Məhkəmə qərarları › İş №2-1(103)-416/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-416/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-416/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, vəkili X1 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5174/2020 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə xx xxxxxx 2021ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh 2 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci ildə Bakı şəhərində anadan olmuş oğlunun adı Muhamməd, soyadı Etibarlı (X3) kimi göstərilməklə ona doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh 2 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci ildə oğlu X2 doğum haqqında şəhadətnaməsi almaq üçün 2 saylı Bakı Cavabdeh Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin 2 saylı Bakı Cavabdeh Qeydiyyat şöbəsi tərəfindən onun müraciəti təmin olunmamış və imtina cavabı verilmişdir. Hazırda atası Etibarın adını oğlu Muhammədə soyad kimi “Etibarlı” rəsmləşdirilməməsi, həmçinin oğlunun adının Muhamməd kimi yazılmaması onun və oğlunun Azərbaycan Respublikası qanunvericiliynə zidd olaraq müstəqil ad və soyad seçmək hüququnu qanunsuz və əsassız olaraq məhdudlaşdırmışdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5174/2020 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı və X5 birgə nikahlarından xx.xx.2020-ci ildə Bakı şəhərində doğulmuş uşağa “Muhəmməd” adı qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri 2 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5174/2020 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5174/2020 saylı qərarında buraxılmış aşkar yanlışlığın düzəldilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-5174/2020 saylı qərarının təsviri, əsaslandırma və nəticəvi hissələrində “Muhəmməd” adı əvəzinə “Muhammad” adının göstərilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunması və iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə uşağa adın seçilməsində iddiaçının Konstitusion hüquqlarına istinad edərək ad hüququnu tanısa da, soyadın uşağın mənafeyinə xələl gətirməməsini, gülünc olmamasını və hər iki valideynin razılığının olmasını, həmçinin həmin soyadın hər hansı hüquqi aktla qadağan edilməməsini nəzərə alaraq iddianı soyad hissəsində də təmin etməli idi. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı övladının adının “Muhammad” kimi qeyd alınması barədə iddiası “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələlərinə zidd olduğu üçün əsassız hesab edilir. Belə ki, vətəndaşların adları, soyadları və ata adları dövlət dilində yazılır. Həmçinin Azərbaycan şəxs adlarının izahlı lüğətinin adlar siyahısında “Muhammad” adı olmadığına görə Komissiya sözügedən tələbin uşağın mənafeyinə uyğun olmadığını bildirir. İmtinadan da göründüyü kimi Azərbaycan şəxs adlarının izahlı lüğətinin adlar siyahısında “Muhammad” adı qeyd edilməmiş, həmin ad lüğətdə “Məhəmməd” kimi qeyd olunmuşdur. Belə olan halda, inzibati orqanın həmin siyahıya da istinad etməklə imtinası qanuni və əsaslı olmuş, həmin imtina uşağın mənafeyi əsas götürülməklə edilmişdir. “Məhəmməd” adının isə uşağın qanuni mənafeyinə zidd olduğunu iddia tərəfindən sübuta yetirə bilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər və əlavə olaraq iddiaçının vəkili əlavə olaraq bildirdi ki, “soyadın “Etibarlı” kimi göstərilməsi tələbi ilə bağlı cavabdeh orqana müraciətləri olmamışdır Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2- 1(112)-5174/2020 saylı qərarı iddianın rədd olunmuş hissəsində - “uşağın soyadı Etibarlı kimi göstərilməklə ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh 2 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsinin üzərinə qoyulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən iddia tələbini “uşağın soyadı Etibarlı (X3) kimi göstərilməklə ona doğum haqqında şəhadətnamə verilməsi” hissəsində mümkünlük şərtlərini yoxlamadan, iddiaya mahiyyəti üzrə baxaraq həmin hissədə iddia tələbini rədd etmiş və bununla da düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı xx.xx.2020-ci ildə Bakı şəhərində anadan olmuş oğlunun adı Muhamməd, soyadı Etibarlı (X3) kimi göstərilməklə ona doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh 2 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş 2 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli müraciət ərizəsindən görünür ki, iddiaçı uşağının soyadının “Mehtiyev”, adının “Muhamməd” kimi yazılmasını xahiş etmiş, uşağın soyadının “Etibarlı” kimi yazılması barədə hər hansı müraciəti olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən müvafiq ərizə ilə “uşağa “Etibarlı” soyadının verilməsi” tələbi ilə əvvəlcə inzibati orqana müraciət edilmədiyindən, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmədiyindən hazırkı iddianın mümkünlük şərtləri mövcud deyil. Hazırkı iş üzrə cavabdeh 2 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsinə tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia “soyad” tələbi ilə bağlı hissədə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçıların hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmədiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatlarını nəzərə almadan iddia tələbinə mahiyyət üzrə baxaraq qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5174/2020 saylı qərarı iddianın rədd olunmuş hissəsində - “uşağın soyadı Etibarlı kimi göstərilməklə ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh 2 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsinin üzərinə qoyulması” hissəsində ləğv edilməli, iddia “uşağın soyadı Etibarlı kimi göstərilməklə ona doğum haqqında şəhadətnamənin verilməsi” hissəsində mümkün sayılmamalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5174/2020 saylı qərarı iddianın rədd olunmuş hissəsində - “uşağın soyadı Etibarlı kimi göstərilməklə ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh 2 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsinin üzərinə qoyulması” hissəsində ləğv edilsin. İddia “uşağın soyadı Etibarlı kimi göstərilməklə ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh 2 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsinin üzərinə qoyulması” hissəsində mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar