Məhkəmə qərarları › İş №2-1(103)-418/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-418/2022

24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-418/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi vəkil X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6078/2021 saylı, 16.08.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: ı. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı İPM-in 2.2.2-ci maddəsinə müvafiq olaraq, məhkəməyə məcburetmə haqqında iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 57 yaşdan, yəni 16.03.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia, İPM-in 35-ci maddəsinin tələblərinə uyğun verilmişdir, iddianın məhkəmə icraatı mümkündür. İddianın əsaslarına görə iddiaçı, 1979-cu il tarixdən etibarən, təhsil və hərbi müddəti də nəzərə alınmaqla, 25 ildən çox ümumi iş staj, 12 il 06 aydan çox isə güzəştli iş staj toplamışdır. Onun güzəştli stajı üzrə işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda, həmçinin, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. O, güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı üçün cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatna imkan vermədyini və ümumi iş stajının 25 ildən az olması səbəbi ilə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, həmin imtina əsassızdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, yaş və staj məsələsində keçmiş qanunvericiliyin tətbiqinə imkan yaratsa da, pensiya kapitalı kimi digər məsələlər üçün belə bir istisna nəzərdə tutulmur. İddiaçı isə pensiya kapitalı ilə bağlı tələbə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağaı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40.800 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21.695,05 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6078/2021 saylı, 16.08.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni 16.03.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddələrinə istinadən onunla əsaslandırmışdır ki, qanunvericilikdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün üç şərt müəyyənləşdirilir: yaş, staj və pensiya kapitalı.Qeyd olunan yaş və staj məsələsində keçmiş qanunvericiliyin tətbiqinə imkan yaratsa da, pensiya kapitalı kimi digər məsələlər üçün belə bir istisna nəzərədə tutulmur. İddiaçı isə pensiya kapitalı ilə bağlı tələbə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40.800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığrta hissəsində qeydə alınan pensiya kapitalı, cəmi, 21.695,05 manat təşkil edir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi vəkil D.Qurbanova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahatında iddiaçının 2006-cı ilə qədər qüvvədə olan pensiya qanunvericiliyinə görə həm 25 ildən çox ümumi, həm də 12 il 6 aydan çox əl qaynaq işlərində çalışmasına dair xüsusi stajının mövcud olduğunu, bu baxımdan ona fərdi pensiya kapitalı tələb olunmadığını bildirərək, cavabdehin apellyasiya şikayətinin dəliləri ilə razılaşmamış və birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü və orta ixtisas təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsinndə 23200000-19906 şrifti altında əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli pensiya hüququ verən peşə kimi göstərilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddələrinə istinadən onun tərəfindən “2006-cı il tarixinədək qüvvədə olan pensiya qanunvericilyinin tətbiq edilməli olduğu və güzəştli şərtlərlə pensiya təyin olunması üçün iddiaçının müvafiq yaş həddinə çatdığı və onun azı 25 il ümumi, bu stajın 12 il 6 aydan çoxunu 2 nömrəli Siyahısının Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsinndə 23200000-19906 şriftində nəzərdə tutulan güzəştli pensiya hüququ verən “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsində çalışdığı mübahisələndirilmir. Hər bir halda, iddiaçının iş materiallarına (şəxsiyyət vəsiqəsinə (Mingəçevir ŞPŞ 12.04.2014)) əmək kitabçasının (02.01.1980) surətinə, orta ixtisas təhsilinə dair Mingəçevir Peşə məktəbinin 12.05.2020-ci il tarixli 03 N-li arayışına və attestatına (20.07.1979), hərbi biletinə (21.05.1980 Mingəçevir h/k), əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1961-cı ildə doğulmuş, 57 yaşı 16.03.2018-ci il tarixində tamamlanır və 2006cı ilə qədər onun aşağıdakı kimi iş stajı müəyyən olunur: 01.09.1978 - 20.07.1979 Mingəçevir Şəhər Texniki Peşə Məktəbində təhs”armaturçuelektrik qaynaqçısı” ixtisası üzrə təhsil ( 10 ay 19 gün); 20.07.1979 - 19.05.1980 Mingəçevir Qum-Beton zavodunda (hazırda Mingəçevir Qum-Çınqıl ATSC) elektrik qaynaqçısı (08 ay); 21.05.1980 - 15.05.1982 hərbi xidmət (1 il 11 ay 25 gün); 11.05.1982 - 02.04.1992 həmin zavodda elektrik qaynaqçısı (09 il 10 ay 23 gün); 03.04.1992 - 01.07.1992 1 saylı X2-Çınqıl kərxanası operator (02 ay 29 gün); 01.07.1992 - 04.01.1999 Mingəçevir Qum-Beton zavodunda elektrik qaynaqçısı (6 il 6 ay 3 gün); 04.01.1999 -30.01.2004 “Cahangir 93” firmasında qaynaqçı ( 5 il 26 gün); İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, onun 01.01.2006-cı il tarixinədək azı 25 ildən çox ümumi stajı yaranır. Göründüyü kimi, cavabdehin imtina məktubunda və onun iddia ərizəsinə etirazında iddiaçının 25 il iş stajının olmadığını mübahisələndirən dəliləri əsassızdır. Həmin stajın isə 12 il 6 ayından çoxunu 2 nömrəli Siyahısının Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsinndə 23200000-19906 şriftində nəzərdə tutulan “əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində çalışmışdır. Belə ki, işə əlavə olunmuş Mingəçevir Qum-Çınqıl ATSC-nin arayışına (iş vərəqi 43) və hazırkı mərhələdə məhkəmə sorğusuna əsasən cəmiyyətin verdiyi 28 saylı 8 fevral 2022-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, 20.07.1979-04.01.1999-cu il tarixinədək, yəni, 19 il 5 ay 14 gün dən də çox iddiaçı əl ilə elektrik qaynaqçısı peşəsində çalışmışdır. Beləliklə də iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə müvafiq olaraq azı 25 il ümumi və 12 il 6 ay güzəştli pensiya hüququ verən xüsusi peşə stajı və ona həmin stacına görə güzəştli şərtələrlə pensiya təyin edilməsi üçün 57 yaşı mövcuddur. Lakin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, cavabdeh hesab edir ki, iddiaçı 57 yaşdan güzəştlə şərtlərələ pensiya təyin edilməsi üçün 2006-cı ilə kimi zəruri olan iş stajına malik olsa da, onun hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verçn pensiya kapitalı da mövcud olmalıdır. Məhkəmə kollegiyası cavabğdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi düzgün təfsir olunmur. Belə ki, Qanunun qeyd olunan normasının mənasından açıq-aşkar göründüyü kimi, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən, güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək staja malik olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunvericiliyə müvafiq surətdə təyin edilir. Belə olan halda, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqindən söhbət gedə bilməz. Qanunun 9.8-ci maddəsinin tələbi qaydasında tətdiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin redaksiyası (1-ci hissəsinin «b» bəndi) isə nəzərdə tutur ki, sözügedən 2 nömrəli Siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Sözügedən maddəyə 13.06.1997-ci il 321-İQD saylı Azərbaycan Respublikası Qanunu ilə edilən dəyişikliklə, 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək, hər il 6 ay artırılaraq, 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etdiyini və iddiaçının da qeyd olunan iş stajının 2000-ci ildən sonra 2006-cı ilə qədər tamamlındığı nəzərə alınmaqla, iddiaçının 57 yaşının tamam olduğu 16.03.2018-ci il tarixindən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmış olur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin, iddiaçının fərdi hesabınada “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq minimum pensiya təminatına imkan verən pensiya kapitalının mövcud olmadığını və onun güzəştli pensiya yaş həddinə çatmadığını mübahisələndirən dəlilləri əsassızdır. Cavabdehin işə əlavə olunmuş sonuncu imtina məktubundan göründüyü kimi, pensiya təyin olunması barədəiddiaçının müraciəti ona 18.08.2020-ci il tarixində daxil olmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən Qanunun qeyd olunan prosedur qaydasına uyğun olaraq da, iddiaçıya onun müraciəti etdiyi 18.08.2020-ci il tarixindən əvvəlki üç il çərçivəsində 57 yaşının tamam olduğu 16.03.2018-ci il tarixindən, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixindən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün müvafiq pensiya kapitalına malik olmadığını vurğulayaraq, dolayısı ilə birinci instansiya məhkəməsinin qərarının maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6078/2021 saylı, 16.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6078/2021 saylı, 16.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar