Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4173/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhəd oğlunun sədrliyi və məruzəsi ilə, Mədətli Fərid İlham oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respubilkası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusu və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-14354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respubilkası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan Azərbaycan Respubilkası Müdafiə Nazirliyinin iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respubilkası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusu və vəsiqənin verilməsi” tələbinə dair 2-1(112)-14354/2025 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası ilk öncə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü yoxlanılarkən ilk öncə araşdırılmalı hal aidiyyət qaydalarına uyğun olaraq iddianın verilib-verilməməsidir. Belə ki, birinci instansiya məhkəməsi ilkin olaraq hazırki işə baxmaqda səlahiyyətli olub-olmamasını düzgün müəyyənləşdirməli idi. Məhkəmə və ərazi aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə və hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik isə işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yaradır, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. İşin faktiki hallarından görünür ki, iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinə 01 oktaybr 2021-ci il tarixdə qüvvəyə minmiş yeni dəyişikliklərə əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə müvafiq olaraq fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Yuxarıda göstərilənlərdən göründüyü kimi iş materiallarında olan iddiaçıya məxsus AA seriyalı, 287644 nömrəli məcburi köçkün vəsiqəsində qeyd olunmuşdur ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonunda məskunlaşmışdır. (iş v. 19) Həmçinin, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 55 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 056389 nömrəli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonunda məskunlaşmışdır. (iş v. 18) Göründüyü kimi, hazırki iddia tələbi üzrə üzərinə müvafiq vəzifənin qoyulmasının tələb edildiyi cavabdehin yurisdiksiyası birdən çox inzibati məhkəməni əhatə etdiyindən, hazırki iş aidiyyəti üzrə baxılması üçün iddiaçının yaşayış yeri (qeydiyyatda) olduğu yer üzrə məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, iddiaçının hüquqlarının və qanuni maraqlarının qorunması, məhkəməyə əlçatanlığı, işə baxılmasında yarana biləcək çətinliklərin qarşısının alınması, şəxsin pozulması ehtimal edilən hüquqlarının səmərəli bərpa edilməsi məqsədilə işə Bakı İnzibati Məhkəməsində baxılması daha qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4173/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4173/2025
04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver