Məhkəmə qərarları › İş №2-1(103)-4185/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4185/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4185/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, ərizəçinin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pul vəsaitinin ödənilməsi tələbinə dair” iş üzrə iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə iddiaçının ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12202/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan onun xeyrinə 6400 manat pul vəsaitinin ödənilməsi vəzifəsinin öhdəçilik olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ona dövlət hesabına vəkil təyin olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərdiyi əvvəlki məhkəmə işində ərizəsinin tərtibi zamanı yol verilən səhvlər, dəqiqləşdirilmə, məhkəmə işinin keyfiyyətli, düzgün aparılmasına çətinlik törədir. Məhkəmədə vəsatətin düzgün verilməsi, hüquqlarının tam, ətraflı qorunması üçün hüquqi yardıma mütləq şəkildə ehtiyacı vardır. Aztəminatlı ailədir. Maddi durumu ağırdır. 327 manat pensiya alır. Arvadı işləmir. Qeyd olunlara əsasən ona dövlət hesabına vəkil təyin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12202/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardad məntiqsiz olduğuna və İPM-in 31.1-ci və MPM-in 14.5-ci maddələrinə istinadən həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini dəlilərinə uyğun müdafiə etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının çıxışını dinləyib və iş materialları araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadında iddiaçının ərizəsinin təmin edilməsindən imtina edərkən qeyd etmişdir ki, barəsində “Elektron məhkəmə” sistemi vasitəsilə əldə olunan məlumata əsasən onun əmək pensiyası 327,21 manat təşkil edir. Hüquqi yardım göstərilməsi ilə bağlı vəkilin xidmət haqqının məbləği həmin vəkil və müraciət edən şəxsin qarşılıqlı razlaşması əsasında müəyyən edilir. İddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı vəkilə və ya vəkil bürolarına müraciət etməsi barədə sübut təqdim etmədiyindən hüquqi yardıma görə ondan nə qədər məbləğ tələb oluna biləcəyi, onun qazancının vəkilin xidmət haqqını ödəməyə kifayət edib-etməyəcəyi barədə nəticəyə gəlmək mümkün deyil. Ona görə də, iddiaçının hazırkı qazancının vəkilin xidmətindən istifadə edilməsi üçün kifayət etməyəcəyi nəticəsinə gəlmək üçün əsas yoxdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Proosessual Məcəlləsinin («İPM») 1.2ci maddəsi baxımından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə («MPM») əsasən: ...; 14.5. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. ...; 67.1.Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 67-1.1. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. 67-1.3. Bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. ...; 67-1.4.6. məhkəmə, maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər. Prosessual qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan aztəminatlı şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Birinci instansiya məhkəməsi “Elektron məhkəmə” sistemi vasitəsilə əldə olunan məlumatdan müəyyən etmişdir ki, sonuncunun əmək pensiyası 327,21 manat təşkil edir. «Azərbaycan Respublikasında 2023-cü ilin yaşayış minimumu haqqında» Qanunun 1-ci maddəsinə əsasən isə pensiyaçılar üçün yaşayış minimumu 199 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı 327,21 manat pensiya aldığı və pensiyçı olaraq Qanunun müəyyən etdiyi qeyd olunan meyar baxımından pensiayçılar üçün yaşayış minimumu 199 manat təşkil etdiyi halda, iddiaçının öz hesabına vəkil tutmaq imkanı, hətta pensiya məbləği ilə yaşayış minimumu arasındakı fərq 128 manat təşkil etsə belə, ağlabatan hesab oluna bilməz. Çünki, onun yaşyış mınımumu üçün tələb olunanan vəsaitdən əlavə digər xərclərini də zəruri edən hallara məruz qalması qaçılmazdır. Yəni, dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması üçün mütləq qaydada onun bütün əmək haqqının sərf olunması mütləq deyildir. Digər tərəfdən, dövlət hesabına vəkil verilməsi vəkillə qarşılıqlı münasibətlərin yaranana qədər olan bir prosesual dövrü əhatə edir. Burada əsas meyar şəxsin təqdim etdiyi sübutlar əsasında maddi cəhətdən imkansızlığı, yəni, məhkəmə tərəfindən aztəminatlıdlıq meyarı əsas götürülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunan hallara diqqət yetirilməmiş, iddiaçının pensiyasından əlavə qazancının olub-olmaması, o cümlədən, onun adına qeydə alınmış əmək müqaviləsinin mövcudluğu araşdırlmaqla, əldə olunan nəticələrdən asılı olaraq ərizəsinə hüquqi qiymət verilməli olduğu halda, məhkəmə əsassız olaraq, iddiaçıdan onun vəkilə müraciət etməsi və hansı vəkil haqqının ondan tələb olunmasını təsdiq edən sübutlar təqdim olunmadığını əsas tutularaq, ərizəsini rədd etmişdir. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşaraq hesab edir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12202/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunmalı və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi sonrakı prosessual hərəkətlər çərçivəsində iddiaçının adına qüvvəyə minmiş əmək müqaviləsi olub-olmadığı yoxlanılmaqla, onun başqa qazanıcının olması araşdırılıb onun aztəminatlı şəxs olması müəyyən edilərək dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması məsələsinə hüquqi qiymət verilməlidir. Göstərilənlərə əsasən və İPM-in 80, 87, 90-cı maddələrini rəhbər tutuaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12202/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar