Məhkəmə qərarları › İş №2-1(103)-415/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-415/2021

08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-415/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı vərəsəsi X1 vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə cavabdehlər DSMF və DSMF Göygöl rayon şöbəsinə qarşı aylıq müavinət və birdəfəlik maddi yardımın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3106/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1995-ci ildən hesablanmaqla əvvəlki illərə görə ona 1941-1945-ci illər Böyük Vətən müharibəsinin sonralar vəfat etmiş iştirakçısının dul arvadına müavinət və birdəfəlik maddi yardımların cəmi olaraq 5.429,5 manat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nin vəsatəti təmin edilməmiş, iş üzrə icraat iddiaçının hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Qərardadla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, iddiaçı öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən, işin icraatının dayandırılması yolverilməzdir və iş üzrə icraata xitam verilməlidir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçının vərəsəsinin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qərardadın ləğvi hissədə əsaslıdır. İşdə olan, Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 110216 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ölmüşdür. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “... hüquq münasibəti hüquq varisliyinə yol verdiyindən vəsatət təmin edilməməli, İddiaçı hüquq varisi müəyyən edilənədək hazırki iş üzrə icraat dayandırılmalıdır.” İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Mübahisəli qərardaddan görünür ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni, yəni “hüquq münasibətinin hüquq varisliyinə yol verdiyini” faktiki və hüquqi cəhətdən heç bir dəlillə əsaslandırmamış, hüquq varisliyi institutunun ümumi əlamətlərini və həmin elementlərin hazırkı kazusda mövcud olub-olmaması, mövcuddursa hansı formada əksini tapdığını müzakirə etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hüquq varisliyi məsələsi müzakirə edilməyən işin icraatının dayandırılması barədə hazırkı qərardad əsaslandırılmış sayıla bilməz. Belə ki, İPM-in: 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır; 80.3-cü maddəsinə əsasən, bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə qərardadın ləğvi hissədə razılaşır. Beləliklə, inzibati mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmiş qərardadı ləğv edilməli (İPM-in 87.6-cı maddəsi), iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3106/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, iş həmin məhkəməyə göndərilsin. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar