Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4143/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1ə və qeyrilərinə qarşı “texniki pasportların hüquqmüəyyənedici sənəd kimi tanınması və digər” tələbinə dair iddiaçı tərəfindən verilmiş dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizə ilə bağlı inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8994/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1ə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Baş Notariat İdarəsinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci və 36-cı maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası adından ünvan 1 ünvanlı daşınmaz əmlakın hüquq subyektlərinin, ünvandakı fərdi yaşayış evinə məxsus, onun mühüm və ayrılmaz tərkib hissəsi olan həyətyanı torpaq sahəsi (0,0528 ha) üzərində, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsi, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsi, habelə xx.xx.2015-ci il tarixli, 439 saylı Fərmanla təsdiq olunmuş “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın 2.4-cü bəndinə əsasən mülkiyyət hüquqlarının əldə edildiyinin və ünvana dair Bakı şəhəri İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş Texniki Pasportların (1961 və 1986-cı il tarixli) hüquqmüəyyənedici sənəd olduğunun tanınması, cavabdeh dövlət qurumları və digərləri tərəfindən, bu tanınmanın nəzərə alınması barədə müvafiq məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanlı daşınmaz əmlaka dair Bakı şəhəri İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş həyətyani torpaq sahəsinin ölçüsü qeyd edilmiş (0,0528 ha) 1961-ci il tarixli Texniki Pasportun ünvandakı daşınmaz əmlakın (“B” tikilisinin) hüquq subyektlərinin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması, qanunvericiliyin tələbinə uyğun olaraq həmin Texniki Pasportun hüquqmüəyyənedici sənəd kimi tanınması, cavabdehlərin hər birinə iddiaçının torpaq sahəsi üzərində olan mülkiyyət hüququna hörmətlə yanaşması, habelə bu hüququ məhdudlaşdıracaq hərəkətlərdən çəkinməsi, bütün məhkəmə və s. xərclərin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı eyni zamanda dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi bölgədə yaşayır, işsizdir və məhkəməyə gəlib-getməyə, həmçinin vəkillə müqavilə bağlamağa maddi imkanı yoxdur. Bu səbəbdən ərizə təmin edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8994/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmənin qeyd olunan xx.xx.2025-ci il tarixli qərardadlardan hansından apellyasiya şikayətinin verilməsi ilə bağlı sorğusuna cavab olaraq İddiaçı xx.xx.2025-ci il tarixdə təkrar apellyasiya şikayəti göndərərək vəkillə təyin edilmə qərardadından şikayət verdiyini bildirmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir (14.5.). Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir (67-1.1.). Bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir (67- 1.3). Bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir: orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər; insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər; valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar; ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər; maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər (67-1.4.). Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi Qanunda şəxsin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi üçün konkret hallar müəyyən edilmişdir. Yəni, yalnız həmin kateqoriyaya aid olan şəxslər dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət hesabına vəkillə təmin edilmə maddi cəhətdən vəkillə müqavilə bağlamağa maddi imkanı olmayan şəxslərin məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədini daşıyır. Lakin, iddiaçı dövlət büdəcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi üçün məhkəməyə həmin kateqoriyalara aid olan şəxs olduğunu təsdiq edən sübutlar təqdim etməlidir. Lakin, iddiaçı hazırkı ərizəsinə belə bir sübut əlavə etməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, dövlət hesabına təyin edilən vəkilə ödəniş dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyindən, həmin məbləğdən istifadə olunması hallarında məhkəmələr tərəfindən xüsusi həssaslıq göstərilməli, sui-istifadə hallarının qarşısının alınması üçün mümkün qədər ehtiyatlı davranılmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı əsassız iddialar qaldırmaqla, həmin iddialar üzrə qərarları hər üç məhkəmə instansiyasında mübahisələndirməklə hüququndan suiistifadə edir, süni şəkildə məhkəmə işlərini artırır. Hüquqdan sui-istifadə edən şəxslərin dövlət hesabına vəkillə təmin edilməsi isə dövlət büdcəsi vəsaitlərinin əsassız xərclənməsinə səbəb olur. Qeyd edilən hallar nəzərə alındıqda, ərizəçiyə dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin olunmasından imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda ərizəçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə dövlət hesabına vəkillə təmin olunma barəd ərizənin təmin edilməməsi işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8994/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8994/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4143/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4143/2025
09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver