Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-418/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, cavabdeh X3 Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3751/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, X4 Dövlət Texniki Universiteti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 106105 ******* nömrəli diplom üzrə ali təhsil sahəsində aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamaışdır. Qərardadın əsaslarına görə, “... iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdehə xx.xx.2017-ci il tarixdə müvafiq ərizə ilə müraciət etmiş və cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edilməsinə dair iddiaçıya xx.xx.2017-ci il tarixli 23- 0440-ANİ nömrəli məktub ünvanlamışdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixli 23-04-40-ANİ nömrəli imtina məktubunu aldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə həmin imtinanı mübahisələndirməmiş və hazırkı tələblə xx.xx.2020-ci il tarixdə təkrar cavabdeh orqana müraciət etmişdir. İş materiallarında olan X3 Agentliyinin xx.xx.2020-ci il tarixli S-64/03-TKTA nömrəli məktubunun məzmunundan görünür ki, həmin məktub imtina məktubu deyil, sadəcə cavabdehə xx.xx.2017-ci il tarixli 23-04-40-ANİ nömrəli imtina məktubunun verilməsinə dair məlumat xarakterli məktubdur. ... Göründüyü kimi, mövcud qanunvericilikdə inzibati orqana müvafiq ərizə ilə təkrar müraciət etməsi üçün konkret əsaslar nəzərdə tutulsa da, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının hazırkı tələblə təkrar olaraq müraciət etməsi üçün həmin əsaslar mövcud olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, yeni əsaslar mövcud olmadığı üçün və inzibati orqan tərəfindən əvvəllər müvafiq qərar qəbul edildiyi üçün ərizə baxılmamış saxlanılaraq məlumat xarakterli cavab verilmişdir. Beləliklə, iddiaçı cavabdehin xx.xx.2017-ci il tarixli 23-04-40-ANİ nömrəli imtina məktubundan həmin vaxt məlumatlı olduğu halda məhkəmədə xx.xx.2020-ci il tarixdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə iddia qaldırmışdır.” Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddiaçının ikinci müraciətinə cavabdehin məktubunu yeni müraciət kimi qəbul etməməklə səhvə yol vermişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, iddiaçının cavabdehə xx.xx.2020-ci il tarixli ərizəsindən göründüyü kimi, o, yalnız “xarici ali təhsil ixtisasının tanınmasından imtinaya dair müvafiq ünvana göndərilmiş məktubu, zərurət yarandığı üçün ona yenidən təqdim edilməsini” xahiş etmiş, başqa sözlə, diplomun tanınması tələbi ilə cavabdehə müraciət etməmişdir. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin sübuta yetirilməsi yükü iddiaçının üzərindədir. Bu baxımdan, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.2, 33.1 və 35.1-ci maddələri). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Lakin, məcburetmə haqqında hazırkı iddianın mümkün sayılması üçün iddianın qanunla nəzərdə tutulmuş müddətdə verilməsi şərtinə iş üzrə əməl olunmur. Belə ki, İPMin 38.2-i maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının diplomun tanınması tələbi ilə bağlı xx.xx.2017-ci il tarixli müraciətinə baxılması İşdə olan, iddiaçının nümayəndəsi V.Səlimova ünvanlanan xx.xx.2020-ci il tarixli S- 64/03-TKTA nömrəli məktubunda cavabdeh göstərmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixli elektron müraciətinin nəticəsi barədə ona xx.xx.2017-ci il tarixdə 23-04-40/ANİ nömrəli məktub elektron ərizəsində qeyd etdiyi ünvana göndərilmişdir. “İnzibati icraat haqqında” AR Qanununun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Cavabdeh iddiaçıya ünvanlanan xx.xx.2017-ci il tarixdə 23-04-40/ANİ nömrəli məktubdan müəyyən edilir ki, iddiaçının diplomunun tanınması haqqında müraciətinin təmin olunmasından, ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı əsas gətirilərək, imtina edilmişdir. İddia ərizəsindən görünür ki, ərizə xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuş, bununla da İPM-in 38.2-ci maddəsində təsbit olunan 30 günlük müddət iddiaçı tərəfindən “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən ötürülmüşdür. İPM-in 24.4-cü maddəsinə əsasn isə, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşmır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlili qərardadın ləğvinə əsas vermir. Odur ki, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3751/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-418/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-418/2021
01.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver