Məhkəmə qərarları › İş №2-1(103)-4147/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4147/2024

06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4147/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7595/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixdən, 65 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək 3-cü qrup əlilliyə görə sosial müavinat almış, sonradan əlilliyi dayandığı üçün ona əlilliyə görə müavinat verilməmişdir. İddiaçının xx.xx.2023-cü ildə 65 yaşı tamam olmuş və həmin tarixdən ona yaşa görə sosial müavinat təyin edilmişdir. İddiaçı hesab edir ki, hərbi xidmətdə olduğu 2 il müddət nəzərə alınmaqla onun 26 il 8 ay sığorta stajı və 17945,77 manat pensiya kapitalı vardır. Beləliklə də onun ümumilikdə hərbi xidmət dövrü nəzərə alınmaqla 27 ilə yaxın iş stajının olmasını təsdiq edən əmək kitabçası olmasına baxımayaraq cavabdeh əsassız olaraq onun əmək stajını nəzərə almayaraq ona yaşa görə əmək pensiyası təyin etməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7595/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 65 yaşının tamam olduğu 10 oktyabr 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsininin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nicat Sığorta Kompaniyası”ndakı əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Tərəflərindən xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidmətinə və Milli arxiv idarəsinə sorğular göndərilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-2-1/2-A-4xx-xx/2024 nömrəli cavab məktubunda “Nicat Sığorta Kompaniyasının qeydiyyatdan keçməsi barədə məlumatın mövcud olmadığı qeyd olunmuşdur. Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli 3-48-4/2-1371/2024 nömrəli cavab məktubunda “Nicat Sığorta Kompaniyası”-nın arxiv sənədlərinin təhvil verilmədiyi qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, qanunla nəzərdə tutulan (25 il) sığorta stajı olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız və qanunsuz olduğunu, bu səbəbdən də təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir.. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 10 oktyabr 2023-cü il tarixdən, yəni 65 yaşdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun ümumi iş stajının 25 ildən az olması səbəbi ilə pensiya təyin olunmasından imtina etmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə yekunlaşmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, xx.xx.2023-cü il tarixində, yəni 65 yaşında yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasındakı qeydlər nəzərə alınmaqla ümumilikdə 25 ildən artıq sığorta stajına malik olduğu müəyyən edilmişdir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ikinci şərt isə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Bununla bağlı Kollegiya bildirir ki, iddiaçıya münasibətdə zəruri olan yaş həddi (65 yaş) tamamlandığından və iddiaçının 25 ildən artıq stajı olduğundan, qanunvericiliyin tələblərinə əsasən, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ona yaşa görə əmək pensiyasının təyin edilməsində nəzərə alınmır. Lakin inzibati orqanın imtina məktubundan və apelyasiya şikayətindən də görünür ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Jdanov adına kolxozda, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “AC and CO” sığorta şirkətində, (xx.xx.1992-ci il tarixdən həmin şirkətin adı dəyişdirildikdən sonra "xxxx" Sığorta Şirkətində) və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək BƏSMİ 3 saylı İnternat evində olan əmək fəaliyyəti dövrü nəzərə almamışdır. Cavabdeh bu qənaətini "xxxx" Sığorta Şirkətinin hüquqi və faktiki ünvanının, habelə arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması ilə əlaqədar iddiaçının həmin dövrlərdə əmək haqqı alıbalmadığının müəyyənləşdirilə bilinməməsi ilə, digər mübahisəli əmək fəaliyyəti dövrü ilə bağlı isə əmək kitabçasının doldurulması qaydalarının pozulması ilə əsaslandırmışdır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;...... Göründüyü kimi, yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, iş stajının təsdiqi üçün əsas götürülən sənəd ilk növbədə əmək kitabçasıdır. İşin hallarından aydındır ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən stajı 16 il 06 ay 14 gün təşkil edir. Cavabdeh tərəfindən nəzərə alınmayan əmək kitabçası ilə təsdiq edilmiş xx.xx.1992ci il tarixdən xx.xx.2004-cü il tarixədək tarixədək olan dövrlər nəzərə alındıqda iddiaçının 25 ildən artıq stajının olduğu müəyyən edilir. Belə ki, xx.xx.1976-cı il tarixdən doldurulmağa başlamış 3Т-İ ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək Gürcüstan SSR Bolnisi rayonu Musoprnansk 8 illik məktəbində kargüzar katib, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Bolnisi Təmir Tikinti İdarəsində, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “Yubileynoe“ müəssisəsində bənna, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Gürcüstan SSR KTN Tİİ-nin 66 nömrəli trestində fəhlə, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Jdanov adına kolxozda, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Maddi –texniki xidmət və təminat sexinə yükləyici stropçu, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək “Perepeşinskoye” İBH bəslənməsi və kökəldilməsi üzrə təsərrüfatlararası müəssisədə mərkəzi şöbənin tikinti briqadasında fəhlə, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Gürcüstan SSR KTİN Tİİ-nin 66 nömrəli trestində fəhlə, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Darvaz MKS-də avtoparkın təmirçisi, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək müqavilə üzrə inşaat sahəsində fəhlə, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Krasnoqvardeysk rayon Lenin adına kolxoza üzv, xx.xx.1989- cu il tarixdən xx.xx.1991-ci il tarixədək Çambeçiy 7 saylı orta məktəbdə ocaqçı, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Kerqal” Kooperativində fəhlə, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək AC&CO sığorta şirkətində ekspert (xx.xx.1992-ci il tarixdə şirkətin adı dəyişdirilərək "xxxx" SŞ olmuşdur), xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək BƏSMİ 3 saylı İnternat evində fəhlə, xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək “Azərsığorta” DSŞ-nin Qaradağ rayon filialında mütəxəssis işləmişdir. Göründüyü kimi, iddiaçının AC&CO sığorta şirkətində ("xxxx" SŞ) işlədiyi dövrlər ilə birlikdə ümumilikdə 25 ildən artıq stajının olduğu müəyyən edilir. Kollegiya qeyd edir ki, iddiaçının işlədiyi şirkətin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Belə ki, “Nicat Sığorta” Kompaniyası ilə bağlı arxiv sənədlərinin (əmək haqqı cədvəlləri, əmrlər və s.) olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. İddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “AC and CO” və "xxxx" Sığorta Şirkətində (09 il, 04 ay, 26 gün) əmək fəaliyyəti dövrü barədə onun əmək kitabçasında müvafiq qeydlər aparıldığından, həmin qeydlər müəssisəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqləndiyindən cavabdehin apelyasiya şikayətinin dəlili əsassızdır. Qeyd edilənləri nəzərə alan Kollegiya bildirir ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş mübahisəli xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Jdanov adına kolxozda, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək BƏSMİ 3 saylı İnternat evindəki əmək fəaliyyəti dövrü üzrə stajı nəzərə alınmasa belə, 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuşdur. Beləliklə, Kollegiya qeyd edilənləri nəzərə alaraq bildirir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçıya münasibətdə tələb olunan bütün şərtlər ( yaş və sığorta stajı ) mövcuddur, yəni iddiaçının 65 yaşı var və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. Yuxarıda sadalanan hallardan da göründüyü kimi, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7595/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir (1) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar