Məhkəmə qərarları › İş №2-1(103)-4155/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4155/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4155/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X1) “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9526/2024 nömrəli, 09 avqust 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış ünvan 1 ünvanında, 2977 və 3804 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39 T 399141,5800; 4465884,1397 coğrafi koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsinin məqsədli təyinatı nəzərə alınmadan fərdi ev tikintisi üçün ayrılması barədə Cavabdeh xx.xx.1998-ci il tarixli, 559 saylı sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-9526/2024 nömrəli, 09 avqust 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”) İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (X1 3cü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış ünvan 1 ünvanında, 39 T 399141,5800; 4465884,1397 coğrafi koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsinin məqsədi təyinatı nəzərə alınmadan fərdi ev tikintisi üçün ayrılması barədə Cavabdeh xx.xx.1998-ci il tarixli, 559 saylı sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9526/2024 nömrəli Qərardadı ilə iddia mümkün sayılmamışdır. Hesab edir ki, qeyd olunan əsaslara görə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9526/2024 nömrəli qərardadı ləğv edilməlidir. Məhkəmə sözügedən Qərardadı onunla əsaslandırmışdır ki, iddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirilməsinə mane olan və ya həmin hüququnun həyata keçirilməsini məhdudlaşdırılan obyektiv halların mövcudluğunu əsaslandıra bilməmişdir. İddiaçı nümayəndələri əraziyə baxış keçirən zaman mübahisə predmeti olan Cavabdeh xx.xx.1998-ci il tarixli, 559 saylı sərəncamı rəsmi qaydada “Azneft” İB-yə verilməmiş, yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə edilən müraciətdən sonra sözügedən sərəncamın mövcudluğu “Azneft” İB-nə məlum olmuşdur. Lakin məhkəmə mübahisə predmeti olan Cavabdeh xx.xx.1998-ci il tarixli, 559 nömrəli sərəncamının müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinə istinad edərək, İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddiasını mümkün saymamışdır. Həmin torpaq sahəsi 2977 və 3804 saylı neft-qaz quyularının mühafizə zonasında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin fəaliyyətinə ciddi maneələr yaranmışdır. Qərarla bağlı ikinci məqam da ondan ibarətdir ki, məqsədli təyinatı və İddiaçı daimi istifadəsində olması nəzərə alınmadan həmin torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi məqsədilə qanunsuz olaraq vətəndaşın mülkiyyətinə verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən sənaye, nəqliyyat, digər qeyri-kənd təsərrüfatı müəssisələri, idarələri və təşkilatları istifadə etmədikləri torpaqları rayon və ya şəhər xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarı əsasında, SSR İttifaqının və Azərbaycan SSR-in qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə kənd təsərrüfatı məqsədləri üçün kolxozların, sovxozların, digər müəssisələrin, idarələrin və təşkilatların və vətəndaşların müvəqqəti istifadəsinə verə bilər. Hazırki iş üzrə mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neftqaz hasilatı məqsədilə İddiaçınə verilmiş sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Belə olan halda, fərdi evin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilən zaman qüvvədə olan Torpaq Məcəlləsinin tələblərinə riayət edilməmiş, həmin torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti Cavabdehnə aid olmamışdır. Göründüyü kimi, Cavabdeh xx.xx.1998-ci il tarixli, 559 nömrəli “fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” qərarı üzərindən nə qədər müddət keçməsinə baxmayaraq, qəbul edildiyi andan etibarsız hesab edilir. Qaldırılmış iddianın subsidarlığına gəlincə, etibarsızlığın tanınması barədə iddia məcburetmə barədə iddialardan daha geniş mahiyyət kəsb edir. Burada subsidarlıq yalnız qəbul edildiyi andan etibarsız olan inzibati aktın nəticələrinin aradan qaldırılmasına aid ola bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı cavabdehin xx.xx.1998-ci il tarixli sərəncamının etibarsızlığının tanınmasını tələb etsə də, əslində, iddiaçının məqsədi həmin qərarın ləğvinə nail olmaqdır. Bu baxımdan, hazırkı iddia faktiki olaraq, mübahisələndirmə haqqında iddiaya uyğun gəlir. Belə olan halda, İnzibati Prosessual Məcəllənin 36.1-cı maddəsinə müvafiq, həmin qərarın etibarsızlığının tanınması barədə iddia kimi qaldırılsa da, sözügedən Məcəllənin 36.4-cü maddəsinin tələbi baxımından, hazırkı tələbi mübahisələndirmə haqqında iddia tələbinə münasibətdə subsidiar xarakter daşıyır. Müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən yayınmağa xidmət edə bilməz. Bu, hüquqi müdafiəyə olan maraq barəsində olan ümumi tələbdir. İddiaçı iddia müddətini ötürdüyü təqdirdə eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. İddiaçı cavabdehin xx.xx.1998-ci il tarixdə qəbul edilmiş sərəncamının ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisələndirilən Sərəncamın qəbul edildiyi vaxt qüvvədə olmuş, yəni 1964-cü ilin sentyabrın 11-də qəbul olunmuş və 2000-ci ilin sentybar 1-dən qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsinin iddia müddətlərini tənzimləyən 73-cü maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) 3 il, hüquqi şəxslərin bir-birinə qarşı olan iddiaları üzrə iddia müddəti isə 1 il müəyyən edilir. İddia müddəti tərəfin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 77). İddia müddətinin axımı iddia hüququ əmələ gəldiyi gündən əmələ gəlir (Maddə 78). Mübahisələndirilən Sərəncamın qəbul edildiyi vaxt qüvvədə olmuş, yəni 1964-cü il tarixdə qəbul olunmuş Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 243-5-ci maddəsinə görə, vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in “Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə MPM-dən çıxarılmışdır). Bundan başqa, 01 yanvar 2011-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllənin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İddiaçının mübahisə etdiyi sərəncam xx.xx.1998-ci ildə qəbul edilmişdir. Həmin sərəncamın qəbul edilməsindən 26 ildən çox müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Belə ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olması və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Beləliklə, iddiaçı hazırda müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı tərəfindən həm cavabdehin mübahisələndirilən sərəncamı qəbul edilərkən qüvvədə olmuş, həm da hazırda qüvvədə olan inzibati hüquq normalarının tələbləri baxımından iddia müddəti buraxılmışdır. Başqa sözlə, iddianın mümkünlük şərti yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Qeyd edilməlidir ki, artıq formalaşmış məhkəmə təcrübəsində eyni hallara dair iddialar mümkün sayılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9526/2024 nömrəli, 09 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar