Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-415/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2-1(112)-1477/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 29 mart - 01 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə orqana müraciət etmişdir. Həmin müraciətin nəticəsi barədə rəsmi cavab məktubu təqdim edilərək guya sənədlərin əsli təqdim edilmədiyindən, güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina olunmuşdur. 1976-cı ildə X5 Təhsil Komitəsində təhsil aldığı və hərbi xidmətdə olduğu müddətlər daxil olmaqla, 2006-cı ilə qədər zərərli işlə əmək stajı 25 ildən artıq olmaqla təşkil edir. «Əmək pensiyaları haqqında» AR Qanunun tələblərinə əsasən 2006-cı ilə qədər ümumi əmək stajı 25 il və həmin stajın 12 il 6 ayını əmək fəaliyyəti zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının 57 yaşı 20.11.2018-ci il tarixdə tamam olmuşdur. Onun ümumilikdə əmək stajı 30 ildən çoxdur. Əmək stajının 20 il 11 ay 17 günü "xxxx" Açıq Səhmdar Cəmiyyətində “elektrik montyoru” vəzifəsində işləmişdir. Onun 2006-ci il tarixdə kifayət qədər əmək stajı vardır ki, 57 yaşında güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçı 1976-cı ildən 30.07.1979-cu il tarixədək 03 il 03 ay Azərbaycan SSR-nin Nazirlər Sovetinin X5 Təhsili Komitəsində elektrik avadanlıqlarının təmiri çilingəri peşəsi üzrə 2-ci dərəcəli elektrik avdanlıqlarının təmirçisi ixtisasına yiyələnmişdir. 13.08.1979-cu il tarixdən bu günədək “elektrik montyoru” peşəsi vəzifəsi üzrə fəaliyyət göstərir. 22.09.2006-cı il tarixdən SOCAR “Xəzərdənizneftqaztikinti” Trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə “elektrik montyoru” peşəsinə işə qəbul edilmiş və bu günədək də işləyir. İddiaçının 57 yaşı 2018-ci il tarixdə tamam olmuşdur və həmin tarixdə onun ümumi 26 il 11 ay əmək stajının güzəştli şərtlərlə 20 ildən artıq “elektrik montyoru” işi təşkil edir. "xxxx" ASC-nin 24 dekabr 2019-cu il tarixli arayışından göründüyü kimi, o, 20 il 11 ay 17 gün “Bakı asbestsement və keramika məmulatları” Kombinatında işlədiyi kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyoru peşəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının (Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı) 35-ci bəndində qeyd edilmiş qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə müraciət edərək əmək pensiyasının 57 yaşdan yarandığını nəzərə almaqla hesablanmasını və ona birdəfəlik ödənilməsini xahiş etmişdir. Ona ünvanlanmış cavab məktubunda guya sənədlərin əslinin təqdim edilmədiyi səbəbindən əsassız olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün əmək stajının müəyyən edilməsinin mümkün olmadığı bildirilmiş və məsələnin həllindən imtina edilmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi-vəkili X3 iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2-1(112)-1477/2021 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2-1(112)-1477/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim: R.Kərimli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06.03.2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az ildən az təşkil edir. Həmçinin idarəyə təqdim olunan 24.12.2019-cu il tarixli arayışda vətəndaşın “Bakı asbestsement və keramika məmulatları” kombinatında “elektrik montyoru” işlədiyi qeyd edilmişdir və 23 yanvar 2007-ci il tarixli Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinin “qurğuşunlasdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyoru” vəzifəsinə istinad edilmişdir. Lakin iddiaçının təqdim etdiyi NT-İ ******* №li əmək kitabçasında avandalığa qulluq üzrə elektrik montyoru vəzifəsi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq qeyd edirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 2006-cı ilin 1 yanvar tarixinədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»da nəzərdə tutulan müvafiq peşədə iş stajına malik şəxs kimi «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddiaçıya 57 yaşdan (10 noyabr 2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və həmin tarixdən ödənilməmiş fərq məbləği ödənilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının müraciəti 2018-ci ilin noyabr ayına təsadüf edir və bu keçmiş müddət üzrə pensiya məbləği «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1 və 37.7-ci maddələrinin tələbləri baxımından müvafiq qaydada ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci təvəllüdlüdür. İş materiallarında olan 825968 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1976- 1979-cu illərdə Bakı şəhəri 19 nömrəli X7 məktəbində təhsil almışdır. İş materiallarında olan Bakı şəhər Nizami rayon Hərbi Komissarlıq tərəfindən verilmiş 17.10.1996-cı il tarixli 4/123 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, 1980-cı ilin oktyabr ayından 1982-ci ilin noyabr ayınadək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan AR Dövlət Neft Şirkəti “Neftqaztikinti” Trestinin 19.03.2020-ci il tarixli arayışında bildirilmişdir ki, İddiaçı 22.09.2006-cı il tarixdə (21.09.2006-cı il tarixli 68k nömrəli əmrlə) “Xəzərdənizneftqaztikinti” Trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə qəbul edilmişdir. 30.01.2014-cü il tarixdə 91k nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Həmin vəzifədə əmək stajı 7 il 4 ay 8 gün təşkil edir. “Xəzərdənizneftqaztikinti” Tresti SOCAR-ın (ARDNŞ) 12.03.2007-ci il tarixli 51 nömrəli əmrinə əsasən “Neftqaztikinti” Tresti adlandırılaraq SOCAR-ın birbaşa tabeliyinə verilmişdir. İddiaçı 31.01.2014-cü il tarixdə 132k nömrəli əmrlə “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. 27.08.2015-ci il tarixdə 629k nömrəli əmrlə onunla əmək müqaviləsinə xitam verilmişdir. Həmin vəzifədə əmək stajı 1 il 6 ay 26 gün təşkil edir. İddiaçı 28.08.2015-ci il tarixdə SOCAR/15-2500/03-10-000377 nömrəli əmrlə “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti Quraşdırma Bölümünün 2 saylı Tikinti quraşdırma Sahəsinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir və hal-hazıradək həmin vəzifədə işləyir, əmək stajı 4 il 6 ay 21 gündür. Onun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində iş stajı 13 il 5 ay 26 gün təşkil edir. İş materiallarından olan AR Dövlət Neft Şirkəti “Neftqaztikinti” Trestinin sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 21.03.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti Quraşdırma Bölümünün 2 saylı Tikinti quraşdırma sahəsində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir. Hal-hazırda İddiaçı “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin “Günəşli” Yatağında yerləşən 2 saylı Dərin dəniz özülündə işlərə cəlb edilmiş və orada işləyir. Onun peşəsi bu işlərin icrasından ibarətdir – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” Trestinin 19 mart 2020-ci il tarixli arayışında aşağıdakılar bildirilir: bütün növdən və qabaritdən olan elektrik avadanlıqlarının sökülməsi və əsaslı təmiri, elektrik keçiricilərinin aparat və cihazlarının təmirdən sonra tənzimlənməsi və yoxlanması, gücləndiricilərin, işıq və səs siqnalizasiyalarının təmiri, güc və işıqlandırıcı elektrik qurğularına xidmət, elektrik stansiyaları, transformator yarımstansiyalarında gərginliyin tam söndürülməsi ilə işlərin yerinə yetirilməsi, lüminisentli işıqlandırıcı sxemlərin quraşdırılması və təmiri, gərginliyi 35 kV-dan yuxarı olan kabel xətlərində kabellərin açılması, kəsilməsi, çəkilməsi, giriş qurğularının və birləşdirici muftaların montajı, kabellərin zədələnmiş yerlərinin müəyyənləşdirilməsi, elektrik dövriyyəsinin torpaqlanması, müqavimətin, kabel örtüyünün potensialının ölçülməsi, bərk və yumşaq lehimlə lehimləmə, cizgi və sxem üzrə işlərin yerinə yetirilməsi, elektrik mühərrikləri üçün işəsalma müqavimətlərinin seçilməsi. İddiaçı peşəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı (hazırda qüvvədə olan) və 21 iyun 1993-cü il tarixli 320 nömrəli (hazırda qüvvədən düşmüş) qərarları ilə təsdiq edilmiş siyahıların müvafiq olaraq 29-cu və 35-ci bəndlərində güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üzrə hüquq verən peşə kimi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 24.12.2019-cu il tarixli 24/12k nömrəli arayışından görünür ki, İddiaçı 06.08.1979-cu il tarixdən (240k nömrəli əmr) hərbi xidmət xaric 30.12.2002-ci il tarixədək (406k nömrəli əmr) “Bakı asbestsement və keramika məmulatları” Kombinatında işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 35-ci bölməsində (Ümumi peşələr) nəzərdə tutulmuş “Qurğuşunlaşdırılmış kabellərin və polixrolvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərlə daim məşğul olan kabel xəttlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” peşəsində iş stajı cəmi 20 il 11 ay 17 gün təşkil edir. AR Tikinti Materialları Sənayesi Nazirliyinin 25 may 1993-cü il tarixli 75 nömrəli əmri ilə 1 iyun 1993-cü il tarixdən həmin Kombinatın adı dəyişdirilək "xxxx" Kombinatı adlandırılmışdır. AR Dövlət Əmlak Nazirliyinin 26 aprel 2001-ci il tarixli 193 nömrəli sərəncamı ilə "xxxx" Kombinatının mülkiyyət forması dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. İş materiallarından olan "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış 30.07.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı 06.08.1979-cu il tarixdən 20 il 11 ay 17 gün elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir və həmin peşəsinə görə müəssisənin bütün növ kabellərin, o cümlədən quraşdırılmış kabellərin, politelin və polixlorvinil örtüklü kabellərin lehimlənməsi, təmiri və quraşdırılması ilə daim məşğul olmuşdur. Onun işlədiyi peşə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmişdir. Həmin qərarla təsdiqlənmiş siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd olunan peşə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 20.11.2018-ci il tarixdə tamam olmuşdur və o, 01.09.1976-cı il tarixdən 30.07.1979-cu il tarixədək Bakı şəhəri 19 nömrəli X7 məktəbində təhsil almış (2 il 11 ay), 1980-cı ilin oktyabr ayından 1982ci ilin noyabr ayınadək hərbi xidmətdə olmuş (2 il 1 ay), əmək kitabçasına əsasən iddiaçı 06.08.1979-cu il tarixdən 08.10.1980-cı il tarixədək və 02.01.1983-cü il tarixdən 30.12.2002ci il tarixədək “Bakı asbestsement və keramika məmulatları” Kombinatında işləmiş elektrik avadanlıqları üzrə montyor vəzifəsində işləmiş (21 il 2 ay), 22.09.2006-cı il tarixdən 30.01.2014-cü il tarixədək “Xəzərdənizneftqaztikinti” Trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialında elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir və hal-hazıradək həmin vəzifədə işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçının “Bakı asbestsement və keramika məmulatları” Kombinatında işlədiyi 20 il 11 ay 17 gün elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının “35. Ümumi peşələr” bölməsində göstərilən “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” olması qeyd olunmuşdur. Hansı ki, həmin peşə müvafiq dövrdə qüvvədə olmuş AR Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»da 23200000 – 19859 kodla müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 20 il 11 ay 17 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 20.11.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2-1(112)-1477/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-415/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-415/2022
01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver