Məhkəmə qərarları › İş №2-1(103)-4167/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4167/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4167/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “qeydin ləğv edilməsi“ tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10762/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : . İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya məxsus hərbi biletin 21-ci səhifəsində “xidmətə uyğunsuzdur” qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10762/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin qeyd edilən göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilməsinin əsasları yoxlanılmalıdır. Qeyd edilən Məcəllənin 85.1-ci maddəsinin tələbinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçının məhkəmə qərardadını xx.xx.2024-cü il tarixdə rəsmi qaydada almasını təsdiq edən poçt xəbərnaməsi mövcuddur. Göründüyü kimi iddiaçı məhkəmə qərardadını qeyd edilən tarixdə alsa da, qərardaddan apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş və apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə iclası təyin edilmiş və iddiaçıya bildiriş ünvanlaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edilməsi təklif edilmişdir. İddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Beləliklə, işin yuxarıda qeyd olunan halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu xx.xx.2024-cü il tarixdən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinin tələbinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət müddətin son günü saat iyirimi dördə qədər yerinə yetirilə bilər. Yuxarıda qeyd edilən hallardan göründüyü kimi, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti ötürülmüşdür. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən isə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Qanunun qeyd edilən tələblərini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunmalıdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 87.4, 89, 90.1-90.2 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10762/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunsun. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar