Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4192/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi” tələbinə dair işi üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(112)-4761/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2009-cu il tarixli, 136 nömrəli qərarından görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X5 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 18619/2024 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2008-ci ildən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmış, pensiyanın məbləği 510.80 manatdan 474.10 manata azaldılmışdır. Qərara əsasən yenidən hesablamanın əsasını o təşkil etmişdir ki, “işdən çıxma- 2008-2010 arasındakı dövr kapital kimi hesablanmalı olduğu halda 2006-2010 hesablanmışdır”. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-18619/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv olunması, pensiyadan artıq ödəmə kimi tutulmuş məbləğin qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi 04 aprel 2025-ci il tarixdə protokol qaydasında icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. Əmək pensiyasının məbləği 510 manatdır. Öz hesablamalarına görə, ona əmək pensiyası aşağı təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması ilə bağlı etdiyi müraciətə belə cavab verilmişdir ki, onun əmək pensiyası səhv hesablanmışdır, əslində isə daha aşağı, yəni 474.10 manat olmalı imiş. Ona 1221.87 manat artıq əmək pensiyası ödənilmişdir. Cavabdeh inzibati orqan bildirmişdir ki, artıq hesablanmış həmin məbləğ hər ay iddiaçının pensiyasından tutulacaqdır. İnzibati orqanın mövqeyi əsassızdır, məhkəmə tərəfindən qanunsuz hesab edilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçıya 1 iyul 2008-ci il tarixindən Fondun Nərimanov şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma zamanı, vaxtilə iddiaçıya əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən olunub. Belə ki, Mərkəzi Filialda mövcud olan iddiaçıya dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 35 il təşkil edir. İddiaçının əmək pensiyası əmək haqqına əsasən hesablanarkən tələb olunan 25 ilə görə 65 faiz, 25 ildən artıq 10 il iş stajına görə isə hər il üçün 2 faiz olmaqla orta aylıq əmək haqqının 85 faizi (65 % + 20%) miqdarında müəyyən olunmuşdur. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinə 97,86 manat (2348,64:24) orta aylıq əmək haqqına uyğun həmin tarixə iddiaçının pensiyasının sığorta hissəsi 58,19 manat ((97,86x 85%)- 25 manat (baza hissəsi)) hesablanaraq xx.xx.2008-ci il tarixinə indeksləşdirilib 73,53 manat müəyyən edilərək üzərinə, xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 349,92 manat sığorta kapitalına uyğun 2,43 manat (349,92:144) və 60,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2008-ci il tarixinə 135,96 manat məbləğində (73,53+2,43+60,00) (indeksləşdirilərək xx.xx.2010-cu il tarixinə 168,14 manat) əmək pensiyası təyin edilməli olduğu halda, 138,37 manat (indeksləşdirilərək xx.xx.2010cu il tarixinə 177,28 manat) əmək pensiyası təyin edilərək iddiaçıya ödənilmişdir. Eyni zamanda, xx.xx.2010-cu il tarixindən iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 141,25 manat sığorta kapitalına uyğun əmək pensiyasının həmin tarixdən də yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 141,25 manat sığorta kapitalının Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 125 aya (144-19 (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçənədək işlədiyi ayların sayı) bölünməklə 1,13 manat (141,25:125) qanuni əmək pensiyasının (168,14 manat) üzərinə əlavə edilərək 169,27 manat (168,14+1,13) (indeksləşdirilərək xx.xx.2022ci il tarixinə 353,77 manat) ona ödənilməli olduğu halda, düzgün olmayan pensiya məbləğinin səhvən 183,95 manata (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 383,82 manat)) artırılmaqla ona ödənilmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixindən iddiaçı yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə əmək pensiyaçısı kimi işlədiyi dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 157,48 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 124 aya (144 ay-20 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) bölünməklə 1,27 manat qanuni əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği həmin tarixdən 353,77 manatdan 355,04 manata (353,77+1,27) artırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(112)-4761/2025 nömrəli qərarı ilə (hakim S.İ.Qənbərova) iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyanın yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 18619/2024 saylı qərarının ləğv edilməsi, İddiaçı təyin edilmiş əmək pensiyasından artıq ödəmə kimi tutulmalar aparılması qanunsuz hesab edilməsi və tutulmuş pensiya məbləğinin geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(112)-4761/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, araşdırma zamanı, vaxtilə iddiaçıya əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən olunub. Belə ki, Mərkəzi Filialda mövcud olan iddiaçıya dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 35 il təşkil edir. İddiaçının əmək pensiyası əmək haqqına əsasən hesablanarkən tələb olunan 25 ilə görə 65 faiz, 25 ildən artıq 10 il iş stajına görə isə hər il üçün 2 faiz olmaqla orta aylıq əmək haqqının 85 faizi (65 % + 20%) miqdarında müəyyən olunmuşdur. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinə 97,86 manat (2348,64:24) orta aylıq əmək haqqına uyğun həmin tarixə iddiaçının pensiyasının sığorta hissəsi 58,19 manat ((97,86x 85%) - 25 manat (baza hissəsi)) hesablanaraq xx.xx.2008-ci il tarixinə indeksləşdirilib 73,53 manat müəyyən edilərək üzərinə, xx.xx.2006- xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 349,92 manat sığorta kapitalına uyğun 2,43 manat (349,92:144) və 60,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2008-ci il tarixinə 135,96 manat məbləğində (73,53+2,43+60,00) (indeksləşdirilərək xx.xx.2010-cu il tarixinə 168,14 manat) əmək pensiyası təyin edilməli olduğu halda, 138,37 manat (indeksləşdirilərək xx.xx.2010-cu il tarixinə 177,28 manat) əmək pensiyası təyin edilərək iddiaçıya ödənilib. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Eyni zamanda, xx.xx.2010-cu il tarixindən iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 141,25 manat sığorta kapitalına uyğun əmək pensiyasının həmin tarixdən də yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 141,25 manat sığorta kapitalının Qanunun 37.3.1- ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 125 aya (144-19 (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçənədək işlədiyi ayların sayı) bölünməklə 1,13 manat (141,25:125) qanuni əmək pensiyasının (168,14 manat) üzərinə əlavə edilərək 169,27 manat (168,14+1,13) (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 353,77 manat) ona ödənilməli olduğu halda, düzgün olmayan pensiya məbləğinin səhvən 183,95 manata (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 383,82 manat)) artırılmaqla ona ödənilib. Həmçinin, xx.xx.2022-ci il tarixindən iddiaçı yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə əmək pensiyaçısı kimi işlədiyi dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 157,48 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 124 aya (144 ay-20 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) bölünməklə 1,27 manat qanuni əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği həmin tarixdən 353,77 manatdan 355,04 manata (353,77+1,27) artırılıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 1221,87 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmçinin, birinci instansiya məhkəməsi iddianı təmin edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə istinad etmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallar tərəflərindən xx.xx.2024-cü il tarixində aşkarlanmışdır. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunan qanunsuz inzibati aktın ləğv edilməsi üçün həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilmişdir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd edilənlənləri nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(112)- 4761/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(112)-4761/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 62.1-ci maddəsinə görə İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1-ci maddəsinə görə İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Maddə 39.1 artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-18619/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv olunması, artıq ödəmə adı altında ondan tutulan pul vəsaitinin tutulmasının qarşısının alınmasına və tutulmuş pulun geri qaytarılmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İşin yuxarıda sadalanan hallarından görünür ki, inzibati aktın dəyişdirilməsini şərtləndirən hal iddiaçının 2009 və 2010-cu illərdə pensiya kapitalının düzgün müəyyən edilməməsidir. Məhkəmə hesab edir ki, həmin hal cavabdeh inzibati orqana məhz həmin tarixlərdə məlum olmuşdur. Belə ki, İİQ-nın 67.12-ci maddəsində “aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gün” dedikdə, inzibati orqanın həmin halı bildiyi və ya bilməli olduğu gün başa düşülür. Burada inzibati orqanın aktın ləğv olunmasını şərtləndirən halı bildiyi gün, səlahiyyətli şəxs tərəfindən qanun pozuntusunun tam şəkildə aşkar edildiyi gündür. Lakin əgər pozuntu sənədlərdən aşıq-aşkar görünürsə, inzibati orqan lazımi diqqət yetirməklə onu aşkar edə bilərdisə, lakin etinasızlığı nəticəsində həmin səhvi görməyərək qanunsuz inzibati akt qəbul etmişdirsə, burada 1 illik müddət həmin sənədlərin inzibati orqana təqdim edildiyi vaxtdan hesablanır. Yəni inzibati orqanın ehtiyatsızlığı 1 illik müddətin uzadılması üçün əsas ola bilməz. Bundan başqa, işdən görünür ki, cavabdeh iddiaçıya təyin edilmiş əmək pensiyasını yenidən hesablayarkən aşkar etdiyi artıq ödəmə üzrə həmçinin tutma aparmış, 2024-cü ilin noyabr və dekabr aylarında hər bir ay üzrə 47.41 manat məbləği tutmuşdur. Lakin işin yuxarıda istinad olunan hallarına əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub -olmamasını araşdırmamış, iddiaçının razılığını almadan ona ödənilməli olan 94.82 manata qədər pensiya ödənişini tutmuşdur. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Bununla belə, məhkəmə tərkibi cavabdeh inzibati orqan tərəfindən verilən apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd etmək lazımdır ki, inzibati orqan tərəfindən 2008 və 2010-cu illərdə edilən hesablamaların səhv olması iddia olunsa da, inzibati orqanın özünün illərlə səhvən ödəniş etməsi nəticəsində yaranan "artıq ödəmə" məsuliyyətini tamamilə pensiyaçının üzərinə qoymaq hüquqi ədalət prinsipinə ziddir. İlkin pensiya təyinatında və sonrakı indeksləşdirmə/yenidən hesablamalarda səhvlərə yol verən inzibati orqanın özünün təqsiri ucbatından illər sonra pensiyanın azaldılması və artıq ödənilmiş məbləğin tutulması inzibati fəaliyyətin qanunçuluğu və etibarlılığı prinsiplərinə ziddir. Pensiya sistemindəki səhvlər pensiyaçıların ziyanına aradan qaldırılmamalıdır. İşin halları onu deməyə əsas verir ki, cavabdeh illər sonra səhv hesablama apardığının fərqinə varıb. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlana xx.xx.2024-cü il məktubda (i.v. 3) qeyd olunmuşdur ki, “...vaxtilə sizə təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yanlış müəyyən edildiyi aşkar olunub...” Nəzərə alımaq lazımdır ki, iddiaçıya 2008-ci ildən pensiya təyin edilmişdir. İddiaçının pensiyanın təyin edilməsi barədə qərara etimad hüququ qanunla qorunur. Qeyd olunmalıdır ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu görə bilmədiyini və ya bilməyəcəyini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Hazırkı halda iddiaçı tərəfindən “bona fides” prinsipinin tələblərinə əməl edilməməsi müəyyən olunmur. Məhkəmə tərkibi, eyni zamanda qeyd edir ki, pensiya təminatını həyata keçirən inzibati orqan öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Belə ki, hər bir inzibati orqan (inzibati orqanın adından qərar qəbul edən vəzifəli şəxs) xidməti vəzifəsini yerinə yetirmək üçün zəruri səviyyədə hüquqi və administrativ biliklərə malik olmalıdır. Zəruri hüquqi biliklərə vəzifəli şəxsin qanunlar və digər normativ hüquqi, eləcə də normativ xarakterli aktlar, habelə yuxarı instansiya məhkəmələrinin təcrübəsi (qərarları) barədə bilikləri daxildir. İnzibati biliklərə isə yalnız dar mənada idarəçilik bilikləri deyil, müasir idarəçilik sistemi üçün xarakterik olan müvafiq biliklər toplusu aiddir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh illər sonra “səhv” etdiyinin fərqinə varmış və mübahisləndirilən qərarı qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlıdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın iddiaçının əmək pensiyasını məbləği (əmək pensiyasının hesablanma qaydasına münasibətdə) barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş hədlərdə qorunur Bundan başqa, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, belə razılıq olmadığı halda isə məhkəmə qaydasında tutulur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 39.1ci maddəsində qeyd olunur ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırkı işdə də cavabdehin iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı yoxdur. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Lakin cavabdeh belə bir qərarı təqdim etmədiyindən, məhkəmə tərkibi hesab edir ki, cavabdehin iddiaçıya ödənilən pensiya məbləğindən tutma aparması qanunsuz olmuşdur. Bu səbəbdən tutulmuş məbləğ də iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli 2-1(112)-4761/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-4192/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4192/2025
04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver