Məhkəmə qərarları › İş №2-1(103)-4159/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4159/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4159/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlu və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və dəymiş zərərin ödənilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2-1(112)-12245/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əsaslı şikayətini tam araşdırmaqdan əsassız olaraq imtina etdiyinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını və dəymiş 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 28 oktyabr 2022-ci il tarixinə ünvan 1 ünvanında yerləşən "xxxx" şadlıq evinin inzibatçısı İmdat adlı şəxslə həmin şadlıq sarayının “Xan" zalında toy mərasimi razılaşdırılmışdır. Razılaşmaya görə menyuda qeyd edilən qəlyanaltı, isti yeməklər, içkilər, təbii şirələr və desert toya dəvət olunmuş qonaqlara limitsiz olaraq verilməli idi. Bunun əvəzində iddiaçı şadlıq evinə hər adam başına 45 azn (musiqi ansanblı, müğənnilər, zalın bəzədilməsi, divikom çəkiliş və bəy gəlin maşını daxil olmamaqla) pul ödəməyi öz üzərinə götürmüşdür. Toya bir gün qalmış məlum oldu ki, musiqiçilər və furşet masası üçün də əlavə olaraq 900 manat, qonaqların sayı 350 adamdan az olduğuna görə hər adam başına 47 manat azn (müğənnilər, zalın bəzədilməsi, divikom çəkiliş və bəy gəlin maşını daxil olmamaqla) ödəmək lazımdır. Buna da razı oldu. Toy zamanı məlum oldu ki, bu işdə cavabdeh olan şəxs İmdat nəinki menyuda qeyd edilən yeməkləri limitsiz verir, heç menyuda qeyd edilən yeməkləri belə vermir. Xidmətin çox zəif olmasını üstünün açılmasına səbəb 11-ci masada oturan qonaqlardan gələn şikayət oldu. Bundan sonra nəzarəti gücləndirib bütün stollardan hansı yeməklərin verilib-verilməməsini soruşuldu. Məlum oldu ki, menyuda qeyd edilən quzu qolu, bel tini, göbələk, külləmə kartof, balıq kababı və aş qara qonaqlara təqdim edilmir, təqdim edilsə də, pərakəndə şəkildə çox az miqdarda verilibdir. Zalda birinci masada AMEA-nın Coğrafiya insitutunun əməkdaşları oturmuşdular. Şəxsən özü ofisiantdan heç olmasa bu stola balıq kababının verilməsini xahiş etmişdir. Ofisiant mətbəxdən ona balıq kababının verilmədiyini bildirdi. Baxmayaraq ki, menyuda balıq kababı nəzərdə tutulmuşdur. Bu çatışmamazlıqlar barədə dəfələrlə İmdata xəbərdarlıq etsə də, heç bir müsbət nəticə əldə edə bilmədi. O da ona sonda nəzərdə tutulmuş pulu ona ödəməyəcəyini bildirdi. İmdat isə istədiyi pulu alacağını, əgər pul ödənməyəcəksə, video diski pozmaqla onu təhdid etdi. İmdatdan “nə üçün menyuda nəzərdə tutulmuş yeməkləri vermədin” sualına “əcəb etdim, vermədim” deyərək cavab verdi. O, isə bu özbaşınalıq barəsində hüquq-mühafizə və digər nəzarətçi dövlət qurumlarına müraciət edəcəyini bildirdi. Buna görə də xx.xx.2022-ci il tarixində AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195) zəng edərək, 28 oktyabır 2022-ci il tarixinədək, ünvan 2 ünvanında yerləşən "xxxx" şadlıq evində neçə adamın əmək müqaviləsi ilə işlədiyini və ziyafət zamanı nəğd şəkildə ödədiyi 14.350 (on dörd min üç yüz əlli) manat pul vəsaitinin kassa qəbzinin ona nə üçün təqdim edilməməsinin araşdırılması üçün şadlıq evində yoxlamanın aparılmasını xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195) eyni məzmunlu çoxsaylı əsaslı şikayətlərinə baxmayaraq, şikayəti cavabdeh tərəfindən tam araşdırılmamış, şablon cavab verməklə kifayətlənmişdirlər. Cavabdehin yalnız 29 mart 2023-cü it tarixli **********227200№-li məktubunda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində, Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi və tədbirin nəticəsi olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən cəmiyyətə 16000 (on altı min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edildiyi qeyd edilsə də, bu maliyyə sanksiyasını təsdiq edəcək nə Aktın surətini, nə də ki bu vəsaitin dövlət büdcəsinə ödənilməsini təsdiq edən heç bir sənəd onun ünvanına göndərilməmişdir. Eyni zamanda hesab edir ki, bu maliyyə sanksiyası bu cəmiyyət üçün kifayət qədər azdır. Çünki həmin şadlıq evinin 4 iri zalının olmasını nəzərə alsaq onda bu şadlıq evində ümumi işləyən personalın sayı 150 nəfərdən az olmamalıdır. Buna görə də həmin şadlıq evində 8 nəfərin əmək müqaviləsiz işləməsi barədə Akt tərtib edilməsi ağlabatan deyil. 28 oktyabr 2023-cü il tarixinədək "xxxx" şadlıq evi ilə neçə nəfər işçinin əmək müqaviləsi bağladığı faktı cavabdeh tərəfindən obyektiv araşdırılsaydı bütün həqiqətlər ortaya çıxmış olardı. Dövlət qurumu olaraq ən azından, dövlətin iqtisadi maraqlarını təmin etmək məqsədi ilə şikayəti cavabdeh tərəfindən dərhal nəzarətə götürülməli və lazımı tədbirlər görülməli idi. Çox heyif ki, bu məsələdə cavabdeh qurum olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun əsaslı şikayətinin araşdırılmasında maraqlı olmamışdır. Bununla da cavabdeh tərəfindən dövlət büdcəsinə əlavə olaraq külli miqdarda, ən azı 200.000 (iki yüz min) manat vəsaitin daxil olmasının qarşısı alınmışdır. Bu faktın özü çox qaranlıq məqamlardan xəbər verir. Hesab edir ki, cavabdehin bu qanunsuz hərəkəti nəticəsində ona da 15.000 (on beş min) manat dəyərində mənəvi ziyan dəymişdir. Cavabdehin iddianın mümkünsüz hesab olunmasına dair vəsatətində qeyd edilmişdir ki, mənəvi ziyanın ödənilməsi tələbi kimi iddia tələbi ola bilməz və məhkəmənin baxdığı işlərin dairəsində belə iddia növü qeyd olunmamışdır. İddia tələbinin ikinci hissəsi ilə bağlı bildirilir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Qeyd edilənlərə əsasən vergi orqanının hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna hər hansı zərərin dəyməsindən söhbət gedə bilməz. Bunlarla yanaşı, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2-1(112)-12245/2023 saylı qərardadı ilə (hakim L.Musayeva) iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2-1(112)-12245/2023 saylı inzibati iş üzrə qərardadının ləğv edilməsini, işin Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2-1(112)-12245/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinə əsasən, vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırır və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verir. Müraciətdə qeyd edilən və vergi orqanlarının səlahiyyətlərinə aid olan məsələlər vergi ödəyicilərinin fəaliyyətində aparılacaq növbəti vergi nəzarəti tədbirləri zamanı araşdırılması məqsədilə nəzarətə götürülmüşdür. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına, Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “"xxxx" MMC-yə (VÖEN: **********) məxsus obyektdə vergi qanunvericiliyinin pozulması halları barədə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə daxil olmuş xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********582600 nömrəli) müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, cəmiyyətə məxsus obyektdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanun pozuntusu faktı aşkar edilərək müvafiq qaydada rəsmiləşdirilmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına, Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiz.” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “cəmiyyətə məxsus ünvan 3 ünvanında yerləşən “Sonalar sonası şadlıq evi” adlı obyektdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbiri keçirilmiş və tədbirin nəticəsi olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.” Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını əsaslandırarkən qeyd etmişdir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Belə olan halda birinci instansiya məhkəməsinin qənaətinə görə, iddiaçı hazırki iddia ərizəsi ilə cavabdehin şikayəti tam araşdırmaqdan əsassız olaraq imtina etdiyinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını və dəymiş mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Lakin iddiaçı qeyd olunan iddia tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət etmək üçün hüquqi marağını, subyektiv hüquqa malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən verilən apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırıldığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqe ilə razılaşaraq şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.3.-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İPM-nin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 21 sentyabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2-1(112)-12245/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Azad İmanov Fuad Talışınski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar