Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4169/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X2 Asəf qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 Mircəlal oğlu, İddiaçı2, İddiaçı3, X1, İddiaçı4, İddiaçı5 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “21 aprel 2024-ci il tarixli dinc toplantının keçirilməsinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qadağa qoyulmasının qanunsuz hesab edilməsi, və s. iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8762/2024 saylı, xx.xx.2024 -cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1 Mircəlal oğlu, İddiaçı2, İddiaçı3, X1, İddiaçı4, İddiaçı5 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “21 aprel 2024-ci il tarixli dinc toplantının keçirilməsinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qadağa qoyulmasının qanunsuz hesab edilməsi, bu qadağa təşkilatçıların AR Konstitusiyasının 49-cu maddəsində “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 11-ci maddəsində təsbit olunmuş sərbəst toplaşma azadlığı pozuntusu kimi tanınması, Bakı şəhər İcra Hakimiyyətinin xəbərdarlıq məktubuna cavab olaraq qəbul edilmiş qərarı deyil, məktub göndərilməsi maddəsində “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin pozuntusu kimi tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların daxil olduğu mitinqin təşkilatçılar qrupu xx.xx.2024-ci il tarixdə “Siyasi məhbuslara azadlıq”, “Seçki islahatları tələb edirik". "Rusiya silahlı qüvvələri Azərbaycandan çıxarılsın”, “Uşaq pulları verilsin, maaşlar, pensiyalar, müavinətlər artırılsın”, “Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalansın”, “Quru sərhədlər açılsın" tələbləri və şüarları ilə mitinqin keçirilməsini planlaşdırdığı barədə 15 aprel 2024-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə rəsmi xəbərdarlıq göndərmişdir. Xəbərdarlıqda mitinqin yeri, tarixi və saatı, təşkilatçılar barədə məlumatlar dəqiq göstərilmişdir. Toplantıda səslənəcək şüarlar və tələblər haqqında xəbərdarlıqda geniş məlumat verilmişdir. Xəbərdarlıqda toplantının Bakı şəhərində yerləşən 3 ərazidən - Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda, 28 may və Nərimanov metrolarının qarşısındakı meydanların birində keçirilməsi təklif olunurdu. Təşəbbüs qrupu ərazinin seçilməsini icra hakimiyyətinin səlahiyyətinə aid etmişdir. Bakı şəhər İcra Hakimiyyəti 17 aprel 2024-ci il tarixli cavab məktubunda dinc toplantının keçirilməsinə icazə verməmişdir. Cavabda bu imtina stadionunda təmir işlərinin aparılması, digər iki ərazidə əhalinin və nəqliyyatın intensiv hərəkəti ilə əsaslandırılmışdır. Bu cavabdan göründüyü kimi cavabdeh toplantının keçirilməsi barədə qanunda nəzərdə tutulmuş “xəbərdarlıq" institutunu “icazə" institutu ilə əvəz etmişdir. Halbuki təşkilatçılar tərəfindən icra hakimiyyətinə müraciətin məqsədi icazə almaq yox. keçiriləcək mitinq barəsində onu xəbərdar etmək idi. Çünki belə bir icazənin alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdehin bu məktubu onun qərarı kimi qəbul edilməlidir. Bakı şəhəri İcra Hakimiyyətinin cavabında (qərarında) mitinqin keçrilməsinin məqsədəuyğun hesab edilməməsi toplantının keçirilməsinin qadağan edilməsi kimi qiymətləndirilməlidir. Təcrübə göstərir ki, indiyə kimi Azərbaycanda müvafiq icra hakimiyəli orqanları tərəfindən toplantıların keçirilməsinin məqsədəuyğun hesab edilməməsi nəticədə həmin toplantının icazəsiz hesab edilməsi və polis tərəfindən dağıdılması ilə nəticələnmişdir. İcra Hakimiyyəti tərəfindən təşkil edilməsi məqsədəuyğun hesab edilməyən toplantını təşkil edildiyi halda bu toplantı polis qüvvəsi ilə dağıdılacaq, təşkilatçılar və iştrakçılar məsuliyyətə cəlb olunacaqdırlar. Bu fakt İcra Hakimiyyətinin məqsədəuyğun hesab etməməsi ilə toplantının təşkilinə icazə verməməsi ilə eyni hüququ nəticələrə gətirib çıxardığını təsdiq edir. Bakı şəhəri İcra Hakimiyyətinin həmin qərarı səbəbindən nəzərdə tutulan toplantı keçirilməmişdir. Bu əsaslara görə Bakı şəhəri İcra Hakimiyyətinin bu qadağası qanunazidd və əsassız hesab edilməlidir. Cavabdeh orqan mitinqin keçirilməsinə bu formada müdaxilə etməklə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquqlarının, xüsusən də sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Belə ki. təşkil olunacaq toplantı dinc aksiya idi. Müvafiq orqanların qabaqcadan xəbərdar olunmaları bir daha bunu sübut edir. Təşkilatçıların dinc aksiyalarda iştrak etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuşdur. Müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar elmək ilə mitinq təşkil elmək və ya həmin mitinqdə iştrak etmək olar. Bu normalarda tələb olunan əsas hal aksiyanın mütləq silahsız və dinc olmasıdır. Təşkilatçıların planlaşdırdıqları mitinqin dinc olacağı cavabdeh tərəfindən təkzib edilməyib. Qeyd olunanları nəzərə alaraq iddia etmək mümkündür ki, toplantı qanuni tələblərə cavab verirdi. Beləliklə də Bakı şəhər İcra Hakimiyyətinin mitinqə müdaxiləsi qanunsuz olmuşdur. Ən əsası, planlaşdırılan sərbəst toplaşmanın keçirilməsi “Sərbəst toplaşmaq azadlığı haqqında'’ Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən məhdudlaşdırıla, 8-ci maddəsinə görə isə qadağan oluna bilərdi. Bunun üçün hüquqi əsaslar həmin maddələrin hər birində sadalanmışdır. Beləliklə də, hətta ehtimal edilsə ki, planlaşdırılan toplaşma onun keçirildiyi ərazidə nəqliyyatın və əhalinin hərəkətinə maneələr yarada bilər, bu zaman icra hakimiyyəti Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətləri tətbiq edə bilərdi. Bu məhdudiyyətlər toplantının keçirilən yerin, vaxtın dəyişdirilməsi formasında ola bilər. Artıq qeyd edildiyi kimi Bakı şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsinə qadağa qoymuşdur. Təşəbbüs qrupu tərəfindən mitinqin keçirilməsi üçün təklif edilən yerlərin güya əhalinin və nəqliyyatın intesiv hərəkət əraziləri olması, stadionda təmir işlərinin aparılması haqqında cavabdehin iddiası həqiqəti əks etdirmir. Belə ki, mitinqin keçirilməsinin nəzərdə tutulmuş gün və saatda həmin Nərimanov və 28 May metrostansiyaları ərazisində aparılmış foto çəklişlər bu yerlərdə insanların və nəqliyyatın hərəkətinin çox seyrək olmasını nümayiş etdirir. Hətta ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətində müəyyən sıxlıq olduqda belə, onların marşurutlarını yaxınlıqdakı küçələrə dəyişmək imkanı vardır. Stadionda foto çəkliş 22 aprel tarixində, yəni iş günü aparılmışdır. Foto şəkildən göründüyü kimi həmin ərazidə heç bir təmir işləri aparılmır, işçi qüvvəsi, texnika və digər avadanlıqlar yoxdur. Ərazinin bəzi yerlərində kəndirdən çəkilmiş zolaqlar isə tez sökülən və quraşdırılan vasitə olduğundan, toplantının keçirilməsinə mane ola bilməzdi. Bu faktlar cavabdehin real olmayan amilllərə istinad edərək toplaşmanı qadağan etdiyini bir daha təsdiq edir. Bakı şəhər İcra Hakimiyyəti qeyd edilən normanın tələblərini pozaraq aksiyanın təşkilatçısına qərar deyil, yalnız məktub göndərmişdir. Məktubu isə cavabdeh orqanın səlahiyyəti məlum olmayan şöbə müdüri imzalamışdır. Göründiyi kimi cavabdeh qərarı aydın şəkildə yazılmalı və əsaslandırılmalı olduğu halda, bunlara riayyət edilməmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin mümkün sayılmmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8762/2024 saylı, xx.xx.2024 -cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, hazırkı iddia tələbinin məzmununu 21 aprel 2024-ci il tarixli dinc toplantının keçirilməsinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qadağa qoyulmasının qanunsuz hesab edilməsi, bu qadağa təşkilatçıların AR Konstitusiyasının 49-cu maddəsində “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 11-ci maddəsində təsbit olunmuş sərbəst toplaşma azadlığı pozuntusu kimi tanınması, Bakı şəhər İcra Hakimiyyətinin xəbərdarlıq məktubuna cavab olaraq qəbul edilmiş qərarı deyil, məktub göndərilməsi maddəsində “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin pozuntusu kimi tanınması təşkil edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına;2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Göründüyü kimi, hazırkı iddianın Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1- 2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən olunmur. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.. Həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Göründüyü kimi qanunvericilikdə toplantıların keçirilməsi üçün toplantıları təşkil edən şəxslərin müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən toplantının keçirilməsi haqqında xəbərdarlıq etməli olması nəzərdə tutulmuşdur. Bu halda iddiaçının “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən mitinq keçiriləcəyi barədə etdiyi xəbərdarlıqla bağlı cavabdehin hərəkətsizliyi ilə iddiaçının hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə ki, cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və qadağanedici hərəkət hesab edilə bilməz Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarı. “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8762/2024 saylı, xx.xx.2024 -cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4169/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4169/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver