Məhkəmə qərarları › İş №2-1(103)-417/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-417/2020

12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-417/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X8 İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2222/2019 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2222/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, mərhum həyat yoldaşı X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 №-li, xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın qüvvəyə mindiyi tarixdən əlavə haqqın hesablanaraq İddiaçı verilməsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim T.Əsədova). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X8 İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 №-li, xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydaları»nın şamil edilməklə, əlavə haqqın xx.xx.2008-ci il tarixdən hesablanaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 №-li, xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın qüvvəyə mindiyi tarixdən əlavə haqqın hesablanaraq ona verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X6 ilə xx.xx.1971-ci ildə nikaha daxil olmuşdur. X6 Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası İdarəsində çalışmış, Ədliyyə Nazirliyinin əməkdaşı olmuşdur. Penitensiar orqandan ehtiyata buraxıldıqdan sonra qanunauyğun qaydada əmək pensiyası alırdı. xx.xx.2004-cü il tarixdə həyat yoldaşı xərçəng intok-si səbəbindən vəfat etmiş və ailə başçısını itirməyə görə həyat yoldaşının almalı olduğu pensiya məbləğini o, alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli, 123 saylı qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ədliyyə, digər hüquq mühafizə və hərbi orqanlarında qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması göstərilən hallar ədliyyə orqanlarında qulluq illərinə görə əlavələrin ödənilməsi üçün qulluq illərinin hesablanmasında nəzə alınır. Qərara uyğun olaraq qulluq illərinin güzəştli şərtlərlə hesablanması nəticəsində qulluq illərinin sayı artdığına görə, bu qulluq illərinə görə ödəniş faizi də artmış olur və ödəniş faizinin təyin edilməsi, həmin qərarın 3-cü bölməsində əlavə haqqında hesablanması və verilməsi qaydasına uyğun olaraq qulluq illərinin sayına görə aparılır. Qulluq illərinin güzəştli şərtlərlə hesablanmasından asılı olaraq qulluq illərinə görə ödəniş faizi yüksəlmiş olur və nəticədə isə, təminat xərcliyində artım baş verir ki, belə halda «Əmək pensiyaları haqqında» Qanunun 29.3-cü maddəsinə əsasən pensiyalar yenidən hesablanmalıdır. Bununla əlaqədar Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli, 123 saylı qərarının ona şamil edilərək, pensiyanın hesablanmasının həmin qərara uyğun şəkildə aparılması üçün DSMF-yə ərizə ilə müraciət etmişdir. Lakin bununla bağlı cavab verilməmişdir İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən iddiaçının izahatı: Cavabdehin nümayəndəsi və vəkili D.Novruzov verdiyi apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə, Nazirlər Kabinetinin 123 nömrəli. xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydaları (bundan sonra - Qaydalar) iddiaçıya şamil edilməlidir. Belə ki, iddiaçının mərhum əri Penitensiyar Xidmətin hərbi qulluqçusu deyil, xüsusi rütbəsi olan əməkdaşı olmuşdur. Məhkəmə Qaydaların tələblərini pozub. Qaydalarda nəzərdə tutulmuş əlavələr heç də bütün işçilərə şamil edilmir. Həmin əlavələrin hansı şəxslərə ödənilməsi komissiya qərarı əsasında müəyyən edilir və həmin qərarlar inzibati akt olmaqla onlardan şikayət verilməsi mümkündür. Yəni əlavənin ödənilməsinin əsasında Qaydalar deyil, müvafiq komissiyanın qərarı dayanır.İddiaçının mərhum əri Hafiz İbrahimov xx xxxxxx 1998-ci ildə ehtiyata buraxılıb. x xxxx 2004-cü ildə isə vəfat edib. Qaydalar isə 2008-ci ildə təsdiqlənib. Bir sözlə, H.İbrahimovun həmin əlavələri alması obyektiv olaraq mümkün deyildi.Məhkəmə, mərhum H.İbrahimovun almadığı əlavələrin hansı səbəbdən onun arvadı olan iddiaçıya şamil edilməli olmasını əsaslandıra bilməmişdir. Başqa sözlə, H.İbrahimovun ailə üzvü olan iddiaçıya pensiya təminat xərcliyi əsasında hesablanır. Qaydalarda göstərilmiş əlavələr isə mərhum H.İbrahimova heç vaxt ödənilmədiyi üçün təminat xərcliyinə daxil deyildir. Yuxarıda da qeyd edildiyi kimi, həmin əlavələr təminat xərcliyindəki sonrakı artım hesab edilə bilməz; çünki ödənilməsi yalnız komissiya qərarı əsasında həyata keçirilir. Ona görə də nümayəndə və vəkil apellyasiya şikayətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2222/2019 saylı qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X8 İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İddiaçı xx.xx.1952-ci il tarixdə Ağdaş rayonunda doğulmuşdur (DİN Asan 2 tərəfindən verilmiş xx.xx.2005-cı il tarixli Şəxsiyyət vəsiqəsi). X1 və X6 xx.xx.1971- ci ildə evlənmişlər, nigahdan sonra arvada İbrahimova soyadı verilmişdir. (AZ 130498 №- li evlənmə haqqında şəhadətnamə). X6 xx.xx.2004-cü ildə ölmüşdür (Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ 103098 №-li ölüm haqqında şəhadətnamə). Beləliklə, müəyyən etmişdir ki, İddiaçı xx.xx.2004-cü ildə ölmüş X3 arvadıdır. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən «Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra – “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər». Həmin Qanunun 33.2-ci maddəsinə əsasən «Penitensiar xidmətin əməkdaşları və mülki işçilər ədliyyə orqanlarının işçiləridir». Adıçəkilən Qanunun sadalanan müddəalarına əsasən Penitensiar xidmətin hərbi qulluqçularından fərqli olaraq xüsusi rütbəsi olan əməkdaşları və mülki işçiləri ədliyyə orqanları işçiləri hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 №-li qərarı ilə “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydalar “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimləyir. Hazırki iş üzrə iddiaçı ərinin ədliyyə orqanları işçisi hesab edərək həmin Qaydanın ona tətbiq edilməsini istəyir, cavabdeh orqan isə iddiaçının ərinin ədliyyə orqanları işçisi olmayan Penitensiar xidmətin hərbi qulluqçusu hesab edir və adıçəkilən Qaydanı ona tətbiq etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əri ədliyyə orqanları işçisi olmuş və Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 №-li qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” iddiaçıya tətbiq edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş iddiaçının pensiyaçının uçot vərəqəsindən müəyyən olunur ki, iddiaçının əri X6 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 2 saylı İƏM-nin rəisinin köməkçisi vəzifəsində xidmət etmişdir. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 33.4-cü maddəsinə əsasən hərbi qulluqçular penitensiar müəssisələrinin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər. Göründüyü kimi, iddiaçının əri Penitensiar xidmətin hərbi qulluqçusu deyil, xüsusi rütbəsi olan əməkdaşı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddələsinin mənasına görə vəfat etmiş ailə başçısının öhdəsində olan arvadı, əgər o, 57 yaşına çatmışdırsa onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.3-cü maddəsinin mənasına görə 57 yaşına çatmış qadınlara ailə başçısını itirməyə görə əmək pensiyası, onun müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının 67 yaşı var. İddiaçının pensiya işindən görünür ki, iddiaçıya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xətti ilə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə ilə razılaşır, cavabdehin apelyasiya şikayətində göstərilən birinci instansiya məhkəməsi tərəfindən Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinin pozulması, iddiaçının məhrum əri xx.xx.1998-ci ildə ehtiyata buraxılması, xx.xx.2004-cü ildə vəfat etdiyini, Qaydaların 2008-ci ildə təsdiqliyindən H.İbrahimovun həmin əlavələrin alması obyektiv olaraq mümküm olmaması dəlillərini qəbul etmir və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən isə Penitensiar Xidmətin əməkdaşlarının və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 37.1-ci maddəsinin mənasından isə görünür ki, penitensiar xidmətin əməkdaşlarının pensiyası təminat xərcliyindən hesablanır və bu zaman onların tutduğu vəzifəyə görə vəzifə maaşı, xüsusi rütbəyə və qulluq illərinə görə haqq, məharət dərəcəsinə görə əlavə, ərzaq payı və ya ərzaq əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlərdən ibarətdir. Qeyd edilməlidir ki, “Məhkəmə qərarlarının icrası sisteminin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 1993-cü il tarixli 399 №-li Fərmanı ilə həmin tarixdən Azərbaycan Respublikası DİN-nin bütün müəssisələri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tərkibinə verilmiş, beləliklə Ədliyyə Nazirliyi həmin müəssisələrin hüquqi varisi olmuş və o, bu müəssisələrlə bağlı əvvəllər mövcud olan hüquq münasibətlərinin daşıyıcısına və davamçısına çerilmişdir. İşin sübutlarla müəyyən edilən halları onu deməyə əsas verir ki, iddiaçı sabiq xüsusi rütbəli ədliyyə əməkdaşıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən xx xxx 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara haqqın verilməsi Qaydası”nın 1-ci bəndindən isə görünür ki, bu Qayda “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimləyir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə işlədiyi müddət (2.1.1), eyni zamanda, həmin Qaydanın 2.1.2 - 2.1.9-cu bəndlərində göstərilən müddətlər daxil edilir. Qaydanın 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ədliyyə, digər hüquq mühafizə və hərbi orqanlarında qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması göstərilən hallar ədliyyə orqanlarında qulluq illərinə görə əlavələrin ödənilməsi üçün qulluq illərinin hesablanmasında nəzərə alınır. Qaydanın 3.1-ci bəndindən isə görünür ki, ədliyyə orqanı işçilərinə qulluq illərinə görə verilən əlavə haqq onların vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanmaqla, qulluq illərindən asılı olaraq 5 faizdən 50 faizə qədər olan məbləğlərdə ödənilir. Qaydanın 4.1-ci bəndinə əsasən əmək kitabçası olmadıqda və ya onda lazımi qeydiyyatlar aparılmadıqda, habelə iş dövrləri düzgün əks etdirilmədikdə, qulluq illərinin müəyyən edilməsi üçün əmrlərdən çıxarışlar, şəxsi hesab vərəqələri, əmək haqqının ödəniş cədvəlləri və iş fəaliyyətləri barədə məlumat verə biləcək digər təsdiqedici sənədlər əsas götürülə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara haqqın verilməsi Qaydası” ƏN MQİBİnin 2 saylı İƏM-nin rəisinin növbətçi köməkçisi vəzifəsində çalışmış və hal-hazırda ailə başçısını itirmiş iddiaçıya da şamil edilməli və həmin Qaydaya müvafiq olaraq onun qüvvəyə mindiyi xx xxx 2008-ci il tarixdən iddiaçıya qulluq illərinə görə əlavə haqq hesablanıb verilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli 499 №-li Fərmanının 2.3-cü bəndinə əsasən Penitensiar xidmətin xüsusi rütbələri olan əməkdaşlarının pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində göstərilən şəxslərin pensiya təminatı ilə eyni qaydada müəyyən edilir. Həmin Fərmanın 4-cü bəndinə əsasən isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətin hərbi qulluqçularının və xüsusi rütbəli şəxslərinin pensiya təminatı ilə bağlı funksiyalar Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Beləliklə, müəyyən edilir ki, cavabdeh orqan Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş Qaydanın iddiaçıya şamil edilməsindən imtina etməklə onun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda İPM-nin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2222/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar