Məhkəmə qərarları › İş №2-1(103)-42/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-42/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-42/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-121/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2də yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Xətai rayonu icra hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 331 saylı sərəncamı ilə İddiaçı ayrılmış ünvan 2də yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu icra hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 331 nömrəli sərəncamı ilə İddiaçı rayon ərazisində cizgidə göstərilən sahədə 0,06 ha torpaq sahəsi ayrılmış və fərdi evin tikintisinə icazə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, əsassız olaraq müraciəti təmin edilməmişdir. Cavabdehin **********89 saylı, 13 iyul 2020-ci il tarixli imtina məktubu onunla əsaslandırılmışdır ki, torpaq sahəsi bir tərəfdən dövlət əmlakına, digər tərəfdən isə transformator binasına bitişik yaşıllıq ərazisi olmaqla, dövlət torpağıdır, təqdim edilmiş yerləşmə sxemində torpaq sahəsinin konfiqurasiyası və bəzi perimetrik ölçüləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluq var. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, göstərilən torpaq sahəsi transformator binasına bitişik deyil və aralıda yerləşir, bitişik yaşıllıq sahəsi isə iddiaçıya məxsusdur. Göstərilən torpaq sahəsi 40 ildən artıq müddətdir ki, iddiaçının istifadəsində və sahibliyindədir, orada tikilmiş birotaqlı evdə yaşayır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-121/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsi xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, göstərilən torpaq sahəsi bir tərəfdən dövlət əmlakına, digər tərəfdən isə transformator binasına bitişik yaşıllıq ərazisi olmaqla, dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmçinin, təqdim edilmiş yerləşmə sxemində göstərilən torpaq sahəsinin konfiqurasiyası və bəzi perimetrik ölçüləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluq var. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Tərəflərin izahatları : Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin qanunsuz və əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya İnstansiya Məhkəməsinin Mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri Xətai rayonu icra hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 331 saylı sərəncamı ilə ona ayrılmış ünvan 2də yerləşən cizgidə göstərilən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı verilərək bildirilmişdir ki, göstərilən torpaq sahəsi bir tərəfdən dövlət əmlakına, digər tərəfdən isə transfarmator binasına bitişik yaşıllıq ərazisi olan dövlət torpağıdır, həmçinin təqdim edilmiş yerləşmə sxemində göstərilən torpaq sahəsinin konfiqurasiya və bəzi perimetrik ölçüləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluqlar var. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarında olan: - Bakı şəhəri Xətai rayonu icra hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 331 saylı “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, ev 6a-da yaşayan vətəndaş İddiaçı Xətai rayonu ərazisində cizgidə göstərilən sahədə 0,06 ha torpaq sahəsi ayrılmış və fərdi evin tikintisinə icazə verilmişdir. - Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 2944 saylı məhəllədə vət. İddiaçı istifadəsinə verilmiş 600 kv.m torpaq sahəsinin Xətai rayonu icra hakimiyyətinin memarı E.Bağırov tərəfindən hazırlanmış yerləşmə cizgisi təsdiq edilərək konfiqurasiyası və perimetrik ölçüləri əks edilmişdir. - Azərbaycan Respublikası Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********89 saylı imtina məktubunda göstərilən torpaq sahəsinin bir tərəfdən dövlət əmlakına, digər tərəfdən isə transfarmator binasına bitişik yaşıllıq ərazisi olması, dövlət torpağı olması, həmçinin, təqdim edilmiş yerləşmə sxemində göstərilən torpaq sahəsinin konfiqurasiya və bəzi perimetrik ölçüləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluqlar olması bildirilmişdir. - "xxxx" MMC tərəfindən sifarişçi İddiaçı hazırlanmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin layihəsi tərtib edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin No6-021/A279/2925 saylı 07 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, Xətai rayonu, Cavanşir küçəsi, 2944-cü məhəllədə İddiaçı ayrılmış torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün elektrik xətlərinin mühafizə zonaları ilə bağlı arayış verilməsinə dair ərizəyə (A-279) "xxxx" ASC-də baxılmışdır. Torpaq sahəsindən "xxxx" ASC-yə məxsus yüksək gərginlikli elektrik xətlərinin keçməməsi qeyd edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********25 nömrəli və xx.xx.2022-ci il tarixli **********49 mütəxəssis rəyləri ilə bildirilmişdir ki, ünvan 2də yerləşən torpaq sahəsinin və Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinə dair təqdim edilmiş ilkin yerləşmə cizgisində dəqiq istinad məlumatları, məsafələri qeyd olunmayıb. Sahənin künc nöqtələri arasındakı məsafələr və konfiqurasiyası faktiki vəziyyətdə fərqlidir. İddia olunan torpaq sahəsi 250 saylı uşaq bağçasının cənub tərəfində, elektrik transformator binasına bitişik, yaşıllıq yerləri olmaqla dövlət mülkiyyətindədir. Eynilə bu sahəyə, tam ölçüdə, digər fiziki şəxs X6 tərəfindən müraciət idarəyə daxil olmuşdur. - X1 notarial təsdiq edilmiş ərizəsindən görünür ki, əvvəllər sənədləşdirilməsi üçün səhvən X1 müraciət etdiyi Bakı şəhəri, Xətai rayonu, 2944-cü məhəllə ünvanında yerləşən 600.0 kvm torpaq sahəsinin X5 heç bir aidiyyatı yoxdur. Həmin torpaq sahəsinin X2 adına sənədləşdirilməsinə X4 vərəsəsi X3 etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5288 No-li məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən sahənin koordinatları müəyyən olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaq sahəsinə dair təqdim edilmiş ilkin yerləşmə cizgisində dəqiq istinad məlumatları, məsafələri qeyd olunmadığına və sahənin künc nöqtələri arasındakı məsafələri və konfiqurasiyası faktiki vəziyyətdə fərqli olduğuna görə qərardadın ikinci sualı cavablandırılmadı. 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, iddia olunan torpaq sahəsinin 250 saylı uşaq bağçasının cənub tərəfində, elektrik transformator binasına bitişik, yaşıllıq yerləri olmaqla dövlət mülkiyyətində olduğu müəyyən olundu. 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, mübahisəli sahəyə tam ölçüdə, digər fiziki şəxs X6 tərəfindən müraciətin daxil olduğu müəyyən olundu. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-ci il tarixli 10/4294 No-li təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Bakı şəhəri Xətai rayonu, Cavanşir küçəsi, 2944-cü məhəllədə yerləşən torpaq sahəsinin və Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayonu, Cavanşir küçəsi, 2944-cü məhəllədə yerləşən torpaq sahəsinin faktiki vəziyyəti ilə, Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamına əlavə edilmiş sxemin texniki parametrləri eynilik təşkil etdiyindən, Bakı şəhəri Xətai rayonu, Cavanşir küçəsi, 2944-cü məhəllədə yerləşən torpaq sahəsinin Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Mərkəzə təqdim edilmiş elektron baza məlumatlarına (kadastrportalı.az) əsasən Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsi dövlət mülkiyyətinə aiddir və digər fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Mübahisələndirlən torpaq sahəsi faktiki iddiaçı tərəfindən istifadə olunaraq yaşıllaşdırılmış və meyvə ağacları əkilmişdir. İş üzrə tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. – 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunan hüquq normalarının hazırkı işin hallarına tətbiqi zamanı belə qənaətə gəlinir ki, iddiaçı iddia tələbində haqlıdır və Bakı şəhəri Xətai rayonu icra hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 331 saylı sərəncamı ilə İddiaçı ayrılmış ünvan 2də yerləşən 0,06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları yaranmışdır. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, göstərilən torpaq sahəsi bir tərəfdən dövlət əmlakına, digər tərəfdən isə transformator binasına bitişik yaşıllıq ərazisi olmaqla, dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmçinin, təqdim edilmiş yerləşmə sxemində göstərilən torpaq sahəsinin konfiqurasiyası və bəzi perimetrik ölçüləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluq var. İşin obyektiv araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1024/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq daxil olmuş ekspert rəyində qeyd olunmuşdur ki, qərardadın 1-ci sualı üzrə: Tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində əldə edilmiş müvafiq məlumatlar ilə mülki iş materiallarında olan (1-ci cild, səh.117), Bakı şəhəri, Xətai Rayon İcra Hakimiyyətinin memarı E.Bağırov tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə dair tərtib edilmiş sxem müqayisələndirilən zaman naturada təqdim edilən (mübahisə predmeti olan) torpaq sahəsinin yerləşmə vəziyyətinin (bağça ərazisi, transformator binası və daş qaraj cərgəsi nəzərə alınmaqla) həmçinin, faktiki sahəsinin yuxarıda qeyd olunan sxem ilə uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur. Qərardadın 2-ci sualı üzrə: Tədqiq olunan ünvanda baxış zamanı naturada təqdim edilən torpaq sahəsinin azbest şifer və mişarlanmış əhəg daşından inşa edilmiş hasar ilə əhatə olunduğu, həmçinin baxış zamanı aparılan ölçü işləri nəticəsində naturada təqdim edilən (mübahisə predmeti olan) torpaq sahəsi ilə 250 saylı uşaq bağçası arasındakı məsafənin 25.20 metr, transformator binası ilə həmin torpaq sahəsi arasındakı məsafənin isə 4.80 - 5.50 metr təşkil etdiyi müəyyən olunmuşdur. Mülki iş materiallarında olan "xxxx" ASC-nin Texniki Departamentinin direktoru Vüsal Qənbərov tərəfindən tərtib edilmiş, xx.xx.2024-cü il tarixli müvafiq arayışına əsasən mübahisə predmeti olan torpaq sahəsindən "xxxx" ASC-yə məxsus yüksək gərginlikli elektrik xətlərinin keçmədiyi müəyyən olunur. Qərardadın 3-cü sualı üzrə: Tədqiq olunan ünvanda baxış zamanı naturada təqdim edilən (mübahisə predmeti olan) torpaq sahəsinin ümumi istifadədə olan yol, keçid, park və s. kimi istifadə olunmadığı və faktiki olaraq iş uzrə iddiaçı tərəfindən həyətyanı torpaq sahəsi (bağ sahəsi) kimi istifadə olunduğu müşahidə olunmuşdur. Beləliklə, həm əvvəlki ekspert rəyindən, həm də iş üzrə təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası əsasında verilmiş sonuncu rəydən müəyyən edilir ki, Bakı şəhəri Xətai rayonu, Cavanşir küçəsi, 2944-cü məhəllədə yerləşən torpaq sahəsinin faktiki vəziyyəti ilə Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamına əlavə edilmiş sxemin texniki parametrləri eynilik təşkil etdiyindən, Bakı şəhəri Xətai rayonu, Cavanşir küçəsi, 2944-cü məhəllədə yerləşən torpaq sahəsinin Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 331 saylı Sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətinə aid oldugu, digər fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi, mübahisələndirlən torpaq sahəsinin faktiki iddiaçı tərəfindən istifadə olunaraq yaşıllaşdırıldıgı və meyvə ağaclarının əkildiyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin apelyasiya şikayətinin dəlilləri məhkəmə araşdırmaları nəticəsində təkzib olunmuşdur. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, elcədə cavabdeh həmin dəlilləri təsdiq edəcək hər hansı sübut təqdim etmədiyindən əsassızdır və mübahisələndirilən qərarın ləğvinə əsas vermir. İnzibati İcraat Haqqında Qanunun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; «İnsan hüquqlarının və əsasazadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi iləbağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-121/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 50 manat pul Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar