Məhkəmə qərarları › İş №2-1(103)-416/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-416/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-416/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-in X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3369/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X1rşı iddiaçının 57 yaşı tamam olduğu xx xxxxxx 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququnun yarandığını, lakin pensiya təyinatı üçün xx xxxx 2019-cu il tarixdə müraciət etdiyini nəzərə alaraq , xx xxxx 2016-ci il tarixdən ona həmin dövrdə qüvvədə olmuş qaydalarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3369/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3369/2019 saylı qərarının ləğv edilməsi, iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, - iddiaçı xx.xx.1956-cü il anadan olmuşdur. - onun əmək fəaliyyəti xx.xx.1975-ci ildən xx.xx.2018-ci ilədək davam etmişdir: xx.xx.1975-cı ildən xx.xx.1977-ci ilə qədər hərbi xidmətdə olmuş, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək çilingər quraşdırıcı, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə qədər çilingər boruçu, xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilədək çilingər boruçəkən, xx.xx.1988-ci ildən xx.xx.1993-cü ilədək polad və dəmir beton konstruksiyaların quraşdırıcısı, xx.xx.1993-ci ildən xx.xx.1995-ci ilədək AQİ obyektinin quraşdırma sahəsində usta, xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək iş icraçısı, xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək boruçəkən peşələrdə işləmişdir. - Cavabdehə güzəştli şərtlələ pensiya təyin edilməsi barədə müraciət etsə də müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən, lakin pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvəlki üç il üçün hesablanıb ödənilməklə ömürlük pensiya təyin olunmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçı «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajı 25 (iyirmi beş) ildən çox olduğundan və onun xx.xx.2006-cı ilə qədər həm Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında (“XXVİİ.Bina,qurğu və digər obyektlərin inşası,yenidən qurulması texniki təchizatı, bərpası və təmiri ”bölməsində - 2290000a-14612- polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar, 2290000b-24441- iş icraçıları, 2290000a- 19233- sənaye dəmir beton borularının boruçəkənləri, 2290000b—23419 yeni tikinti və quraşdırma işlərinin ustaları), həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (29 a) “Bina,qurğu və digər obyektlərin inşası,yenidən qurulması texniki təchizatı, bərpası və təmiri ”bölməsində adları çəkilən istehsalatda sənaye dəmir-beton borularının boruçəkənlər) nəzərdə tutulan peşələrdə 12 ildən çox iş stajı olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun “32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X7 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3369/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən: Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar