Məhkəmə qərarları › İş №2-1(103)-416/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-416/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-416/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Şəffaf İdarəçilik” İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06.08.2021-ci il tarixli, 2-1(112)-6804/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçı X2 barəsində qəbul edilmiş qərarın ləğv edilməsini, Dövlət Vergi Xidmətinin əməkdaşlarının verdiyi qərar nəticəsində bu günə kimi bu məsələlərə xərclənən 70 manat yalnız QHT-nin sənədləri və birbaşa Dövlət Vergi Xidmətinin tələbi olaraq elektron imza, möhür, sənədlərin notarial qaydada təsdiq edilməsi, mənəvi ziyan olaraq 40.000 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Şəffaf İdarəçilik” İctimai Birliyinə (VÖEN: **********, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 127, mənzil 104) tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi barədə Dövlət Vergi Xidmətinə dəfələrlə müraciət etsə də məsələyə, həm də pandemiya şəraitini nəzərə alaraq, ədalətli baxmayıblar. Belə ki, mart ayında akt yazılıb, cərimə tətbiq edilərkən iddiaçıya gec xəbər vermişdilər. O, X6 Xidmətinə, 10.03.2021-ci il tarixdə olmağı haqqında bildirişi 11.03.2021ci il saat 19:00 radələrində poçtalyon vasitəsi ilə ələ almışdır, buna görə də qərarın qəbulu prosesində iştirak edə bilməmişdir. E-kargüzarlığa gələn və 3 gündən sonra çatmış hesab edilməsi haqqında qərar absurddur. Vergi platformasi hər gün istifadə olunan platforma deyil və icbari hala salına bilməz. Qərardan şikayət etsə də 29.03.2021-ci il tarixdə aldığı cavab məktubunda şikayətinin əsaslı olması üçün Ədliyyə Nazirliyindən sənədlərin 30 günü keçdikdən sonra götürməyi haqqında arayış tələb olunması qeyd edilirdi. Arayışı götürüb bir daha AVİS qeydiyyatı: 02.04.2021-ci il tarixli, **********483600 nömrəli şikayət etsə də heçnə dəyişilmədi və qərar qüvvədə qaldı. Məsələdə təksib olunmaz sübut budur ki, Ədliyyə Nazirliyi (bundan sonra ƏN) “Şəffaf İdarəçilik” İB-ni 15.12.2021-ci il tarixdə qeydiyyata almışdır. Lakin sənədlərin təqdimatı 18.01.2021-ci ildə edilmişdir. (Sənədləri 18.01.2021-ci il tarixdə təqdim ediblər). Burada vətəndaş səhlənkarlıq edib sənədləri götürməkdən deyil, məhz ƏN-in təqdim edəcəyi təqdirdə sənədlərin götürülməsindən söhbət gedir. Sənədlər gec götürülməyib, nə vaxt götürə biləcəyi bildirilibsə, o zamanda gedib götürüb. VM-in 33.4-cü maddəsində belə bir müddəa yoxdur ki, sənədlər götürüldüyü tarixdən 30 gün müdddətinə 33.4-cü maddədə yarandığı gündən, yəni qeydiyyat günündən 30 gün müddəası var, amma burada istisna hal var ki, ƏN əməkdaşları xəstəlik və 30% ştatla işlədikləri üçün çatdırmayıblar və ona sənədləri 33 günün tamamında veriblər. Burada İB istəmədiyi halda avtomatik cəriməyə düşür. Arayış təqdim edildikdən sonra bu cərimə ləğv olunmalı idi. Qanunda sənədləri götürdükdən sonra 30 gün müddəası yoxdur, buna görə də cərimə tətbiqində qərar vətəndaşın xeyrinə həll olmalıdır. Məhkəmənin 2-1(112)-6804/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı X2 əsl iddiaçı “Şəffaf İdarəçilik” İctimai Birliyi ilə əvəz edilmişdir. Məhkəmənin 2-1(112)-6804/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin 2-1(112)-6804/2021 nömrəli, 01.07.2021-ci il tarixli qərardadı ilə iddiaçı “Şəffaf İdarəçilik” İctimai Birliyinin “cavabdehin “Şəffaf İdarəçilik” İctimai Birliyinin barəsində qəbul etdiyi qərarın ləğv edilməsi və ona dəyən maddi ziyanın ödənilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(112)-6804/2021 nömrəli, 28.07.2021-ci il tarixli qərardadı ilə iddiaçı “Şəffaf İdarəçilik” İctimai Birliyinin “Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 17.03.2021-ci il tarixli qərarının ləğv edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 06.08.2021-ci il tarixli, 2-1(112)-6804/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06.08.2021-ci il tarixli, 2-1(112)-6804/2021 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, bu müddətdə İB-nin heç bir fəaliyyəti olmamış, heç bir əqd, heç bir layihə həyata keçirməmişdir. DVX İB-yə bankda hesab yaratmaqla fəaliyyət göstərməsinə məhdudiyyət tətbiq etmişdir. Bu hal bu günə kimi də davam etməkdədir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 06.08.2021-ci il tarixli, 2-1(112)-6804/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - X2 və X5 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanlanmış 16.11.2020-ci il tarixli, **********748 nömrəli ərizədə göstərilmişdir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 22 avqust 2014-cü il tarixdə “Şəffaf İdarəçilik” İctimai Birliyi təsis edilmişdir. Ümumi yığıncağın qərarına əsasən İB-nin qeydiyyata alınması üçün lazımi sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim edilməsi barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq, sizdən, “Şəffaf İdarəçilik” İctimai Birliyinin qeydiyyata alınması xahiş edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyrikommersiya qurumlarının dövlət reyestrindən 15.12.2020-ci il tarixli, 05/5843-14 nömrəli çıxarışda göstərilmişdir: qurumun adı: “Şəffaf İdarəçilik” İctimai Birliyi; qeydiyyat tarixi: 15.12.2020-ci il; qeydiyyat nömrəsi: 1120-Q75-3873; təşkilati-hüquqi forması: ictimai birlik; maliyyə ili: 1 yanvar-31 dekabr; hüquqi ünvanı: ünvan 1ycan Respublikası; fəaliyyət predmeti və məqsədi: şəffaf idarəetmənin gücləndirilməsi və vətəndaş təşəbbüslərinə dəstək vermək; qurumun icra orqanlarının tərkibi və səlahiyyət müddəti: idarə heyəti - 2 (iki) nəfər, səlahiyyət müddəti - 2 (iki) il, üzvlər: X5 - sədr, X2 - sədr müavini; qanuni təmsilçisi: X5; qeydiyyata alınmanın hüquqi əsasları: təsis yığıncağının 25.10.2020-ci il tarixli qərarları və digər sənədlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Şəffaf İdarəçilik” İctimai Birliyinə ünvanladığı 17.03.2021-ci il tarixli, 05/2182-14 nömrəli məktubunda göstərilmişdir ki, “Şəffaf İdarəçilik” İctimai Birliyi 15.12.2020-ci il tarixdə 1120-Q75-3873 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Qurumun dövlət qeydiyyatı ilə əlaqədar sənədləri 18.01.2021-ci il tarixdə təhvil alınmışdır. - Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin “Şəffaf İdarəçilik” İctimai Birliyinə ünvanladığı 04.08.2021-ci il tarixli, 05/2182/3-14 nömrəli məktubunda bildirilmişdir ki, “Şəffaf İdarəçilik” İctimai Birliyi 15.12.2020-ci il tarixdə 1120Q75-3873 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Qurumun dövlət qeydiyyatı ilə əlaqədar sənədləri 18.01.2021-ci il tarixdə təhvil verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Şəffaf İdarəçilik” İctimai Birliyinə ünvanladığı 03.03.2021-ci il tarixli, **********28079 nömrəli bildirişdə bildirilmişdir ki, “Şəffaf İdarəçilik” İctimai Birliyi (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.2-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyasının tətbiq edilməsi məsələsinə 10.03.2021 tarixində saat 11:00da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi rəisinin (rəis müavininin) yanında baxılacaqdır. - “Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə” 03.03.2021-ci il tarixli, 001499 nömrəli akta əsasən vergi ödəyicisi kimi “Şəffaf İdarəçilik” X3 Məcəlləsinin 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınması haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 17.03.2021-ci il tarixli, **********28098 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə “Şəffaf İdarəçilik” İctimai Birliyi (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 33.4cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizə verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi və 29.03.2021 tarixinədək 40 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Şəffaf İdarəçilik” İctimai Birliyinə ünvanladığı 29.03.2021-ci il tarixli, **********927900 nömrəli məktubunda bildirilmişdir ki, 12.03.2021-ci il tarixli müraciətinizə Bakı şəhəri X4 üzrə Baş İdarəsində baxılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyrikommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən "arayış" verməlidir. Əlavə məlumat əldə etmək üçün Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş aprel 2021-ci il tarixli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərara əsasən “Şəffaf İdarəçilik” İctimai Birliyinin tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi haqqında Dövlət Vergi Xidmətinə daxil olmuş 01.04.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 17.03.2021-ci il tarixli, **********28098 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 5.1, 8.1, 8.2, 8.5-ci maddələrini, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 32.1, 33.4, 34.1, 58.2, 54.0, 68.1, 68.2-ci maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi iddiaçı barəsində qəbul etdiyi 17.03.2021-ci il tarixli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Şəffaf İdarəçilik” İctimai Birliyi 15.12.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığından vergi orqanına uçota alınmaq üçün ərizə ilə müraciət etmək üçün tələb olunan 30 günlük müddətin axımı ən tezi 15.12.2020-ci il tarixdən hesablandıqda 14 yanvar 2021-ci il tarixdə, ən geci arayışda qeyd olunan sənədlərin götürülmə tarixindən, yəni 18.01.2021-ci il tarixdən hesablandıqda isə 30 günlük müddət 17 fevral 2021-ci il tarixdə bitmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı vergi uçotuna alınma barədə ərizə ilə 01.03.2021-ci il tarixdə vergi orqanına müraciət etmiş, bununla da qanunla müraciət etmək üçün tələb olunan 30 günlük müddəti ötürmüşdür. Belə olan halda cavabdehin iddiaçıya maliyyə sanksiyası tətbiq etməsi qanunvericiliyin tələblərinə zidd olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyrikommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer, barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 54.0-cı maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. İş materiallarına əsasən müəyyən olunur ki, X2 və X5 16.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə “Şəffaf İdarəçilik” İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı ərizə ilə müraciət etmişlər. Ədliyyə Nazirliyinin Qeyrikommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “Şəffaf İdarəçilik” İctimai Birliyi 15.12.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17.03.2021-ci il tarixli arayışından görünür ki, ictimai birliyin dövlət qeydiyyat sənədləri 18.01.2021-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. “Şəffaf İdarəçilik” İctimai Birliyi 15.12.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığından vergi orqanına uçota alınmaq üçün ərizə ilə müraciət etmək üçün tələb olunan 30 günlük müddətin axımı ən tezi 15.12.2020-ci il tarixdən hesablandıqda 14 yanvar 2021-ci il tarixdə, ən geci arayışda qeyd olunan sənədlərin götürülmə tarixindən, yəni 18.01.2021-ci il tarixdən hesablandıqda isə 30 günlük müddət 17 fevral 2021-ci il tarixdə bitmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı vergi uçotuna alınma barədə ərizə ilə 01.03.2021-ci il tarixdə vergi orqanına müraciət etmiş, bununla da qanunla müraciət etmək üçün tələb olunan 30 günlük müddəti ötürmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya maliyyə sanksiyası tətbiq etməsi qanunvericiliyin tələblərinə zidd olmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “Şəffaf İdarəçilik” İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06.08.2021-ci il tarixli, 2-1(112)-6804/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar