Məhkəmə qərarları › İş №2-1(103)-4174/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4174/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4174/2025 30.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9863/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları.

1. İddiaçı xx.xx.2021-ci il tarixdə vergi orqanlarında ********** saylı VÖEN-lə fəaliyyət göstərən, əsas fəaliyyəti malların pərakəndə satışı olan, fəaliyyət ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan-X1 fiziki şəxsdir.

2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********7 nömrəli bildirişinə əsasən, iddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir.

3. Cavabdehin xx.xx.2025-ci il tarixli, **********9486 nömrəli Qərarı ilə, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 340226.81 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2025-tarixədək 340226.81 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat.

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ğdəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsulliyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********9486 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı bildirir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vergi uçotuna alınmış (VÖEN: **********) və əsas fəaliyyət sahəsi malların pərakəndə satışı olmuşdur. Fəaliyyət göstərdiyi təsərrüfat subyekti (obyekti) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-X2 Qərbi ünvanında yerləşməklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən olduğu yer üzrə xx.xx.2024-cü il tarixdə vergi uçotuna alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi mağazada operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Nəzarət tədbiri zamanı təsərrüfat subyektində (obyektində) hər hansı qaydada malların satışı olmamış və eləcə də obyektdə hər hansı mal qalığı, malların əskik gəlməsi və ya malların uçotdan yayındırılması və s. hallar aşkar edilməmiş, həmçinin də digər əməliyyatlar aparılmamışdir. Bu fakt vergi əməkdaşları tərəfindən müvafiq akt tərtib edilməklə təsdiq edilmişdir. Nəzarət tədbirinin mövzusu üzrə mağazada real olaraq heç bir qanun pozuntu halı aşkar edilmədiyi halda, vergi əməkdaşları tərəfindən vergi qanunvericiliyinin tələblərinə və operativ nəzarət tədbirinin mahiyyətinə zidd olaraq xx.xx.2024-cü il tarixli DVX seriyalı 104680 nömrəli Akt tərtib edilərək guya mağazada ******* manat (ƏDV və ticarət əlavəsi daxil olmaqla) dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı ehtimal edilmişdir. Cavabdeh tərəfindən vergi qanunvericiliyinin tələbləri açıq-aşkar pozulmaqla tərtib edilmiş yoxlama aktı əsas tutulmaqla “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********9486 saylı inzibati qərar qəbul edilərək iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 340226,81 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Qanunla müəyyən edilmiş qaydada hüquq pozuntusu aşkar edilmədiyi halda ehtimal (şübhə) əsasında şəxsin vergi məsuliyyətinə cəlb edilməsi vergi və digər aidiyyəti qanunvericilik normalarının hüquqi mahiyyətinə tamamilə ziddir, sahibkarın Azərbaycan Respublikasının Konstitusiyası (maddə 59) ilə və digər qanun və normativ aktlarla qorunan azad sahibkarlıq hüquqlarının pozulmasıdır. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, cavabdeh inzibati orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********9486 nömrəli qərarı vergi qanunvericiliyinin tələblərinə və mövcud məhkəmə təcrübəsinə zidd olduğundan ləğv edilməlidir.

6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, operativ vergi nəzarəti tədbiri keçirilən tarixə iddiaçının aktiv olan 1 obyekti mövcud olmuşdur ki, həmin obyektin fəaliyyət növü "Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət” olmuşdur. Bildirirlər ki, vergi orqanlarının mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatlar vergi ödəyicisinin fəaliyyətində vergidən yayınma hallarının olmasını ehtimal etməyə əsas vermiş, fəaliyyəti təhlil edilmiş və operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********1932 nömrəli Qərar qəbul edilmişdir. Baş İdarənin "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı əsasında İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Bakı-X2 qərbi ünvanında yerləşən obyektdə "Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə- faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı qəbul edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 104679 nömrəli akta əsasən, vergi ödəyicisinin sahibliyində olan obyektdə heç bir mal qalığının olmadığı müəyyən edilmişdir. Keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə əsasən, operativ vergi nəzarətini əhatə edən dövr üzrə 2.826.743,17 manat dəyərində mal idxal edilməsinə, obyektin anbar tipli olmasına və həmin obyektin tamamilə boş olmasına (mal qalığı-sıfır) baxmayaraq elektron qaimə-faktura təqdim etməklə heç bir mal satılmadığı müəyyən edilmişdir. Göstərilən hal nəzərə alınaraq, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulmaqla 3.402.268,08 manat məbləğində (18% ƏDV və 2% ticarət əlavəsi daxil) malın elektron qaimə-faktura təqdim edilmədən digər vergi ödəyicilərinə satıldığı müəyyən edilmiş, bu halı özündə əks etdirən xx.xx.2024-cü il tarixli DVX seriyalı 104680 nömrəli akt tərtib edilmişdir. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi sözügedən aktı imzalamaqdan imtina etmişdir. Əlavə olaraq, xx.xx.2024-cü il tarixdə bu halı təsdiqləyən sərbəst akt tərtib edilmişdir. Tərtib edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 104680 nömrəli akt əsasında qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********9486 nömrəli qərar ilə iddiaçıya 340.226,81 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 Baş İdarəyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışda qeyd etmişdir ki, "İddiaçı fəaliyyətindən tam xəbərdaram. Qeyd olunan obyektdən başqa obyektimiz yoxdur. Heç bir vergi ödəyicisinə saxlanca mal verməmişik, heç bir vergi ödəyicisindən saxlanca mal qəbul etməmişik. Ticarət əlavəmiz 2 faizdir, fiziki şəxsin iş vaxtları həftəiçi 5 gün olmaqla saat 09:00-dan 18:00dəkdir.” Maliyyə sanksiyasının tətbiq edilməsi əsasları ilə bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən 2.826.743,2 manat dəyərində olan mallara 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq etməklə 3.402.268,08 manata e-qaimə təqdim etmədən topdan qaydada Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbini pozaraq müxtəlif vergi ödəyicilərinə satması faktı aşkar olunmuşdur. Ticarət əlavəsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə malların üzərinə 2% ticarət əlavəsi tətbiq etməklə satışın həyata keçirilməsi barədə arayış təqdim edilmişdir. İddiaçıya məxsus təsərrüfat subyektinin fotoşəkillərinə nəzər yetirdikdə məlum olur ki, obyekt anbar tiplidir və pərakəndə ticarətin həyata keçirilməsi üçün lazımi şəraitə və heç bir göstəriciyə malik olmamışdır. Fotoşəkillərdən görünür ki, obyekt tamamilə ticarətə yararsız və tullantılarla dolu olmuşdur, eyni zamanda obyekt müştərilərin mütəmadi və sıx gediş-gəlişinin olmadığı məkanda yerləşir və bu hal pərakəndə ticarətin həyata keçirilməsi üçün ağlabatan deyildir. Həmin anbardan eqaimə olmadan topdan satış əməliyyatlarının həyata keçirilməsi birbaşa olaraq, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qanun pozuntusu hesab edilir. Həmçinin, qeyd edilməlidir ki, operativ nəzarətin həyata keçirildiyi zaman nəzarət-kassa aparatı təsərrüfat subyektində mövcud olmamışdır. Mütəmadi pərakəndə satışlarının olduğunu iddia edən iddiaçının sözdə pərakəndə obyektinin tullantılarla dolu olması, heç bir mal qalığının, heç bir vitrininin olmaması, eyni zamanda obyektdə kassa aparatının mövcud olmaması halı isə ağlabatanlıq meyarına uyğun gəlməməklə böyük sual doğuran məqam hesab edilməlidir. İddiaçı tərəfindən nəzarətkassa aparatı vasitəsilə aparılmış əməliyyatlar barədə hesabata nəzər yetirdikdə görürük ki, çeklərin əksər hissəsi çox qısa zaman aralığı ilə mədaxil olunmuşdur. Nəzarət-kassa aparatı ilə həyata keçirilmiş əməliyyatlara digər bir mövqedən yanaşaq. Vergi ödəyicisinin operativ vergi nəzarəti başlananadək olan idxal məlumatlarına baxdıqda, 734694 ədəd, 117864.69 kq mal idxal etdiyini görürük. Lakin kassa ilə satışında isə yalnızca 20 ədəd mal təqdim etdiyi görünür. Bu hal da əlavə sübut kimi kassa əməliyyatlarının nəzərə alınmamalı olduğunu labüd edir, eyni zamanda, iddiaçının idxal etdiyi 2.826.743,17 manat dəyərində malların hamısını kassa ilə pərakəndə satması iddialarını da təkzib edir. Ümumiyyətlə, bu hal, yəni topdansatış obyektlərindən satışın pərakəndə formada həyata keçirilməsi həmçinin, Vergi Məcəlləsi və AR Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə qadağan edilmişdir. Eyni zamanda bildirirlər ki, vergi ödəyicisinin vergi uçotuna alındığı vaxtdan indiki vaxtadək heç bir işçisi olmamışdır. Böyük həcmdə idxal əməliyyatları aparan vergi ödəyicisinin iri həcmli satış və ticarətlə bağlı digər əməliyyatlarını təkbaşına icra etməsi real və ağlabatan hal kimi qəbul edilməməlidir. Aydın məsələdir ki, iri həcmli mal partiyalarının faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə- faktura tərtib edilmədən) satışı birbaşa "kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Bu zaman həmin mal partiyaları "qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9863/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Nəzarət tədbiri zamanı mağazada hər hansı satış əməliyyatı olmadığı halda, xx.xx.2024-cü il tarixli 104680 saylıakt tərtib edərək guya mağazada (ƏDV və ticarət əlavəsi daxil olmaqla) ******* manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı ehtimal (şübhə) edilmişdir. Bu ehtimal (şübhə) əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********9486 saylı qərar qəbul edilərək iddiaçı 340226,81 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Qeyd edildiyi kimi, operativ vergi nəzarəti tədbiri zamanı malların satışının olmadığı və bu zaman obyektdə mal qalığının aşkar edilmədiyi, idxal edilmiş malların mağazada NKA vasitəsi ilə satıldığı və NKA-dan kənar malların satışının olmadığı, malalan şəxslərin fiziki şəxslər olduğu,elektron qaimə-faktura verilməli olan, lakin elektron qaimə-faktura təqdim edilməli olan sahibkarlıq subyektləri müəyyən edilmədiyi halda, heç bir qanuni əsas olmadan,əvvəllər başa çatmış əməliyyatlara (satılmış mallara) görə iddiaçı əsassız və qanunun tələblərinə zidd olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri zamanı malların elektron qaiməfaktura ilə satılması halıaşkar edilməmişdir. Cavabdeh operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələriniəsas tutmaqla formal olaraq akt tərtib etmiş, bununla da operativ vergi nəzarəti tədbirinin qanunla müəyyən edilmiş mahiyyətinə zidd olaraq inzibati qərarlar qəbul olunmuşdur. İşdə olan sübutlardan görünür ki, iddiaçı malların pərakəndə satışı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Malların “elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi” vergi orqanı tərəfindən “ehtimal” edilsə də belə malların hansı subyektiv tərkibə (sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərə və ya hüquqi şəxslərə) satılması müəyyən edilməmiş və bu fakt hər hansı mənbəyi bəlli olan real sübutla (sübutlarla) təsdiq edilməmişdir. Bildiririk ki, pərakəndə ticarət fəaliyyəti üzrə vergi tutulan əməliyyatın məbləğ həddi qanunvericilikdə nəzərdə tutulmamışdır. Pərakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə satılmasının topdansatış ticarət fəaliyyəti kimi qəbuledilməsi üçün işdə yetərli mötəbər sübut (sübutlar) mövcud deyildir. Məhkəmənin mövqeyinə görə iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyekti ticarət obyekti deyil, anbar təyinatlı olmuş, habelə iddiaçı malların pərakəndə deyil, topdan satışını həyata keçirmişdir. Məhkəmə bu nəticəyə gələrkən qeyd edilən təsərrüfat subyektinin (obyektinin) mağaza olmasına dair vergi orqanı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********2 nömrəli Arayışı nəzərə almamış,cavabdeh vergi orqanının əsassız mülahizəsinə nəzər yetirmişdir. Qeyd edilən Arayışa görə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcısının qərbi ünvanda yerləşən obyektin adı: Binə Ticarət Mərkəzi-MAĞAZA N 7- 4-41” kimi təsdiq edilmişdir. Kassa aparatının mağazada olmamasına gəldikdə isə bildiririk ki, nəzarət tədbiri zamanı mağazada malların satışı (təqdim edilməsi) həyata keçirilmədiyindən və mağazada satış üçün hər hansı mal qalığı olmadığından kassa aparatı iddiaçının şəxsi saxlancında olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 1.4.1-ci bəndinə əsasən NKA - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı aparılan pul hesablaşmaları barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet vasitəsilə ötürülməsi imkanına malik olan elektron avadanlıq hesab edilir. Yuxarıda qeyd edildiyi kimi, malların satışı (təqdim edilməsi) və eləcə də mağazada mal qalığı olmadığından NKA-nın mağazada olmaması qanun pozuntusu hesab edilə bilməz. Eyni zamanda nəzarət tədbiri zamanı vergi əməkdaşları NKA ilə bağlı hər hansı sorğu etməmişlər və bu barədə iddiaçının nümayəndəsinə təqdim etdikləri aktda hər hansı qeyd aparmamışlar. Bundan başqa, qanunvericiliyə görə nəzarət kassa aparatı malların (xidmətlərin) satışının həyata keçirildiyi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə qeydiyyata alınır. “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nda nəzarət kassa aparatının hansı formada saxlanılmasına dair müvafiq norma yoxdur.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında nəzarət-kassa aparatı vasitəsi ilə təqdim edilməsi həm Vergi Məcəlləsi, həm də AR Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə qadağan edilmişdir. Buna baxmayaraq, iddiaçının yuxarıda qeyd olunan fikrinə hər bir halda münasibət bildirərək qeyd edirik ki, həm iddia ərizəsində, həm apellyasiya şikayətində, həm də keçirilmiş məhkəmə prosesləri zamanı iddiaçı tərəf idxal olunmuş bütün malların nəzarət-kassa aparatı vasitəsilə satıldığını bəyan etsə də, buna dair heç bir təsdiqedici sənəd təqdim edə bilməmişdir. İddiaçı apellyasiya şikayətində “İş materiallarından görünür ki, iddiaçı malları pərakəndə satış qaydasında nəzarət kassa aparatı vasitəsi ilə satmışdır” fikrini qeyd etsə də, bildiririk ki, iş materiallarında bu fikri təsdiqləyən hər hansısa sənəd mövcud deyildir. Bunun əksinə olaraq, cavabdeh vergi orqanı yoxlamanın şamil edildiyi dövrə aid kassa aparatı məlumatlarını sübut qismində məhkəməyə təqdim etmişdir. Belə ki, yoxlamanın aid edildiyi xx.xx.2024 - xx.xx.2024cü il dövrü üzrə iddiaçı 2.826.743,17 manat dəyərində mal idxal etmişdir. Say etibarilə isə, idxal məlumatlarına əsasən, 734694 ədəd, 117864.69 kq mal idxal etdiyini görürük. Göstərilən bu məlumatları nəzarət-kassaya dair hesabatdakı məlumatlarla müqayisə etdikdə aydın olur ki, vergi ödəyicisinin kassa vasitəsilə satışı yalnızca 20 ədəd malı ehtiva edən 322 manat məbləğində olmuşdur. Yəni, təkrar olaraq qeyd edirik ki, idxal olunmuş mallarının hamısının kassa vasitəsilə satılmasına dair fikirlər reallığı əks etdirmir.

c) Proses iştirakçılarının izahatları

11. Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək,birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, cavabdehin nümayəndəsi verilmiş etiraza uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını məhkəmədən xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

13. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: maddə 13.2.62. pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. maddə 13.2.63. topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yä nız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

14. Azərbaycan Respublikası Prezidentin n 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən: Bənd 3.5. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının! istehsalı) üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların topdansatış ticarət fəaliyyətində istifadə üçün götürü məsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. bənd 3.6. Vergi ödəyicisinə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) topdansatış ticarət fəaliyyəti həyata keçirilən təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsi üçün, əlavə olaraq, “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” tərtib edilir. bənd 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS- terminaldan çıxarış verilir.

15. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən: bənd 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehiak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 1.3.4. ticarət (xidmət) obyekti ticatət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən, vergiödəyicilərinə mülkiyyət və ya digər əşya hüququ əsasında məxsus olan əmlak. bənd 3.5. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinə məxsus malların təsərrüfatdaxili hərəkəti (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. bənd 3.12. Vergiödəyicisi pərakəndə ticarətlə yanaşı, digər fəaliyyət növlərini həyata keçirdikdə, alınmış malları təyiıpatıpa uyğun olaraq ayrıca uçota almalıdır. Bu zaman həmin mallar “anbarda olan mallar’1, “pərakəndə ticarətdə olan mallar”, “dolu və boş taralar”, “satın alınan məmulatlar” “kirayə (yolda olan) mallar” və digər təyinatlar üzrə mədaxil edilir. bənd 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1-ci maddələrinə əsasən)

20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

21. Belə ki, iddiaçı “Vergi ğdəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsulliyə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********9486 nömrəli qərarın ləğv edilməsini tələb edir.

22. Cavabdeh orqan xx.xx.2025-ci il tarixli qərarını onunla əsaslandırır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri tərəfindən iddiaçının ünvanında keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024 tarixli 104680 №-li akt(lar)ına, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə baxıb müəyyən etmiş ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələbləri pozulmuşdur.

23. İşin faktiki hallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 340226.81 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

24. İşin apellyasiya baxışı zamanı Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən operativ vergi nəzarəti həyata keçirilən zaman İddiaçı xx.xx.2024cü il tarixdə qeydiyyata alınmış WP22261Q63201674 zavod nömrəli 1 nəzarətkassa aparatı mövcud olmuşdur (müvafiq təsdiqedici sənəd qoşmaya əlavə olunur). Sözügedən 20 ədəd mala dair əməliyyatlar da məhz qeyd olunan kassa aparatı vasitəsilə həyata keçirilmişdir. Əlavə olaraq bildiririk ki, sorğuda qeyd olunmuş xx.xx.2025-ci tarixdə qeydiyyata alınmış nəzarət-kassa aparatı OVN bitdikdən sonrakı dövrə aiddir.

25. İşdən göründüyü kimi iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyekti ticarət obyekti deyil, anbar təyinatlı olmuş, habelə iddiaçı malların pərakəndə deyil, topdan satışını həyata keçirmişdir.

26. Belə ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasımn tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

27. İstinad edilən normadan görünür ki, vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün ödəyici topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malları pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim etməlidir. Malların topdan satışı sahibkarlıq fəaliyyəti məqsədləri üçün mallların alıcıya təqdim edilməsini nəzərdə tutursa, pərakəndə satış son istehlak məqsədi üçün malalrın alıcıya təqdim edilməsini ehtiva edir. Pərakəndə satış ticarət obyektində, topdan satış isə o cümlədən anbarda həyata keçirilir.

28. Odur ki, iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyekti ticarət obyekti deyil, anbar təyinatlı olmuş, habelə iddiaçı malların pərakəndə deyil, topdan satışını həyata keçirmişdir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən nəzarətkassa aparatı vasitəsilə aparılmış əməliyyatlar barədə hesabatdan görünür ki, çeklərin əksər hissəsi çox qısa zaman aralığı ilə mədaxil olunmuşdur. Eyni zamanda vergi ödəyicisinin vergi uçotuna alındığı vaxtdan indiki vaxtadək heç bir işçisi olmamışdır. Böyük həcmdə idxal əməliyyatları aparan vergi ödəyicisinin iri həcmli satış və ticarətlə bağlı digər əməliyyatlarını təkbaşına icra etməsi həyatın normal axarına uyğun hesab olunmur. Həmçinin, qanunverici pərakəndə satış zamanı kassaya daxil edilən əməlyyatların həcmi ilə bağlı hər hansı bir tələb müəyyən etməsə də, iddiaçının operativ vergi nəzarəti başlananadək olan idxal məlumatlarına baxdıqda, 734694 ədəd 117864.69 kq mal idxal etdiyi görünür, lakin kassa ilə satışında isə yalnızca 20 ədəd mal təqdim etmişdir. İddiaçının fəaliyyət göstərdiyi obyektin faktiki vəziyyəti və yerləşmə yeri nəzərə alındıqda, 734694 ədəd 117864.69 kq mal ticarət qaydasında satılmasının mümkünlüyü həyatın normal axarına uyğun hesab olunmur.

30. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

31. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

32. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9863/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9863/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar