Məhkəmə qərarları › İş №2-1(103)-4166/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4166/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4166/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Abbasovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadə və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(112)-12749/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

2. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(112)-12749/2024 saylı qərardadı ilə işin aidiyyatı üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və və iddia tələbinə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qəbul olunmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi iddiaçının və cavadehin yaşayış yerini nəzərə almamışdır. Qeydiyyat ünvanı ünvan 1n Bakı şəhəri Yasamal Rayonu, Z. Xəlilov küçəsi 14 saylı mənzildə məskunlaşmışdır. Xüsusi ilə bildirilir ki, məcburi köçkün statusu olan şəxslərin heç biri yaşadığı yer üzrə qeydiyyata alınmamışdır.

TƏRƏFLƏRİN İZAHATLARİ:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Hüseynzadə apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

9. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

10. Məhkəmə kollegiyası apellyasiya şikayətini İPM-in tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

11. İş materiallarından aydın olur ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır.

12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanun normasından da aydın olduğu kimi şəxsin qeydiyyatda olduğu yer şəxsin yaşayış yeri sayılır.

15. Məhkəmə Kollegiyası qeyd edir ki, AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsində İddiaçı qeydiyyat ünvanı Ağdam rayonunun ərazisində yerləşdiyindən, iddiaçının məcburi köçkün kimi hazırda məskunlaşdığı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən ünvanı onun yaşayış yeri sayılmalıdır.

16. İş materiallarına əlavə edilmiş 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 138 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 0138 №-li arayışından görünür ki, İddiaçı həqiqətən Z.Xəlilov küçəsi, 14 saylı mənzil ünvanında Ağdam rayonundan məcburi köçkün kimi məskunlaşmışdır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi köçkünlərin iddiaları üzrə ərazi aidiyyəti müəyyən edilərkən, onların köçkün kimi rəsmi qeydiyyatda olduqları ərazi vahidi deyil, köçkün kimi faktiki yaşadıqları ərazi vahidi nəzərə alınmalı və belə hallarda ərazi aidiyyəti İPM-in 8.1.2-ci maddəsinə uyğun olaraq müəyyən edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, həmin Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli Qanunun 1.1-ci və 8.1.2-ci maddələrin edilmiş dəyişikliyə əsasən, bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunmuşdur. Dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş, Qanunun 1.1-ci maddəsinin Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilməsi nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə İPM-in 8.1.2-ci maddəsinə edilmiş dəyişiklik qüvvəyə mindikdən sonra müraciət etmişdir. Bundan başqa həm də nəzərə almaq lazımdır ki, məhkəmələr tərəfindən mübahisələrə həmin vaxt qüvvədə olan prosessual normalar əsasında baxılır. (Ali Məhkəmənin 22 aprel 2022-ci il 2-1(102)-684/2022 saylı və 2-1(102)-1207/2022 saylı Qərarları).

18. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri, Yasamal rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.

19. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti və işin araşdırılmış məqamları birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, qərardad ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir (İPM-in 87.6-cı maddəsi).

20. İPM-nin 8.6-cı maddəsinə görə inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(112)-12749/2024 saylı qərardadı ləğv edilsin, iş aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən Günel Abbasova Hakimlər Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar