Məhkəmə qərarları › İş №2-1(103)-4167/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4167/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4167/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə alınma və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11257/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı və 2 uşağı) “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi 7.05.2025-ci il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən mənzillə (yaşayış sahəsi ilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əsgər kimi, xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş və xx.xx.2004-cü il tarixdə “Hərbi XidmətKeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. 2025-ci ilin aprel ayında ərizə ilə cavabdehə müraciət edərək xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxıldını bildirmiş və 4 nəfər ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı və 2 uşağı) ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməyini və mənzillə təmin olunana qədər müvəqqəti mənzilin kirayəsi üçün kirayə pulunun ödənilməsini xahiş etmişdir, (ərizəyə cavabdeh tərəfindən tələb olunan bütün sənədləri əlavə etmişdir). Lakin cavabdeh tərəfindən ona xx.xx.2025-ci il tarixli məktubla imtina cavabı vermişdir. İmtinanı əsassız və qanunsuz hesab edir.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11257/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı və 2 uşağı) “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 12- ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi 7.05.2025-ci il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən mənzillə (yaşayış sahəsi ilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməyi barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır.

4. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, “İşin sadlanan halları ilə iddiaçının və onunla birlikdə yaşayan ailə üzvlərinin mülkiyyətində hər hansı bir daşınmaz əmlakın olmaması, iddiaçının kirayə götürdüyü mənzildə yaşadığı müəyyən olunur. Deməli, iddiaçı yaşayış sahəsi olmayan, yəni yaşayış sahəsinə ehtiyacı olan şəxsə aiddir. Belə olan halda aydın olur ki, iddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilmək üçün qanunla tələb olunan bütün şərtləri ödəmişdir.”

5. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qeyd edilən qərarı qanunvericiliyə zidd olaraq, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassızdır və buna görə də ləğv edilməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmçinin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən Hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir. Belə olan halda İddiaçı 6 aylıq müddəti ötürmüş, Rayon İcra hakimiyyətinə gec müraciət etmişdir. Bu səbəbdən iddiaçının mənzil növbəsinə götürülməsi və ona dair kirayə pulu verilməsi mümkün deyildir. Nəzərinizə çatdırıram ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının : Bənd 1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, ... Bənd 2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.

IV. Tərəflərin izahatları:

7. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə

V. İş materiallarından görünür ki: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2009-cu il tarixdən xx.xx.2024cü il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “156”-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyyata buraxılmışdır. İddiaçının ailə tərkibi - arvadı: X4, qızı: X3 və oğlu: X1r. xx.xx.2024-cü il tarixli Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi Müqaviləsinə (Kirayə Müqaviləsi) əsasən kirayə verən X8 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 48.71 kv/m olan mənzili iddiaçıya kirayəyə vermişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli, 865 nömrəli arayışına əsasən, iddiaçı Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində Müdafiə Nazilriyi tərəfindən yaşayış sahəsi ilə təmin olunması barədə məlumat yoxdur. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 765 nömrəli arayışa əsasən, ünvan 4 ünvanda qeydiyyatda olan İddiaçı həqiqətən Yasamal Bələdiyyəsindən torpaq sahəsi almamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il -cü il tarixdə verilmiş arayışa əsasən, iddiaçının adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli arayışa əsasən iddiaçının ailə üzvlərinin adına daşınmaz əmlak aşkar edilməmişdir.

VI. Tətbiq olunan hüquq

9. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnu müəyyən edir. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.

10. Qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra –MM): - maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - maddə. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə. 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir.

VII. Məhkəmənin mövqeyi

11. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “156”-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyyata buraxılmışdır. İddiaçı ailə üzvləri ilə birlikdə kirayə müqaviləsi əsasında icarəyə götürdüyü ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. İddiaçı və onun ailə üzvlərinin adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak mövcud deyil. İddiaçı ailə üzvləri ilə birlikdə mənzil növbəsinə alınması və yaşayış sahəsi ilə təmin edilənədək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi barədə sərəncam verilməsi Cavabdehnə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini xx.xx.2025-ci il tarixli məktubla təmin etməkdən imtina edərək bildirmişdir ki, “...Hərbi qulluqçuların statusu haqqında qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş yaşa xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə gorə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və mıçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının yerli icra hakimiyyəti başçıları tərəfindən mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə təmin edilənədək mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Müvafiq qanunvericiliyə əsasən 2024-cü ıl tarixindən ehtiyata buraxıldığınızdan sizin yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməyiniz mümkün deyildir”.

12. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni olmamışdır.

13. Belə ki, yuxarıda qeyd edilən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunundan göründüyü kimi hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün iki şərt tələb olunur:

1. 15 təqvim ili və daha çox xidmət etməsi; 2. yaşayış sahəsinin olmaması.

14. İş materiallarından müəyyən edilir ki, iddiaçının 15 ildən artıq hərbi xidmət müddəti mövcuddur.

15. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu baş çavuş İddiaçı Azərbaycan Ordusunda 02.01,2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək və xx.xx.2009-cu il tarixdən və xx.xx.2024-cü il tarixədək, ümumilikdə 16 il 02 ay 29 gün həqiqi hərbi xidmət keçmişdir. Göründüyü kimi, iddiaçının ehtiyata buraxıldığı tarixə 15 ildən artıq hərbi xidmət müddəti olmuş, o, birinci şərti ödəmişdir.

16. Digər hal kimi qeyd edilmiş iddiaçının yaşayış sahəsinin olmamasına münasibətdə qeyd eidlməlidir ki, Göründüyü ki, hərbi qulluq haqqında qanunvericilik nə yaşayış sahəsi olmayan şəxslərə kimlərin aid olmasını, nə də həmin şəxslərin mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi qaydasını tənzimləyir. Bu hallar Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir.

17. Qüvvədə olan Mənzil Məcəlləsinin yuxarıda sadalanan normalarından görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur.

18. İş materiallarında olan məhkəmə sorğularına əsasən təqdim edilmiş sənədlərdən isə müəyyən edilir ki, iddiaçının və onunla birlikdə yaşayan ailə üzvlərinin mülkiyyətində hər hansı bir daşınmaz əmlakın olmaması, iddiaçının kirayə götürdüyü mənzildə yaşadığı müəyyən olunur. Deməli, iddiaçı yaşayış sahəsi olmayan, yəni yaşayış sahəsinə ehtiyacı olan şəxsə aiddir.

19. Belə olan halda aydın olur ki, iddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilmək üçün qanunla tələb olunan bütün şərtləri ödəmişdir.

20. Cavabdehin apellyasiya şikayətinin dəlili kimi göstərilmiş olan İddiaçı tərəfindən cavabdehə müraciət üçün qanunvericiliklə nəzərdə tutulmuş 6 aylıq müddətin ötürülməsi ilə bağlı qeyd edilməlidir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.

21. Qeyd olunan norma xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların hərbi qulluqçunun ehtiyata buraxıldıqdan sonra yerli icra hakimiyyəti orqanı tərəfindən 6 ay müddətində yaşayış sahəsi ilə təmin edilməsini tənzimləyir.

22. Həmin müddətdən sonra iddiaçının cavabdehə müraciət etməsi isə, bu hüququn itirilməsi və ya müddətin ötürülməsi kimi qiymətləndirilə bilməz.

23. Əks halda, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçunun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi əldə etmə hüququndan məhrum edilməsi ilə nəticələnən ədalətsiz vəziyyətin yaranmasına səbəb ola bilər.

24. Qeyd olunan müddət iddiaçının cavabdehə müraciətini tənzimləyən müddət deyil, cavabdehin həmin müddət ərzində iddiaçının yaşayış sahəsi ilə təmin etməsini tənzimləyən müddətdir.

25. Məhkəmə kollegiyası iddiaçının yaşayış sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi tələbinə gəldikdə, məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqında” Qanunun 12-ci maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.

26. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.

27. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.

28. Göründüyü kimi Nazirlər Kabinetinin adıçəkilən Qərarında mənzil növbəsinə götürülmüş hərbi qulluqçulara kirayə xərclərinin ödənilməsi ilə bağlı məsələdə xüsusi tənzimləmə nəzərdə tutulmuşdur. Həmin tənzimləməyə əsasən yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulmuş ehtiyata buraxılmış hərbi qulluqçuların dairəsi konkret olaraq müəyyən edilmişdir. Yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlər, gizirlər və miçmanlara münasibətdə: -yaşına görə ehtiyata və istefaya buraxılmış; -xəstəliyə görə ehtiyata və istefaya buraxılmış; -ailə vəziyyətinə görə ehtiyata və istefaya buraxılmış; -5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış şəxslər kompensasiya ödənilməli şəxslərə aid edilmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xəstəliyə görə ehtiyata buraxıldığından, həm Qanunda, həm də Nazirlər Kabinetinin Qərarında yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabit, gizir və miçmanlara mənzil kirayə xərcinin ödənilməsi nəzərdə tutulduğundan və bununla da iddiaçı hər iki normativ aktda qeyd olunan kateqoriya hərbi qulluqçulara aid olduğundan onun kirayə xərclərinin ödənilməsini barədə tələbi də əsaslıdır.

30. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərarın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11257/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticə hissəsi

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11257/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar