Məhkəmə qərarları › İş №2-1(103)-419/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-419/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-419/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-419/2023 (Açar sözlər: “Qərarın ləğvi”) Bakı şəhəri 06 iyun 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdehin nümayəndəsi X12 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2886/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası vətəndaşının xx.xx.2015-ci il tarixli, AZE seriyalı, 15787091 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.1975-ci ildə Şəmkir rayonunda doğulmuşdur.

2. Gözəlov xx.xx.2021-ci il tarixli 018/2021 saylı İcarə (subicarə) müqaviləsinin surətindən görünür ki, İcarəyə verən adlanan İddiaçı, bir tərəfdən və bundan sonra İcarədar adlanan X7 digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ünvan 1 ünvanında yerləşən 67.02 kv.m ümumi sahənin 4 kv. metr icarədarın istifadəsinə vermişdir.

3. xx.xx.2021-ci il tarixli 017/2021 saylı İcarə (subicarə) müqaviləsinin surətindən görünür ki, İcarəyə verə adlanan İddiaçı, bir tərəfdən və bundan sonra İcarədar adlanan X2 digər tərəfdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ünvan 1 ünvanında yerləşən 67.02 kv.m ümumi sahənin 4 kv.m icarədarın istifadəsinə vermişdir.

4. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, X7 fərdi qaydada bərbər fəaliyyəti ilə əlaqədar 22.50.00 manat məbləğində vergi ödəmişdir.

5. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, X2 fərdi qaydada bərbər fəaliyyəti ilə əlaqədar 30.00 manat məbləğində vergi ödəmişdir.

6. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin operativ vergi nəzarətinin keçirilməsi haqqında **********1091 №li xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ruhulla Axundov (Bakıxanov qəsəbəsi) 13) Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması 2) “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.

7. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edlmiş operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********1104 saylı tələbnamə ilə, sənədlərin və nümunələrin götürülməsi haqqında eyni tarixli **********1106 saylı qərar qəbul edilmiş, DVX-nin seriyalı 001029 saylı xx.xx.2021-ci il tarixli sənədlərin götürülməsi haqqında protokol tərtib edilərək, şəxsiyyəti təsdiq edən sənədlərin surətləri götürülmüşdür.

8. “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 002450 saylı xx.xx.2021-ci il tarixli Aktdan və ona əlavədən görünür ki, 4 nəfər fiziki şəxsin (X14, X15, X7, X2) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunmuşdur və qeyd edilən akt iddiaçı ZeynalzadəTofiq Ayaz oğlu tərəfindən imzalanaraq qəbul edilməmişdir.

9. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********8449 №-li qərarla vergi ödəyicisi ZeynalzadəTofiq Ayaz oğlu tərəfindən Azərbaycan Respublikası Vergi məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcələsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ( kontraktı) hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsi işlərin ( xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyasına cəlb olunmuşdur.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 22 sentyabr 2021-ci il tarixli **********687500 №li qərarın surətindən müəyyən olunur ki, fərdi sahibkar İddiaçı (VÖEN **********, AZ1034, Bakı şəhəri, Səbail rayonu, Xəqani, ev 26/32, mənzil 40) tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********447300 nömrəli) müraciətinin araşdırılmasının nəticəsinə əsasən aşağıdakılar qərara alınmışdır: -Fərdi sahibkar İddiaçı keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməsin. -xx.xx.2021-ci il tarixli DVX seriyalı 002450 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsləsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8449 nömrəli qərar dəyişdirilmədən saxlanılsın.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 iyul 2021-ci il tarixli **********8449 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri LGBİ-nin rəis müavini, baş vergi xidməti müşaviri X6 tərəfindən qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən "FACE STUDİO" obyektində keçirilmiş operativ vergi yoxlamalarının nəticəsi olaraq 16 iyul 2021-ci il tarixli, **********8449 nömrəli qərara əsasən 8000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2021-ci il tarixdə həmin qərardan inzibati şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin, Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsi tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli, **********687500 nömrəli qərarı ilə inzibati şikayəti təmin edilməmişdir. Hesab edir ki, DVX-nin 16 iyul 2021-ci il tarixli, **********8449 nömrəli və xx.xx.2021- ci il tarixli, **********687500 nömrəli qərarları ədalətsiz və qanunsuzdur. 27 may 2021-ci il tarixli, DVX seriyalı, 002450 nömrəli aktda və onun əlavəsində guya 4 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi aşkarlanmışdır. Həmin şəxslərdən ikisi-Şəbinə Məmmədyarova və Fərid Məhərrəmov salonun işçiləri deyil, subicarə müqaviləsi əsasında VÖEN və sabit qəbz ilə fəaliyyət göstərən sahibkarlardır. Həmin fərdi sahibkarlar da bildirmişlər ki, onlar sərbəst qrafiklə işləyir, administratordan heç bir göstəriş almırlar, sifarişləri telefon vasitəsilə və ya tanışlıqla alırlar, instagram sosial şəbəkəsində usta kimi özlərinə məxsus ayrıca profilləri mövcuddur, göstərdikləri xidmətlərin qiymətlərini özləri təyin edirlər. Lakin bu göstərilənlərin heç birinə vergi xidməti əməkdaşları məhəl qoymaraq, qanunsuz olaraq akt tərtib edilərək bunun əsasında qərar çıxarılmışdır. Dövlət Vergi Xidmətinin əməkdaşları həmin şəxsləri iddiaçının işçisi kimi qeydiyyata almağını tövsiyə etmişdir. Lakin həmin şəxslər subicarə müqaviləsi əsasında onun salonunda fəaliyyət göstərdikləri üçün həmin şəxslər işçiləri hesab olunmur və qeydiyyata almağı düzgün deyildir. Bundan başqa Dövlət Vergi Xidmətinin əməkdaşları həmin fərdi sahibkarların onun salonunun sosial şəbəkə hesabları vasitəsilə reklam edilməsi ilə bağlı şübhəli məqam olduğunu bildirirdilər. Digər iki nəfər - Əliyeva Ləman və Əliyeva Sevda isə salonun işçiləridir. Uzun müddət pandemiya vaxtı salon işləməmişdir. Yenicə açılmış salonda iş şəraitinə tam uyğunlaşmamış OVN tədbirləri həyata keçirilmişdir. İş şəraitinə tam uyğunlaşmadığı üçün bəzi nöqsanlar olmuşdur. Pandemiya vaxtı salonun maddi zərər çəkməsi ilə bərabər DVX-nin də 8000 manat cərimə, eyni zamanda, kassa nəzarət aparatı ilə bağlı da cərimə yazması salonun fəaliyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir edir.

13. Cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli **********314500 saylı iddianın mümkün sayılmaması barədə ərizə təqdim edərək göstərmişdir ki, uçot-baza məlumatına əsasən iddiaçının xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyətinin “bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1091 nömrəli qərarına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ruhulla Axundov (Bakıxanov Qəs) 13 ünvanında yerləşən “Face Studio” adlı obyektdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması məsələsini əhatə edən operativ vergi nəzarəti həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti nəticəsində iddiaçıya məxsus obyektdə 4 (dörd) nəfər işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq, xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002450 saylı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmiş və əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin siyahısı akta əlavə edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8449 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 8.000,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə iddiaçıya göndərilmişdir. Nəzərinizə çatdırırıq ki, 2 nəfər şəxs (X15 və X14) təqdim etdiyi izahatlarında iddiaçı tərəfindən əmək müqaviləsi bağlanmadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini bildirmişlər. Bundan əlavə, iddiaçı təqdim etdiyi xx.xx.2021ci il tarixli izahatında adı çəkilən şəxslərin dostunun obyektinin işçilərinin olduğunu, həmin işçiləri bacarıqlı olduğunu görərək öz yanına işə dəvət etdiyini və müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir. Göründüyü kimi, qeyd edilən 2 şəxsə münasibətdə qanun pozuntusu faktının mövcudluğu iddiaçı tərəfindən də təsdiq edilir. Digər 2 nəfərlə (X7 və X3) bağlı isə bildirirlər ki, qeyd edilən şəxslər vergi orqanında qeydiyyatda olduqlarını, sadələşdirilmiş vergi ödəyiciləri olduqlarını, icarə əsasında faəliyyət göstərdiklərini bildirsələr də, həmin 2 nəfər şəxsin vergi orqanında hər hansı təsərrüfat subyekti qeydiyyatda olmamış, ödəmə mənbəyində vergi bəyannaməsi təqdim edilməmişdir. Bununla da, iddiaçı ilə həmin fiziki şəxslər arasında faktiki əmək münasibətlərinin mövcud olduğu, ayrı-ayrı fiziki şəxslərin vergi uçotuna alınmasının vergidən yayınma məqsədləri daşıdığı şübhə yaratmır. Əlavə olaraq, vergi ödəyicisinə zəruri olan sənədlərin təqdim edilməsi haqqında tələbnamə və sənədlərin və əşyaların götürülməsi haqqında qərar təqdim edilməsinə baxmayaraq, vergi orqanına yalnız 4 ədəd şəxsiyyəti təsdiq edən sənədlər təqdim edimiş, aktda qeyd edilənləri təkzib etmək üçün hər hansı digər sənəd təqdim edilməmişdir. Bundan əlavə, operativ vergi nəzarəti üzrə materiallara baxılmasında iştirak etmək üçün vergi ödəyicisi dəvət edilmiş, işə baxılması üçün zəruri hesab etdiyi sənədləri təqdim etmək ona təklif edilmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3-cü maddəsinə əsasən əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi Əmək Məcəlləsinin prinsiplərinə aiddir.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2886/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, 04 nəfər fiziki şəxslərin izahatlarından da görünür ki, onlar iddiaçıya məxsus obyektdə "inzibatçı (administrator)”, “lazeroloq” vəzifəsində işləyirlər. Belə olan halda həmin şəxslərin vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı idi. İddiaçıya məxsus obyektin "gözəllik salonu” fəaliyyəti göstərməsini, izahatları alınan fiziki şəxslərin isə "inzibatçı (administrator)” və “lazeroloq” işini icra etməsini nəzərə alaraq həmin şəxslərin müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildiyi halda, vergi ödəyicisi ilə "əmək müqaviləsi” bağlanmaması işəgötürən ilə işçi arasında olan real münasibətləri əks etdirmir və bu münasibət vergidən yayınma faktı kimi qiymətləndirilir. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi).

18. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1ci, 42.1-ci, 38.1-ci, 50.1-ci, 50.3-cü, 50.4-cü, 50.7-ci, 58.10-cu maddəsinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

19. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2886/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, 27 may 2021-ci il tarixdə DVX seriyalı, 002450 nömrəli aktda və onun əlavəsində guya 4 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi aşkarlanmışdır. Həmin şəxslər salonun işçiləri deyil,subicarə müqaviləsi əsasında VÖEN və sabit qəbz ilə fəaliyyət göstərən sahibkarlardır. Həmin aktda qeyd olunan 2 nəfər fərdi sahibkarlar da, vergi əməkdaşlarına öz izahatlarında bildirmişdirlər ki, onlar sərbəst qrafiklə işləyir, administratordan heç bir göstəriş almırlar, sifarişləri telefon vasitəsilə vəya tanışlıqla alırlar, instagram sosial şəbəkəsində usta kimi özlərinə məxsus ayrıca profilləri mövcuddur, göstərdikləri xidmətlərin qiymətlərini özləri təyin edirlər. Əvvəlcədən AKT-a 2 (iki) nəfər işçi aşkar olunduğunu qeyd etmiş, sonradan cərimənin az olduğunu eşidən rəhbərliyin təzyiqi nəticəsində, qanuna zidd addım atmağa vadar olmuş yoxlayıcılar, AKTa 2(iki) nəfər də, əlavə etməyə məcbur edilmişdirlər. Bu hal fakt olaraq qanunun kobud şəkildə pozulması faktı oldugu göz qabağındadır. Bütün bu hallar AKTa nəzər yetirərkən müşahidə olunur. Bu göstərilənlərin heç birinə vergi xidməti əməkdaşları məhəl qoymamışlar, qanunsuz olaraq akt tərtib edilərək bunun əsasında qərar çıxarılmışdır. Cavabdehin əməkdaşları iddiaçıya həmin şəxsləri öz işçisi kimi qeydiyyata almağı tövsiyə etmişdir. Lakin həmin şəxslər subicarə müqaviləsi əsasında iddiaçının salonunda fəaliyyət göstərdikləri üçün həmin şəxslər iddiaçının işçiləri hesab olunmur və qeydiyyata almağı düzgün deyildir. Bundan başqa cavabdehin əməkdaşları həmin fərdi sahibkarların iddiaçının salonunun sosial şəbəkə hesabları vasitəsilə reklam edilməsi ilə bağlı şübhəli məqam olduğunu bildirmişlər. İddiaçıya məxsus təsərrüfat subyekti ölkədə öz sözünü demiş gözəllik və bərbərxana salonudur. Həmin şəxslər də sırf “FACE STUDİO” gözəllik salonu ölkə ərazisində yetərincə tanındığına və öz müştəri kütləsi olduğuna görə həmin salonda subicarə müqaviləsi ilə işləmək istəmişlər. İddiaçıya məxsus təsərrüfat subyektinin icarə məbləğinin digər salonlardan fərqli olmağı da bunun təzahürüdür. Beləliklə, hazırkı iş üzrə cavabdeh orqanın əməkdaşı tərəfindən qanunvericiliyin tələblərinə tam riayət edilməmişdir. Belə ki,cavabdeh orqanın operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Məhkəmənin dəlilinə münasibətdə bildiririk ki, AR Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Həmin Məcəllənin (bundan sonra mətndə VM-in) 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və VM-nin 50.1.1-50.1.14-cü maddələrdə nəzərdə tutulan məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsində 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda və 5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar kimi təsbit edilmişdir. Sözügedən Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ, operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi göstərilir. Vergi Məcəlləsinin 218.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.1. bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər 218.4.2. idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər; 218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər; 218.4.4. fəaliyyət zamanı işçi cəlb edən )iziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər; 218.4.5. mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini (bu Məcəllənin 102.1.3.2- ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən fiziki şəxslər Həmin Məcəlləinin 220.10-cu maddəsinə əsasən bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir: Cavadeh tərəfindən adları qeyd edilmiş (X7, X2)şəxslərin hər birinin adına sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzlər təqdim etmişlər. VÖEN **********, **********775100 nömrəli qəbzdən görünür ki, X7 fərdi qaydada bərbər fəaliyyəti göstərən şəxsdir. Fəaliyyətin həyata keçirildiyi ərazi Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), ödənilmiş verginin məbləği 30,0 manatdır. Qəbzin qüvvədə olma müddəti: xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək. VÖEN **********, **********094900 nömrəli qəbzdən görünür ki, X2 fərdi qaydada bərbər fəaliyyət göstərən şəxsdir. Fəaliyyətin həyata keçirildiyi ərazi Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), ödənilmiş verginin məbləği 30 (otuz) manatdır. Qəbzin qüvvədə olma müddəti: xx.xx.2021-ci il tarixdənxx.xx.2021-ci il tarixədək. Yuxarıda da qeyd olunanlardan görünür ki,sözügedən şəxslər 220.10- cu maddədə qeyd edilən şəxslərin siyahısına uyğun gəldiyindən sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğdə vergi ödəyiciləri hesab edilirlər. Eyni zamanda qeyd olunan şəxslər subicarə müqaviləsi bağadıqlarından qeyd olunan obyektdə sahibkarın işçiləri kimi deyil,subicarə əsasında müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar və iş üzrə sübutlar (Sabit qəbzlər, subicarə müqavilələri) məhkəmə tərə)indən xidməti vəzifəsinə uyğun olaraq tam, obyektiv və hərtərəfli araşdırılmamışdır.İddiaçı barəsində tərtib olunan qərarda adları uçotsuz işçi kimi qeyd olunan şəxslər barəsində olan sabit qəbzlər, subicarə müqavilələri olduğu halda məhkəmə bu halları aydınlaşdırmaq,zəruri sübutları toplamaq istiqamətində hər hansı addım atmamışdır.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə iddia ərizəsinə yazılı etiraza uyğun məzmunda yazılı etiraz daxil olmuşdur.

c) Prosses iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının mümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.

23. İş üzrə əhəmiyyətli sübutların təqdim edilməsi zərurəti ilə bağlı növbəti dəfə işə baxılmasının təxirə salınması iddiaçının vəkili (nümayəndəsi) tərəfindən yazılı müraciətlə xahiş edilmişdir.

24. Lakin mübahisənin xx.xx.2022-ci il tarixdən apellyasiya baxışında olması və konkret əsas göstərilmədən təxirə salınması xahiş edildiyindən, Məhkəmə Kollegiyası işə baxılmasını məqsədəmüvafiq və İPM-in 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

26. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

27. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:

23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 42.1 -ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1 -ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. 50.1-ci maddəSinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1 mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 14.1-ci Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı prosessual qaydaya uyğun məhkəməyə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

32. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, iddia və apellyasiya şikayəti qismən əsaslıdır və qismən təmin edilməlidir.

33. Belə ki, işin faktiki hallarına görə Bakı şəhəri LGBİ-nin rəis müavini, baş vergi xidməti müşaviri X6 tərəfindən qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanında yerləşən "FACE STUDİO" obyektində keçirilmiş operativ vergi yoxlamalarının nəticəsi olaraq 16 iyul 2021-ci il tarixli, **********8449 nömrəli qərara əsasən iddiaçı 8000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

34. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 iyul 2021-ci il tarixli **********8449 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

35. Məhkəmə iddianı rədd edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, 04 nəfər fiziki şəxslərin izahatlarından da görünür ki, onlar iddiaçıya məxsus obyektdə "inzibatçı (administrator)”, “lazeroloq” vəzifəsində işləyirlər. Belə olan halda həmin şəxslərin vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı idi. İddiaçıya məxsus obyektin "gözəllik salonu” fəaliyyəti göstərməsini, izahatları alınan fiziki şəxslərin isə "inzibatçı (administrator)” və “lazeroloq” işini icra etməsini nəzərə alaraq həmin şəxslərin müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildiyi halda, vergi ödəyicisi ilə "əmək müqaviləsi” bağlanmaması işəgötürən ilə işçi arasında olan real münasibətləri əks etdirmir və bu münasibət vergidən yayınma faktı kimi qiymətləndirilir

36. Lakin məhkəmə araşdırması zamanı “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 002450 saylı xx.xx.2021-ci il tarixli Akt”ından və ona əlavədən, tərəflərin izahatından və beləliklə iş materiallarından 4 nəfər fiziki şəxsdən (X14, X15, X7, X2) 2 nəfərin (X8 və X9) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı təsdiqini tapmışdır.

37. Digər 2 nəfərin - X4 və X1 isə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı təsdiqini tapmamışdır.

38. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: -- 218.4.4. fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər;.... .............

39. Həmin Məcəlləinin 220.10-cu maddəsinə əsasən bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir:... .............

40. Cavadeh tərəfindən adları qeyd edilmiş şəxslərdən 2 nəfər- X4 və X1 hər birinin adına sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzlər təqdim etmişlər.VÖEN **********, **********775100 nömrəli qəbzdən görünür ki, X7 fərdi qaydada bərbər fəaliyyəti göstərən şəxsdir. Fəaliyyətin həyata keçirildiyi ərazi Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), ödənilmiş verginin məbləği 30,0 manatdır. Qəbzin qüvvədə olma müddəti: xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək.

41. VÖEN **********, **********094900 nömrəli qəbzdən görünür ki, X2 fərdi qaydada bərbər fəaliyyət göstərən şəxsdir. Fəaliyyətin həyata keçirildiyi ərazi Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), ödənilmiş verginin məbləği 30 (otuz) manatdır. Qəbzin qüvvədə olma müddəti: xx.xx.2021-ci il tarixdənxx.xx.2021-ci il tarixədək.

42. Yuxarıda da qeyd olunanlardan görünür ki, sözügedən şəxslər Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.10-cu maddəsində qeyd edilən şəxslərin siyahısına uyğun gəldiyindən sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğdə vergi ödəyiciləri hesab edilirlər. Eyni zamanda qeyd olunan şəxslər subicarə müqaviləsi bağadıqlarından qeyd olunan obyektdə sahibkarın işçiləri kimi deyil, subicarə əsasında müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar.

43. Beləliklə, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar və iş üzrə sübutlar (Sabit qəbzlər, subicarə müqavilələri) məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tam və hərtərəfli araşdırılmamış, həmin sübutlara hazırkı iş üzrə tətbiq edilən hüquq normaları baxımından hüquqi qiymət verilməmişdir.Odur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 iyul 2021-ci il tarixli **********8449 nömrəli qərarı qismən- Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2(iki) nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməlidir.

44. Məhkəmə Kollegiyası digər 2 nəfərin -X8 və X9 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktının iş materialları ilə təsdiqini tapdığını qeyd edir.Belə ki, iş materiallarının 36-39-cu vərəqlərində olan X8 və X9 özlərinin izahatları ilə təsdiq edilmişdir ki, onlar iddiaçıya məxsus obyektdə müvafiq olaraq "inzibatçı (administrator)” və “lazeroloq” vəzifəsində işləyirlər, 300 manat və 250 manat əmək haqqı alırlar, iş saatları 10:00-dan 19:00-a kimidir.

45. Belə olan halda iddiaçı vergi ödəyicisi olaraq həmin şəxslərlə- X14 və X15 ilə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçisi kimi əmək müqaviləsi bağlamalı idi. İddiaçıya məxsus obyektin "gözəllik salonu” fəaliyyəti göstərməsini, izahatları alınan fiziki şəxslərin isə "inzibatçı (administrator)” və “lazeroloq” işini icra etməsini nəzərə alaraq həmin şəxslərin müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildiyi halda, vergi ödəyicisi ilə "əmək müqaviləsi” bağlanmaması işəgötürən ilə işçi arasında olan real münasibətləri əks etdirmir və bu münasibət vergidən yayınma faktı kimi qiymətləndirilir.

46. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2886/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin olunaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 iyul 2021-ci il tarixli **********8449 nömrəli qərarı qismən- Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2(iki) nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməli, iddia qalan hissədə rədd edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2886/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin olunaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 iyul 2021-ci il tarixli **********8449 nömrəli qərarı qismən-Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2(iki) nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin olunmasın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar