Məhkəmə qərarları › İş №2-1(103)-4170/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4170/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4170/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti; subyektiv hüquq”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), X8 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin iddiaçının atasına mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-751/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1041 saylı Sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 300 kv m torpaq sahəsi Qarabağ müharibəsi veteranı olduğuna görə İddiaçı (bundan sonra – iddiaçı) verilmişdir, lakin həmin vaxt şəxsiyyət vəsiqəsi olmadığına görə atası X5 adına sənədləşdirilmişdir.

2. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 300 kv m torpaq sahəsinə adına çıxarış verilməsindən ötrü cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə iddiaçının ərizəsi təmin edilməmişdir.

3. Bundan sonra iddiaçı AR ƏN-nin 7 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisinə ərizə ilə müraciət edərək xx.xx.2016-cı il tarixdə vəfat etmiş alası - X2mış miras əmlaka (Bakı şəhəri,Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 300 kvm torpaq sahəsi) dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, həmin notariat ofisi cavabdehə müraciət edərək miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarış verilməsini xahiş etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli cavabı ilə notariat ofisinin rəsmi müraciəti təmin edilməmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 300 kv m torpaq sahəsinin adına şəxsi mülk kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən və hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olan 300 kv metr torpaq sahəsinin iddiaçının atası X6 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1041 saylı Sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 300 kv m torpaq sahəsi Qarabağ müharibəsi veteranı olduğuna görə iddiaçıya verilmişdir, lakin həmin vaxt şəxsiyyət vəsiqəsi olmadığına görə atası X5 adına sənədləşdirilmişdir. X12 Qurbanoviç xx.xx.2016-cı il tarixdə vəfat etmişdir, o, hələ sağlığında xx.xx.2010-cu il tarixdə qeyd edilən torpaq sahəsini Bakı şəhər 28 saylı Dövlət Notariat Kontorunda iddiaçıya vəsiyyət etmişdir.Torpaqların alqı-satqısına dair akta əsasən Səbail Bələdiyyəsinə qeyd etdiyi torpaq sahəsinə görə pul köçürülmüş və həmin qəbz Bələdiyyəyə təqdim edilmişdir. Torpaq sahəsinin çizgisi tərtib edilmiş və Bələdiyyə sədri tərəfindən təsdiq edilmişdir. Lakin qeyd etdiyi alqı-satqıya dair aktda tarix, bələdiyyənin adı və köçürdüyü pulun məbləği və qəbz qeyd edilməmişdir. Bununla əlaqədar iddiaçı həmin bələdiyyəyə şifahi qaydada müraciət etmiş, bələdiyyədən isə bildirilmişdir ki, 2004-cü ilə aid Bələdiyyədə olan arxiv sənədləri məhv edilmiş, əvvəlki Bələdiyyə sədri isə cinayət məsuliyyətinə cəlb edilmişdir.İddiaçı qeyd etdiyi ünvandakı torpaq sahəsinə adına çıxarış verilməsindən ötrü cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli cavabı ilə ərizəsi təmin edilməmişdir.Bundan sonra iddiaçı AR ƏN-nin 7 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisinə ərizə ilə müraciət edərək xx.xx.2016-cı il tarixdə vəfat etmiş alası - X2mış miras əmlaka (Bakı şəhəri,Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 300 kvm torpaq sahəsi) dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, həmin notariat ofisi cavabdehə müraciət edərək miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarış verilməsini xahiş etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli cavabı ilə notariat ofisinin rəsmi müraciəti təmin edilməmişdir.İddiaçı bununla əlaqədar ərizə ilə Azərbaycan Respublikasının Prezidenti X13 müraciət etmiş, ərizəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə göndərilmiş, həmin təşkilatın xx.xx.2023-cü il tarixli cavabı ilə ərizəsi təmin edilməmiş, əsas kimi isə alqı-satqı aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmədiyi qeyd edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən alqı-satqı aktının hazırda təsdiq edilməsi qeyri-mümkündür. Səbail rayon Blədiyyəsinin arxivi isə yuxarıda qeyd etdiyi kimi məhv edilmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, elektron kadastr məlumatına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına daxil olmaqla dövlət mülkiyyətindədir. Həmçinin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair bələdiyyə qərarı deyil, sərəncam təqdim edilmişdir.Bundan əlavə təqdim olunan “Torpaqların alqı-satqısına dair akt” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir, eyni zamanda təqdim edilmiş cizgidə istinadlar, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən mövqeyi mqəyyənləşdirmək mümkün olmamışdır.Qeyd olunanlarla yanaşı vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim edilməmişdir.Həmçinin göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat təqdim edilməmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-751/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1041 saylı Sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 300 kv m torpaq sahəsinin ona ayrılmasını və atasının adına sənədləşdirilməsini göstərsə də Səbail Bələdiyyəsi xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı torpaq ayrılmasına dair Səbail bələdiyyəsinin arxiv sənədlərində heç bir sənəd aşkar edilməmişdir, eyni zamanda məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş cavabda qeyd edilmişdir ki, Səbail Bələdiyyəsinin sənədləri həmin arxivdə aşkar edilməmişdir, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2023-cü il tarixli, məhkəmənin sorğusuna cavab olaraq ünvanlamış məktubuna əsasən Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1041 nömrəli sərəncamı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində qeydiyyata alınmamışdır, iddiaçı tərəfindən isə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin tələblərinə ziddinə olaraq onda olan sərəncam əsasında torpaq üçün torpağın haqqının cavabdehə ödənilməsi barədə qəbz, alqı-satqı müqaviləsi və ya protokol təqdim edilməmişdir.

10. Eyni zamanda birinci instansiya məhkəməsi qərarının 5-ci səhifəsinin 3-cü abzasında onu da qeyd etmişdir ki, məhkəmənin təyin etdiyi mütəxəssis rəyinin alınması barədə qərardadı ilə bağlı verilmiş mütəxəssis rəyindən iddiaçının iddia ərizəsində göstərilən torpaq sahəsinin "Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olması, yəni bələdiyyə orqanının sərəncam vermək səlahiyyətinin olmadığı torpaq olması müəyyən edilmişdir.

11. Məhkəmə mübahisəli əraziyə yerinə müayində aparan zaman müəyyən etmişdir ki, mübahisəli ərazi boş sahədən ibarətdir, ətrafında bir-iki yarımtikili fərdi evlər mövcuddur, mübahisəli ərazinin iddiaçının faktiki istifadəsində olmasına dəlalət edən heç bir əlamət müəyyən edilməmişdir.

12. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının mübahisəli torpaq sahəsi ilə əlaqədar subyektiv hüququ mövcud deyildir, buna görə də İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 22 ünvanında yerləşən və hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olan 300 kv metr torpaq sahəsinin iddiaçının atası X6 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamalıdır.

13. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-751/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:

1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır, işin halları İPM-in 12 və 58-ci maddələrinin tələbləri pozulmaqla mübahisə üzrə yekun qərar qəbul etməyə yetəcək həcmdə və qaydada araşdırılmadığı üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Nəticədə iddiaçının hüquqi marağı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 300 kv m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarış verilməsinin təmin olunmasıdır.

27. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 300 kv m torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum atası X7 məxsusluq arayışının verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Birinci instansiya məhkəməsi iddiaçının hazırki vəziyyətdə subyektiv hüququ olmadığı üçün onun verdiyi “torpaq sahəsinin iddiaçının atasına mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu bildirib iddia tələbini mümkün hesab etməmişdir.

29. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsi bələdiyyə üçün ayrılımış torpaq sahəsi olmadığından, yəni dövlət mülkiyyətində olduğundan buna görə bələdiyyə orqanının həmin torpaq sahəsi üçün sərəncam vermək səlahiyyəti olmadığından iddiaçının mübahisəli torpaq sahəsi ilə əlaqədar subyektiv hüququ da mövcud deyildir. Qeyd edilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 22 ünvanında yerləşən və hazırda iddiaçının sahibliyində və istifadəsində olan 300 kv metr torpaq sahəsinin iddiaçının atası X6 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamalıdır.

30. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının subyektiv hüququnun mövcud olub-olmaması ilə bağlı məsələ ətraflı araşdırılmamışdır.

31. Belə ki, iş materiallarına əsasən Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli Bələdiyyə ərazisində olan 300 kv.m torpaq sahəsinin vətəndaş X5 adına sənədləşdirilməsi barədə sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 300 kv m torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir.

32. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin 1041 nömrəli, xx.xx.2004-cü il tarixli Bələdiyyə ərazisində olan 300 kv.m torpaq sahəsinin vətəndaş X5 adına sənədləşdirilməsi barədə sərəncamının sonradan ləğv edilməsi və ya etibarsız hesab edilməsi işin hazırkı halları ilə müəyyən edilmir. Həmin bələdiyyə sərəncamı hazırda qüvvədədir.

33. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, sözügedən torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir.

34. Belə ki, Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli Bələdiyyə ərazisində olan 300 kv.m torpaq sahəsinin vətəndaş X5 adına sənədləşdirilməsi barədə sərəncamı iddiaçının subyektiv hüququnun olmasını sübuta yetirir.

35. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Səbail Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı torpaq ayrılmasına dair Səbail bələdiyyəsinin arxiv sənədlərində heç bir sənəd aşkar edilməmişdir. eyni zamanda məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş cavabda qeyd edilmişdir ki, Səbail Bələdiyyəsinin sənədləri həmin arxivdə aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2023-cü il tarixli, məhkəmənin sorğusuna cavab olaraq ünvanlamış məktubuna əsasən Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1041 nömrəli sərəncamı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində qeydiyyata alınmamışdır. İddiaçı tərəfindən isə "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələblərinə ziddinə olaraq onda olan sərəncam əsasında torpaq üçün torpağın haqqının cavabdehə ödənilməsi barədə qəbz, alqı-satqı müqaviləsi və ya protokol təqdim edilməmişdir.

36. Yuxarıda qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası bildirir ki, X1 arxivə təhvil verilməsi iddiaçının deyil, dövlət orqanının vəzifəsidir. Sözügedən Sərəncamın arxivə təhvil verilməməsi də iddiaçının subyektiv hüquqa malik olmasını istisna etmir. Həmçinin, 7 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinin 16 oktyabr 2022-ci il tarixli, 578 nömrəli məktubu da hazrkı iddianının qaldırılması üçün iddiaçının subyektiv hüququnu təmin edir.

37. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan əsaslarla iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlməsi qanuni olmamışdır. Belə ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün qüvvədə olan hüquq müəyyənedici sənədi mövcuddur, hansı ki, həmin inzibati aktın ləğv edilməsi, geri çağırılması və qüvvəsini itirməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, 300 kv.m torpaq sahəsinin Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin 1041 nömrəli, xx.xx.2004-cü il tarixli Sərəncamı ilə vətəndaş X5 adına sənədləşdirilməsi barədə sərəncam verilmiş və həmin Sərəncam da hazırda da qüvvədədir. Həmin inzibati akt hazırkı iddianın qaldırılması üçün iddiaçıya subyektiv hüquq imkanını yaradır. Digər tərəfdən Kollegiya qeyd edir ki, iddiaçının göstərdiyi torpaq sahəsinin bələdiyyə üçün ayrılmış torpaq sahəsi olmaması əsasından irəli gələrək iddia tələbinin mümkün sayılmama əsası yalnız iş üzrə mahiyyətə təsir edən haldır və həmin əsas iddiaçının subyektiv hüququnu istisna edə bilməz.

38. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halların araşdırılması və onlara hüquqi qiymət verilməsi məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, obyektiv qanunauyğun qərarın qəbulu üçün tələb olunan araşdırmanın həcmi xidməti vəzifəsinə görə məhkəmə tərəfindən müəyyən edilməli və belə qərarın qəbulu üçün yetərli olmalıdır. Bu mənada hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir.

39. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

40. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

41. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

42. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

43. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

44. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”

45. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı hazırkı məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olduğundan, iddia mümkün iddiadır və mahiyyəti üzrə baxılmalıdır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-751/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar