Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-417/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi, pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının vəkili-nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(112)-7343/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli №3-17-l/2-Ə291656/2023 saylı pensiya işi üzrə artıq ödənilmiş pensiya məbləğinin əmək pensiyasından tutulması haqqında sərəncamın ləğv edilməsi və təyin olunmuş pensiyanın əsassız dayandırıldığı xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanaraq ödənilməsi, hal-hazırki vaxtadək əsassız tutulmuş məbləğlərin geri ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi (vəkili) elektron qaydada məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbi “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı təqvim ili ilə 28 il 06 gün, güzəştli şərtlərlə (imtiyazlı) isə ümumilikdə 33 il 2 ay 15 gün olmaqla hərbi xidmət dövrü keçmiş və 15 may 2021-ci il tarixdə (əmr № 825) Dövlət Sərhəd Xidmətindən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Bununla əlaqədar iddiaçıya hərbi pensiya təyin edilmişdir. Məlumat üçün bildirilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə yenidən hərbi xidmətə qəbul edilmişdir. Buna istinad edilərək xx.xx.2023-cü il tarixdən iddiaçının əmək pensiyası dayandırılmış, hal-hazırda isə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş əmək pensiyasına əsasən iddiaçının əmək pensiyasından tutulmalar həyata keçirilir. Bundan əlavə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək iddiaçıya təyin olunmuş əmək pensiyası qanunsuz olaraq dayandırılmışdır. Cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci, 37.3.1-ci,37.3.2- ci, 37.3.4-cü maddələrinə istinad edilərək iddiaçıya qalıq artıq ödəmələrin müəyyən edilməsi haqqında ərizə göndərilmişdir. İddiaçı hesab edir ki, İnzibati orqanın əmək pensiyasında tutulma barədə dəlilləri qanunsuzdur, əsassızdır və işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir. Cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci, 37.3.1-ci, 37.3.2-ci, 37.3.4-cü maddələrinə istinad etməsi qanunsuzdur, çünki qeyd edilən dövr üçün də cavabdeh iddiaçıya əmək pensiyasını ödəmək öhdəliyini daşıyırdı. Qanunvericiliyə əsasən, əmək pensiyası təyin edilmiş şəxsin daha sonra xidmətə bərpa edilməsi və ya hər hansı formada əmək fəaliyyətini davam etdirməsi onun əmək pensiyasının dayandırılmasının əsası qismində çıxış etmir. Əksinə, şəxsə əmək pensiyası təyin edildikdən sonra da onun əmək fəaliyyətini həyata keçirməsi mümkündür ki, qanunvericilik həmin qrup şəxslər üçün işləyən əmək pensiyaçısı statusunu müəyyən etmiş, həmin şəxslərin sonradan işləməyən əmək pensiyaçısı statusu müəyyən edildiyi təqdirdə isə əmək pensiyasının hansı qaydada ödənilməsi ilə bağlı qaydaları təsbit etmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, İddiaçı “qərarın ləğvi və tutulmuş pensiya məbləğinin ödənilməsi” tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldırmışdır. Hesab edilir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Bildirilir ki, iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada iddiaçıya 3 sentyabr 2021-ci il tarixindən Mərkəzi Filial tərəfindən 33 il 2 ay 15 gün (təqvimi xidmət illəri 28 il 6 gün, güzəştli xidmət illəri 5 il 2 ay 9 gün) xidmət müddətinə görə təminat xərcliyinə (2632,45 manat) uyğun olaraq, 2171,77 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı xidmətdən ehtiyata buraxıldıqdan sonra iddiaçının yenidən xidmətə qəbul edildiyi aşkar edilib. Mərkəzi Filiala təqdim edilmiş məlumatlara əsasən 10 noyabr 2021-ci il tarixindən yenidən hərbi xidmətə qəbul edilmişdir. Müvafiq araşdırma ilə əlaqədar iddiaçının əmək pensiyası 01 iyun 2023-cü il tarixindən dayandırılıb. Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Buna görə də, iddiaçının əmək pensiyası cari ilin avqust ayında yalnız sığorta hissəsindən ibarət olmaqla bərpa edilib. Eyni zamanda, əmək pensiyasının sığorta hissəsi illər üzrə indeksləşdirilməklə 218,93 manat (xx.xx.2021xx.xx.2021 -ci il tarixləri arasındakı dövr üzrə 184,60 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə 190,87 manat, xx.xx.2023-cü il tarixindən etibarən isə 218,93 manat) məbləğində müəyyən edilib. Həmçinin iddiaçının əmək pensiyası xx.xx.2021-ci il tarixindən yenidən hesablanaraq ona ümumilikdə 41923,28 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 41923,28 manat pul vəsaiti razılıq ərizəsinə əsasən cari ilin avqust ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir (qalıq artıqödəmə 41640,44 manat təşkil edib). Bundan başqa, 9 oktyabr 2023-cü il tarixindən iddiaçının yenidən ehtiyata buraxılması ilə əlaqədar əmək pensiyası yenidən hesablanaraq cari ilin noyabr ayında tam məbləğdə müəyyən edilib. Eyni zamanda, keçmiş müddət üçün yenidən hesablanaraq ona ödənilməli olan 1387,87 manat pul vəsaiti müəyyən edilib. Eyni zamanda bildirilir ki, iddiaçının müraciətinə əsasən əmək pensiyasının yenidən hesablanması aparılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1 -ci maddəsinə əsasən Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1 -ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 06 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. İddiaçının əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 14054,06 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sonuncu dəfə işdən azad olduğunu 09 oktyabr 2023-cü il tarixinə 14054,06 manat pensiya sığorta kapitalını Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 339 aya bölünməklə (14054,06:339 (65 il-46 il 10 ay=218 ay+121 ay (144 ay-23 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı))=41,46 manat) həmin tarixədək mövcud olmuş əmək pensiyasının (2171,77 manat) üzərinə əlavə edilərək pensiya məbləği 2213,23 (2171,77+41,46) manat müəyyən edilib. Eyni zamanda, 10 oktyabr 2023-cü il tarixindən hesablanaraq ona ödənilməli olan 70,71 manat pul vəsaiti müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1 -1 -ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, iddiaçıya artıq ödənilmiş qalıq 41640,44 manat vəsaitdən ona ödənilməli olan ümumilikdə 1458,58 (70,71+1387,87) manat vəsait çıxılaraq büdcəyə bərpa edilib. 01 dekabr 2023-cü il tarixinə qalıq artıqödəmə 40181,86 manat təşkil edir. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3-17-1 /2-Ə-137672/2023 nömrəli məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuşdur. xx.xx.2023-cü il tarixində iddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıqödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmişdir. Yekun olaraq Mərkəzi Filial tərəfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-13323/2023 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, “İnzibati İcraat Haqqında” Qanunun tələblərinə tam əməl edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir.
5. Bakı İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(112)-7343/2024 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
6. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məlumat üçün bildirlir ki, iddiaçı hazırda işləmir. Pensiyasından tutulmuş məbləğlər onun dolanışıq xərclərinin ödənilməsinə kifayət qədər mənfi təsir edir. Odur ki, ödənilmiş əmək pensiyası məbləğindən tutulma, eləcə də xidmətə bərpa olunan müddətdə əmək pensiyasının dayandırılması qanuna zidd olmuş və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.İskəndərova apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. İş materiallarından görünür ki, Dövlət Sərhəd Xidməti tərəfindən Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən Məlumat Vərəqinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır. Hərbi (xüsusi) rütbəsi – Polkovnik Vəzifəsi (tarif dərəcəsi) – DSX SD Sərhəd dəstəsinin rəisi Təqvim illəri – 28 il 0 ay 06 gün Güzəştli xidmət illəri – 05 il 02 ay 09 gün Cəmi: iş stajı və xidmət illəri – 33 il 02 ay 15 gün
11. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyası təyin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən (pensiya hüququnun yarandığı tarixdən) müddətsiz əmək pensiyası təyin edilmişdir (pensiyanın məbləği 2171,77 manat).
12. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən cavabdeh orqana ünvanlanan xx.xx.2023-cü il tarixli məktubla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.4 və 38-ci maddələrinin tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qulluq keçən və eyni zamanda qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslərin siyahısı təqdim edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qulluq stajına görə əmək pensiyasına əlavə alan hərbi qulluqçuları və işçiləri haqqında məlumat: № Soyadı, adı, atasının adı Qulluq növü Vəzifəsi Əlavə təyin olunmuş SHXŞDX-ddə vəzifədən ehtiyata buraxılma yenidən xidmətə (azad olma) tarixi (işə) qəbul olunma tarixi 3 İddiaçı Hərbi qulluqçu Baş idarə xx.xx.2021 xx.xx.2021 rəisi
13. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Aktda qeyd olunmuşdur ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı (bundan sonra-maraqlı şəxs) vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-17-1/2- Ə137672/2023 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunub. Maraqlı şəxs xx.xx.2023-cü it tarixində Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edilib. Maraqlı şəxsə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borclu olduğu, lakin ona hal-hazırda əmək pensiyasının tam məbləğdə ödənildiyinin müəyyən edildiyi barədə ətraflı məlumat verildi. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənildi. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsi İnzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirildi. Bu barədə 2 nüsxədə akt tərtib edildi. Aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanılır, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olunur.
14. İddiaçı tərəfindən cavabdeh orqana ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ona artıq ödənilmiş vəsaitin pensiyadan 10% tutulmasına etiraz etmir.
15. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 13323/2023 nömrəli Qərarına əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 2740,13 manat, hesablamadan sonra 218,93 manat məbləğində müəyyən olunmuşdur.
16. İddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2024-cü il tarixli əmək pensiyasından tutmanın dayandırılması barədə ərizəsinə əsasən, təyin olunmuş pensiyanın əsassız dayandırıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanaraq ödənilməsi və əmək pensiyasından tutulmanın dayandırılması, həmçinin, əsassız geri alınmış məbləğlərin ödənilməsi, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il tarixli 3173 №-li Sərəncamına əsasən 2022-ci ilin yanvarın 01-dən etibarən pensiya məbləğin 10% miqdarında aylıq maddi yardım əlavə edilməsini, bundan sonra yaranan pensiya məbləğinin Azərbaycan Respublikası Prezidentinin 2023-cü il tarixli 3749 №-li Sərəncamına əsasən 2023-cü il yanvarın 01-dən etibarən həmin məbləğin 14,7% miqdarında indeksləşdirilməklə artırılması barədə aidiyyatı göstəriş verilməsi xahiş olunmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; (“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular;
20. İddia tələbinin məzmunundan görünür ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, pensiyadan tutulmanın qanunsuz hesab edilməsini və tutulmuş məbləğin geri qaytarılmasını xahiş etmişdir.
21. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisənin həlli üçün cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarının qanuniliyi yoxlanılmalıdır.
22. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Dövlət Sərhəd Xidməti tərəfindən Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən Məlumat Vərəqinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmış və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyası təyin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən (pensiya hüququnun yarandığı tarixdən) müddətsiz əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən cavabdeh orqana ünvanlanan xx.xx.2023-cü il tarixli məktubla təqdim olunan “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qulluq stajına görə əmək pensiyasına əlavə alan hərbi qulluqçuları və işçiləri haqqında” məlumata əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə SHXÇDX-də yenidən xidmətə (işə) qəbul olunmuşdur. - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 13323/2023 nömrəli Qərarına əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 2740,13 manat, hesablamadan sonra 218,93 manat məbləğində müəyyən olunmuşdur. Qərar əsasında iddiaçının əmək pensiyası 2023-cü ilin avqust ayından yalnız sığorta hissəsindən ibarət olmaqla bərpa edilmiş və xx.xx.2021-ci il tarixdən yenidən hesablanaraq ümumiilikdə 41923,28 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir.
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən, bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır.
24. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən yalnız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci (bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri), 20.1.14-cü (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla), 20.1.18-ci (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş miqrasiya orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya orqanları işçiləri istisna olmaqla), 20.1.20-ci (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) maddələrində göstərilən şəxslərə münasibətdə qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdıqda həmin əlavənin ödənilməsinin dayandırılması istisna edilmişdir. İddiaçı isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.11-ci maddəsində nəzərdə tutulan vəzifələrdə çalışan şəxslər (qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular) kateqoriyasına daxildir və Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır, əmək pensiyasının yalnız sığorta hissəsi ödənilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən).
25. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yenidən xidmətə başladığı barədə məlumat əldə edildikdən sonra ona münasibətdə qulluq stajına görə əmək pensiyasına əlavənin ödənilməsinin dayandırılması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir (Xidmətə bərpa edildiyi dövrdə qanunvericiliyin tələbinə əsasən əmək pensiyasının yalnız sığorta hissəsi ödənilmişdir). İddiaçı yenidən hərbi xidmətdən tərxis olunduqdan sonra sonra qulluq stajına görə əmək pensiyasına əlavənin ödənilməsi davam etdirilmişdir (bərpa edilmişdir).
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.
27. Məhkəmə eyni zamanda nəzərə alır: - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Aktda qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmışdır. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə137672/2023 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunmuşdur. Maraqlı şəxs (iddiaçı) xx.xx.2023-cü it tarixində Mərkəzi Filiala gəlmiş və vəzifəli şəxslər tərəfindən qəbul edilmişdir. Maraqlı şəxsə (iddiaçıya) “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borclu olduğu, lakin ona hal-hazırda əmək pensiyasının tam məbləğdə ödənildiyinin müəyyən edildiyi barədə ətraflı məlumat verilmişdir. Daha sonra maraqlı şəxsin (iddiaçının) mülahizələri dinlənilmişdir.
28. Belə ki, adıçəkilən Qanunun 37.3.4-cü maddəsinin konkret tələbindən göründüyü kimi 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. 20.1.11-ci maddə isə bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçuları nəzərdə tutur.
29. Qeyd olunan səbəbdən də hesab edilir ki, iddia tələbi xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi hissəsində əsassızdır və rədd edilməlidir.
30. Məhkəmə kollegiyası iddia tələbinin pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbi “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.
31. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
32. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair iddiaçının razılıq ərizəsi olsa da, cavabdeh orqanın buna dair Qərarı mövcud deyil. Həmçinin qeyd olunmalıdır ki, xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehə razılıq ərizəsi (artıq ödənilmiş vəsaitin pensiyadan 10% tutulmasına etiraz etməməsi) ünvanlasa da, sonradan həmin tutulmalar onun maddi durumuna mənfi təsir göstərdiyindən və onu əhəmiyyətli dərəcədə ziyana məruz qoyduğundan, xx.xx.2024-cü il tarixdə iddiaçı digər bir ərizə ilə (əmək pensiyasından tutulmanın dayandırılması barədə) cavabdehə müraciət etmişdir.
33. Qeyd olunan hal isə pensiya orqanına artıq ödənildiyi ehtimal edilən məbləğin məhkəmə qaydasında geri tələb edilməsinə dair iddia qaldırılmasına əsas verir. Lakin, məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı hazırkı iddia tələbi ilə pul tutulmalarının aparılması ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirir və tələb bir hissədə pul məbləğinin tutulmasının qadağan edilməsi və məbləğin geri qaytarılması ilə bağlıdır, məhkəmə cavabdehin iddiaçıdan pul məbləğinin tutulması ilə bağlı hərəkətlərinin qanuni olub-olmamasına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsi ilə tələb olunan yeni məhkəmə mübahisəsinin yaranmaması, prosessual qənaət prinsipləri nəzərə alınmaqla qiymətləndirməsini zəruri sayır və ümumilikdə iddia tələbinin göstərilən qadağan etmənin tətbiq edilməsinin qanuni olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan aranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
35. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır.
36. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır.
37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində əmək pensiyası artıq ödənilmişdir ki, məhkəmə hesab edir ki, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz.
38. Belə ki, əmək pensiyasının artıq ödənilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir.
39. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun tutulması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə və ya faktiki xarakterli hərəkət qanunsuz əlverişli hərəkət hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq pulun tutulması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir.
40. Qeyd olunanları nəzərə almaqla, məhkəmə kollegiyası hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir.
41. Məhkəmə kollegiyası, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir.
42. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir.
43. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).
44. Göründüyü kimi inzibati orqan tərəfindən səhv hesablama nəticəsində artıq pensiya ödənilsəydi belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir.
45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
46. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(112)- 7343/2024 saylı qərarı qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı halhazırki vaxtadək əsassız tutulmuş məbləğlərin geri ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilmədidir.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(112)-7343/2024 saylı qərarı qismən, yəni pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən artıq ödəmə adı ilə pensiyadan tutulma qanunsuz hesab edilsin və xx.xx.2023-cü il tarixdən artıq ödəmə adı ilə pensiyadan tutulmuş pul vəsaitinin iddiaçıya (İddiaçı) geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Bakı İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(112)-7343/2024 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov