Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-420/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı (3-cü şəxs: X8) “dövlət qulluğu münasibətlərinin mövcudluğunun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7659/2022 saylı, 13 iyun 2022-ci il tarixli qərarından 3-cü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifələrində çalışdığı xx.xx.2012-ci ildən xx.xx.2020-ci il tarixədək dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajını nəzərə alaraq, həmin dövr üzrə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə arasında etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2000-ci ildən xx.xx.2010-cu ilədək müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2011-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində AR Əmək Məcəlləsinin 47-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlayaraq xx.xx.2012-ci il tarixinədək aparıcı məsləhətçi vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2012-ci tarixindən xx.xx.2012-ci il tarixinədək AR Əmək Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Komitədə 2 dəfə ardıcıl olaraq 3 (üç) ay müddətində aparıcı məsləhətçi vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. Daha sonra xx.xx.2012-ci il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununun 28.6-cı maddəsinə uyğun olaraq Komitəyə stajçı kimi dövlət qulluğuna qəbul edilərək baş məsləhətçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2013-cü il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununun 28.6-cı maddəsinə uyğun 6 ay sınaq müddəti ilə Komitədə baş məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirmişdir. Sınaq müddəti bitdikdən sonra xx.xx.2013-ci il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununa uyğun olaraq daimi dövlət qulluğuna qəbul edilmiş və ona 5-ci təsnifat üzrə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdi. Daha sonra, xx.xx.2016-cı ildə 5-ci təsnifat üzrə 1-ci dərəcəli dövlət qulluqçusu, xx.xx.2019-cu ildə isə 5-ci təsnifat üzrə dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi almışdır. Daha münasib əmək şəraiti olan digər təşkilatda işə qəbulu ilə əlaqədar olaraq, xx.xx.2020-ci ildə “Dövlət qulluğu haqqında” AR Qanunun 33.1.1-ci maddəsinə əsasən öz ərizəsi əsasında Komitədəki vəzifəsindən azad edilmişdir. xx.xx.2020-ci il tarixindən bu günədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdirinin müavini vəzifəsində çalışır. xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək Komitədə çalışdığı vəzifələr həm o dövrdə həm də hazırda daimi dövlət qulluğu sayılır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, 2022-ci ilin mart ayında AR Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Xətai rayon şöbəsinə sektor müdiri vəzifəsinə (7ci təsnifat üzrə) müsahibədə iştirak etmək məqsədilə X7 müraciət etmişdir. Lakin X8 tərəfindən xx.xx.2022-ci il tarixli elektron məktubla müsahibədə iştirak etmək üçün iddia etdiyi vakant dövlət qulluğu vəzifəsi üzrə müsahibədə iştirak etməyinə imtina edilmişdir. Əsas kimi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə dövlət qulluğu haqqında qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilməyi göstərilmişdir. Bildirmək istəyir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində çalışdığı 12 ilə yaxın müddət ərzində digər dövlət qulluqçuları ilə heç bir fərq qoyulmadan, dövlət qulluqçuları üçün nəzərdə tutulan bütün hüquqlardan və vəzifələrdən yararlanmışdır. Belə ki, işəgötürənlə (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) aralarında əmək müqaviləsi əsasında həqiqi əmək münasibətləri olmuş, əmək hüququ, məzuniyyət, əmək haqqından tutmalar, həvəsləndirmə tədbirləri digər əməkdaşlarla heç bir fərq qoyulmadan təmin edilmişdir. Bütün bu tədbirlər Komitənin inzibati aktları ilə rəsmiləşdirilmişdir. Komitədə dövlət qulluğu üzrə əmək fəaliyyəti ilə məşğul olduğu müddət ərzində nə Komitənin özü, nə də DİM tərəfindən heç bir irad bildirilməmiş, qeyd edilən inzibati aktlar ləğv edilməmişdir. Bütün qeyd edilənlərdən aydın olduğu kimi inzibati orqanla aralarında publik hüquq münasibətləri mövcud olmuşdur. Buna görə də hesab edir ki, onunla inzibati orqan arasında olan publik hüquq münasibətləri tanınmalıdır (müəyyən etdilməlidir), dövlət qulluğunda inzibati vəzifə üzrə əmək fəaliyyəti ilə məşğul olmağım nəzərə alınmalı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində işə qəbul edildiyi xx.xx.2011-ci il tarixdən işdən azad edildiyi tarixədək (xx.xx.2013-cü il) işlədiyi bütün dövr dövlət qulluğu stajı nəzərə alınmalıdır. X5 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı 2012ci ildə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla müsabiqədən keçmədən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində inzibati vəzifələrin 5-ci təsnifatına aid olan baş məsləhətçi vəzifəsinə dövlət qulluğuna qəbul edilmişdir. Azərbaycan Respublikasının X8 tərəfindən aparılan məlumat bazalarında İddiaçı dövlət qulluğuna qəbulla bağlı hər hansı müsabiqədə iştirakı qeydə alınmamışdır. İddiaçı qeyd edilən vəzifəyə müsabiqədən keçməklə təyin edilməli olduğu halda bu cür prosedurdan keçmədən birbaşa dövlət qulluğuna qəbul edilmişdir. İddiaçı dövlət qulluğu vəzifəsinə birbaşa (müsabiqədənkənar) təyinatı eyni zamanda “Dövlət qulluğu haqqında” Qanunun 4.1.6-cı maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna qəbulun şəffaflığı, 4.1.7ci maddəsində nəzərdə tutulmuş vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi və 4.1.8-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi prinsiplərinin tələblərini də pozmuşdur. “Dövlət qulluğu haqqında” Qanunun 14.1-ci maddəsində “dövlət qulluqçusu”nun anlayışı verilmişdir. Həmin maddəyə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddədən də göründüyü kimi dövlət qulluqçusu statusunun əldə edilməsi üçün şəxs həmin Qanunla müəyyən edilmiş qaydada dövlət qulluğu vəzifəsini tutmalıdır. İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması prosedurları “Dövlət qulluğu haqqında" Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuşdur. İddiaçı dövlət qulluğu vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada tutmamış, dövlət qulluqçusu statusunu qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etməmişdir. “Dövlət qulluğu haqqında" Qanunun 33.1.4-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının X8 yaradılmış, 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış, 2017-ci ilin yanvarından fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X8 publik hüquqi şəxsin Nizamnaməsi" ilə Mərkəzin üzərinə dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək və bu barədə hesabat hazırlamaq (Nizamnamənin 2.1.28-ci yarımbəndinə uyğun olaraq), dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək (Nizamnamənin 2.1.29-cu yarımbəndinə uyğun olaraq), dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək və yol verilmiş pozuntu hallan barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək (Nizamnamənin 2.1.34-cü yarımbəndinə uyğun olaraq) kimi vəzifələrin icrası qoyulmuşdur. Qeyd edilən vəzifələrin icrası ilə əlaqədar X8 dövlət orqanlarında dövlət qulluğuna qeyri-qanuni qəbul hallarını araşdıraraq yol verilmiş pozuntu halları ilə bağlı 2017-ci ildə müvafiq dövlət orqanlarına məktublar ünvanlamışdır. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində inzibati dövlət qulluğu vəzifələrinə müsabiqədə iştirak etmədən qəbul edilmiş 17 nəfər şəxs müəyyən edilmiş, qanunvericilik tələblərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi barədə Mərkəzə məlumat verilməsi xahişi 2017-ci ilin noyabr ayında dövlət orqanına bildirilmiş və sözügedən şəxslərin siyahısı, o cümlədən iddiaçı M.Ş İsmayılova barədə məlumatlar dövlət orqanına təqdim edilmişdir. Eyni məsələ ilə bağlı 14 may 2018-ci il tarixli 01/xx-xx/1323 nömrəli məktubla X8 Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət etmişdir. Həmin məktubda İddiaçı məlumatları da öz əksini tapmışdır. X8 tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması halları barədə yenidən 18 dekabr 2018-ci il tarixli 01/xx-xx/3566 nömrəli məktubla Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət edilmişdir. Qeyd edilən məktubda dövlət qulluğuna dair qanunvericiliyin tələbi pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin siyahısında İddiaçı dair məlumatlar yenidən öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İddiaçı ilə bağlı qanunsuz inzibati aktın qəbul edilməsi halı X7 fəaliyyətə başladığı tarixdən 1 il keçmədən məlum olmuş və həmin müddət ərzində bu qanunsuz inzibati aktla bağlı qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslər, o cümlədən İddiaçı barəsində müvafiq tədbirlərin görüləcəyi barədə həm Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına, həm də X7 məlumat verilsə də, İddiaçı barəsində yol verilmiş pozuntu halının aradan qaldırılması ilə bağlı hər hansı bir tədbir görülməmişdir. İddiaçı dövlət qulluğuna “Dövlət qulluğu haqqında” haqqında Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə 12 oktyabr 2020-ci il tarixdə xitam verilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla qəbul edilməsi məsələsinə X8 tərəfindən münasibət bildirilməməsi haqqında iddiası əsassızdır. İddianı İddiaçı iddia ərizəsində ümumi müsahibədə iştirakla bağlı qeydə alınmadığını bildirmişdir. Bununla bağlı bildirilir ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin birinci hissəsinə əsasən 1-5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. İddiaçı ümumi müsahibədə iştirak edə bilmək üçün dövlət qulluğuna dair qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət orqanında inzibati vəzifələrdə azı 5 il qulluq stajına malik olma tələbinə cavab verməlidir. Artıq yuxarıda qeyd edildiyi kimi, İddiaçı 2012-2020-ci illərdə çalışdığı dövlət qulluğu vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada tutmamış, dövlət qulluqçusu statusunu qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etməmişdir. Əlavə olaraq bildirilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununun keçid müddəalarına uyğun olaraq 2021-ci il iyulun 1-dək ‘Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutulurlar. Eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (yəni 10 avqust 2016-cı il tarixədək) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş (2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər istisna olmaqla) və on ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat əldə etməlidirlər. Qanundan da göründüyü kimi qanunverici şəxsin (dövlət qulluqçusunun) dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş olmasını vurğulamaqla, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmadan dövlət qulluğuna qəbul olunmuş şəxslərə münasibətdə hər hansı status müəyyən etməmişdir. Yuxanda artıq qeyd olunduğu kimi İddiaçı 2012-ci ildə dövlət qulluğuna qəbulu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilmədən həyata keçirilmişdir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək X5 cavabdeh qismində prosessual iştirakçılığına xitam verilməsini və üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7659/2022 saylı, 13 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: O.Həsənov) Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxsin apellyasiya şikayəti mahiyyətcə etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi X9 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: (Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində işlədiyi müddət) xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Ailə Problemləri şöbəsində məsləhətçi, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61.3-cü maddəsinə əsasən 3 (üç) ay müddətinə Ailə problemləri şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmiş və xx.xx.2012-ci il tarixdə onun bağlanılmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61.3-cü maddəsinə əsasən 3 (üç) ay müddətinə Ailə problemləri şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmiş və xx.xx.2012-ci il tarixdə onun bağlanılmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2012-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.6-ci maddəsinə əsasən bir il müddətinə stajçı kimi Komitəyə qulluğa qəbul edilmiş və X2 mərkəzlərlə iş şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.6-ci maddəsinə uyğun olaraq, altı ay sınaq müddətilə Komitəyə dövlət qulluğa qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq inzibati vəzifələrin 5-ci təsnifatı üzrə ikinci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2016-cı il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq inzibati vəzifələrin 5-ci təsnifatı üzrə birinci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq inzibati vəzifələrin 5-ci təsnifatı üzrə Dövlət qulluqçunun kiçik müşaviri ixtisas dərəcəsi verilmiş, xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifələrində çalışdığı xx.xx.2012-ci ildən xx.xx.2020-ci il tarixədək dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajını nəzərə alaraq, həmin dövr üzrə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə arasında etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.10-cu maddəsinə əsasən, əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır; 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır; 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.11-ci maddəsinə əsasən, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır; 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, İddiaçı 2012-ci ildə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunmasına dair qəbul edilmiş inzibati akt, yəni Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 31 may 2012-ci il tarixli, 84 “k” nömrəli əmri iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallar barədə işdə hər hansı sübut yoxdur və bu hallarla bağlı mübahisə açılmamışdır. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçı barəsində qəbul edilən Komitənin 31 may 2012-ci il tarixli, 84 “k” nömrəli əmri qanunsuz əlverişli inzibati akt hesab olunsa belə, həmin aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Məhkəmə iddiaçının mübahisəli illərdə işlədiyi müddətin dövlət qulluğu kimi nəzərə alınmalı olmasına münasibətdə isə bildirmişdir ki, doğrudur ki, dövlət qulluğuna qəbul bilavasitə müsabiqə əsasında aparılır (“Dövlət qulluğu haqqında” Qanunun 28.1-ci maddəsi) Lakin, nəzərə alınmalıdır ki, hətta iddiaçının dövlət qulluğuna qəbul edilməsi işə qəbul anında müsabiqə əsasında aparılmasa da, bu hal iddiaçının ziyanına şərh olunmamalıdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: 14.1.Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. 15-1.2. Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir. 16.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir; 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir; 17.3-cü maddəsinin 3-cü cümləsinə əsasən, ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. 21.1.6. Dövlət qulluqçuları üçün dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük təminatı verilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikasının X8 tərəfindən aparılır. Həmin Qaydaların 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2012-ci ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlardan istifadə etmişdir, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə görə əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Məhkəmə həmçinin vurğulamışdır ki, iddiaçı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifələrində 10 ildən artıq çalışmışdır və bu dövr ərzində ona müvafiq ixtisas dərəcələri verilmiş və həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir, bu isə İddiaçı ixtisas səviyyəsinin, həmçinin peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının göstəricisi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd etmişdir ki, X8 iddiaçının Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində işlədiyi “baş məsləhətçi” vəzifəsinin dövlət qulluğu stajına daxil edilməsini öz iradə ifadəsi ilə nümayiş etdirmişdir. Belə ki, Dövlət Qulluqçuların Reyestrinə daxil edilən məlumatdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “baş məsləhətçi” kimi icra etdiyi illər dövlət qulluğu stajına daxil edilmiş, bu barədə məlumat müvafiq olaraq dövlət qulluqçusunun anketinin 6-cı qrafasında göstərilmişdir. Bundan başqa, iddiaçının qiymətləndirilməsi, aldığı ixtisas dərəcələri, həmçinin dövlət qulluğunda qulluq stajının 08 il 04 ay 11 gün olması da həmin anketdə öz əksini tapmışdır. Göründüyü kimi dövlət qulluğu fəaliyyətini təşkil edən X8 iddiaçının işlədiyi illərin dövlət qulluğuna aid olduğunu və həmin illər əsasında onun dövlət qulluğu stajının 08 il 04 ay 11 gün olduğunu öz iradə ifadəsi ilə nümayiş etdirmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab etmişdir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. İndiki halda isə cavabdeh Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uzun illərdir ki, işçisi olan İddiaçı dövlət qulluqçusu qismində tanıyaraq, ona dövlət qulluqçusu kimi ixtisas dərəcələri vermiş, həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlar ilə təmin etmişdir ki, inzibati orqan nəticə etibarı ilə şəxsin dövlət qulluqçusu olduğuna etimad göstərmişdir. Bu səbəbdən iddiaçının dövlət qulluğuna müsabiqə yolu ilə keçib-keçməməsindən asılı olmayaraq, onun xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi müddət - dövlət qulluğunda işlədiyi müddət kimi nəzərə alınmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövlət qulluğu vəzifələrində stajı nəzərə alınmaqla, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə həmin illər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu təsdiq edilməlidir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7659/2022 saylı, 13 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-420/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-420/2023
24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver