Məhkəmə qərarları › İş №2-1(103)-4152/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4152/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4152/2025 05.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3477/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazisində 0,25 ha torpaq sahəsi mülkiyyət hüququ ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən iddiaçıya satılmışdır. Belə ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi ilə arasında xx.xx.2015-ci il tarixdə Torpaqların alqı- satqısına dair akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-4498/2014 saylı xx.xx.2014ci il tarixli qərarının icrasına Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin iclasında baxılmış və Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin ərazisindən 0,25 ha torpaq sahəsinin satılması barədə 30 dekabr 2014-cü il tarixli 36/05 saylı qərar qəbul olunmuşdur. Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi ilə bağlanmış xx.xx.2015-ci il tarixli Torpaqların alqı-satqısına dair aktın 2-ci bəndində tərəfindən "xxxx" ASC bankının **********101 saylı hesabına əvvəlcədən 5600 manat tələb olunan məbləğin BYB 225719 nömrəli qəbzlə ödədiyi qeyd olunmuşdur. Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi ilə bağlanmış xx.xx.2015-ci il tarixli Torpaqların alqı-satqısına dair aktı mənim tərəfimdən imzalanmış, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri X10 tərəfindən imzalanmış və bələdiyyənin möhürü ilə təsdiq olunmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən və M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 589 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə mülkiyyət hüququ əsasında vətəndaş X2 adına rəsmiləşdirilmiş, sonradan 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi xx.xx.2014-cü il tarixli, 2-(81)-4498/2014 saylı qərarına əsasən onun adına dəyişdirilmiş 2500 kv.m torpaq sahəsinin yerləşdiyi ərazinin planı Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinin memarı tərəfindən tərtib edilmiş, həmin bələdiyyənin sədri tərəfindən təsdiq edilmişdir. Ərazinin planı əsasında vətəndaş X6 mülkiyyət hüququ ilə satılmış və istifadəsində olan torpaq sahsi ona mülkiyyət hüququ ilə verilmişdir. Qüvvəyə minmiş 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 5.000 kv.metr torpaq sahəsi Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 589 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün X3 mülkiyyətinə verilmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına və Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 15 saylı qərarına əsasən X2 adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi üçün xx.xx.2005-ci il tarixdə 225719 saylı kassa mədaxil qəbzi ilə bələdiyyə büdcəsinə ödənilmiş 56.000.000 AZM (11.200 AZN) pul məbləğinin 28.000.000 AZM (5600 AZN) məbləğində olan hissəsi iddiaçının adına tanınmışdır. Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 15 saylı qərarına əsasən X2 adına rəsmiləşdirilmiş torpaq sahəsinin 2500 kv.metr sahəsinə iddiaçı X8 ilə bələdiyyə arasında xx.xx.2012-ci il tarixdə torpaq alqı-satqı müqaviləsi bağlanmışdır. Torpaq sahəsində inşaat, tikinti işləri aparılmışdır. X7 torpaq sahəsini və üzərində tikdiyi tikililəri ona satmışdır. X2 torpaq sahəsini və tikililəri ona satması ilə əlaqədar olaraq Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 27.04. 2012-ci il tarixli 15 saylı qərarı ilə X1 2500 kv. metr torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün adına sənədləşdirilməsinə dair ərizə ilə müraciət etmişdir. Ərizə Binəqədi rayonu, M. Ə. Rəsulzadə Bələdiyyəs tərəfindən təmin olunmamışdır. Torpaq sahəsinin X2 adından onun adına keçrilməsindən imtina olunmuşdur. X8 iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 15 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə X2 adma sənədləşdirilmiş 2500 kv.metr torpaq sahəsi eyni təyinatla İddiaçı adıma rəsmiləşdirilməsi vəzifəsinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-(81)- 4498/2014 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 15 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə X2 adına sənədləşdirilmiş 2500 kv.metr torpaq sahəsinin eyni təyinatla İddiaçı adıma rəsmiləşdirilməsi vəzifəsi Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə Bələdiyyəsinə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2014-cü il tarixli, 2- (81)-4498/2014 saylı qərarının icra olunması üçün Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi 30 dekabr 2014-cü il tarixli, 13 saylı protokolu ilə 36/05 saylı qərar qəbul etmiş, Binəqədi rayonu, M. Ə. Rəsulzadə Bələdiyyəsi ilə mənim aramda 17. 01. 2015-ci il tarixdə Torpaqların alqı-satqısına dair akt təıtib edilməklə mülkiyyət hüququ ilə onun adına rəsmiləşdirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən əvvəlcədən X8 tərəfindən və sonradan Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən ona verilmiş torpaq sahəsində tərəfindən tikinti-quraşdırma işləri aparılmış, istehsalat sahələri yaradılmışdır. İstehsalat sahəsi üçün Torpaq sahəsində X8 tərəfindən çəkilmiş elektrik xətləri, quraşdırılmış trasfarmator yenilənmiş, "xxxx" ASC-yə müraciət edib 13.09. 2018-ci il tarixdə TX18/0887 saylı texniki şərt alınmışdır. Ərazidə sex inşa edilmiş, anbar sahələri yaradılmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə 16.04. 2024-cü il tarixdə ərizə ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv. metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın verilməsinini xahiş etmişdir. Ərizəsinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair əsas olan və tələb olunan sənədləri əlavə etmişdir. Cavabdeh tərəfindən 03 iyun 2024-cü il tarixli məktubla torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina olunmuşdur.

3. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3477/2025 nömrəli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və X9 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

4. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3477/2025 nömrəli qərardadı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi hissəsində ləğv edilmişdir.

5. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqdim edilmiş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir və təqdim olunmuş yerləşmə cizgisində istinadlar, məsafələr və koordinatlar göstərilməmişdir. Bundan başqa, təqdim olunan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 36/05 saylı qərarı xx.xx.2014-cü il tarixli olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Əlavə olaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Qeyd olunanlarla yanaşı, sənədlər toplusuna əlavə olunmuş məhkəmə qərarlarına əsasən İdarə məhkəmə işinə tərəf qismində cəlb olunmamış və İdarənin üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. Elektron kadastr məlumatına əsasən göstərilən sahə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adına verilmiş yerquruluşu planı tərtib edilmiş ərazinin daxilində və bütövlüklə Böyükşor gölünun mühafizə zolağında yerləşir. Həmçinin göstərilən sahə dövlət mülkiyyəti torpağı olmaqla, bir hissəsinə X5 müraciətləri daxil olmuşdur. Əlavə olaraq, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman sahənin faktiki ölçüsünün 3660 kv.m olduğu və 1.0 metr məsafəsində transformatorun mövcud olduğu müəyyən olmuşdur.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3477/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv.m torpaq sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

7. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

8. Eyni zamanda üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

9. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etiraza uyğun tərtib edilmişdir.

10. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassız və qanunsuzdur, məhkəmə tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuş, məhkəmə iclasında üçüncü şəxs kimi cəlb edilmiş səlahiyyətli dövlət orqanının (ETSN) iştirakı təmin edilməmiş, işin bütün faktiki hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına imkan verən kifayət qədər sübutlar qiymətləndirilməmiş və yekunda işin nəticəsi üzrə düzgün olmayan qərar qəbul edilmişdir. Qərarda göstərilənlərlə bağlı qeyd edilməlidir ki, iş üzrə cavabdehin (1 saylı Bakı Ərazi İdarəsi) etirazında “göstərilən sahənin dövlət mülkiyyətində olmaqla, elektron kadastr məlumatlarına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adına verilmiş yerquruluşu planının ərazisi daxilində və bütövlükdə Böyükşor gölünün mühafizə zolağında yerləşdiyi” bildirilmiş, lakin hakim tərəfindən cavabdehin qeyd etdiyi bu kimi hallar, xüsusilə həmin ərazinin həqiqətən də ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqan ETSN-nin idarəetməsində olub-olmadığı araşdırılmamış, həmçinin mövcud qanunvericiliyin iş üzrə üzrə mühüm əhəmiyyət kəsb edən digər tələbləri nəzərə alınmamışdır.Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında 26 dekabr 2013-cü il tarixli 61 nömrəli Fərmanına (1ci hissə) əsasən “Böyükşor gölünün (bundan sonra-Göl) istifadəsi və mühafizəsi sahəsində idarəetmə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilmişdir. Fərmanın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Gölün (onun mühafizə zonasında) mövcud olan tullantıların kənarlaşdırılması, mühafizəsi, ekoloji vəziyyətinin yaxşılaşdırılmasının və gələcəkdə ondan səmərəli istifadə olunmasının təmin edilməsi, habelə qorunub saxlanılmasına nəzarəti həyata keçiririlməsi tapşırılmışdır. Lakin məhkəmə hazırkı iş üzrə iddiaçının ididdiasını təmin etməklə səlahiyyətli dövlət orqanının qarşısına qoyulmuş vəzifələrin (fərmanla ona həvalə olunmuş tapşırıqların) yerinə yetrilməsində ciddi maneə və sahil xəttinin dəyişməsi ehtimalını yaratmışdır ki, gölün mühafizə zonasında yerləşən hazırki iddia olunan ərazinin şəxsin mülkiyyətinə verilməsi halında səlahiyyətli orqan tərəfindən gölün mühafizəsinə nəzarətin həyata keçirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, gələcəkdə ondan səmərəli istifadə edilməsi və digər vəzifələrin yerinə yetirilməsini mümkünsüz edir.Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli 194/Ü nömrəli “Böyükşor və Zığ göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və mühafizə tədbirlərinin optimallaşdırılması” barədə Əmrinə əsasən, Bakı şəhərində yerləşən Böyükşor və Ziğ göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və mühafizə tədbirlərinin optimallaşdırılması, həmçinin dövlət vəsaitlərindən səmərəli istifadə olunması məqsədilə "xxxx" ASC-nin tabeliyində “su obyektlərinin mühafizəsi və abadlaşdırılması İdarəsi yaradılmışdır, lakin Böyükşor gölünün mühafizəsi zonaların əsassız olaraq bəzi şəxslərin mülkiyyətinə verilməsi bu İdarəni fəaliyyətsiz edir. Məhkəmə qərarında “ayrılan torpaq sahəsi ilə bağlı iddiaçının xeyrinə Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2014-cü tarixli qərarı qəbul edildiyini, “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının isə 23 may 2017-ci ildə qəbul edildiyini (yəni iddiaçının torpaq sahəsinə hüququnun (lakin iddiaçının hansı hüququnun yarandığı qeyd edilməmişdir) daha əvvəl yarandığını əsas gətirmişdir. Halbuki, mövcud qanunvericilikdən də göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında 26 dekabr 2013-cü tarixli Fərmanına əsasən Böyükşor gölünün idarəetməsinin səlahiyyətli dövlət orqanına (ETSN-ə) həvalə olunduqdan 1 (bir) il sonra (xx.xx.2024-cü) bələdiyyə tərəfindən qərar qəbul edilmişdir. Eyni zamanda hakim qərarda ümumi olaraq iddiaçının torpaq sahəsinə hüququnun yarandığını qeyd etsədə, lakin bu hüququn nədən ibarət olduğunu (istifadə, icarə və s) qeyd etməmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il tarixli 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarf’nın təsdiq edilməsi haqqında Qərarın 2-ci bəndinə əsasən, su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.Həmin Qərarın 3-cü bəndinə əsasən, su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir.Qərarın 5-ci bəndində isə qeyd olunmuşdur ki, su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının ölçüləri, sərhədləri və istifadəsi onların fiziki-coğrafi, torpaq, hidroloji və sair şəraitindən asılı olaraq, su obyektlərinin sahil xəttinin dəyişməsi proqnozu nəzərə alınmaqla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılaraq müəyyən edilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Qeyd olunan qanunvericiyin tələbindən göründüyü kimi, sahil mühafizə zonalarından istifadə su obyektlərinin sahil xəttinin dəyişməsi proqnozu nəzərə alınmaqla aidiyyəti orqan tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılaraq müəyyən edilir, lakin hazırki iş üzrə qanunvericiliyin bu tələbi nəzərə alınmamışdır.

IV. Tərəflərin izahatları:

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək onların rədd edilməsini xahiş etdi.

12. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılsalar da, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Əsaslandırıcı hissə

V. Tədqiq olunan sənədlər: - M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 589 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfindən, Baksol massivindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ayrılmış 5000 kv.m. torpaq sahəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İş №2-inz“81”-2152/2011 inzibati iş üzrə xx.xx.2011-ci il tarixli qərarına əsasən bələdiyyənin xx.xx.2012-ci il tarixli, 15 saylı qərarına uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş X12 adına (2500 kv.m.), vətəndaş X2 adına (2500 kv.m.) rəsmiləşdirilmişdir. Sonradan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İş № 2-(81)- 4498/2014, xx.xx.2014-cü il tarixli qərarına əsasən M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən və vətəndaş X2 adına olan 2500 kv.m. torpaq sahəsi eyni təyinatla bələdiyyənin xx.xx.2014-cü il tarixli, 36/05 saylı qərarından çıxarışına əsasən vətəndaş İddiaçı adına rəsmiləşdirilmişdir. M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən 2500 kv.m torpaq sahəsinin vətəndaş İddiaçı adına rəsmiləşdirilməsi barədə qəbul olunmuş xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli, 36/05 saylı qərarından çıxarışın, eləcə də həmin qərarın qəbul edilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinə gəlincə isə qeyd edirik ki, sözügedən qərar və onun qəbul edilməsinə əsas olan sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daimi saxlanmalı sənəd olaraq mühafizə olunması üçün Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir; - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş: Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 15 nömrəli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2- inz“81”- 2152/2011 nömrəli qərarının icrasını təmin etmək məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin X3 adına verdiyi xx.xx.2004-cü il tarixli, 589 nömrəli qərarı dəyişdirilərək 5000 kv.m-dən 2500 kv.m-i X12, 2500 kv.m-i isə X13 oölunun adına rəsmiləşdirilmişdir; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2-(81)-4498/2014 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 15 nömrəli qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Ə.R.Səfərovun adına sənədləşdirilmiş 2500 kv.m torpaq sahəsinin eyni təyinatla İddiaçı adına rəsmiləşdirilməsinin M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməsi qərara alınmışdır; Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 36/05 nömrəli qərarından çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv.m torpaq sahəsinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş İddiaçı verilmişdir; xx.xx.2015-ci il tarixli “Torpaqların Alqı-Satqısına dair Akt”ın surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2-(81)-4498/2014 saylı qərarının icrası məqsədilə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən xx.xx.2014-cü il tarixli, 36/05 nömrəli qərar qəbul edilmiş, İddiaçı tərəfindən haqq ödənilmişdir;

VI. Tətbiq olunan hüquq:

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

14. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada): 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyin alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

15. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanı: Bənd. 2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

16. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada):

7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

Vİ.Məhkəmənin mövqeyi

17. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 36/05 nömrəli qərarına istinad edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv.m torpaq sahəsinə dair hüququn dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsini xahiş edir.

18. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək, iddiaçının müraciətinin təmin edilməməsi qənaətinə gəlmişdir: 1) alqı-satqı aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi; 2) təqdim olunmuş yerləşmə cizgisində istinadlar, məsafələr və koordinatlar göstərilməməsi; 3) Rəsulzadə Bələdiyyəsinin 36/05 saylı qərarının xx.xx.2014-cü il tarixli olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməməsi; 4) Göstərilən sahənin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adına verilmiş yerquruluşu planı tərtib edilmiş ərazinin daxilində və bütövlüklə Böyükşor gölünun mühafizə zolağında yerləşməsi; 5) dövlət mülkiyyəti torpağı olmaqla, bir hissəsinə X5 müraciətinin daxil olması; 6) Yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd olunmaması; 7) Faktiki ölçüsünün 3660 kv.m olması və 1.0 metr məsafəsində transformatorun mövcud olması.

19. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşmır.

20. Belə ki, cavabdehin ilk dəlili ilə bağlı qeyd edilməlidir ki, yuxarıda sadalanan qanunvericilik normalarından aydın olduğu kimi torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması, DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməsi bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməməsi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.

21. Bundan başqa, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publikhüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normaları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan – ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır.

22. İnzibati icraat çərçivəsində qərarın (inzibati aktın) qəbul edilməsinədək tələb olunan razılaşmaların həyata keçirilməməsi, rəylərin alınmaması və s. bu kimi hərəkətlər xarici hüquqi təsir effektinə malik olmadığından inzibati akt hesab olunmurlar və öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyırlar. Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bunun səbəbi onunla bağlıdır ki, inzibati orqanların daxili idarəçiliklə bağlı fəaliyyət sahəsini dövlət-vətəndaş münasibətlərinin yarandığı əsas hüquqlar sahəsindən fərqləndirmək üçün məhz həmin əlamətdən istifadə olunur. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formal hüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən biri də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “a priori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ilkin satılması və sonradan dəyişdirilməsinə dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış və nəticədə vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və həmin akta torpaq sahəsinin yerləşdiyi ərazi planı əlavə edilmişdir. Həmin inzibati akt bugünkü günədək qüvvədədir.

24. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.”

25. Digər tərəfdən cavabdeh tərəfdən həmin torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh torpaq sahəsinin cizgisində istinadlar olmadığını bildirərək mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir.

26. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

27. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir.

28. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır.

29. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Həminin yerləşmə cizgisinin tam oxunmaması və cizgidə koordinat və perimetrik ölçülərin olmaması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz.

30. Qərarının xx.xx.2014-cü il tarixli olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməməsi dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinin ilkin olaraq ayrılması bələdiyyənin xx.xx.2004-cü il tarixli, 589 nömrəli qərarı ilə həyata keçirilmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən torpağın ayrılması qanunauyğun olmuşdur. Torpaq sahəsi sonradan həmin qərar əsasında və məhkəmə qərarlarının icrası məqsədilə sonuncu iddiaçı olmaqla başqa şəxslərin adlarına dəyişdirildiyindən sonuncuya münasibətdə yeni qanunvericiliyə istinad edərək qərarın tələblərə cavab vermədiyinin qeyd edilməsi əsaslı deyildir.

31. Cavabdehin X5 müraciətinin olması ilə bağlı dəlilinə münasibətdə qeyd edilir ki, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3477/2025 nömrəli qərardadı ilə iş üzrə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı tərəflər və üçüncü şəxs X5 nümayəndələri və cavabdehin mütəxəssis tərəfindən iddiaçının və X5 iddia etdiyi torpaq sahələrinə baxış keçirilmiş və onların koordinatları müəyyən edilmişdir. Təqdim edilmiş koordinatlar və xərətədən çıxarışdan aydın olmuşdur ki, torpaq sahələri heç bir hissə üzrə üst-üstə düşmür. Buna görə də məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3477/2025 nömrəli qərardadı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi hissəsində ləğv edilmişdir.

32. Cavabdehin torpaq sahəsinin faktiki ölçüsünün 3660 kv.m olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı faktiki sahə üzrə deyil, sənəd üzrə göstərilən sahənin qeydiyyata alınmasını tələb edir. Faktiki sahənin iddiaçının tələb irəli sürdüyü sahədən daha çox olması imtina əsası ola bilməz.

33. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin iddiaçı ilə analoji sənədlər əsasında qeydiyyatına dair mübahisə ilə bağlı, həmçinin oxşar digər bir iş (2-1(102)-2117/2022, xx.xx.2022-ci il tarixli qərar) üzrə kassasiya instansiyası məhkəməsi artıq “Böyükşor gölünün mühafizəsi” ilə bağlı dəlillərə münasibət bildirmişdir

34. Belə ki, müvafiq torpaq sahəsi ilkin olaraq Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı əsasında ayrılmış, iddiaçının xeyrinə isə Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarı qəbul edilmişdir. Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı isə 23 may 2017-ci il tarixdə qəbul olunmuşdur.

35. Göründüyü kimi iddiaçının torpaq sahəsinə hüququ daha əvvəl yaranmışdır. Qeyd olunduğu kimi, Böyükşor gölünün mühafizə zonasının yaradılmasına iddiaçıya bələdiyyə orqanı tərəfindən hələ torpaq sahəsinin ayrılmasından uzun müddət sonra başlanılmış və bu hal iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnu məhdudlaşdırmır.

36. Həmçinin, torpaq sahəsinin mühafizə zolağında yerləşməsi torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya əsas deyildir (bunu qadağan edən imperativ norma mövcud deyildir). Torpaq sahəsinin mühafizə zolağında yerləşməsi yalnız mühafizə zolağının müəyyən etdiyi rejimə uyğun istifadə edilməsi ilə nəticələnir ki, cavabdehin torpaq sahəsinin mühafizə zolağında yerləşməsinə görə həmin torpaq sahəsi üzərində hüquqların qeyd alınmasından imtina edilməsi ilə bağlı mövqeyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 15-ci maddələrinin tələblərinə ziddir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir və hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilmir.

38. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

40. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayətləri qərarın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3477/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticə hissəsi

42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3477/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar