Məhkəmə qərarları › İş №2-1(103)-4178/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4178/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-4178/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon Idarəsi) “qərarın ləğv edilməsi, hərbi xidmətə yararlı sayılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası iclasının İddiaçı barədə qəbul etdiyi ##.##.2024-cü il tarixli **/**** nömrəli qərarı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair ##.##.2024-cü il tarixli qərarının, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ##.##.2024-cü il tarixli əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair hərbi xidmətə yararlı sayılması barədə müsbət rəy verilməsi öhdəliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə İddiaçı müddətli həqiqi hərbi xidmətini davam etdirməsi üçün Azərbaycan Ordusunun müvafiq hərbi hissəsinə təyin olunması və xidmət yerinə təhvil verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş “Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair” ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə onun şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair hərbi xidmətə yararlı sayılması barədə qərar qəbul edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi icraata qəbul edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cavabdehlər sırasından çıxarılmışdır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon Idarəsi iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Kadir Əlican oğlunun barəsində “Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair” ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair hərbi xidmətə yararlı sayılması barədə qərar qəbul edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi öhdəliyi qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı barəsində 107.1 XBT kodu, “Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin 39-cu maddəsinin (Ürəyin revmatik və qeyrirevmatik xəstəlikləri) “Ç” bəndinin 1-ci qrafasının “B” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra iddiaçı yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün ##.##.2024-cü il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Yekun tibbi müayinə zamanı təqdim edilmiş tibbi sənədlərə əsasən məlum olmuşdur ki, çağırışçı 2014-cü ildə ablasiya əməliyyatı olunmuşdur. Həkim-terapevt tərəfindən ona baxış keçirilmiş və diaqnozun dəqiqləşdirilməsi üçün EXO və EKQ müayinələrinə göndərilmişdir. Aparılmış EKQ müayinəsi nəticəsində sinus ritmi norma daxilində olmuş, həmçinin hiss dəstəsinin sağ ayaqcığının natamam blokadası diaqnozu təyin edilmişdir. Həyata keçirilmiş EXO kardioqramma müayinəsi nəticəsində (ASD, VSD, PDA, PS, KoA izlənilmədi. Aorta normaldır. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya pozulmayıb, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF = 66%). Aortal və Mitral qapaqlar normaldır. Min MR. Min TR. Perikard təmizdir.) də ürək çatışmazlığı qeydə alınmamışdır. Beləliklə, aparılmış müayinələr nəticəsində “Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq” diaqnozu öz təsdiqini tapmamış və qəbul həkimi tərəfindən Əsasnamənin 2-1.13-cü yarımbəndinə uyqun olaraq çağırışçının sağlamlıq vəziyyətinə dair rəy formalaşdırılmış və həmin rəy tibbi müayinə nəticələri və digər sənədlər əlavə edilməklə yekun tibbi müayinəyə dair qərarın qəbul edilməsi üçün müvafiq Tibbi qiymətləndirmə komissiyasına göndərilmişdir. Çağırışçıda müayinə nəticələri əsasında ürək çatışmazlığı aşkar edilmədiyi, lakin 2014-cü ildə ablasiya əməliyyatı olunduğu üçün tibbi qiymətləndirmə komissiyası tərəfindən hərbi xidmətə yararlılığının göndərişdə qeyd edilən kateqoriya üzrə deyil, Xəstəliklər Cədvəlinin 39-cu maddəsinin “C” bəndinin 1-ci qrafasının “C” kateqoriyası (sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır) üzrə təsdiqlənməsinə dair ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir. Iddiaçı həmçinin yekun tibbi müayinə nəticəsində qəbul edilən müvafiq qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurasına şikayət etmiş, Apellyasiya Şurasının ##.##.2024-cü il tarixli **/**** nömrəli Protokolu ilə “İddiaçı barəsində yekun tibbi müayinəyə dair qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılması” qərara alınmışdır. Həmçinin məhkəmə yekunda Agentliyin üzərinə ##.##.2025-ci il tarixli qərarı ləğv etməklə İddiaçı şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair hərbi xidmətə yararlı sayılması barədə qərar qəbul etmişdir. Məhkəmə qərarının nəticə hissəsindən Agentliyin vətəndaşı yenidən hərbi xidmətə yararlı sayılması barədə qərar qəbul etməsi üçün yenidən yoxlanışa dəvət etməli olduğu aydın olur ki, bu da öz növbəsində qanunvericiliyin tələblərinə ziddir. Belə ki, məhkəmə Agentliyin ##.##.2025-ci ildə qəbul edilmiş qərarına qanunsuz əlverişsiz inzibati akt kimi yanaşsa da, davamında vətəndaşın yenidən şəhadətləndirilməsi-qərar qəbul edilməsi üçün yeni bir öhdəlik qoymuşdur. Halbuki ##.##.2025-ci il tarixli qərarın ləğv edildiyi təqdirdə Agentliyin əvvəlki ##.##.2025-ci il tarixli qərarı yenidən qüvvəyə minir. Vətəndaşın cari tarixdə yenidən şəhadətləndirilməsi hüquq pozuntusuna gətirib çıxarır. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hazırki iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilməlidir. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı ##.##.2002-ci il təvəllüdlüdür. Iddiaçı İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon Idarəsi tərəfindən 2024-cü ilin iyul çağırışına cəlb edilərək, öyrənilmiş, hərbi həkim komissiyasında tibbi müayinədən keçirilmiş və sağlamlıq vəziyyəti ilə əlaqədar ##.##.2024-cü il tarixdə X2 əlavə tibbi müayinəyə göndərilmişdir. Tibb müəssisəsi tərəfindən müayinə edildikdən sonra barəsində tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda qeyd olunan diaqnoza uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinədən keçirilmiş və verilmiş qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələbləri ilə hərbi xidmətə yararlı sayılmışdır. Bundan sonra iddiaçı müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissəyə təyin olunmuş və ##.##.2024-cü il tarixdə xidmət yerinə təhvil verilmişdir. Iddiaçı müddətli həqiqi hərbi xidmət keçdiyi dövrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə cavabdehin ##.##.2024-cü il tarixli qərarı daxil olmuş və həmin qərarla iddiaçının “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nə əsasən “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməsinin qərara alındığı qeyd olunmuşdur. Həmin qərarın icrasının təmin edilməsi ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edilmişdir. Cavabdehin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinə” dair ##.##.2024-cü il tarixli Qərarı ilə iddiaçının barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Idarəsi tərəfindən göndərilən göndərişdə (Forma 44) göstərilən yararsızlıq səbəbinin fərqli kateqoriya üzrə təsdiqlənməsi barədə Qərar qəbul edilmişdir. Iş materiallarında olan N nömrəli Hərbi hissə komandirinin ##.##.2024-cü il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və «əsgər» hərbi rütbəsi verilməklə müvafiq vəzifəyə təyin olunmuşdur. Iş materiallarında olan N nömrəli Hərbi hissə komandirinin ##.##.2024-cü il tarixli *** nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəlik cədvəlinin İ qrafasının 39-cu maddəsinin “c” bəndi ilə “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” şəhadətləndirildiyinə görə “Hərbi xidmət keçmək” haqqında Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) həmin tarixdən ehtiyata buraxılmış, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinə göndərilmişdir (Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ##.##.2024-cü il tarixli *** nömrəli sərəncamı). Göründüyü kimi, iddiaçı müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətə aparılsa da, sonrada “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməklə “Hərbi xidmət keçmək” haqqında Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) həmin tarixdən ehtiyata buraxılmışdır. Iddia ərizəsinin məzmunundan və iddia tələbindən görünür ki, iddiaçı onun barəsində qəbul edilmiş həqiqi hərbi xidmətə yararsız hesab edilməsi barədə qərarı, hərbi xidmətdən ehtiyata buraxılması barədə əmri mübahisələndirməklə iddiaçının hüquqi marağı müddətli həqiqi hərbi xidmətini davam etdirməkdir. Ilkin iddia tələbində iddiaçı bununla bağlı bir neçə cavabdehə qarşı müvafiq sənədləri mübahisələndirsə də, sonradan iddia tələbini dəqiqləşdirərək cavabdeh qismində yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini saxlamış və iddia tələbində cavabdeh tərəfindən qəbul edilmiş “Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair” ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsini, cavabdehin üzərinə onun şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair hərbi xidmətə yararlı sayılması barədə qərar qəbul edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Iddia tələbi qeyd olunan formada icraata qəbul edilmiş və təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisələndirilən qərarı ləğv edilsə də, iş materiallarından göründüyü kimi, iddiaçı artıq Hərbi hissə komandirinin ##.##.2024cü il tarixli *** nömrəli əmri ilə “Hərbi xidmət keçmək” haqqında Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) həmin tarixdən ehtiyata buraxılmış, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinə göndərilmişdir. Qeyd olunan əmr hazırda qüvvədədir və belə olan halda iddiaçı müddətli həqiqi hərbi xidmətini davam etdirə bilməz. Bu isə iddia tələbinin yuxarıda qeyd olunan qaydada formalaşdırılmasının iddiaçının hüquqi marağına uyğun olmadığını göstərir. Qeyd olunanlara əsasən iddiaçının hazırki icraatda irəli sürdüyü tələblərin sonradan ayrıca iddia tələbi kimi yenidən verildiyi halda iddia müddətlərinin buraxılmasının mümkünlüyü nəzərə alınmalı, məhkəmə tərəfindən iddiaçının hüquqi marağı düzgün müəyyən edilməli, iddia tələbinin iddiaçının hüquqi marağına uyğun formalaşdırılması üçün iddiaçıya hüquqi yardım göstərilməli, bir neçə cavabdehə qarşı müxtəlif tələblərin bir icraatda baxılmasının mümkün olub-olmamasına qiymət verilməli, mümkün olmadıqda ayrıca icraatda baxılmasının məqsədəuyğunluğu müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı düzgün müəyyən edilmədən və buna uyğun prosessual hərəkətlər yerinə yetirilmədən verilmiş iddianı düzgün həll etmək mümkün deyildir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələlərə diqqət yetirməmiş, bununla əlaqədar iddiaçıya hüquqi yardım etməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilməlidir. Inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməli olduğundan apellyasiya şikayəti iddianın təmin edilməməsi hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə yenidən baxılarkən birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini ödəyib-ödəməməsi hallarına öz xidməti vəzifəsinə uyğun olaraq qiymət verməlidir. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ləğv edilsin. Inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar