Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4177/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X17, X13, X18 və X19 cəlb olunmaqla) «qeydiyyatdan çıxarılma» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1835/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı X4, X2, X5 və X6 ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı özbaşına tikili olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində həm qeydiyyatdadır, həm də həmin yaşayış sahəsi 25 ildən artıqdır ki, onun sahibliyində və istifadəsindədir. İddiaçı nikaha daxil olduqdan sonra ərinə məxsus sözügedən yaşayış sahəsinə köçmüş və həmin vaxtdan etibarən orada ailəsi ilə birlikdə mübahisəsiz yaşamış, istifadə etmişdir. X17 iddiaçının baldızının qızıdır və Azərbaycan Respublikasında qeydiyyata alınması zərurəti ilə əlaqədar qohumları tərəfindən formal olaraq həmin yaşayış sahəsinə qeydiyyata alınmışdır. Digər şəxslər – X13, X18 və X19 isə X4 övladlarıdır və onlar sözügedən ünvanda yaşamasalar da analarının qeydiyyat ünvanında qeydiyyata alınmışlar. Qeyd olunan şəxslər sözügedən yaşayış sahəsində qeydiyyatda olmalarına baxmayaraq, burada heç vaxt yaşamamışlar. Bu hal Bakı şəhəri Nəsimi RİH Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı MKİS-in 23 fevral 2005-ci il tarixli 125 saylı, 21 aprel 2022-ci il tarixli 632 saylı və 7 mart 2023-cü il tarixli 356 saylı arayışları, həmçinin iddiaçının qonşularının Bakı şəhəri 14 saylı Notariat Ofisində verdikləri notarial ərizəsi ilə öz təsdiqini tapır. Sözügedən yaşayış sahəsində yaşayan və istifadə edən yeganə mülkiyyətçi iddiaçı X21r. Həmin yaşayış sahəsinə dair kommunal xidmətlər də hazırda iddiaçının adınadır və iddiaçı müntəzəm olaraq kommunal xidmətlərə görə pul ödəyir. Hazırda sözügedən yaşayış sahəsində qeyd olunan şəxslərin qeydiyyatda qalması iddiaçıya maddi cəhətdən ziyan vurduğundan o, əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Həmçinin bu hal iddiaçının mülkiyyətində olan evindən istədiyi kimi istifadə və sahiblik etməsinə, evinə dair sənədləşmələr aparmasına imkan vermir. Bu hal iddiaçının milli qanunvericilik və beynəlxalq hüquq normaları ilə qorunan mülkiyyət hüquqlarının pozulması deməkdir. Yeganə mülkiyyətçi olaraq iddiaçının iradəsidir ki, yaşayış sahəsinə heç bir hüququ olmayan şəxsləri qeydiyyatdan çıxarsın. Ona görə də hesab olunur ki, X17, X13, X18 və X19 iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmalıdırlar. İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilərək, ona məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə X4, X2, X5 və X6 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2007/2023 saylı 18 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sözügedən qərardadın 3-cü səhifəsində qeyd edilmişdir ki, cavabdehlərin həmin mənzildə yaşamasına əsas verən, iddiaçı ilə yaxın qohumluq (müvafiq yazılı razılaşma olmadan iddiaçıya məxsus evdə yaşama hüququ yaradan) münasibətləri olmadığından, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququ yaratmadığından, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin iddiaçıya məxsus olan mənzildən istifadə hüququ mövcud olmamışdır. Bundan əlavə, sözügedən qərardadla iddiaçıya müvafiq inzibati orqana müraciət etmək hüququ izah edilmişdir. Odur ki, iddiaçı ərizə, qərardad və digər zəruri sənədlərlə birgə cavabdeh Bakı şəhəri Nəsimi RPİ-yə müraciət etmişdir. Nəsimi RPİ tərəfindən qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə bağlı imtina verilmişdir. Hesab olunur ki, Nəsimi RPİ-nin imtinası tamamilə əsassızdır, qüvvədə olan qanunvericiliyə tamamilə ziddir. İddiaçı qanuni gözlənti hüququna malikdir. Belə ki, uzun illər ərzində sözügedən yaşayış sahəsindən mübahisəsiz istifadə etdiyinə və yeganə mülkiyyətçisi olduğuna görə öz hüquqlarını gələcəkdə rəsmiləşdirmək niyyətindədir. Hazırda faktiki mülkiyyətçi kimi yaşayış sahəsinə sahiblik və istifadə hüquqları olduğuna görə hesab olunur ki, adıçəkilən şəxslər qeydiyyatdan çıxarılmalıdırlar. Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (latridis Yunanıstana qarşı iş üzrə 25 mart 1999-cu il tarixli Qərar, № 31107/96, § 54). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 27 may 2010-cu il tarixli Qərar, № 18768/05, § 103). X4, X2, X5 və X6 uzun müddət ərzində sözügedən yaşayış sahəsində yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələri ilə əlaqədardır. Belə ki, X1 yaşayış sahəsindən artıq 1989 – 1990-cı illərdən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, sözügedən yaşayış sahəsi ilə əlaqəsini tamamilə kəsmişdir. Odur ki, onların uzun bir bir müddət ərzində yaşayış sahəsində yaşamaması hər hansı üzürlü səbəblə əlaqədar ola bilməz. Buna görə də iddia təmin edilərək, həmin şəxslər qeydiyyatdan çıxarılmalıdırlar. Şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 27.1-ci maddəsinə, İPM-in 2.2.3, 34.1-ci maddələrinə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 2, 9-cu maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qannunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsaslanaraq, X4, X2, X14, X6 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması ilə bağlı qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə X17, X13, X18 və X19 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1835/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsindən alınmış 28 dekabr 2022-ci il tarixli məktubda qeyd olunur ki, ünvan 3 ünvanında dövlət qeydiyyatına alınmış 4 fərdi yaşayış evi ilə bağlı məlumat aşkar edilmişdir. Həmin ünvan rekvizitlərinə malik fərdi yaşayış evi X7, digər 184 saylı fərdi yaşayış evi isə paylı mülkiyyət hüququ üzrə X9 (2/12 hissə), X20 (1/12 hissə), X10 (1/12 hissə), X11 (2/12 hissə), X8 (2/12 hissə), X12 (2/12 hissə), X3 (2/12 hissə) xüsusi mülkiyyətindədir. Eyni ünvan göstəriciləri ilə digər iki fərdi yaşayış evindən biri X15, digəri isə X16 mıxsusdur. Qeyd olunan fərdi yaşayış evləri üzərində sorğuda sadalanan fiziki şəxslərin (X17, X13, X18 və X19) istifadə və ya məhdud əşya hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyil. Belə olan təqdirdə onun hazırki iddianı qaldırmaqda subyektiv hüqunun olması istisna edilir. Məhkəmə kolegiyası qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia qanunvericiliklə nəzərdə tutulmuş mümkünlük şərtlərini ödəmədiyindən inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1835/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4177/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4177/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver