Məhkəmə qərarları › İş №2-1(103)-4198/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4198/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4198/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayədəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-217/2023 saylı 12 iyun 2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və qeyrilərinə qarşı əlilliyin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıda olan və Forma 88 arayışında əks olunan xəstəliklər ona ikinci dərəcəli əlilliyin təyin edilməsinə əsas verir. Lakin cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ixtisaslaşmış stasionar müalicəyə ehtiyac var. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə verərək əlilliyin müddətinin dayandırıldığı tarixdən ikinci dərəcəli əlilliyin bərpa edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini, iş üzrə iddia tələbində qoyulmuş digər cavabdehlərin iddia tələbinə cavab verməli olan cavabdehlər sırasından çıxarılmasını, əsl iddiaçı kimi X1 müəyyən edilməsini və “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15 №-li Tibbi-Sosial Ekspert Komissiyası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-217/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı Yardımlı Rayon Mərkəzi Xəstəxanasının 06 fevral 2021-ci il tarixli göndərişi əsasında 5 illik təyin edilmiş ikinci dərəcə əlilliyinin müddətinin bitdiyi tarixdən ikinci dərəcəli əlilliyin bərpa (təyin) edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi səbəbindən iş üzrə apellyasiya şikayətinin mümkünlük iclası təyin edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin qeyd edilən göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilməsinin əsasları yoxlanılmalıdır. Qeyd edilən Məcəllənin 85.1-ci maddəsinin tələbinə əsasən Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən məhkəmə qərarının xx.xx.2023cü il tarixdə cavabdehin elektron kabinetinə göndərildiyi müəyyən edilir. Göründüyü kimi cavabdeh məhkəmə qərarını qeyd edilən tarixdə alsa da, qərardan apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş və apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə iclası təyin edilmiş və cavabdehə bildiriş ünvanlaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edilməsi təklif edilmişdir. İddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Beləliklə, işin yuxarıda qeyd olunan halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu xx.xx.2023-cü il tarixdən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət cavabdeh tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinin tələbinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət müddətin son günü saat iyirimi dördə qədər yerinə yetirilə bilər. Yuxarıda qeyd edilən hallardan göründüyü kimi, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti ötürülmüşdür. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən isə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Qanunun qeyd edilən tələblərini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunmalıdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 87.4, 89, 90.1-90.2 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 217/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunsun. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər cavabdehə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar