Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4153/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7857/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyası təyin edilməsi və yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən-10 may 2024-cü il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəyişdirərək ona 65 yaşının tamam olduğu 10 may 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 15 iyul 1980-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixə kimi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə əmək fəaliyyəti göstərmişdir. 10 may 2024-cü il tarixdə 65 yaşı tamam olduğu üçün qanunvericiliyin tələblərinə uyğun olaraq ona konstitusion hüququ olan əmək pensiyası təyin edilməsi cavabdehə müraciət etmişdir. Lakin qeyd olunan qurum tərəfindən ona yaşa görə əmək pensiyası yox, yaşa görə müavinət təyin edilmişdir. Göndərilən 20 sentyabr 2024-cü il tarixli məktubda səbəb kimi pensiya kapitalının yığım hissəsində minimum pensiya kapitalından az məbləğ olması və sığorta stajının 25 ildən az olması göstərilmişdir. Bu zaman onun 06 avqust 1986-cı il tarixdən 01 oktyabr 2001-ci il tarixədək olan əmək stajının əmək kitabçasında doldurulma qaydasının pozulduğu üçün (işdən azad olma qeydi SSRİ möhürü ilə təsdiqləndiyindən) həmin dövrün sığorta stajına daxil edilməsinin mümkün olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı anlaşılmazlıq olduğunu düşünərək anlaşılmazlığın aradan qaldırılması və ona yaşa görə pensiya təyin edilməsi xahişi ilə yenidən cavabdehə müraciət etmişdir. Lakin cavabdeh ona ünvanlandığı 23 yanvar 2025-ci il tarixli məktubunda demək olar ki, eyni səbəblər göstərərək bu dəfə də yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtina məktubunda cavabdeh təqdim etdiyi sənədlərin surətlərinə və nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək əyani təhsil aldığı dövr və xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək X3 qulluq etdiyi dövrlər də nəzərə alınmaqla cəmi sığorta stajının 10 il, 3 ay, 15 gün təşkil etməsini göstərmişdir. 06 avqust 1986-cı il tarixdən 01 oktyabr 2001-ci il tarixədək (işdə azad olma qeydi SSRİ möhürü ilə təsdiqləndiyindən) və xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək (işdən azad olma qeydi möhürlə təsdiqlənmədiyindən) olan əmək stajının əmək kitabçasında doldurulma qaydasının pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsinin mümkün olmadığı göstərilmişdir. Cavabdeh problemin həllinə yenə səhlənkar, diqqətsiz yanaşmışdır. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən onun xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək əyani təhsil dövr və xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək X3 qulluq etdiyi dövrlər də nəzərə alınmaqla cəmi sığorta stajı 10 il 1 ay 27 gün təşkil edir. Həmçinin, Naziriliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma qeydi SSRİ möhürü ilə təsdiqləndiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, SSRİ 1991-ci ildə ləğv edilmişdir. Bununla da ona məxsus bütün təsisatlar, atributlar ləğv edilmiş və qüvvəsini itirmişdir. 2001-ci ildə iddiaçının əmək kitabçasının sözügedən hissəsi artıq ləğv edilmiş və heç bir qüvvəsi olmayan möhürlə təsdiqlənmişdir. Halbuki, hər hansı bir möhürün funksiyası təsdiq etdiyi sənədi rəsmiləşdirirək ona hüquqi qüvvə verməkdən ibarətdir. Bunun üçün isə ilk öncə həmin möhürün özünün hüquqi qüvvəsi olmalıdır. Lakin iddiaçının əmək kitabçasının sözügedən hissəsini təsdiq edən həmin möhürün heç bir hüquqi qüvvəsi olmadığından, əmək kitabçasının sözügedən hissəsi rəsmi sənəd hesab edilmir və heç bir hüquqi qüvvəsi yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7857/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən onun xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək əyani təhsil dövr və xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək X3 qulluq etdiyi dövrlər də nəzərə alınmaqla cəmi sığorta stajı 10 il 1 ay 27 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma qeydi SSRİ möhürü ilə təsdiqləndiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, SSRİ 1991-ci ildə ləğv edilmişdir. Bununla da ona məxsus bütün təsisatlar, atributlar ləğv edilmiş və qüvvəsini itirmişdir. 2001-ci ildə iddiaçının əmək kitabçasının sözügedən hissəsi artıq ləğv edilmiş və heç bir qüvvəsi olmayan möhürlə təsdiqlənmişdir. Halbuki hər hansı bir möhürün funksiyası təsdiq etdiyi sənədi rəsmiləşdirirək ona hüquqi qüvvə verməkdən ibarətdir. Bunun üçün isə ilk öncə həmin möhürün özünün hüquqi qüvvəsi olmalıdır. Lakin iddiaçının əmək kitabçasının sözügedən hissəsini təsdiq edən həmin möhürün heç bir hüquqi qüvvəsi olmadığından, əmək kitabçasının sözügedən hissəsi rəsmi sənəd hesab edilmir və heç bir hüquqi qüvvəsi yoxdur. Qeyd edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» əsasnamənin 3-cü maddəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Lakin hazırki iş üzrə iddiaçının əmək kitabçasının mötəbərliyini təsdiq edən arayış, əmrdən çıxarış, əmək haqqı verilməsi üçün şəxsi hesab və əmək haqqı cədvəli və digər hər hansı bir sənəd mövcud deyildir. Xüsusilə qeyd edirlər ki, birinci instansiya məhkəməsinin qərarında iddiaçının işlədiyini iddia etdiyi müəssisənin adına rast gəlinmir. Məhkəmə sözügedən müəssisə ilə bağlı, həmçinin iddiaçının həmin müəssisədə həqiqətən işləyib-işləməməsi ilə bağlı heç bir araşdırma aparmamışdır. Həmçinin xüsusilə qeyd edirlər ki, birinci instansiya məhkəməsi öz qərarında iddianın təmin edilmə əsası kimi göstərmişdir ki, iddiaçının əmək kitabçası normativ sənədlərə uyğun tərtib edilmişdir. Halbuki iddiaçının əmək kitabçası “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na uyğun tərtib edilməmişdir. Cavabdehin imtina və etiraz əsası da məhz bununla bağlıdır. Həmçinin xüsusilə qeyd edirlər ki, birinci instansiya məhkəməsi öz qərarında göstərmişdir ki, iddiaçının əmək kitabçasının lazımi qaydada tərtib edilməməsi onun təqsiri deyildir. Əslində isə birinci instansiya məhkəməsi bu cümlə ilə iddiaçının əmək kitabçasının “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na uyğun tərtib edilmədiyini etiraf etmişdir. Onu da qeyd edirlər ki, iddiaçının əmək kitabçasının tərtib edilmə qaydalarının pozulmasında iddiaçının təqsirinin olmaması səbəbilə onun əmək kitabçasının mötəbər hesab edilməsi tamamilə qanunsuz, əsassız və absurddur. Belə ki, bu situasiyada diqqətəlayiq hal təqsirin kimdə olması deyil, iddiaçının həqiqətən işlədiyini göstərən mötəbər sübutların olmasıdır. Hazırki iş üzrə isə belə bir sübut yoxdur. Göründüyü kimi apellyasiya şikayətinin təmin edilməsi üçün bütün faktiki əsaslar, eyni zamanda qanuni əsaslar mövcuddur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: … 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; … - 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Apellyasiya şikayətinin dəlillərinə münasibət: Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına (65 yaş) çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İddiaçının 65 yaşı xx.xx.2024-cü ildə tamam olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən işin mübahisələndirilən halı fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmaması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmaması ilə bağlıdır. Cavabdehin 20 sentyabr 2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının hərbi xidmət müddəti (xx.xx.1977-xx.xx.1979) + əyani təhsil dövrü (xx.xx.1985-xx.xx.1986) + himayəsində olduğu şəxsə qulluq etdiyi dövrlər (xx.xx.2022-xx.xx.2024) cavabdeh tərəfindən mübahisələndirilməməkdədir (ümumilikdə 10 il 1 ay 27 gün). Beləliklə, iddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən sığorta stajı 10 il 1 ay 27 gündür. Cavabdeh tərəfindən mübahisələndirilən dövr isə xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan müddətdir. Cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1986-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma qeydi SSRİ möhürü ilə təsdiqləndiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, SSRİ 1991-ci ildə ləğv edilmişdir. Bununla da ona məxsus bütün təsisatlar, atributlar ləğv edilmiş və qüvvəsini itirmişdir. 2001-ci ildə iddiaçının əmək kitabçasının sözügedən hissəsi artıq ləğv edilmiş və heç bir qüvvəsi olmayan möhürlə təsdiqlənmişdir. Halbuki, hər hansı bir möhürün funksiyası təsdiq etdiyi sənədi rəsmiləşdirirək ona hüquqi qüvvə verməkdən ibarətdir. Bunun üçün isə ilk öncə həmin möhürün özünün hüquqi qüvvəsi olmalıdır. Lakin iddiaçının əmək kitabçasının sözügedən hissəsini təsdiq edən həmin möhürün heç bir hüquqi qüvvəsi olmadığından, əmək kitabçasının sözügedən hissəsi rəsmi sənəd hesab edilmir və heç bir hüquqi qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsi iddiaçının əmək kitabçasında qeyd olunan müəssisə ilə bağlı, həmçinin iddiaçının həmin müəssisədə həqiqətən işləyib-işləməməsi ilə bağlı heç bir araşdırma aparmamışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlillərini əsassız hesab edir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı əmək kitabçalarının əslini məhkəməyə təqdim etmişdir, iddiaçının əmək kitabçalarındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Cavabdeh inzibati orqanın iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan işlədiyi dövrün əmək kitabçasının doldurulma qaydası pozulduğu, yəni işdən azad olma qeydinin SSRİ möhürü ilə təsdiqləndiyi üçün həmin dövlərin onun sığorta stajına əlavə edilməməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüququ yarandığı vaxt qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda istinad olunan normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kolelgiyası əvvəla qeyd edir ki, apellyasiya baxışı zamanı sorğular ünvanlanaraq müəssisənin - Mingəçevir şəhər “Orbita-servis” texniki mərkəzinin mövcud olub-olmaması araşdırılmışdır. Belə ki, Dövlət Vergi Xidmətinə, Mingəçevir şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə Mingəçevir şəhər “Orbita-servis” texniki mərkəzinin Mingəçevir şəhər İcra Hakimiyyətinin inzibati ərazi vahidinin daxilində fəaliyyət göstəribgöstərməməsi, hansı tarixlərdə fəaliyyət göstərməsi, fəaliyyət istiqamətinə dair hansı sənədlərin mövcud olması barədə sorğular ünvanlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3-21-2-1/2-212359/2025 nömrəli, 16 noyabr 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, dövlət reyestrində Mingəçevir şəhər “Orbita-Servis” Texniki Mərkəzi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikasi Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən sorğuya cavab olaraq verilmiş 5-3/2-1382/2025 nömrəli, 18 noyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əmək stajının təsbiti üçün “Orbita-servis” texniki mərkəzinin fəaliyyəti barədə sorğuya əsasən aparılan araşdırma zamanı Azərbaycan Milli Arxivinin Mingəçevir filialının arxivində və Şəhər İcra Hakimiyyətinin arxiv qeydlərində qeyd olunan müəssisənin fəaliyyəti, həmçinin bu müəssisəyə aid ştat cədvəlləri, işçi siyahıları və digər sənədlər barədə heç bir məlumat və sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialı tərəfindən Mingəçevir Şəhər İcra Hakimiyyətinə verilmiş 3-48-DA-8F/2-212/2025 nömrəli, 17 noyabr 2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Orbit-servis” texniki mərkəzinin arxiv sənədləri filiala təhvil verilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialı tərəfindən sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş 3-48-DA-8F/2-214E/2025 nömrəli, 26 noyabr 2025-ci il tarixli məktubunda Mingəçevir şəhər “Orbita-servis” texniki mərkəzinin arxiv sənədləri filiala təhvil verilmədiyi üçün İddiaçı işləməsini təsdiq etmək mümkün olmadı. Araşdırma zamanı Mingəçevir şəhər “Orbita-servis” texniki mərkəzinin qeydiyyatı barədə sənədlər arxivdə tapılmasa da kollegiyanın qənaətinə görə bu hal müəssisənin ümumiyyətə mövcud olmaması anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialı tərəfindən verilmiş sorğuya cavab məktublarının məzmunundan da aydın olur ki, “Orbit-servis” texniki mərkəzi fəaliyyət göstərmiş olsa da, arxivə sənədlər təhvil verilməmişdir. Həmçinin, apellyasiya baxışı zamanı cavabdehin səlahiyyətli nümayəndəsi müəssisənin mövcudluğunu mübahisələndirmədiklərini, sadəcə əmək kitabçasındakı möhürlə bağlı iddiaçının mövcud müəssisədə işləməsini mübahisələndirdiklərini qeyd etmişdir. Məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, möhürün düzgün vurulmaması, əmək kitabçasının lazımi qaydada doldurulması vəzifəsinin işəgötürən tərəfindən lazımınca yerinə yetirilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. İddiaçının məsuliyyət sferasına aid olmadığı və təqsirkar davranışına bağlı olmadığı hallarda, onun əmək kitabçasında qeyd edilən iş stajının cavabdeh tərəfindən yoxlanılmasının bu və ya digər səbəbdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı olmayan hal kimi nəzərə alındıqda, onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Belə ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. İstinad olunan sənədlərə və əmək kitabçalarında əks olunan qeydlərə əsasən müəyyən olunur ki, iddiaçının 65 yaşının tamam olduğu tarixə 25 ildən çox ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ikinci tələbi də ödəmişdir. Qeyd olunanlara, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən hazırki iddia ilə mübahisələndirilən dövrün (1986-2001-ci illər) onun sığorta stajına daxil edilməməsi qanuna ziddir. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı İddiaçı 1986-2001-ci illərdə işlədiyi dövrün onun sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 12, 13, 15, 16, 24, 58-ci maddələrinin tələblərinə zidd qiymətləndirilməli və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal sayılmalıdır. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7857/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elşən Kazmov Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-4153/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4153/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver