Məhkəmə qərarları › İş №2-1(103)-419/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-419/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-419/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 qızının iştirakı ilə, İddiaçı (xx.xx.1965-ci il tarixdə Lənkəran rayonu Şağlakücə kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xüsusi rütbəli şəxs kimi pensiyanın təyin olunması və hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2- 1(112)-7939/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 29.06.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29.07.1987-ci il tarixindən 29.07.1992-ci il tarixinədək olan dövr üzrə Bakı Dövlət Universitetində əyani təhsil aldığı 5 il müddəti 2 il 06 ay hesablayıb, həqiqi hərbi xidmətində olduğu 2 il 1 ay 03 gün, Lənkəran Hərbi Polis Şöbəsində 2 il 06 ay iş stajı olmaqla, xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 27 il 1 ay 03 gün iş stajına malik olması, müvafiq staj illəri üzrə 01.07.2017-ci ilə kimi yaşa kimi pensiyaya çıxmaq hüququnun yaranmasını nəzərə alaraq ona xüsusi rütbəli şəxs kimi pensiyanın təyin olunması və hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci il tarixində Lənkəran rayonu Şağlakücə kəndində anadan olub və orada yaşayır. Ailəlidir, himayəsində həyat yoldaşı və 3 uşağı vardır. 21.08.1982-ci ildə Lənkəran çayçılıq sovxozunda sahə fəhləliyinə işə qəbul olunub. 16.10.1983-cu il tarixinə kimi həmin işdə çalışıb. 12.10.1983cü il tarixindən 19.11.1985-ci il tarixinə kimi (2 il 1 ay 3 gün) həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra 02.01.1986-cı il tarixindən əvvəlki iş yerinə fəhlə kimi qayıdıb işləyib. 27.07.1987-ci il tarixində Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Universitetə daxil olduğundan 27.08.1987-ci il tarixindən işdən azad olunub. 29.07.1992-ci ildə Universiteti bitirib (5 il əyani təhsil alıb). 25.04.1994-cü ildən 23.10.1996-cı ilədək Lənkəran şəhər hərbi polis şöbəsində baş təhqiqatçı vəzifəsində işləyib. 02.06.1997-ci ildən hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsinin böyük inspektoru vəzifəsinə təyin edilib. 29.12.1998-ci ildə həmin şöbənin mütəxəssis vəzifəsinə təyin edilib. 27.09.2007-ci ildə həmin şöbənin aparıcı məsləhətçi vəzifəsinə təyin edilib. 01.03.2008-ci il tarixində Lənkəran rayon qeydiyyat şöbəsində tutduğu vəzifədən azad olunaraq, Yardımlı rayonu qeydiyyat şöbəsinə rəis təyin edilib. 27.05.2009-cu ildə Yardımlı rayonu Qeydiyyat şöbəsindən işdən azad olunaraq Lənkəran rayonu qeydiyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilərək hazırkı tarixə kimi həmin vəzifəni icra edir. Bildirir ki, 27.11.2020-ci il tarixində o cavabdeh quruma ərizə ilə müraciət edərək 2017-ci ilin iyul ayına kimi olan dövr üzrə pensiyaya çıxmaq hüququnun yarandığını və ona görə də ona pensiya təyin olunmasını xahiş edib. Lakin cavabdeh 22.12.2020-ci il tarixli **********5 nömrəli məktubla ona imtina xarakterli cavab göndərmişdir. Hesab edir ki, həmin imtinanı əsaslı hesab etmək olmaz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqalədə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında 23.11.1992-ci il tarixində qəbul etdiyi 631 saylı qərarında göstərilir ki, zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqaldə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.5.1- ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrində götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, Ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsil alma formasında keçirdiyi təlim vaxtı da 5 ilədək müddət daxilində təlimin 1 ili 6 ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Bununla əlaqədar qeyd edir ki, o, 29.07.1987-ci ildən Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaqla 29.07.1992-ci ildə həmin tədris müəsisəsini bitirib (5 il x 06 ay=2 il 6 ay). 16.10.1983-cü ildən 19.11.1985-ci il tarixinədək hərbi xidmətdə olub. Hərbi xidmətdə olduğu dövr mübahisəli deyil və təbii ki, müvafiq qaydada staj kimi qəbul edilir. 25.04.1994-cü ildən 23.10.1996-cı ilədək Lənkəran şəhər hərbi polis şöbəsində baş təhqiqatçı vəzifəsində işləyib. Lakin 29.07.1987-ci ildən 29.07.1992-ci ilə kimi, yəni Bakı Dövlət Universitetində əyani təhsil aldığı 5 il yuxarıda istinad etdiyi qərarın tələblərinə zidd olaraq 1 il üçün 6 ay staj kimi qəbul olunmamış və əsassız olaraq ona pensiya təyin olunmasından imtina edilmişdir, yəni Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 22.12.2020-ci il tarixli ********** nömrəli imtina məktubunda 02.06.1997-ci ildən 01 iyul 2017-ci il tarixinədək ədliyyə orqanında işlədiyi 20 il 1 ay və hərbi xidmətində olduğu dövr olan 16.10.1983-19.11.1985-ci il tarixinə 2 il 1 ay 3 gün və hərbi polis şöbəsində işlədiyi 2 il 6 ay olmaqla cəmi 24 il 7 ay 3 gün olan dövrü nəzərə almışdır. Əslində isə yuxarıda istinad etdiyi qərara əsasən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani təhsil aldığı dövr də nəzərə alınmaqla iş stajının 01.07.2017-ci il tarixinə kimi 27 il 1 ay 03 gün olması qəbul edilməli və ona 01.07.2017-ci il tarixinə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları əsasında pensiya təyin olunmalı idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə görə 01 iyul 2017-ci il tarixindən xüsusi rütbəli şəxs kimi pensiyaya çıxmaq üçün 35 il staj tələb olunur. Lakin həmin dövrə kimi onun hüququ yarandığından 01.07.2017-ci il tarixə kimi qüvvədə olmuş qanun tətbiq edilməlidir. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(112)-7939/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. 13.12.2021-ci il tarixdə iddiaçı məhkəməyə teleqram ünvanlayaraq, 14.12.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Daha sonra iddiaçı 25.01.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, 25.01.2022-ci il tarixə təyin olunan məhkəmə iclasını iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəfindən iddiaçının birinci instansiya icraatı zamanı nümayəndəsi və vəkili olmuş Vəkil da (Lənkəran rayon Vəkil Bürosu) məhkəmə iclası barədə məlumatlandırılmışdır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun: Maddə 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Maddə 20.1. Tutduqları vəzifəyə və ədliyyə orqanlarında stajına uyğun olaraq ədliyyə orqanlarının işçiləri üçün aşağıda göstərilən xüsusi rütbələr müəyyən edilir: Ali xüsusi rütbələr:- həqiqi dövlət ədliyyə müşaviri;- İ dərəcəli dövlət ədliyyə müşaviri;- İİ dərəcəli dövlət ədliyyə müşaviri;- İİİ dərəcəli dövlət ədliyyə müşaviri. Böyük xüsusi rütbələr:- baş ədliyyə müşaviri;- ədliyyə müşaviri;- kiçik ədliyyə müşaviri. Orta xüsusi rütbələr:- İ dərəcəli ədliyyə qulluqçusu;- İİ dərəcəli ədliyyə qulluqçusu;- İİİ dərəcəli ədliyyə qulluqçusu. Maddə 20.3. Ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, penitensiar və tibb xidmətlərinin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. Maddə 23.8. Yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər 6 mart 2018-ci il tarixli 1031-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 mart 2018-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 398) ilə 23.8-ci maddədə “25 il qulluq etmiş işçilər” sözləri “35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydalarına əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilmişdir. “Əmək pensiyaları haqqında” Qanun: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra-sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.3. hərbi qulluqçular-Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.7.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır (01.07.2017-ci il tarixədək olan redaksiya). “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarının ilkin (iddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olan) redaksiyası: “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: (bənd 1). Zabit heyətinə və daxili işlər, fövqəladə hallar orqanlarının orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin a) bəndinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali məktəblərdə, habelə hərbi hazırlıq, silsilə və bölmələri olan orta tədris müəssisələrində, o cümlədən qiyabi və axşam şöbələrində keçdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir (bənd 1, abzas 11). “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarına (04.10.2013-cü il tarixədək qüvvədə olan redaksiyada) əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: (bənd 1). Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə xüsusi təyinatlı təhsil müəssisələrində, qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir (bənd 1, abzas 11). 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndi. Ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndi. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndi. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “iddiaçının Lənkəran şəhər hərbi polis şöbəsində baş təhqiqatçı kimi işlədiyi dövrü (hüquq mühafizə orqanlarında rəis heyəti vəzifəsi kimi) nəzərə alınsa belə, iddiaçının ədliyyə işçisi kimi 01 iyul 2017-ci il tarixinə 25 il qulluq stajı yoxdur, belə ki, məhkəmə iddiaçının ali təhsil müəssisəsindəki təhsil müddətinin qulluq stajına daxil edilməsinə dair hüquqi müddəaya və ya hüquqi akta əsaslanan “qanuni gözləntisi” olduğunu müəyyən etmir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının əmək fəaliyyəti, həqiqi hərbi xidmət dövrü və təhsil müddəti aşağıdakı kimidir: 21.08.1982-01.02.1983 – Lənkəran çayçılıq sovxozu, fəhlə; 01.02.1983-12.10.1983 – “Oktyabrın 60 illiyi” sovxozu, fəhlə; 16.10.1983-19.11.1985 – həqiqi hərbi xidmət; 02.01.1986-27.08.1987 – Lənkəran çayçılıq sovxozu, fəhlə; 29.07.1987-29.07.1992-ci il – Bakı Dövlət Univetsitetinin hüquqşünaslıq fakültəsində təhsil; 25.04.1994-23.10.1996 – Lənkəran şəhər hərbi polis şöbəsində baş təhqiqatçı; 02.06.1997-17.01.2008 – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsi, böyük inspektor, mütəxəssis, aparıcı məsləhətçi; 01.03.2008-27.05.2009 – Yardımlı rayon qeydiyyat şöbəsinin rəisi; 27.05.2009-dan hazırkı vaxtadək Lənkəran rayon qeydiyyat şöbəsinin rəisi. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət dövrünün və təhsil müddətinin onun qulluq stajına daxil edilməsi işin araşdırılmalı halıdır. Belə ki, iddiaçının 16.10.1983-cü il tarixdən 19.11.1985-ci il tarixədək iddiaçının hərbi xidmətdə olması nəzərə alınarsa bu dövr 2 il 1 ay 3 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydalarına əsasən iddiaçının hərbi qulluqçu vəzifələrində xidmət müddəti ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilməlidir. Digər həll edilməli olan məsələ iddiaçının ali təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmamasıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilə bilər. İşdə olan sənədlərə əsasən iddiaçı 29.07.1987-ci ildə ali məktəbə qəbul olunmuş, 29.07.1992-ci il tarixdə bitirmişdir. İddiaçı 01.10.1956-cı ildə qüvvəyə minmiş və 23.09.1992-ci ilədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun qüvvəyə mindiyi vaxtdan ali təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək hüququna malikdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Hazırkı iş üzrə mübahisə həm də iddiaçının Bakı Dövlət Universitetində təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmaması ilə bağlıdır Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olubolmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olubolmamasıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti təhsil alınması ilə bağlı yaranan münasibətdir. İstər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Odur ki, iddiaçının əyani formada ali təhsil dövrü onun ümumi sığorta stajı kimi nəzərə alınmalıdır. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarın 1-ci hissəsinin on birinci abzasına görə - Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük orqanlarının orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali məktəblərdə, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta tədris müəssisələrində, o cümlədən qiyabi və axşam şöbələrində keçdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Göründüyü kimi iddiaçının əyani təhsilalma formasında keçirdiyi təlim vaxtı beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilməklə bu dövr 2 il 6 ay olacaqdır. Nəticədə iddiaçının 16.10.1983-cü il tarixdən həqiqi hərbi xidmət dövrü və təhsil müddəti də daxil olmaqla 01.07.2017-ci il tarixədək stajı azı 25 il ədliyyə orqanlarında qulluq illəri mövcud olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ olduğundan və iddiaçının ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olması sübuta yetdiyindən onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta (iş) stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.7.1-ci maddəsinin 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyasına görə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçisi olduğundan iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(112)-7939/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı 29.07.1987-ci il tarixindən 29.07.1992-ci il tarixinədək Bakı Dövlət Universitetində 5 il əyani təhsil müddətinin 2 il 06 ayı, həqiqi hərbi xidmətdə olduğu 2 il 1 ay 03 gün, Lənkəran Hərbi polis Şöbəsində xidmət etdiyi 2 il 06 ay onun xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında qulluq stajına daxil edilərək 1 iyul 2017-ci ildən güzəştli şərtlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar