Məhkəmə qərarları › İş №2-1(103)-4160/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4160/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4160/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzillə təmin olunma və s. tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11195/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: - “ünvan 1 ünvanındaki qəzalı vəziyyətdə olan beş mərtəbəli, iki girişli daş binanın yaşayış sahəsi üzrə 2-ci mərtəbəsində yerləşən, xüsusi mülkiyyətində olan 17 saylı mənzilin əvəzinə ona uyğun təqribən mənzilin yerləşən ünvana yaxın ərazi yeni tikili çoxmərtəbəli binanın yaşayış sahəsi üzrə mümkün qədər aşağı mərtəbəsində təmirli, hüquqi sənədli (çıxarışlı), tam kommunal şəraitli mənzillə təmin edilməsi, bu reallaşana qədər zərurət yaranarsa müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi və köçürülməsi barədə” - qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılımışdır: “...ünvan 2 ünvanında yerləşən 17a № - li ümumi sahəsi 26,18 (iyirmi altı tam yüzdə on səkkiz) kvadrat metr olan bir otaqlı mənzil onun xüsusi mülkiyyətindədir. Bir otaqlı həmin mənzilin beşmərtəbəli ikigirişli ümumi kommunal şəraiti daş binanın ikinci mərtəbəsində yerləşir və Fövqalədə Hallar Nazirliyinin xx.xx.2016-cı il tarixli rəyinə əsasən qəzalı hesab edilmişdir. Əslində isə təmir bərpa xərcləri çox vəsait tələb etdiyindən yenisini tikmək daha sərfəlidir. Sözügedən ünvanda yaşamış sakinlərinlərdən icarədarlar öz razılığı əsasında binanı tərk etmiş məcburi köçkünlər isə Bakı şəhəri Qobu park adlandırılan ərazisində yerləşən çoxmənzilli binalarda mənzillə təmin edilmişdir. Özəl mülkiyyətinin əvəzində yeni təmirli mənzillə təmin olunmaq üçün israrlı olduğunu dəfələrlə ərazi üzrə Binəqədi Rayon İcra Hakimiyyəti qarşısında bəyan etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti heç bir subyektiv hüququ olmasa da onun mülkiyyətində olan mənzilindən çıxarılması barədə iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1296/2021 № - li qətnaməsi ilə əsassız olduğu üçün rədd edilmiş və hal hazırda qüvvədədir. xx.xx.2023 - cü il tarixdə yenidən Binəqədi rayonun ərazisi üzrə (mülkiyyətindəki mənzilin yerləşdiyi ərazi) 78 №-li Mənzil İstimar Sahəsi tərəfindən imzalanmış yeni xəbərdarlıq təqdim edilərək 5 beş gün ərzində mülkiyyətində olan mənzili tərk etməyi tələb olunmuş, əks təqdirdə inzibati vasitələrdən istifadə ediləcəyinin nəzərdə tutulduğu bildirilir. Sözügedən xəbərdarlıqda binanın kəskin qəzalı olduğu qeyd edilsə də, bu belə deyil, bina sadəcə təmirsiz və şəraitsizdir. Mənzilin yerləşən qəzalı binanın yerində tikinti aparacaq Mənzil Tikinti Kopperativi müqavilə bağladığı və kirayə üçün lazımi maliyyə vəsaitini ödəməyi öhdəsinə götürdüyü tarixdən etibarən kirayə mənzil tapıb mülkiyyətindəki mənzili boşaldıb təhvil verməyə hazırdır. Yetər ki, yerli icra orqanı daxili qanunvericilikdə (istərsə beynəlxalq) təsbit olunan mülkiyyət hüququnun pozulmasını, heç bir hüquqi əsası olmadığı halda ona qarşı başlatdığı qeyrihumanist mənəvi psixoloji təzyiqləri dayandırsın və hüquqi normativ aktlara uyğun öhdəliklərinin düzgün icrasını təmin etsin. …” Cavabdeh iddia ərizəsinə yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...ünvan 3 ünvanında yerləşən binada yaşayan sakinlər Binəqədi Rayon İcra Hakimiyyətinə yazdıqları kollektiv müraciətdə yaşadıqları binanın qəzalı vəziyyətdə olduğunu bildirərək müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin "Azərkommunallayihə" Kommunal Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən 5 mərtəbəli, 2 girişli, yarımzirzəmili yataqxana binasının texniki vəziyyətini müəyyən etmək üçün texniki baxış keçirilmiş, tərtib edilmiş xx.xx.2016-cı il tarixli akta əsasən qeyd edilən ünvanda yerləşən yataqxana binasının texniki vəziyyətinin yararsız olduğu müəyyən edilmişdir. Bina qəzalı olduğundan istismarının dayandırılması və orada yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 7-214/7g saylı məktubuna əsasən, yataqxanada məskunlaşan 102 ailədən 83 mənzil sahibi ilə razılaşma protokolu imzalanaraq onlara birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə köçürülmə işləri həyata keçirilmiş, 21 mənzil sahibi, o cümlədən Koroğlu Rəhimov küçəsi, 53 A saylı yataqxananın 17Ä saylı mənzilində yaşayan iddiaçı kompensasiya məbləği ilə razılaşmadığına görə mənzilini boşaltmaqdan imtina etmişdir. Bildirir ki, ünvan 5 ünvanda yerləşən beş mərtəbəli yataqxana binası əvvəllər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 487 saylı Sərəncamı ilə əvəzsiz olaraq balansa qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının registrindən xx.xx.2023-cü il tarixli 1194 saylı (Kod 258, Reyestr nömrəsi ***-*******8) çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 1967-ci ildə istismara verilmiş, 5 mərtəbəli keçmiş yataqxana binası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Araşdırma zamanı yataqxana binasında əsaslı təmir və bərpa işlərinin aparılmasının tam səmərəsiz və mümkünsüz olduğu müəyyən edilmişdir. Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən yataqxana binasının 17a saylı mənzilinin sahibi İddiaçı 30.000 manat məbləğində birdəfəlik maddi yardımı almaqdan və qəzalı mənzili boşaltmaqdan imtina etmişdir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya qəzalı mənzilə görə birdəfəlik maddi yardım ödənilməklə ailə üzvləri ilə birgə köçürülmənin həyata keçirilməsi barədə 104 saylı xx.xx.2023-cü il tarixli və 73 saylı xx.xx.2023-cü il tarixli bildirişlərin (xəbərdarlığın) təqdim olunmasına baxmayaraq, iddiaçı xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. İddiaçının xəbərdarlığı qəbul etməkdən və razılaşmadan imtina etdiyi xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirilmişdir. İddiaçı nəzərə almır ki, qəzalı vəziyyətdə olan binadan köçməkdən imtina edərək yaşamaqda davam etməsi onun və ailə üzvlərinin həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır. İddiaçı söküləndən sonra yeni tikiləcək yaşayış binasında təmirli mənzillə və buna qədər müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin etmə öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, sökülməsi zəruri olan qəzalı yataqxananın yerində yeni yaşayış binasının inşa olunacağı bəlli deyil. Məhkəmənin nəzərinə çatdırılır ki, Binəqədi Rayon İcra Hakimiyyəti Bakı Şəhər İcra Hakimiyyəti başçısının Bakı şəhəri Səbail, Suraxanı, Sabunçu, Binəqədi, Xətai, Yasamal Rayon İcra Hakimiyyətilərinin başçılarına xx.xx.2019-cü il tarixli 7-214/7g saylı məktubla verdiyi tapşırığa əsasən hərəkət edir. Həmin məktubda isə rayon ərazisində yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasının təmin olunması tapşırılmışdır. Bu istiqamətdə başqa səlahiyyətlər yuxarıda qeyd olunan Rayon İcra Hakimiyyətlərinə verilməmişdir. Bu səbəbdən də, iddiaçı tərəfindən Rayon İcra Hakimiyyətinin üzərinə yataqxana söküləndən sonra tikilib-tikilməyəcəyi bəlli olmayan yaşayış binasından təmirli mənzillə təmin etmə vəzifəsinin qoyulması ilə bağlı iddia qaldırması birmənalı əsassızdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11195/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iş üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı İnzibati Məhkəməsinin qərardadı maddi və rosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmişdir. Belə ki, məhkəmə işin mahiyyətinə uyğun araşdırma aparmayıb və məhkəməyə təqdim olunan bütün sənədləri və sübutları nəzərdən keçirməyib. Mənzil Məcəlləsinin 84.0.3-cü maddəsinə əsasən, yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə sakinlər yeni kommunal şəraitli mənzillərə köçürülməlidir və 85-ci maddəsinə əsasən, yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Hətta, həmin qəzalı binada yaşayan qaçqınlar və məcburi köçkünlər də 2018 - ci ildə Bakı şəhərinin Qobu Park adlanan ərazisindəki yeni tikili çoxmərtəbəli binalarda abadlaşdırılmış mənzillərə köçürülüb yerləşdirilmiş, hal hazırda da rahat və təhlükəsiz şəraitdə yaşayırlar (artıq altı ildir). Odur ki, məhkəmə onun mülkiyyət hüquqlarını nəzərə almadan məsələyə münasibət bildirir. Məhkəmənin “hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunlan qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməməsi və iddia tələbində qeyd etdiyi hüquqlarının qorunması bilavasitə qanundan irəli gəlməməsi, iddiaçının hazırkı iddia ilə nail olmaq istədiyi nəticə isə faktiki olaraq cavabdehin səlahiyyət sferasına aid olmayan bir hal olduğu” barədə mövqeyi də əsassızdır. Çünki o, cavabdehin bütün qanunsuz hərəkətləri barədə məhkəməyə kifayət qədər sübutlar təqdim etmişdir. Belə ki, cavabdeh qurum şəxsi mülkiyyətindəki ünvan 8 ünvanındakı qəzalı binada yerləşən 17A saylı mənzili 5 gün müddətintə tərk etməsi barədə dəfələrlə ona Bildiriş (xəbərdarlıq) göndərmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə göndərilmişdir. Əgər müvafiq məsələ cavabdeh qurumun səlahiyyət sferasına aid deyilsə və əgər cavabdeh tərəfindən onun yaşadığı mənzil sökülməyəcəksə, o zaman niyə cavabdeh həmin xəbərdarlıqları göndərir, məhkəmədə ona qarşı iddia qaldırır? İddia tələbindəki hüquqlarının qorunması və təminatı isə Konstitusiya və Mənzil Məcəlləsinin normalarında açıq-aşkar öz əksini tapmışdır. Bunlar azmış kimi cavabdeh qurum səlahiyyətlərini aşaraq qanunda göstərildiyi kimi onu abad mənzillə təmin etmək əvəzinə, özbaşına təyin etdiyi kompensasiyanı ona sırımaq istəyir. ...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvəddə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı məcburetmə haqqında iddia vasitəsilə aşağıdakıları tələb etmişdir: - ona mənzilin yerləşən ünvana yaxın ərazi yeni tikili çoxmərtəbəli binanın yaşayış sahəsi üzrə mümkün qədər aşağı mərtəbəsində təmirli, hüquqi sənədli (çıxarışlı),tam kommunal şəraitli mənzillə təmin edilməsi; - bu reallaşana qədər zərurət yaranarsa, onun müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi və köçürülməsi. Birincisi, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının yaşadığı ünvan 9 ünvanda yerləşən beş mərtəbəli bina, 1967-ci ildə istismara verilmiş "xxxx" ASC-yə məxsus olmuş yataqxana olmuş, sonradan, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 487 saylı Sərəncamı ilə əvəzsiz olaraq balansına qəbul edilmiş və hal-hazırda Bakı Şəhər MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Konkret halda, işin hallarından göründüyü kimi, həmin yataqxana binasına AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi tərəfindən texniki baxış keçirilmiş, tərtib edilmiş xx.xx.2016-cı il tarixli akta əsasən texniki vəziyyətinin yararsız olduğu müəyyən edilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 7-214/7g saylı məktubuna əsasən yataqxanada məskunlaşan 102 ailədən 83 mənzil sahibi ilə razılaşma protokolu imzalanaraq onlara birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə köçürülmüş, 21 mənzil sahibi, o cümlədən, yataqxananın 17Ä saylı mənzilində yaşayan İddiaçı kompensasiya məbləği ilə razılaşmayaraq mənzili boşaltmaqdan imtina etmişdir. İş materiallarından görünür ki, sonuncu dəfə cavabdeh orqanın alt qurumu 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya qəzalı mənzilə görə birdəfəlik maddi yardım ödənilməklə ailə üzvləri ilə birgə köçürülmənin həyata keçirilməsi barədə 104 saylı xx.xx.2023-cü il tarixli və 73 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq verilmiş, lakin iddiaçı xəbərdarlığı da qəbul etməkdən imtina etmişdir. Cavabdehin iddia ərizəsinə etirazından göründüyü kimi, qəzalı yataqxananın yerində yeni yaşayış binasının inşa olunacağı barədə planlaşdırma bəlli olmadığı qeyd olunaraq bu onunla əsaslandırılır ki, Binəqədi Rayon İcra Hakimiyyəti - Bakı Şəhər İcra Hakimiyyəti başçısının Bakı şəhəri Səbail, Suraxanı, Sabunçu, Binəqədi, Xətai, Yasamal Rayon İcra Hakimiyyətilərinin başçılarına ünvanlanmış xx.xx.2019-cü il tarixli 7-214/7g saylı məktubunda verilmiş tapşırığa əsasən rayon ərazisində yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasının təmin olunması tapşırığı çərçivəsində hərəkət edir və rayon icra hakimiyyətnin üzərinə yataqxana söküləndən sonra tikilib-tikilməyəcəyi bəlli olmayan yaşayış binasından təmirli mənzillə təmin etmə vəzifəsi qoyulmamışdır. Həqiqətən də iş materialları üzrə - Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin işə əlavə olunmuş iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq ona ünvalanmış xx.xx.2021-ci il tarixli cavab məktubundan aydın olur ki, Ərazi Planlaşdırma Mərkəzində ünvan 12 ünvanda tikintiyə icazə icraatına başlanılmasına dair heç bir sənədləşmə işi həyata keçirilməmişdir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh orqanın iddiaçının tələbinə uyğun hərəkət edərək, onun mübahisəli binadan köçrülməsi üçün, rayon icra hakimiyyətinə ayrılan vəsait çərçivəsindən kənar, o cümlədən, iddiaçının hazırkı tələbin yenrinə yetirilməsi istiqamətində müvafiq öhdəliyi və səlahiyyəti mövcud deyildir. Digər tərəfdən, işdən görünür ki, Binəqədi rayon İcra Hakimiyyətinin cavabdeh İddiaçı (yəni hazırkı iddiaçıya) qarşı “birdəfəlik yardım ödənilməklə qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması tələbinə dair” iddia ərizəsi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Bakı şəhəri Binəqədi qayon Məhkəməsinin 2(001)-1296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində iddianı rədd edərkən aşağıdakıları qeyd etmişdir: “...Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi tərəfindən yaşayış binasının qəzalı vəziyyətdə olması barədə təqdim edilən aktlar və digər sənədlərin olması Bakı şəhəri İcra hakimiyyətinin yataqxana binasında yaşayan İddiaçı birdəfəli maddi yardım ödənilərək, onun və digər sakinlərin məcburi köçürülməsinə otaqların boşaldılmaı tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, qəzalı və bərpası mümkün olmyan yaşayış sahələrindən çıxarılması,yalnız Mənzil Məcəlləsinin müəyyən etdiyi qaydalara riayət edilməklə mümkündür. Mənzil Məcəlləsinin 28.6-cı maddəsinə əsasən qəza vəziyyətində olan qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Göründüyü kimi, Mənzil Məcəlləsinin 28.6-cı maddəsinə əsasən iddiaçının iddiası üzrə ilk növbədə binanın qəza vəziyyətində olması və bərpasının mümkün olmaması məhkəmə qərarı ilə təsdiqlənməli, məhkəmə binanın mülkiyyətçilər tərəfindən sökülüb yenidən qurulması üçün müddət müəyyən etməli, həmin maddədə bunun həyata keçirilmədiyi halda isə bina həmin Məcəllənin 28.4-cü maddəsində nəzərdə tutulmuş hərrac vasitəsilə, dövlət tərəfindən alınır.Yaşayış sahələrinin yalnız dövlətin mülkiyyətinə keçməsindən sonra, iddiaçının iddiası üzrə sakinlərin çıxarılması iddiaları təmin edilə bilər. Odur ki, qeyd edilən əsaslara iddia tələbi təmin edilməməlidir...” İPM-in 1.2-ci maddəsi baxımından, MPM-in 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış həmin qətnaməsi ilə müəyyən olunan hallardan göründüyü kimi, iddiaçının yaşadığı binanın qəzalı vəziyyətində olması və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmədiyi, sökülüb yenidən qurulması üçün müddətdə yenidənqurma həyata keçirilmədiyi halda, iddiaçının mənzildən çıxarılmasının yolverilməz olduğu müəyyyən edilərək, Binəqədi rayon İcra hakimiyyətinin iddia tələbi rədd olunmuşdur. Başqa sözlə, konkret halda binanın qəzalı vəziyyətinin bərpa olunması məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə təsdiqlənmədiyi, İddiaçı mübahisəli mənzilə olan mülkiyyət hüququ toxunulmaz olaraq qaldığı və onun həmin mənzildən çıxarılması barədə iddia rədd olunduğu və konkret halda, ona qarşı mənzildən çıxarılması ilə bağlı artıq güc tətbiq olunmadığı halda, onun hazırkı iddiası İPM-in 35.1-ci maddəsinin tələbi qaydasında mümkün iddia kimi qiymətləndirilə bilməz. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərarda çıxarılmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də göstərilənlərə əsasən məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, qərardadın maddi və rosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11195/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11195/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar