Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-417/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(112)-3408/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilir ki, qərarlara əsasən iddiaçının müvafiq yük gömrük bəyannamələri üzrə əvəzləşməyə təqdim etdiyi məbləğlər əvəzləşmədən çıxarılmış, nəticədə əlavə vergi öhdəliyi yaranmışdır. Vergi orqanı qeyd etmişdir ki, Vergilər Məcəlləsinin 159.3-cü maddəsinə görə müvəqqəti idxal şəklində buraxılan mallar ƏDV məqsədləri üçün idxal malları hesab edilmir. Bu səbəbdən də əvəzləşməyə təqdim edilə bilməz. Halbuki, qanunvericilikdə bununla bağlı qadağa mövcud deyil. Ümumiyyətlə iddiaçı Sazişlər çərçivəsində fəaliyyət göstərmişdir. Sazişlər üzrə əlavə dəyər vergisi haqqında protokollara əsasən iddiaçı karbohidrogen fəaliyyəti ilə bağlı mal, iş və xidmətlərin əldə edilməsi və idxalı üzrə ƏDV-dən azad hesab edilir. Bunun üçün, 0 dərəcə ilə azad olunma sertifikatı tələb olunur. Mal idxal olunanda isə ƏDV sertifikatı mövcud olmuşdur. Həmin sertifikatın etibarlı olması onun aylıq ƏDV məbləğlərini ödənilməsindən azad olması deməkdir. Ümumiyyətlə, müvəqqəti idxal xüsusi gömrük proseduru çərçivəsində edilən əlavə dəyər vergisi üzrə ödənişlər ƏDV protokolları üzrə sıfır (0) faizdən artıq dərəcə ilə ödənilmiş ƏDV hesab edilir. İddiaçı hesab edir ki, Vergi Məcəlləsinin 159.3-cü maddəsi ilə Gömrük Məcəlləsinin 194.1-ci maddəsi kolliziya təşkil edir. Halbuki, müvəqqəti idxal xüsusi gömrük proseduru çərçivəsində ƏDV-dən azad olma gömrük qanunvericiliyi ilə tənzimlənməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, Məcəllənin 159.3-cü maddəsinə görə Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV məqsədləri üçün idxal malları sayılmır. Müvəqqəti idxal şəklində buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir. Cavabdeh qeyd edir ki, Saziş və protokollar ƏDV üzrə vergitutma obyektinin yaranmasını müəyyən etmir. Bu müddəalar yaranmış vergitutma obyekti üzrə hansı hallarda mövcud ƏDV öhdəliyinin yerinə yetirilməsindən azad etməni nəzərdə tutur. Protokolun istinad olunan 6.1-ci maddəsində nəzərdə tutulmuş halla bağlı isə cavabdeh hesab edir ki, bu 175-ci maddədə nəzərdə tutulan ƏDV əvəzləşməsini deyil, artıq ödənilmiş ƏDV-nin geri alınması və ya başqa vergi ilə əvəzləşdirmək hüququnu müəyyən edir. Cavabdeh, həmçinin hesab edir ki, hazırkı halla bağlı vergi və gömrük qanunvericiliyi arasında kolliziya da mövcud deyil. Gömrük qanunvericiliyində heç bir halda rüsum və vergilərin 3 faizi həcmində müəyyən edilən və ödənişləri vergi qanunvericiliyi ilə 18 faiz müəyyən edilmiş ƏDV ilə eyniləşdirmir. Bakı İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(112)-3408/2022 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş materiallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş 17 iyun 2020-ci il tarixli **********237200 nömrəli, 14 iyul 2020-ci il tarixli **********680000 nömrəli, 16 iyul 2020-ci il tarixli **********496200 nömrəli, 15 oktyabr 2020-ci il tarixli, **********564200 nömrəli, 19 oktyabr 2020-ci il tarixli **********886800 nömrəli və 26 oktyabr 2020-ci il tarixli **********567200 nömrəli qərarların və həmin qərarlar üzrə hesablanmış əlavə vergi öhdəliklərinin ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Göründüyü kimi vergi qanunvericiliyi ilə əlavə dəyər vergisi ilə bağlı vergi tutma obyekti hesab edilən və idxal edilməyən mallarla bağlı konkret tələb müəyyən edilmişdir ki, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan malların ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilməməsi konkret olaraq göstərilmişdir. Vergi Məcəlləsinin 159.3-cü maddəsinin əksinə iddiaçının Saziş və Protokolların əvəzləşmə hüququnu yaratmasına münasibətdə iddiaçının dəlilini əsassız hesab edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəfdar çıxılan beynəlxalq sazişlərin Məcəllə və digər aidiyyəti qanunvericiliyindən üstünlüyü tanınsa da, Sazişin üstünlüyü yalnız daxili sənədlərlə fərqli müddəa mövcud olduğu halda yaranır. Hazırkı hal üzrə isə Saziş və Vergi Məcəlləsi arasında hər hansı ziddiyyət mövcud olmamışdır. Belə ki, Saziş və protokollardan fərqli olaraq əlavə dəyər vergisi məqsədləri üçün vergitutma obyektinin nə olması, nə olmaması Vergi Məcəlləsi ilə müəyyən edilir. Saziş və protokollar isə Vergi Məcəlləsində adıçəkilən əlavə dəyər vergisi ilə bağlı yaranmış vergi öhdəliyindən tam və ya qismən azad olma ilə bağlı münasibətləri tənzimləyir, lakin əlavə dəyər vergisi üzrə vergi tutma obyektinin nədən ibarət olmasını müəyyən etmir. Vergi Məcəlləsinin 2.7-ci maddəsinə əsasən bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir. Bundan başqa, Gömrük Məcəllənin 194.1-ci maddəsindən görünür ki, gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. Göründüyü kimi həmin maddə Vergi Məcəlləsinin 159.3-cü maddəsində nəzərdə tutulan mövqe ilə hər hansı fərqli mövqe nümayiş etdirmədən fərqli məsələnin tənzimlənməsinə xidmət edir. Həmin maddə gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilməsi ilə bağlı olub, rüsum və vergilərin 3 faizi həcmində müəyyən edilən ödənişlərin Vergi Məcəlləsində olan 18 faiz ƏDV ilə eyniləşdirmir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, istər əlavə dəyər vergisi məqsədləri üçün müvəqqəti idxal edilən malların vergitutma obyekti olmaması, istərsə də qanunvericilik normaları, o cümlədən Sazişlə müəyyən edilən müddəalar arasında ziddiyyətin olmaması, vergi qanunvericiliyinin yuxarıda adıçəkilən konkret tələbləri iddianın əsassızlığına dəlalət edir. Hazırkı işdə, iddiaçı cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) nəticəsinin ləğv edilməsini tələb etsə də, bu tələbin əsasları inzibati məhkəmə icraatı qaydasında həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılaraq məhkəmə kollegiyası iddiaçının dəlillərinin əsassız olduğu qənaətinə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(112)-3408/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-417/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-417/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver