilməsində mülahizə sərbəstliyi ilə əlaqədardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin hüquqi baxımdan qiymətləndirilməsini həyata keçirir. İnzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti üzərində məhkəmə nəzarətinin olması hüquqi dövlətin əsas əlamətlərindən biridir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, inzibati qanunverciliyin ümumi prinsip və tələbləri baxımından, eləcə də inzibati hüquq elmində formalaşmış yanaşmaya görə, qeyri-müəyyən hüquqi anlayışların inzibati orqan tərəfindən tətbiqi, yəni qeyd olunan səlahiyyətin necə realizə edilməsi inzibati məhkəmə icraatı qaydasında tam həcmdə yoxlanıla bilər. Mübahisələndirilən qərarlarda müvafiq Qaydaların 3.7-ci bəndindəki hipoteza şərtləri aşağıdakı kimi əsaslandırılmışdır: “...Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarəti, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 5 (beş) nəfərin ünvanına, sonuncusu xx.xx.2023-cü il tarixli olmaqla bir neçə dəfə əyani müayinəyə çağırılmaları haqqında sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Vətəndaşlar əyani müayinəyə gəlmədiklərindən Agentliyin tibbi-sosial ekspert komissiyası tərəfindən həmin vətəndaşların mövcud sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış 5 nəfər barəsində qərar verilmişdir...” Göründüyü kimi, cavabdeh iddiaçını risk qrupuna aid etmişdir. Risk qrupuna mahiyyəti barədə isə heç bir ağlabatan açıqlama verməmişdir. Bundan başqa, iddiaçının əyani müayinədə iştirak etməməsinə baxmayaraq, əvvəlki tibbi sənədlər əsasında qərar qəbul etmişdir. Halbuki, “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Başqa sözlə, müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Eyni zamanda, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, cavabdeh inzibati orqan mavafiq Qaydaların 3.7-ci bəndindəki qeyri-müəyyən hüquqi anlayışları obyektiv, məntiqi və hüquqi meyarlarla şərh edə bilməmişdir. Başqa sözlə, inzibati orqan həmin anlayışların məzmununu məhz qeyd olunan meyarlar əsasında müəyyən etməli olduğu halda qüsurlu qiymətləndirmə fəaliyyətinə yol verərək heç bir ciddi və aydın əsaslandırma aparmadan iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, inzibati orqanlar tərəfindən qeyrimüəyyən hüquqi anlayışların təfsiri və həmin anlayışın təfsiri əsasında qəbul ediləcək qərar hüququn aliliyi prinsipi ilə ziddiyyət təşkil etməməli, eləcə də fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamalıdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadının 29cu bəndində qeyd olunmuşdur ki, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilibedilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, qeyri-müəyyən hüquqi anlayışlarla bağlı inzibati orqanların fəaliyyəti inzibati məhkəmə icraatı qaydasında yoxlanılarkən bəzi digər prinsiplərə də əməl olunub-olunmaması yoxlanılır. Belə ki, bu zaman rəhbər tutulmalı prinsiplərdən ən vacibi “müəyyənlik” prinsipidir. Əslində bu prinsipin elementləri “İnzibati icraat haqqında” Qanunun 58-ci maddəsində göstərilmişdir: 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Göründüyü kimi, inzibati hüquqda müəyyənlik prinsipi ona xidmət edir ki, fiziki və hüquqi şəxslər müxtəlif hüquqi vəziyyətləri əvvəlcədən qiymətləndirə və hərəkətlərini (fəaliyyətlərini) ona uyğun tənzimləyə bilsinlər. Yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qeyrimüəyyən hüquqi anlayışların tətbiqinə yönəlik inzibati fəaliyyət zamanı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun prinsip və tələblərinə əməl edilməmişdir. Belə olan halda isə cavabdehin mübasiləndirilən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli inzibati aktları iddiaçıya aid hissədə səbəb ünsürü baxımından qüsurlu hesab edilməlidir. Bundan başqa, qeyd olunmalıdır ki, belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz əlverişli inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti ilkin olaraq Sumqayıt 3 saylı Şəhər Xəstəxanasının 0773003AAB72 nömrəli göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.14-cü bəndinə müvafiq olaraq Ümumi xəstəlik-gözdən əlil səbəbindən “ilkin” müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir (iv.36). İşin materiallarında müddətsiz əlilliyin müəyyən edilməsinə dair yazılı formada qərar mövcuddur, onun mötəbərliyini şübhə altına almaq üçün hər hansı əsaslar müəyyən edilmir. Cavabdehin mübahisləndirilən qərarları isə xx.xx.2019-cu il tarixdən 1 il keçdikdən sonra qəbul edilmişdir. Cavabdeh mübasiləndirlən qərarları qəbul edərkən isə əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və yeni sübutlara əsaslanmamışdır. Eyni zamanda, mübahisləndirilən qərarlarda “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallara da istinad edilməmişdir. Nəzərə almaq lazımdır ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6-cı maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Bundan başqa, qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçıya əlillik təyinatı barədə qüvvədə olan xx.xx.2019-cu il tarixli qərar ləğv edilmiş və həmin vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən “Diaqnoz öz təsdiqini tapmadı” məzmunlu mübahisələndirilən qərarlar qəbul edilmişdir. Başqa sözlə, iddiaçıya münasibətdə əlverişli inzibati akt TSEK-in xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarları ilə ləğv edilmiş və bununla da, əlverişli inzibati aktın (xx.xx.2019-cu il tarixli qərarın) qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin sistemli təhlili onu deməyə əsas verir ki, qanunsuz əlverişli inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İstisna yalnız “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallarla bağlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4- Sosial ekspert komissiyasının xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarları İddiaçı aid hissədə ləğv edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli 2-1(112)-7189/2025 nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarları İddiaçı aid hissədə ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-4141/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4141/2025
12.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver