Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-417/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6933/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə Nizami RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsində yerləşən 8 saylı evin bir otaqlı 10 saylı mənzilinə onunla kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi vəzifəsinin Nizami RİH-nin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 1988-ci ildə Ermənistan SSR-nin Amasiya rayonundan qaçqın düşüb, Bakı şəhərinə gəlmişdir. 15 dekabr 1992-ci ildə Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsində yerləşən 8 saylı evin bir otaqlı 10 saylı mənzilini sahibindən - X4 20.000 (iyirmi min) manat dəyərində alıb, orada məskunlaşmışdır. X8 aralarında alqı-satğını o dövr üçün hüquqi sənəd sayılan həmin ərazidə yerləşən 38 saylı Notariat kontoru tərəfindən təsdiq olunmuş aktla rəsmiləşdirmişdir. Akt onun qohumu X11, onun tanışlarından X15, X5 tərəfindən imzalanmışdır. X13 mənzili ona satdıqdan sonra Rusiya Federasiyasına köçmüş, o, isə ailə üzvləri ilə birlikdə hal hazıradək həmin mənzildə məskunlaşıb, yaşayır. Müəyyən səbəblərdən indiyədək mənzilə heç bir hüquqi sənəd ala bilməmişdir. Dəfələrlə Nizami RİH-yə şifahi müraciət etsə də, müsbət nəticəsi olmamış, ərizə ilə müraciət etdikdə isə mənzilə dair hüquqmüəyyənedici sənəd olmadığını əsas tutub, kirayə müqaviləsinin bağlanmasının qeyri mümkünlüyü barədə cavab verilmişdir. Nizami RİH onun Ermənistan SSR-dən qaçqın düşməyini, notariat orqanının təsdiq etdiyi aktı, həmin mənzilin 31 ilə yaxın sahibliyində, istifadəsində olmasını, “Qaçqın və Məcburi köçkünlərin sosial prpoblemlərinin həlli ilə bağlı” ölkə Prezidentlərinin sərəncamlarını, eyni zamanda Qaçqın və Məcburi köçkünlərin mənzil şərtaitinin yaxşılaşdırılması və sosial problemlərinin həlli ilə bağlı “Dövlət Proqramı”nı nəzərə almadan, hüquqmüəyyənedici sənəd tələb edir. O, qaçqın düşdükdən sonra həmin mənzili sahibindən alıb, 1992-ci ildən ailə üzvləri ilə birlikdə orada məskunlaşmışdır. Başqa yaşayış yeri də yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6933/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6933/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçı, X13, X11, X15 və X2 iştirakları ilə tərtib və Bakı şəhəri 38 saylı notariat kontorunda notarial qaydada təsdiq olunmuş 15 dekabr 1992-ci il tarixli aktın surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 8 ünvanında yerləşən 10 saylı 1 otaqlı mənzili X12 20.000 (iyirmi min) manat ödəməklə təhvil almışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********77 №li xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanının dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. - Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 3/124 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Nizami rayonu, Əli Vəliyev küçəsi 8 saylı yaşayış evi Dövlət mənzil fonduna daxil olub, Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır və 28 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xidməti ərazisində yerləşir. - Bakı şəhəri, X9 İcraiyyə Komitəsi tərəfindən verilmiş 04 fevral 1992-ci il tarixli 124584 №-li mənzildəyişmə orderinə əsasən vətəndaş X13 Nizami rayonu Əli Vəliyev küçəsi 8 nömrəli evin sahəsi 16,22 kv. m. olan 1 (bir) otaqlı 10 nömrəli mənzilin kirayəçisi sayılır. Göstərilən mənzildə vətəndaş X13 və arvadı Lidiya Andreyevna 20 fevral 1992-ci ildən daimi pasport qeydiyyatındadırlar. 1990- cı illərdə baş vermiş məlum hadisələrlə əlaqədar, vətəndaş X13 və arvadı X14 yaşadıqları mənzili tərk edərək, naməlum ünvana getmişlər.1992-cı ilin may ayında Laçın rayonu və kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Laçın rayonunun Narışlar kəndindən məcburi köçkün olan vətəndaş X1 Vəliyev küçəsi 8 saylı evin 1 otaqlı 10 nömrəli mənzilində məskunlaşmışdır. Hal-hazırda X10 4 nəfər ailə tərkibi ilə həmin mənzilində yaşayırlar (özü 1965-ci il, arvadı X3, 1968-ci il, oğlu X6 -2002-ci il, qızı X7 2008-ci il). Vətəndaş İddiaçı haqqında 28 saylı Mənzil Kommunal İstismarı sahəsində heç bir məlumat yoxdur. - Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin qeyd olunan məktubuna Bakı şəhəri, X9 İcraiyyə Komitəsi tərəfindən verilmiş 04 fevral 1992-ci il tarixli 124584 №-li mənzildəyişmə orderi, 0060-72 saylı Şəxsi hesab vərəqinin surəti və Qaçqınların qeydiyyat kitabından çıxarış əlavə olunmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-17420/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəxs müəyyən edilməmişdir. - İddiaçının hazırkı iddia tələbinə cavabdeh inzibati orqan Nizami RİH tərəfindən verilmiş 62- 091 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, həmin mənzilin ona verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlər RİH-yə təqdim edilmədiyindən məsələnin müsbət həlli imkanları xaricindədir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinə əsasən: Azərbaycan vətəndaşları dövlətin və ya ictimai qurumların mülkiyyətində olan mənzillərdən kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq istifadə etmək hüququna malikdirlər (10-cu və 28-ci maddələr). Mənzil verilməsi haqqında qərar yerli icra hakimiyyəti orqanı tərəfindən vətəndaşa yaşayış sahəsi orderi vermək yolu ilə həyata keçirilir (48-ci maddə). Order orada göstərilən mənzilə sahib olmaq (48-ci maddə) və kirayəçi ilə mənzil istismarı təşkilatı arasında yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlamaq (51-ci maddə) üçün yeganə hüquqi əsasdır. Mənzillərdən istifadə hüququ müddətsiz olaraq verilir (10-cu maddə). Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır (51-ci maddə). Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir (52-ci maddə). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icraədarın ailə üzvləri hesab edilə bilərlər (53-cü maddə). İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər (54cü maddə). SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər (83-cü maddə). İcarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur (84- cü maddə). 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6-cı maddəsinə görə uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət edərək, Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsində yerləşən 8 saylı evin bir otaqlı 10 saylı mənzilinə onunla kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh müraciətin təmin edilməsindən imtina edərək, qeyd etmişdir ki, həmin mənzilin ona verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlər RİH-yə təqdim edilmədiyindən məsələnin müsbət həlli imkanları xaricindədir. Daha sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbini təmin etməmişdir. Belə ki, İddiaçı mübahisə predmeti olan mənzildə faktiki yaşamadığından və həmin mənzilə dair qanunda nəzərdə tutulmuş heç bir hüquqmüəyyənedici sənədi (qərar, sərəncam və ya order və s.) olmadığından onun mənzilin icarədarı sayılmaqla onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İPM-nin: 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6933/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6933/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-417/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-417/2024
30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver