Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4183/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı “əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2196/2016 nömrəli, 06 avqust 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 №-li siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixdən (50) yaş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2-1(82)-2196/2016 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 №-li Siyahısına uyğun olaraq (kod 12100000-19906) xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, iddiaçıya xx.xx.2009-cu il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdəki qanunvericiliyə əsasən 2004-2005-ci illərin əmək haqqı əsas götürülməklə təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğindəki fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-2196/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında buraxılmış aşkar yalnışlıq düzəldilərək qərarın nəticə hissəsinin aşağıdakı kimi oxunması: İddiaçı “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1№-li Siyahısına uyğun olaraq (kod 12100000-19906) xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, iddiaçıya xx.xx.2006-cı il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdəki qanunvericiliyə əsasən 2004-2005ci illərin əmək haqqı əsas götürülməklə təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğindəki fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh DSMF Nizami rayon şöbəsinin apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 oktyabr 2016-cı il tarixli 2-1(103)-2184/2016 saylı qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2196/2016 saylı, 13 iyul 2016-cı il tarixli qərarının “İddiaçıya ödəniləcək pensiya məbləğinin birdəfəyə ödənilməsi” hissəsində ləğv edilməsi, iddiaçının tələbinin həmin hissədə təmin edilməməsi, qərarın icrası qaydasının müəyyən edilərək, İddiaçı pensiyanın yenidən hesablanması nəticəsində ödənilməli olan məbləğin 2 (iki) il ərzində hissə-hissə, onun pensiyasına əlavə olunmaqla ödənilməsi vəzifəsinin cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə həvalə olunması qərara alınmışdır. Cavabdehin kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 2-1(102)-677/17 saylı qərarı ilə cavabdeh DSMF Nizami rayon şöbəsinin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 oktyabr 2016-cı il tarixli 2-1(103)-2184/2016 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2-1(82)-2196/2016 saylı qərarı xx.xx.2017-ci il tarixli məktubla icra olunması üçün DSMF-nin Nizami rayon şöbəsinə göndərilmişdir. DSMF-nin Nizami rayon şöbəsi tərəfindən 2 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli 15/1904 saylı məktubda İddiaçı aid 2-1(82)-2196/2016 saylı qərarı icra edilərək ona hüququ yarandığı gündən əmək pensiyasının təyin olunduğu qeyd olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək məhkəmə qərarlarının icrasını təmin etmək üçün tədbir görülməsi və ona pensiya ödənişini dayandırıldığı vaxtdan bərpa edilərək, davam etdirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna və Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına icrası məcburi olan göstəriş verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(82)-2196/2016 saylı, 13 iyul 2016-ci il tarixli qərarının icrasını təmin etmədiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 500 (beş yüz) manat məbləğində cərimə təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək məhkəmə qərarlarının icrasını təmin etmək üçün tədbir görülməsi və ona pensiya ödənişini dayandırıldığı vaxtdan bərpa edilərək, davam etdirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna və Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına icrası məcburi olan göstəriş verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2-1(82)-2196/2016 saylı qərarı üzrə icra vərəqəsi verilərək, məcburi icraya yönəldilməsi qərara alınmış və icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı yenidən ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(82)-2196/2016 saylı qərarı ilə cavabdeh orqanın üzərinə qoyulmuş öhdəliyini icra edilməməsinə görə 50000 (əlli min) manat məbləğində cərimə olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2196/2016 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin olunmamışdır. İddiaçı qərardaddan şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2196/2016 saylı, xx.xx.2025-ci il tarixli qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bir müddət cavabdeh tərəfindən məhkəmə qərarı icra edilmişdir və iddiaçı pensiya ödənişlərini alırdı, sonra yenidən pensiya ödənişlərin azalmışdır və iddiaçı cavabdeh orqana müraciət edərək, pensiya ödənişlərin azalma səbəbini izah edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya şifahi olaraq bildirilmişdir ki, yenidən inzibati icraat apararaq pensiya ödənişləri xx.xx.2020-ci il tarixində dayandırılmışdır. Bununla bağlı iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1 (102)-677/2017 saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra inzibati orqan tərəfindən qəbul edilən qərarların ləğv edilməsi və iddiaçının pensiyasını yuxarıda qeyd olunan qərarda müəyyən edilmiş qaydada bərpa edərək ödənilməyən pensiya ödənişlərin hesablanaraq ödənilməsini, həmçinin vurulmuş maddi ziyanın ödənilməsini tələb etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinə xx.xx.2025-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, xx.xx.2006-cı il tarixindən pensiya səhv təyin olunub və bu səbəbdən xx.xx.2020-ci il tarixində pensiya ödənişləri dayandırılıb. Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(82)-2196/2016 saylı qərarı ilə cavabdeh orqanın üzərinə qoyulmuş öhdəliyini icra edilməməsinə görə 50000 (əlli min) manat məbləğində cərimə edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Baki İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyev tərəfindən işə baxaraq ərizəni təmin etməmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmənin mövqəyi əsassızdır və ərizə təmin olunaraq cavabdeh orqan cərimə edilməlidir. Cavabdeh orqanın hərəkətləri qanunsuz və əsassızdır. Vətəndaşın pensiyasının dayandırılması ilə bağlı cavabdeh orqan hər hansı inzibati hərəkətləri aparmamış, iddiaçını inzibati orqana dəvət etməmiş, izahatını almamışdır və məlumatlandırmamışdır. Faktiki olaraq vətəndaşın pensiya işi qovluğunda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 1 (82)-2196/2016 saylı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(103)- 2184/2016 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 1(102)-677/2017 saylı qərarları mövcuddur və qeyd olunan qərar hüquqi qüvvəsini almasına baxmayaraq, cavabdeh tərəfindən qərarın icra etməkdənsə yeni inzibati icraat apararaq məhkəmə qərarın yerinə yeni qərar qəbul edərək pensiya ödənişləri dayandırır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2196/2016 saylı, xx.xx.2025-ci il tarixli qərardadında qeyd edilir ki, məhkəmə tərəfindən icra sənədi qəbul edildiyinə görə artıq qərarın icrası öhdəliyi faktiki olaraq icra məmurun üzərinə düşür. O qeyd olunan mövqə ilə razı deyil. İcra məmuru icra sənədi üzrə qərarın icra edilməsini təmin etməlidir və bununla bağlı müvafiq məcburi icra tədbirlərini həyata keçirilməlidir, lakin icra məmuru qanuna əsasən inzibati orqanı cərimə edə bilməz, inzibati orqanı yalnız məhkəmə qərardadı əsasında İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsində əsasən cərimə edə bilər, icra məmuru yalnız inzibati orqanın vəzifəli şəxsini cərimə edə bilər. Məhkəmə tərəfindən icra sənədinin qəbul edilməsi, gələcəkdə iddiaçının müraciəti əsasında inzibati orqanın cərimə edilməsini istisna etmir, qanunda belə bir norma yoxdur. Eyni zamanda, İnzibati Prosessual Məcəlləsinin 120.4-cü maddəsinə əsasən cərimə təkrarən təyin edilə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2196/2016 saylı, xx.xx.2025-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin halları ilə müəyyən edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2-1(82)-2196/2016 saylı qərarı ilə İddiaçı “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1№-li Siyahısına uyğun olaraq (kod 12100000-19906) xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, iddiaçıya xx.xx.2006-cı il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdəki qanunvericiliyə əsasən 2004-2005-ci illərin əmək haqqı əsas götürülməklə təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğindəki fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin öhdəliyini icra etməməsinə görə 50000 (əlli min) manat məbləğində cərimə olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizənin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İnzibati Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. İPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71 -ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli Qərarında qeyd edilir ki, “...İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.” “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 2.2-ci maddəsinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. 70.2-ci maddəsinə əsasən işə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. 70.3-cü maddəsinə əsasən bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, qərarın icra edilməməsinə görə məhkəmə qərardadları ilə cavabdeh inzibati orqan bir neçə dəfə cərimə edilmişdir. İşin araşdırılmış hallarından da görünür ki, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı tədbirlər həyata keçirilir. Qanunvericiliyin tələbinə görə icra məmuru tərəfindən icra sənədinin qərəzli olaraq icra edilmədiyi müəyyən edildiyi halda, məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası icra sənədinin icrası ilə bağlı tədbirlərinin görülməsini nəzərə alaraq cavabdeh inzibati orqan ilə bağlı hər hansı digər tədbirin görülməsinə ehtiyac görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 80, 89, 90, 100, 103, 107-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2196/2016 nömrəli, 06 avqust 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-4183/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4183/2025
25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver