Məhkəmə qərarları › İş №2-1(103)-42/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-42/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-42/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyta alınaraq, reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib olunması” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-294/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib olunması” tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 79a saylı bağ sahəsi X4 və İstismarı Birliyi ilə bağlanmış 31 iyul 2002-ci il tarixli müqaviləyə əsasən iddiaçının icarəsinə verilmişdir. Sözügedən bağ sahəsi həmin tarixdən onun istifadəsindədir. İddiaçı həmin bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyesyrundə qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi ilə bağlı hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə vermişdir. Lakin cavabdehin 29 avqust 2018-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina olunmuş və imtinanın səbəbi kimi göstərilmişdir ki, torpaq sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmamış, göstərilən ərazinin müqavilədə qeud olunan əraziyə aidiyyəti yoxdur. Cavabdehin istinad etdiyi hallar tam əsassızdır. Belə ki, qeyd olunan torpaq sahəsinin mərzi və hasarı vardır. O, verilən həmin bağ sahəsindən 16 ildir istifadə edir və bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluğu cavabdehin problemidir. Bağ sahəsi ona X4 və İstismarı Birliyi tərəfindən ayrılmış və yerində mərzləri çəkilərək təhvil verilmişdir. Həmin müqaviləyə əsasən o, göstərdiyi bağ sahəsini icarəyə götürmüş, bağ sahəsindən fasiləsiz istifadə etmiş və icarə haqqı ödəmişdir. Hətta uyğunsuzluq olsa da, X4 və İstismarı Birliyi tərəfindən həmin sahə ona faktiki olaraq icarəyə verildiyinə görə onun sözügedən sahəsi özəlləşdirmək hüququ yaranmışdır. Çünki, bu illər ərzində həmin bağ sahəsi ilə bağlı hər hansı mübahisə olmamış, iddiaçı bağ sahəsindən heç bir pretenziya olmadan istifadə etmişdir. Sənədlərdə yazıların düzgün göstərilməməsi iddiaçının təqsiri deyil və bu uyğunsuzluq cavabdehin özü tərəfindən aradan qaldırılmalıdır. Göstərilənlərə ona (iddiaçıya) ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 79a saylı bağ sahəsinə iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi və bağın yerləşdiyi torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-294/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərarı ilə (hakim: R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iki bağ sahəsi bir hasar daxilindədir, mərzçəkmə və hasarlanma işləri aparılmamışdır. Bundan əlavə, sözügedən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, təqdim olunmuş müqavilə yeni Türkan qəsəbəsinə aid olduğundan, göstərilən ərazinin müqavilədə qeyd olunan bağ sahəsinə aidiyyəti yoxdur. Müvafiq bağ sahəsinin qonşu bağ sahəsinin mülkiyyətçisi ilə razılaşdırılmış və notarial qaydada təsdiq edilmiş bölgü-sxemi təqdim edilməmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2217/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-294/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2217/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının faktiki bağ sahəsi 77, 78, 80, 83 və 84 nömrəli bağların deyil, 228 nömrəli bağın şimal qonşuluğunda yerləşir. Bu qənaətlə isə məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı ilkin olaraq ona ayrılan ərazidə deyil, ona aid olmayan başqa ərazidə yerləşən torpaq sahəsinin 79a nömrəli bağ sahəsi adı ilə dövlət qeydiyyatına alınmasını istəyir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-430/2020 saylı 04 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2217/2019 saylı 10 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilərək, qərarda qeyd edilən hüquqi mövqe nəzərə alınmaqla, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 430/2020 saylı 04 fevral 2020-ci il tarixli qərarında aşağıdakılar qeyd olunur: “Xəritədə torpaq sahələrinin nömrələrinin ardıcıl gəlməməsi barədə məhkəmə konkret sübuta deyil, ehtimala əsaslanmışdır. Bu hala əsaslanmaq üçün məhkəmə hər şeydən əvvəl torpaq sahələrinin mütləq sıra ardıcıllığı ilə yerləşməli olmasına dair konkret sübuta istinad etməli idi. İşdə isə belə sübutlar yoxdur. Yəni, məhkəmə torpaq sahələrinin mütləq sıra ardıcıllığı ilə yerləşməli olmasına dair mötəbər sübuta malik olmadığı halda, bu qaydanın pozulduğu nəticəsinə gəlmişdir. Qeyd olunmalıdır ki, torpaq sahələrinin nömrələrinin ardıcıl gəlməməsi həmin sahəyə çıxarış verilməsindən imtina üçün əsas ola bilməz. Bundan əlavə sxematik xəritədən görünür ki, xəritənin şimal-qərb hissəsində yerləşən 79 saylı torpaq sahəsinin ətrafında da 242, 244, 246 saylı torpaq sahələri yerləşir. Bu isə o deməkdir ki, nömrələr arasında uyğunsuzluq sırf iddiaçıya məxsus torpaq sahəsinə münasibətdə baş verməmişdir. Hətta nömrələr arasında hər hansı uyğunsuzluq olsa belə, bu hal iddiaçının təqsiri ilə bağlı olmayan məsələdir və onun hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.” Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili hüquqi məsələlərə dair izahat verərək, apellyasiya şikayətinə etiraz edərək, təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı vəkilinin dedikləri ilə razı olduğunu bildirərək, apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin göstərişi: - iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin ona ayrılmış bağ sahəsi olubolmasının müəyyən edilməsi ilə bağlıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq göstərişlərə uyğun araşdırma apararaq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 nömrəli sərəncamına əsasən, vətəndaşların rəsmi - notarial qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin onların adlarına sənədləşdirilməsi məqsədilə 12 iyul 2002-ci il tarixli 74 nömrəli protokol əsasında Türkan qəsəbəsindəki 79 nömrəli bağ sahəsinin X12 adına sənədləşdirilməsi qərara alınmış, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı Məsələləri üzrə Komissiyasının 16 iyul 2002ci il tarixli 452 nömrəli sərəncamı ilə vətəndaşların rəsmi-notarial qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə X4 və İstismarı Birliyinin 12 iyul 2002-ci il tarixli 74 nömrəli protokolu təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı Məsələləri üzrə Komissiyasının 16 iyul 2002-ci il tarixli 452 nömrəli sərəncamını rəhbər tutaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 79a saylı bağ sahəsi X4 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 31 iyul 2002-ci il tarixli müqaviləyə əsasən, sonuncunun icarəsinə verilmişdir. Hazırda iddiaçı həmin bağ sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmaq istəyərkən cavabdeh iddiaçının müraciətini təmin etməmiş, sözügedən bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini mübahisələndirmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Fiziki şəxsin bağ sahəsi üzrə mülkiyyət hüququnun yaranması hallarından biri, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri ilə bağlanmış icarə müqavilələri təşkil edir. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərə çatdırır: İş materiallarında olan 389368 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 14 may 1987-ci ildə Xanlar Məcid oğlu ölmüş və onun arvadı X1 Təsərrüfatı İdarəsinə ərizə ilə müraciət edərək, ərinin ölümü ilə əlaqədar Türkan qəsəbəsində yerləşən 12186 nömrəli müqavilə əsasında ərinin icarəsinə verilmiş 79 nömrəli bağ sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bağlar Təsərrüfatı İdarəsi ilə X7 arasında 06 avqust 1987-ci il tarixdə bağlanmış 12186 nömrəli müqaviləyə əsasən Türkan qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi, 12 kv.m yaşayış sahəsi olan otaqdan ibarət tikili və yardımçı qurğulara malik 79 nömrəli bağ sahəsi onun icarəsinə verilmişdir. X6 Bağlar Təsərrüfatı İdarəsinə ərizə ilə müraciət edərək, Türkan qəsəbəsində yerləşən 79 nömrəli bağın sahibi X7 ilə yaxın münasibətlərinin olduğunu, sonuncunun xəstə olduğundan bağa qulluq edə bilmədiyini, ötən dövr ərzində onun bağa qulluq etdiyini, hazırda həmin bağın öz adına rəsmiləşdirilməsini istədiyini, X.İsgəndərzadənin də buna etiraz etmədiyini bildirmişdir. Həmçinin, işdə olan X.X2 İdarəsinə müraciətindən görünür ki, o, Türkan qəsəbəsində yerləşən 79 nömrəli bağ sahəsinin X3 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bağlar Təsərrüfatı İdarəsi ilə X6 arasında 09 iyun 1988-ci il tarixdə 12186 nömrəli müqaviləyə əsasən 79 nömrəli bağ sahəsi sonuncunun icarəsinə verilmiş, 09 avqust 1998ci ildə müqavilənin müddəti yenilənmişdir. xx.xx.2002-ci il tarixdə X6 Bağlar Təsərrüfatı İdarəsinə ərizə ilə müraciət edərək, həmin bağ sahəsinin 0.12 ha hissəsində tikintiyə icazə verilməklə X5, qalan 0.12 ha hissəsinin isə tikintiyə icazə verilmədən İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Eyni zamanda, X9 Bağlar Təsərrüfatı İdarəsinə ərizə ilə müraciət edərək, 79 nömrəli bağ sahəsinin 0.12 ha hissəsinin orada tikintiyə icazə verilməklə adına rəsmiləşdirilməsini xahiş etmiş və onunla İdarə arasında 31 iyul 2002-ci il tarixdə 79 nömrəli bağ sahəsinə dair müqavilə bağlanaraq 0.12 ha torpaq sahəsi icarəsinə verilmişdir. Həmçinin, Ağayev X14 Təsərrüfatı İdarəsinə ərizə ilə müraciət edərək həmin (79 nömrəli) bağ sahəsinin 0.12 ha hissəsinin tikintiyə icazə verilmədən adına rəsmiləşdirilməsini xahiş etmiş və onunla İdarə arasında 31 iyul 2002-ci il tarixdə 79a nömrəli bağ sahəsinə dair müqavilə bağlanaraq 0.12 ha torpaq sahəsi icarəsinə verilmişdir. Apellyasiya şikayətini dəlillərinə münasibət: Hazırki işin araşdırılmış hallarından göründüyü kimi, Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 79 nömrəli bağ sahəsinin ümumi sahəsi ilkin olaraq 0.25 ha təşkil etmiş, sonra isə bölünərək 0.12 ha hissəsi müqavilə əsasında iddiaçıya icarəyə verilmişdir və o, da fasiləsiz olaraq uzun illər ərzində (20 il) sözügedən Türkan qəsəbəsində yerləşən bağ sahəsindən istifadə edir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarındakı hüquqi mövqeyi nəzərə alınaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1308/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2288 nömrəli Ekspert rəyində göstərilmişdir: Tədqiqatın nəticəsi: Qərardadın birinci-ikinci və altıncı sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 79a saylı bağ sahəsinin qonşu olan 79 saylı bağ sahəsi ilə bir hasar daxilində yerləşdiyi, ara sərhəddin 4 (dörd) sıra mişar daşı düzülərək ayrıldığı, iki bağın yerləşdiyi hasar daxilindəki torpaq sahəsinin 0.3393 ha təşkil etdiyi müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, sözügedən bağ sahəsinin naturada yerləşməsinin sxematik xəritəyə uyğun gəlmədiyi, həmçinin müqavilədə bağın nömrəsi 79a göstərilsə də, arxiv arayışında 79 kimi qeyd olunduğu müəyyən olundu. Qərardadın dördüncü və beşinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, 79a saylı bağ sahəsinin Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşdiyi müəyyən olundu. Apellyasiya şikayətinin dəlili ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, bağların bölgüsü ilə bağlı sxematik xəritə ilə uyğunsuzluq, yəni bağ sahəsinin başqa bağ sahəsinin ərazisinə uyğun gəlməsi iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Bununla yanaşı Məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020 -cu il tarixli qərarı). Həmçinin, apellyasiya şikayətinin iki bağ sahəsinin bir hasar daxilində yerləşməsi və mərzçəkmə və hasarlanma işlərinin aparılmaması dəlili ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyindən də göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 79a saylı bağ sahəsinin qonşu olan 79 saylı bağ sahəsi ilə bir hasar daxilində yerləşdiyi, ara sərhəddin 4 (dörd) sıra mişar daşı düzülərək ayrıldığı, iki bağın yerləşdiyi hasar daxilindəki torpaq sahəsinin 0.3393 ha təşkil etdiyi müəyyən olundu. Eyni zamanda Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Odur ki, belə hal hüququ olan şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına heç bir halda əsas vermir. Beləliklə, Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-294/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar