Məhkəmə qərarları › İş №2-1(103)-4153/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4153/2023

30.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4153/2023 30.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə qarşı “inzibati xəta haqqında qərarın təqdim edilməsi və s.” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-12424/2023 nömrəli qərardadından iddiaçı X1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş EQ14937631 saylı inzibati xəta haqqında qərarın surətinin və həmin qərarın qəbul edilməsinə əsas olan sübutların verilməsi barədə qərar qəbul edilməsini və inzibati orqanın məsuliyyətinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12434/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddia tələbinin inzibati orqan tərəfindən qəbul olunmuş Qərarının surətinin rəsmi sübut qismində istifadə edilə biləçəyi üçün təqdim olunmasının təmin edilməsini, digər hissədə işə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində çıxarılmış inzibati tənbeh qərarının ona çatdırılmaması nəticəsində müdafiə hüququ pozulmuş, Binəqədi rayon məhkəməsinə verdiyi şikayət sübutların olmasına baxmayaraq, Qərarın olmaması səbəbindən geri qaytarılmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən isə iddia təlbindən kənara çıxılaraq, faktiki xahişi Qanuna uyğun olmayan hissə ilə əsaslandırılmağa çalışaraq iddianı mümkünsüz saymışdır. İddianın ikinci hissəsi ilə bağlı tələbinin mümkünsüz sayılmasını inzibati orqana müraciətinin olmaması ilə əsaslandırarkən, inzibati orqana xahişinin Qərararın göndərilməsi olduğu halda inzibati orqanın Qanunda nəzərdə tutulmuş vəzifə borclarını yerinə yetirmədikləri halda məhkəmənin bu hissədə heç bir araşdırma aparmadığını, tələbinin birinci hissəsi ilə əlaqədar isə müdafiə hüququnun bərpası deyil, onun birdəfəlik pozulmasına gətirən əmələ əl atılaraq inzibati orqanın məhkəməyə göndərdiyi inzibati tənbeh haqqına qərarı və ona əlavə edilmiş fotoşəkilləri məhkəmə zalında təqdim etməyə çalışaraq,məhkəmə iclas protokolunda sənədləri qəbul etməkdən imtina etməsi göstərilsə də imtinanın səbəbləri göstərilməmişdir. İddiaçı məhkəmə iclaında verdiyi izahatında apellyasiya şikayətinin dəllillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddia tələbinin mahiyyəti Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin iddiaçı barədə qəbul etdiyi inzibati xəta haqqında qərarın surətinin və həmin qərarın qəbul edilməsinə əsas olan sübutların verilməməsindən ibarətdir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında qərarın surətinin və həmin qərarın qəbul edilməsinə əsas olan sübutların verilməsi ilə bağlı iddiaçının iş üzrə cavabdeh inzibati orqana müraciətinin olmamasına əsaslanaraq iddianı mümkün hesab etməmişdir. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Birinci instansiya məhkəməsi də yuxarıda qeyd olunan göstərişləri nəzərə alaraq, İPMin 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipinın iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunmasını əsas götürərək, müəyyən etmişdir ki, iddiaçının cavabdehə müraciətini təsdiq edən sənəd qismində təqdim etdiyi telefonun ekran görüntüsünün çap olunmuş variantı, əvvəla həmin görüntünün göstərilən müraciət göndərilənədək alınması, yəni göndərilib-göndərilməməsinin məlum olmaması, həmçinin həmin görüntünün müraciətin kimi tərəfindən, hansı quruma, nə vaxt, məhz EQ14937631 saylı inzibati xəta haqqında qərarla bağlı olması suallarını da cavablandırmadığından, sübut kimi qəbul edilməsini yolverilməz edir. Həmçinin, inzibati orqanın inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi (rəsmi qaydada verilmiş hesab edilmə halları İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində təsbit edilmişdir) ilə bağlı öhdəliyinin olması hazırkı iddianın qaldırıması üçün xüsusi mümkünlük şərti olan müraciət edilmə tələbindən iddiaçını azad etmir. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı işin apellyasiya baxışı zamanı da cavabdehə müraciət etməsinı təsdiq edən başqa bir sübutu təqdim etmədiyindən cavabdehə müraciətini təsdiq edən sənəd qismində təqdim etdiyi telefonun ekran görüntüsünün çap olunmuş variantını sübut kimi qəbul etməyərək, hazırki iddia tələbi üzrə mübahisənin mövcud olmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının “inzibati orqanın məsuliyyətinə hüquqi qiymət verilməsi” tələbinə münasibətdə hazırkı iddia tələbinin mahiyyət etibari ilə “xüsusi qərardadın qəbul edilməsi” ilə əlaqədar olması və həmin tələbə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarını tətbiq edilməsinə dair mövqeyini də əsaslı hesab edir Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Birinci instansiya məhkəməsi də mülki prosessual qanunvericiliyə istinadən düzgün alaraq qeyd etmişdir kiu, iddia tələbində qoyulmasından asılı olmayaraq, işə baxan məhkəmə müvafiq halları aşkar etdikdə xüsusi qərardad qəbul edir. Başqa sözlə, iddia tələbindən asılı olmayaraq bu məhkəmənin səlahiyyətindədir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgün olduğundan, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12424/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar