Məhkəmə qərarları › İş №2-1(103)-4194/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4194/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4194/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissəsi: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə və 5 saylı Bakı Cavabdeh2nə qarşı “vurulmuş zərərin ödənilməsi və sair” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4948/2025 nömrəli, 11 iyul 2025ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı (bundan sonra-iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə və 5 saylı Bakı Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik hüququnu pozduğuna görə 5 saylı Bakı Cavabdeh2ndən 4000 (dörd min) manat verilməsi və sürücülük vəsiqəsinin dəyişdirilməsi, Baş X5 İdarəsinin qanunsuz hərəkətlərinə görə ondan 4000 (dörd min) manat pulun tutulması və sürücülük vəsiqəsinin dəyişdirilməsi barədə iddiaçının xeyrinə qərar verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixində 5 saylı Asan Xidmətə müraciət etmişdir ki, sürücülük vəsiqəsinin vaxtı bitdiyi üçün yenilənsin. Onlar iddiaçıya bildirmişdir ki, iddiaçının sürücülük vəsiqəsini yeniləyə bilməzlər. Baş X5 İdarəsindən iddiaçının 6 aylıq avtomobil sürmək qadağası var. İddiaçı da məhkəmənin qərarını gətirib göstərmiş, borcunun olmadığını demişdir. Qanunsuz cərimə barəsində xx.xx.2024-cü il apelyasiya məhkəməsinin qərarı gəlmədən Xəzər rayonu qanunsuz olaraq ona cəriməni dəbbə ilə ödəmədiyi üçün 6 aylıq qanunsuz həbs qoymuşdur. Bu haqda iddiaçı həmin gün vəsatət vermişdir. Amma iddiaçı cəriməni ödəmişdir. Apelyasiya məhkəməsinin qərarı gəlmədən iddiaçı cəriməni dəbbə ilə ödəmişdir. Xəzər Rayon Məhkəməsi 6 aylıq qadağanı ləğv etmişdir. Bu barədə də Baş X5 İdarəsinə məktubla məlumat vermiş, qərarı da göndərmişdir. Buna baxmayaraq, qərarı ləğv etməmişlər. İddiaçının sürücülük vəsiqəsini verməkdən boyun qaçırırlar. İXM-nin 27-ci maddəsinə əsasən iddiaçının əlillik hüququnu 5 saylı Asan Xidmətlə və Baş X5 İdarəsi kobudcasına pozaraq iddiaçıya mənəvi və psixoloji ziyan vurduqları üçün hərəsindən 4000 (dörd min) manat təzminat tələb etmişdir. Cavabdeh 5 saylı Bakı Cavabdeh2 tərəfindən təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən, “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Həmin Fərmanın 5-ci hissəsinə əsasən, “ASAN xidmət” mərkəzlərində sürücülük vəsiqələrinin dəyişdirilməsi xidməti Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Müvafiq xidmətlə əlaqədar vətəndaş İddiaçı 3-45- 5/1-T-10xxxx/2024 qeydiyyat nömrəli müraciəti xx.xx.2024-cü il tarixli 3-45-5/2-T-1080- 42-997/2024 qeydiyyat nömrəli məktubla aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Baş X6 İdarəsinə yönləndirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4948/2025 nömrəli, 11 iyul 2025-ci il tarixli qərarı ilə (hakim S.Qənbərova) iddianın qismən təmin olunması, İddiaçı verilmiş sürücülük vəsiqəsinin dəyişdirilməsi vəzifəsinin cavabdeh Baş X5 İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4948/2025 nömrəli, 11 iyul 2025-ci il tarixli qərarının iddia tələbinin təmin olunmayan hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində ondan xəbərsiz olaraq sürücülük vəsiqəsinə 6 ayliq məhdudlaşdırılma qərarı qoyuldu. Onun vəsiqəsinin istifadə müddətinin bitməyinə 6 gün vaxt qalmışdı. Asan xidmətə gedib ki, sürücülük vəsiqəsi yeniləsinlər. Orada deyiblər ki, sürücülük vəsiqəsinə 6 aylıq həbs qoyulub, sürücülük vəsiqəsi verə bilməzlər. O bu haqda Xəzər Rayon Məhkəməsinə müraciət ediblər ki, onun heç bir cəriməsi olmaya-olmaya ona niyə həbs qoyublar. Məlum oldu ki, onun həqiqətən də, heç bir cəriməsi yoxdur. xx.xx.2024-cü il tarixində müraciət edib, xx.xx.2024-cü il tarixində həbs qərarına xitam verildi. xx.xx.2024-cü il Asan xidmətə sürücülük vəsiqəsi haqqında bir də müraciət edib, deyiblər ki, hələ də xitam yerinə yetirilməyib. Yanvar ayında bir də müraciət edib, yenə vermədilər. Necə olur vətəndaşdan xəbərsiz özlərinə sərf edən qərar çıxarıb 6 gün ərzində icra edirlər, vətəndaşın xeyrinə olanda isə veclərinə almırlar, aylarla qərarı icra etmirlər. Ona maddi, mənəvi və psixoloji ziyan dəyib, o xəstə adamdır. Tez-tez müayinələrə gedir. Bu aylar ərzində maşın idarə edə bilmədiyi üçün nə qədər taksilərə, yol maşınlarına pul xərcləyib. Bu ona həm də fiziki cəhətdən də çox böyük işgəncə olub. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin olunmayan hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4948/2025 nömrəli, 11 iyul 2025-ci il tarixli qərarı iddianın rədd edildiyi hissədə ləğv olunaraq, həmin hissədə iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Hazırda işin hallarından göründüyü kimi, iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin və 5 saylı Bakı Cavabdeh2 hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarında qeyd edilir ki, “..Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.” Hazırkı işin hallarından göründüyü kimi, tərəflər arasında olan mübahisə mülki hüquq pozuntularından (deliktlər) irəli gələn mübahisələrə aid olmaqla inzibati xarakter daşımır, xüsusi hüquq münasibəti kimi müəyyənləşdirilir. Odur ki, iddiaçı çatmaq istədiyi məqsədə nail olmaq üçün mülki qaydada iddia qaldırmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İnzibatiprosessual qanunvericiliyin normalarına əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. İPM-nin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4948/2025 nömrəli, 11 iyul 2025-ci il tarixli qərarı iddianın rədd edildiyi hissədə ləğv olunaraq, həmin hissədə iddia mümkün sayılmamalıdır. Nəticə hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4948/2025 nömrəli, 11 iyul 2025-ci il tarixli qərarı qismən, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə və 5 saylı Bakı Cavabdeh2nə qarşı vurulmuş zərərin ödənilməsi barədə iddia tələbinin rədd edilməsi hissəsində ləğv olunaraq, iddia həmin hissədə mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Orxan İsmayılov Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar