Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-415/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X23 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X12 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2867/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İ qrup əlil olaraq həyat yoldaşı mərhum X19 qanuni vərəsəsi kimi X19 adına ayırılmış “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 hektar torpaq sahəsi olan 342 nömrəli bağ sahəsinin özəlləşdirilməsini həyata keçirmək üçün həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 hektar torpaq sahəsi olan 342 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun X24 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X19 xx.xx.2012-ci il tarixdə vəfat etməsi ilə əlaqədar Bakı şəhəri 6 saylı notariat ofisinə etdiyi müraciət ərizəsi nəticəsində xx.xx.2013-cü il tarixdə həmin notariat ofisində vərəsəlik işi açılmış və qanunvericiliyin tələbinə əsasən onun, yəni İddiaçı miras qoyanın qanun üzrə vərəsəsi olması müəyyən edilmişdir. İddiaçının həyat yoldaşı X24 vəfat etməmişdən əvvəl X36 İdarəsinə məxsus “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 hektar torpaq sahəsi olan 342 nömrəli bağ sahəsi ayrılmışdır. Bu haqda məlumat Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə edilmiş rəsmi sorğuya verilmiş cavabda da bildirilir. Lakin həyat yoldaşının qəfil vəfatı ilə əlaqədar həmin torpaq sahəsinin özəlləşdirilməsi (daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilməsi) həyata keçirilmədiyindən, müvafiq sənədin əldə edilməsi üçün “Yelkən” bağçılıq-yoldaşlıq birliyindən ilkin hüquq müəyyənedici sənədləri almaq üçün həmin Birliyinə dəfələrlə müraciət etdikdə, o, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Çünki Birlik həyat yoldaşının vəfat etməsindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, X24 ayrılmış 0,05 ha torpaq sahəsini hissə-hissə ətrafdakı şəxslərə qeyri-qanuni satdığı üçün ona yalnız həmin torpaq sahəsinin yarısını, yəni 0,025 ha torpaq sahəsi verə biləcəyini, ondan artıq torpaq sahəsinin isə mövcud olmadığını söyləmişdir. Bununla bağlı “Yelkən” bağçılıqyoldaşlıq birliyinin tabe olduğu Azərbaycan Dəniz Nəqliyyatı X13 Respublika Komitəsinə müraciət etdikdə, həmin Komitədən rəsmi şəkildə bildirilmişdir ki, X31 X22sinin nəzarəti altında tərtib olunmuş “Yelkən” bağçılıq-yoldaşlıq birliyinin xx.xx.2019-cu il tarixində Əmlak Komitəsinə göndərilən sonuncu ümumi siyahısında X29 319-cu sıra nömrəsində 2000-ci il tarixində bağçılığın “V” bataqlıq sektorunda ona ayrılan 342 saylı torpaq sahəsi 0,05 ha göstərilib. Ardınca da söylənilir ki, “Yelkən” bağçılığın İdarə Heyətinin məlumatına əsasən 342 saylı torpağın sahəsi 300 kv.m (yəni 0,03 ha) təşkil edir. Ayrılan 0,05 ha torpaq sahəsinin yerdə qalan 200 kv.m (yəni 0,02 ha) hissəsinin vəzifə səlahiyyətlərindən suiistifadə edilərək kimlərə və hansı qeyri-qanuni yollarla verilməsi barədə heç nə bildirilmir. İddiaçı həyat yoldaşı mərhum X19 qanuni vərəsəsi olaraq, onun adına ayırılmış “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,05 hektar 342 nömrəli bağ sahəsinin özəlləşdirilməsini həyata keçirmək üçün həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı və texniki pasportu vermək üçün cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 09 iyul 2021-ci il tarixində müraciət etmişdir. Həmin müraciətə 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixində verdiyi rəsmi cavabda isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən müvafiq bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilmədiyinə görə həmin torpaq sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı və texniki pasportunun verilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********06 saylı cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2867/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını əsaslandırmışdır ki, inzibati orqan iddiaçının tələb etdiyi qeydiyyatı qanunvericiliyin tələbinə görə yalnız torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlər və naturada təhvil verilmiş torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduqda apara bilər. Belə sənədlər isə hazırkı iş üzrə müəyyən olunmamışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, “Yelkən” bağçılıq-yoldaşlıq birliyi və Azərbaycan Dəniz Nəqliyyatı X13 Respublika Komitəsinin rəhbərləri öz vəzifə və qulluq mövqeyindən sui-istifadə edərək həyat yoldaşı X19 adına ayrılmış həmin torpaq sahəsini qanunsuz olaraq digər şəxslərin adına ayırdıqlarına və qanuni vərəsə olaraq ona hüquqmüəyyənedici sənədləri verməkdən əsassız olaraq imtina etdiklərinə görə naturada (faktiki) istifadəsi mümkün olmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, o ilkin hüquqmüəyyənedici sənədləri sonradan əldə etdikdən sonra həmin sənədlərlə yenidən cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin həmin sənədlərdə 5 sot yox, 4 sot torpaq sahəsi yazılmışdır. Lakin faktiki olaraq həmin torpaq sahəsində 3 sot torpaq sahəsi mövcuddur, qalan 2 sot torpaq sahəsi digər qonşuluqda olan şəxslər tərəfindən ələ keçirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı bağ sahəsinin mərhum həyat yoldaşı X24 mülkiyyət hüququ üzrə məxsus olmasının qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də qismən əsaslıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq Məhkəmə kollegiyası qeyd edir ki, qərar maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Belə ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən mübahisəli bağ sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. İş materiallarında olan : - AZ-İ 583315 nömrəli, xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X29 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 1469 nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, X-489 nömrəli məktubda bildirilmişdir ki, xx.xx.2012-ci ildə vəfat etmiş X14 qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 6 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X19 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2013-cü ildə vərəsəlik işi açılıb və vərəsəlik dairəsi müəyyən olmuşdur. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində 342 nömrəli bağ sahəsi ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə dair reyestrdən çıxarış verilməsi xahiş olunur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********64 nömrəli məktubda bildirilmişdir ki, sizin “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 342 nömrəli bağ sahəsi barədə məlumat və sənəd surətinin verilməsinə dair xx.xx.2020-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, X24 X25 məxsus “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində, 0.05 hektar torpaq sahəsi olan 342 nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. X6 “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində 342 nömrəli bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası və s.) İdarənin arxivində aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********96 nömrəli məktubda bildirilmişdir ki, sizin “Yelkən” bağçılıq-yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.05 hektar torpaq sahəsi olan 342 nömrəli bağ sahəsinin X24 məxsus olması barədə məlumatın verilməsinə dair müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədər olaraq bildirilir ki, “Yelkən” bağçılıq-yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında X19 adına 0.05 hektar torpaq sahəsi 342 nömrəli bağ sahəsi göstərilmişdir. Lakin X4 bağ sahəsinin ayrılmasına dair sənədlər (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar edilməmişdir. - Azərbaycan Dəniz Nəqliyyatı X13 Respublika Komitəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 50/06 nömrəli məktubda bildirilmişdir ki, sizin Azərbaycan Dəniz Nəqliyyatı X13 Respublika Komitəsinin sədrinə ünvanladığınız 18 may 2021-ci il tarixli ərizənizə baxılmışdır. Ərizənizdə göstərmisiniz ki, Suraxanı rayonu, Hovsan qəsəbəsi ərazisində yerləşən X25 məxsus “Yelkən” bağçılıq-yoldaşlığın bağçılıq sahəsində X19 adma 0,05 ha torpaq sahəsi olan 342 nömrəli bağ sahəsi ayrılmışdır. X31 X22sinin nəzarəti altında tərtib olunmuş “Yelkən” bağçılıq-yoldaşlığın xx.xx.2019-cu il tarixində Əmlak Komitəsinə göndərilən sonuncu ümumi siyahısında X29 319-cu sıra nömrəsində 2000-ci il tarixində bağçılığın “V” bataqlıq sektorunda ona ayrılan 342 saylı torpaq sahəsi 0,05 ha göstərilib. O zaman dənizçilərə ayrılan torpaq sahəsi yalnız bölgü sxemi (xəritəsi) üzərində nəzərdə tutulmuşdur. Suyun dərinliyi (0.5-2.3 m) buna imkan vermirdi ki, dənizçilər ora yaxınlaşıb hər hansı abadlıq işləri görsünlər. Bakı şəhər X18 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1987-ci il tarixli, 20/396 saylı Qərarı ilə X21 işçiləri üçün ayrılmış torpaq sahəsi 2000-ci ilin sonuna qədər HİK nəzarəti altında paylanıb qutarıb. Qeydiyyatdan keçən dənizçilər HİK nəzarəti altında protokola salınıb və onlara lazımi sənədlər verilib. Sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığınız xx.xx.2020-ci il tarixli ərizənizə, cavab olaraq “Yelkən” bağçılıqyoldaşlığın ümumi siyahısında X15 adına 342 saylı torpaq sahəsinin olması haqqında və ona 342 saylı torpaq sahəsinin verilməsi haqqında heç bir sənəd (üzvlük kitabçası, protokoldan çıxarış, bölgü sxemi, arayış) olmadığı barədə sizə ətraflı məlumat verilib. 342 saylı torpaq sahəsinin ətrafındakı qonşu torpaqlar 340, 341, 341a saylı torpaq sahələrinin sahəsi 300-450 m2 arasında dəyişilir. 342 saylı torpağın sahəsi 300 m2 təşkil edir. (“Yelkən” bağçılığın İdarə Heyətinin məlumatına əsasən). Ərizənizdə qeyd edirsiniz ki, 342 saylı bağ sahəsinin ayrılmasına dair “təkidlə” “çıxarış” tələb edirsiniz. Əmlakın özəlləşməsinə aid “çıxarış” lazımi sənədlər əsasında yalnız 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilir, baxmayaraq ki, bu barədə sizin əlinizdə X19 vərəsəsi olduğunuz haqqında sənəd yoxdur. - Məhkəmənin sorğusuna cavab olaraq “Azərbaycan X31” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, CMxx/xx-1477 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X21 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X27 yenidən təşkili yolu ilə ASCO yaradılmış və həmin müəssisələrin əmlakı, o cümlədən hüquq və öhdəlikləri ASCO-ya keçmişdir. ASCO-nun Nizamnaməsi və strukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuşdur. Qeyd olunan qərarla təsdiq olunmuş ASCO-nun strukturunda “Yelkən” bağçılıq-yoldaşlıq birliyi” adlı təşkilat yoxdur, həmçinin ASCO ilə adıçəkilən bağçılıq-yoldaşlıq birliyi arasında hər hansı hüquqi münasibət mövcud deyildir. Eyni zamanda, hüquq və öhdəlikləri ASCO-ya təhvil verilən Azərbaycan Dövlət X21 strukturunda da qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçmiş “Yelkən” bağçılıq-yoldaşlıq birliyi” adlı təşkilat olmamış və belə təşkilata aid sənədlər ASCO-ya təhvil verilməmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********92 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 342 nömrəli bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Sorğuyla əlaqədar olaraq arxiv qovluğunda mövcud olan “Yelkən” bağçılıq yoldaşlıq birliyinin üzvlərinin siyahısının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş “Yelkən” bağçılıq-yoldaşlıq birliyinin üzvlərinin siyahısında 319-cu sırada X29, üzvlüyə daxil olduğu il 2000-ci il, bağ nömrəsi 342 olaraq qeyd olunmuşdur. Hazırki işin apellyasiya araşdırması zamanı məhkəmənin müvafiq sorğuları əsasında təqdim olunmuş: Azərbaycan Dəniz Nəqliyyatı X13 Respublika Komitəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 78/06 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri X18 İcraiyyə Komitəsi tərəfindən 27 oktyabr 1987-ci il tarixli 20/396 saylı Qərarı ilə X21 Dənizçiləri və Sahil işçiləri üçün Suraxanı rayonu Hovsan qəsəbəsi ərazisində 436 nəfərlik torpaq (bağ) sahəsi ayrılmışdır. X28 rəhbərliyi, Dəniz nəqliyyat işçiləri və Sahil X13 Komitəsi tərəfindən 1986-cı ildə yaradılan “Yelkən (Parus)” bağçılıq yoldaşlığı X28 nəzdində Azərbaycan Dəniz Nəqliyyatı X13 Respublika Komitəsini nəzarəti altında bu günə qədər öz fəaliyyətini davam etdirir. 1999-cu ildə rəsmi olaraq Bağlar İdarəsinə verilən siyahıda, abadlıq işləri kifayət qədər aparılmadığına görə “Yelkən” bağçılıq üzvlərinin yalnız 248 nəfərin adı yazılmışdır. Azərbaycan Dəniz Nəqliyyatı X13 Respublika Komitəsinin nəzdində fəaliyyət göstərən Üzücü heyyətin və eləcə də sahil işçilərinin X22 sədrlərinin ümumi nəzarəti altında 2000-2006-cı illərdə “Yelkən” bağçılığı sahəsində bağçılıq üzvləri tərəfindən Gəmiçiliyin rəhbərliyin köməyi sayəsində xeyli abadlıq işləri görülmüşdür. 2007-ci ildə Torpaq Komitəsi Bakı şəhər şöbəsinin tələbi ilə “Yelkən” bağçılıq sahəsində aparılan inventarizasiya nəticəsində yeni siyahı təşkil edildi və Torpaq Komitəsinə göndərdi. Dənizçilər bağçılığın “V” sektorunda (bataqlıqda) daha fəal işləyərək xeyli abadlıq işləri gördülər və 378 nəfərin siyahıya salınması məsləhət görüldü. Adına bağ sahəsi olan və heç bir abadlıq işləri görməyən üzvlərinin adları X22si tərəfindən siyahıya salınmadı. Bu əsas etibarı ilə “V” bataqlıq sektoruna aid idi. “Yelkən” bağçılıq sahəsində özəlləşmə ilə əlaqədar “V” sektorunda yaranmış xırda maneələrin aradan qaldırılması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin tələbi ilə 2019-cu ilin aprel ayında “V” sektorunda keçirilən ümumi baxış zamanı nəzərə çarpan problemlərin (sahənin cizgisində və siyahının ardıcıllığında) aradan qaldırılması nəzərdə tutulurdu. Belə ki, A,B,V sektorların cizgiləri xırda dəyişiklikləri nəzərə alınmaqla yenidən doldurulub və hər bir cizgidə olan bağçılıq üzvlərinin ayrı-ayrı sektorlarla ümumi siyahısı yazıldı. “Yelkən” bağçılığın ümumi siyahısını ayrı-ayrı sektorlarla hazırlanması həm Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin əməkdaşları və həm də X31 aidiyyatı təşkilatları tərəfindən edilən nəzarət xeyli asanlaşır. Ayrı-ayrı sektorlarla yazılan ümumi siyahı (401 nəfər) və sektorların əlyazma cizgiləri 2019-cu ilin may ayında 48/06 saylı məktubla Azərbaycan Dəniz Nəqliyyatı X13 Respublika Komitəsi Sədrinin imzası ilə Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilib. Bütün əmələ gələn arda dəyişikliklər haqqında “Yelkən” bağçılığın idarə heyəti tərəfindən 1 saylı Bakı Ərazi İdarəsi ətraflı məlumatlandırılıb. X31 Q.S.C Dənizçilərin və Sahil işçilərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Yelkən” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında X29 319-cu sıra nömrəsində 2000-ci il tarixində bağçılığın “V” bataqlıq sektorunda ona ayrılan 342 saylı torpaq sahəsi 0,05 ha göstərilib. X21 işçiləri üçün torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər X18 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1987-ci il tarixli, 20/396 saylı Qərarı əsasında X24 39/342 nömrəli üzvlük kitabçası təqdim edilmişdir. Həmçinin, X21 “Yelkən” bağçılıq üzvlərinin təsdiq olunmuş xx.xx.2000-ci il tarixli 03 nömrəli Protokol-siyahısından çıxarışdan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən X25 məxsus “Yelkən” bağçılıq-yoldaşlığın üzvü X24 “V” sektorunda ümumi sahəsi 400 kv.m olan 342 nömrəli bağ sahəsi verilmişdir. Beləliklə, müvafiq ünvanda olan bağ sahəsinin hüquqmüəyyənedici sənədlər əsasında iddiaçının mərhum həyat yoldaşına məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Lakin qeyd edilən hüquqmüəyyənedici sənədlərdən göründüyü kimi iddiaçının mərhum ərinə ayrılmış bağ sahəsinin ölçüsü 400 kv.m olsa da, qeyd edilən bağ sahəsinə mütəxəssisin iştirakı ilə baxış keçirilmiş və faktiki olaraq ölçüsünün 264 kvm olmasına dair müayinə aktı təqdim edilmişdir. İş üzrə apelyasiya baxışında araşdırma zamanı iddia olunan bağ sahəsinin ortofoto görüntüyə əsasən ətrafında yerləşən bağ sahələrinin qeydiyyata alınması və ölçüləri ilə bağlı da araşdırma aparıldı. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Yelkən” b/y, “V” sektoru, 340 saylı bağ sahəsi (0.0423 ha) xx.xx.2020-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. X5 mülkiyyətindədir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Yelkən” b/y, “V” sektoru, 357a saylı bağ sahəsi (0.048 ha) xx.xx.2021-ci il tarixdə X20 adına ilkin qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. X2 mülkiyyətindədir. Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, “Yelkən” b/y, “V" sektoru, 341 saylı bağ sahəsi (0.0406 ha) xx.xx.2020-ci il tarixdə X8 adına ilkin qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. X3 mülkiyyətindədir. Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, “Yelkən” b/y, “V” sektoru, 341 saylı, 0.05 hektar bağ sahəsi (ilkin sənədlərdə “341 a” qeyd edilmişdir) xx.xx.2019-cu il tarixdə X9 adına ilkin qeydiyyata alınmış, sonradan 341 saylı bağ evi kimi onun adına rəsmiləşdirilmiş, hazırda mülkiyyətindədir. Həmçinin, məhkəmə iclasına dəvət olunmuş mühəndis X17 öz izahatında bildirdi ki, məhkəmənin müvafiq sorğusu əsasında mübahisəli bağ sahəsinə baxış keçirmiş və müəyyən etmişdir ki, bağ sahəsinin sərhədlərinin bir tərəfi qonşu bağın hasarı, bir tərəfi qonşu bağın sahibi tərəfdən düzülmüş beton bloklar, iki tərəfinə iki cərgə mişar daşı düzülmüşdür. Həmçinin, bağ sahəsinin faktiki ölşüsü 264.0 kv.m-dir. Bir tərəfdən yol keçir. Göründüyü kimi, iddiaçının mərhum ərinin hüquqmüəyyənedici sənədlərinə əsasən ayrılmış bağ sahəsinin ölçüsü 0,04 ha qeyd edilsə də, müayinə aktından aydın olur ki, bağ sahəsinin faktiki sahəsi daha azdır-264kvm-dir və həmin bağ sahəsinin ətrafında boş sahə mövcud deyildir, dörd bir tərəfində yerləşən bağ sahələrinə dair digər fiziki şəxslərin mülkiyyət hüquqları müvafiq hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir, şikayətin dəlilləri qərarın ləğvinə əsas verir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən faktiki ölçüsü 264 kv.metr torpaq sahəsi olan 342 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun X24 məxsus olmasına dair arayışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2867/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən faktiki ölçüsü 264 kv.metr olan 342 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun X24 məxsus olmasına dair arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-415/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-415/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver