Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4182/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ünvan 1 ünvanda yerləşən "xxxx" yaşayış kompleksinin 4-cü binasında, 4-cü blok, 2-ci mərtəbə, 1 saylı mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-10615/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən "xxxx" yaşayış kompleksinin 4cü binasında, 4-cü blok, 2-ci mərtəbə, 1 saylı mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankın Şərifzadə filialı) ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 22 aprel 2025-ci ildə elektron ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə "xxxx" MTK-dən aldığı mənzilə görə ödədiyi 84.694,17 manat ödənişin ƏDV-nin geri qaytarılması üçün müraciət etmişdir. Müraciətinə cavab olaraq cavabdehin 29 aprel 2025-ci il tarixli, **********231600 saylı qərarı ilə imtina məktubu göndərilmişdir. Hesab edir ki, cavabdehin qəbul etdiyi qərar qanunsuz və əsasızdır. Belə ki, həmin qərarın 2.2-ci maddəsində qeyd olunmuşdur ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasmda tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasımn yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin. Hesab edir ki, ünvan 1 ünvanda yerləşən "xxxx" yaşayış kompleksinin 4-cü binasında, 4-cü blok, 2-ci mərtəbə, 1 saylı mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankın Şərifzadə filialı) ötürülməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. İşin faktiki halı budur ki, ünvan 1 ünvanda yerləşən "xxxx" yaşayış kompleksinin 4-cü binasında, 4-cü blok, 2-ci mərtəbə, 1 saylı mənzilin satılması ilə bağlı onunla "xxxx" MTK arasında xx.xx.2023-cü il tarixli 0772 saylı payçı müqaviləsi bağlanmışdır. "xxxx" MTK tərəfindən verilən xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən mənzilin pay dəyəri onun tərəfindən tam olaraq ödənilmişdir. "xxxx" MTK tərəfindən verilən xx.xx.2025-ci il tarixli 067 saylı ƏDV məbləğinin depozit hesabına ödənilməsinə dair Arayışda qeyd olunur ki, 12.919.45 manat ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. Qeyd olunan ödənişləri həyata keçirmək üçün xx.xx.2022-ci tarixdən proqram təminatında müvafiq düzəlişlər edilərək, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ödənişi həyata keçirmək üçün texniki imkan yaradılmışdır. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin ümumi dəyərinin (ƏDV daxil 84693.00 manat) 78458.98 manatının satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. ... İddiaçı tərəfindən xx.xx.2022, xx.xx.2022ci il tarixlərdə ödənilmiş ödənişlərlə bağlı bildirilir ki, mənzilin dəyərinə görə ödənilmiş məbləğin ƏDV-nin qismən əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunvericilik mənzilin dəyərinin tam şəkildə Qaydalara uyğun ödənilməsi halında ƏDVnin əvəzləşdirilməsini təsbit etmişdir. Müvafiq mövqe Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(102)-477/2025 saylı qərarında öz hüquqi təsbitini tapmışdır. Belə ki, həmin qərarda aşağıdakılar qeyd edilmişdir: “... mənzilin dəyərinə görə ödənilmiş məbləğin ƏDVnin qismən əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunvericilik mənzilin dəyərinin tam şəkildə Qaydalara uyğun ödənilməsi halında ƏDV-nin əvəzləşdirilməsini təsbit etmişdir. Odur ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mənzilin dəyəri üzrə aparılan ödəniş Qaydalara uyğun olmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur”. Bakı İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(112)-10615/2025 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia rədd edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən "xxxx" yaşayış kompleksinin 4-cü binasında, 4-cü blok, 2-ci mərtəbə, 1 saylı mənzilin satılması ilə bağlı iddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2023-cü il tarixli, 0772 saylı payçı müqaviləsi bağlanmışdır. "xxxx" MTK tərəfindən verilən xx.xx.2025-ci il tarixli maliyyə arayışa əsasən mənzilin pay dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. "xxxx" MTK tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 067 saylı ƏDV məbləğinin depozit hesabına ödənilməsinə dair Arayışda qeyd olunur ki, 12.919.45 manat ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli İlkin ödəniş tapşırığı əsasən yaşayış sahəsinə görə əsas məbləğ 42.372,88 manat və xx.xx.2023-cü il tarixli ilkin ödəniş tapşırığı ƏDV ilə bağlı 7.627,12 manat ödəniş tapşırıqları Azərbaycan Beynəlxalq Bankın Şərifzadə filialına təqdim olunsa da, bank əməkdaşı xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 7.627,12 manatı ƏDV hesaba ödəməli olduğu halda, 1.163,46 manat ödəniş etmişdir. Qalan məbləği isə yəni 6.463,66 manatı səhvən yaşayış sahəsi kimi satıcı "xxxx" MTK hesabına ödəmişdir. Bu fakt Azərbaycan Beynəlxalq Bankın Şərifzadə filialı tərəfindən və satıcı "xxxx" MTK tərəfindən etiraf olunur. Bu onu göstərir ki, hər hansı bir şəxs və ya şəxslərin yanlışlığına görə iddiaçı məsuliyyət daşımalı deyil, heç bir günahı yoxdur. Satıcı "xxxx" MTK isə daha sonra həmin vəsaiti yəni 6.463,66 manatı dövlət büdcəsinə ödəniş etmişdir. Məhz buna görə də "xxxx" MTK tərəfindən verilən xx.xx.2025-ci il tarixli maliyyə arayışında qeyd olunur ki, 12.919.45 manat ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddia tələbinin əsasını təşkil edən ƏDV-nin geri qaytarılmasıdır və bunun üçün də Azərbycan Respublikasının Predzidentinin Fərmanında tələb olunan əsas şərtlərdən biri mənzil dəyərinin depozit hesabına köçürülməsidir ki, iddiaçı tərəfindən bu tələbə əməl edilməmişdir. İş materialalrında olan qəbzlərdən görünür ki, ödənişlər həmin fərmandan sonrakı tarixlərə aiddir. Hətta məbləğin çox az bir hissəsi depozitə köçürülmüşdür. Lakin daha sonra edilmiş ödənişlərə nəzər salınsa görünür ki, 5.1.2 bəndinin tələblərinə cavab vermir. İddiaçı tərəfindən ödənişlərin müəyyən hissəsinin düzgün edilməsinə münasibətdə isə bildirilməlidir ki, bu fakt ödənişlər edildiyi zaman iddiaçının məbləğləri qanunvericiliyin tələblərinə uyğun ödəmə imkanının olmasını sübut edir. Çünki depozit hesabı anlayışı Fərmandan da əvvəl də Vergi Məcəlləsinəı əsasən mövcud olmuş anlayış idi. Bu hesablar Fərmandan əvvəl də var idi. Yəni portalın bununla bir əlaqəsi yoxdur. Sadəcə 26 may 2022-ci il tarixdən artıq fiziki şəxslərin MTK-lardan tələb etmələri zəruri olmuşdur. Bu tələb onları qarşılıqlı münasibətlərindən irəli gəlir. MTK depozit hesab və əsas hesaba dair məlumatları fiziki şəxslərə təqdim etməlidir ki, fiziki şəxslər öz növbəsində ödənişlərini düzgün etsinlər. Hazırda iddiaçı məbləğin az bir hissəsini depozitə köçürdüyündən və Fərmanda isə qismən ödənişlər nəzərdə tutulmadığında nümunə olaraq təqdim edilmiş Ali Məhkəmənin qərarlarında iddia tələbi rədd edilmişdir. Əgər Fərmanda qismən ödəniş nəzərdə tutulsaydı iddia tələbini qismən haqlı hesab edərdilər. Hazırkı halda isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - 17 fevral 2023-cü il tarixli 0772 saylı Payçı müqaviləsinə əsasən, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi 84693 manat dəyərində ünvan 1 ünvanında tikilməkdə olan "xxxx" Yaşayış Kompleksinin 4-cü binasında, 4- cü blok, 2-ci mərtəbə, 5 №-li, 1 otaqlı mənzili almışdır. - "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Maliyyə Arayışına görə, xx.xx.2023-cü il tarixli, 0772 saylı Payçı müqaviləsinə əsasən 4-cü bina, 4-cü blok, 2-ci mərtəbə, 5 saylı, 1 otaqlı mənzilin pay dəyərini tam olaraq payçı olan İddiaçı tərəfindən ödənilmişdir. Payçı olan iddiaçının hər hansı borcu yoxdur. - "xxxx" MTK-nin 22 oktyabr 2024-cü il tarixli maliyyə arayışına görə, 27 aprel 2022 tarixli, 0196 saylı Payçı müqaviləsinə əsasən 7-ci bina, 7-ci blok, 8-ci mərtəbə, 3 saylı, 3 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı X3 tərəfindən ödənilmişdir. - Cavabdehin xx.xx.2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “… Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin ümumi dəyərinin (ƏDV daxil 84693.00 manat) 78458.98 manatının satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir”. Beləliklə, işin mübahisələndirilməyən hallarına görə, tərəflər arasında mənzilin alqısatqısı ilə bağlı müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmış və mənzilin dəyəri olan 84693 manat pulun 50000 manatı həmin tarixdə, yerdə qalan məbləğ isə hər ay hissə-hissə ödənilib başa çatdırılmışdır. Həm ilkin ödəniş kimi ödənilən 50000 manat, həm sonrakı aylıq ödənişlərin əksər hissəsi (ƏDV məbləği də daxil olmaqla) satıcının ("xxxx" MTK-nın) bank hesabına ödənilmişdir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 saylı Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə görə, fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-cı bəndinə müvafiq olaraq, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələblərinə görə, ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidirlər. Yəni iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının ("xxxx" MTK-nın) bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, bunu etməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-477/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərarında ifadə edilmiş mövqeyinə görə, “ … mənzilin dəyərinə görə ödənilmiş məbləğin ƏDV-nin qismən əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunvericilik mənzilin dəyərinin tam şəkildə Qaydalara uyğun ödənilməsi halında ƏDV-nin əvəzləşdirilməsini təsbit etmişdir”. Beləliklə, yaşayış sahələrinə görə iddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil və belə olan halda iddiaçının tələbinin təmin olunması üçün istinad olunan qanunvericiliyin dispozisiya şərtləri də ödənilmiş olmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(112)-10615/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(112)-10615/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-4182/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4182/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver