Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4200/2025 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Tağızadə Hüseynqulu Şamil oğlunun cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (kompensasiya tələbi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və Səmədov Rəşid Əfraim oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı Tağızadə Hüseynqulu Şamil oğlunun, Cavabdehin nümayəndəsi Əliquliyeva Yeganə Əlibaba qızının iştirakları ilə, İddiaçı Tağızadə Hüseynqulu Şamil oğlunun cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(112)-9472/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı II dərəcə əlil olduğu üçün ona 11 iyul 2017-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1.2-ci maddəsinə və 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinə uyğun olaraq mərhum Atamalı Qafar oğlu Sadıxovun müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əlilliyinin etibarlılıq müddəti 3 oktyabr 2022-ci il tarixinədək olması ilə əlaqədar ailə başçısını itirməyə görə ödənilən əmək pensiyasının müddəti də 1 noyabr 2022-ci il tarixinədək müəyyən edilmişdir. İddiaçının müraciəti ilə əlaqədar 1 iyun 2022-ci il tarixindən Qanunun 14.1.3-cü maddəsinə və 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinə uyğun olaraq, mərhum Atamalı Sadıxovun 8 yaşına çatmamış nəvəsinə baxdığına görə ailə başçısını itirməyə görə müvafiq təminat xərcliyinin (1237,75 manat) 80 faizi - 990,20 manat məbləğində əmək pensiyası və 99,02 manat maddi yardım müəyyən edilməklə ödənilib. İddiaçının nəvəsi Fərid Gündüz oğlu Sadıqovun 8 yaşına çatması ilə əlaqədar Qanunun 14.1.3-cü maddəsinə uyğun olaraq, ona baxmağı ilə əlaqədar ona ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası ödənişi 1 avqust 2024-cü il tarixindən dayandırılıb. Birinci instansiya məhkəməsində icraat İddiaçı Tağızadə Hüseynqulu Şamil oğlu cavabdehlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35077,50 (otuz beş min yetmiş yeddi manat əlli qəpik) pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Tağızadə Hüseynqulu Şamil oğlu 25 sentyabr 2013-cü il tarixində 1497/ş nömrəli əmrlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində xidmətə qəbul olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Dövlət yanğından mühafizə hissəsində hərbi rütbəsi daxili xidmət baş çavuşu olmaqla dispetçer hərbi-uçot ixtisası üzrə xidmət göstərmişdir. 31.05.2023-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Tibb xidmətinin Xüsusi həkim ekspertiza komissiyası tərəfindən şəhadətləndirilmişdir. Həmin şəhadətnamədə xəstəliyin xidmət dövründə alındığı təsdiq edilmiş, müharibə və dinc dövrdə hərbi xidmətə yararsızlığı qeyd edilmişdir. 20 iyul 2023- cü il tarixli, 1350/ş nömrəli əmrlə iddiaçının xidmət keçməsinə xitam verilmişdir. Əmək kitabçasında 20 iyul 2023-cü il tarixli, 1350/ş nömrəli əmrlə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.5-ci maddəsinə əsasən uzun müddətli xəstəliyi ilə əlaqədar vəzifəsinin yerinə yetirməsinin qeyrimümkünlüyü ilə əlaqədar olaraq xidmətkeçməsinə xitam verildiyi qeyd olunmuşdur. İddiaçı bundan sonra uzun müddətli müalicələr almışdır. 30.03.2021-30.04.2021-ci illərdə Səhiyyə Nazirliyi 1 saylı Vərəm Əleyhinə Dispanserində müalicə keçmiş və ona “Sol ağciyərin infiltrativ vərəmi, eksudativ plevritlə fasadlaşma, TDV (-) mənfi” diaqnozu qoyulmuşdur. 17.01.2022- 16.02.2022-ci il tarixlərdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəliklər İnstitutunda stasionar müalicədə olmuşdur. Stasionardan çıxarkən “Sol ağciyərin infiltrativ vərəmi, sorulma mərhələsi, TDV (-) mənfi” diaqnozu qoyulmuşdur. Sonuncu diaqnozdan sonra səhhəti ilə əlaqədar qısa müddətdə (1 ay, 21 gün) dispetçer vəzifəsində xidmət etmişdir. Lakin, bu qısa müddət ərzində səhhəti yenidən pisləşmiş və yenidən məcburi müalicə almalı olmuşdur. 20.08.2022-ci il tarixdən 10.09.2022-ci ilə kimi müxtəlif xəstəxanalarda (Abşeron Rayon Mərkəzi Xəstəxanasında, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzində, Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Ağciyər Xəstəliklər İnstitutunda) müayinədən keçmiş, Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Ağciyər Xəstəlikləri İnstitu Sol Ağciyərin inflltirativ vərəmi, dağılma mərhələsi, TDM (+) müsbət olmaqla 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasına göndərilmişdir. 10.09.2022- 06.12.2022-ci il tarixlərdə 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasında Sol Ağciyərin infiltirativ vərəmi, dağılma mərhələsi, TDM (+) müsbət MDR forma diaqnozu əsasında müalicə almışdır. 19.03.2024-cü il tarixdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəliklər İnstitutunda müayinədən keçmiş, İnstitut, sol ağciyərin fibroz-kavernoz vərəmi, TDM (+) müsbət olmaqla 1 nömrəli (keçmiş 6 saylı) Xüsusiləşmiş Vərəm Xəstəxanasına göndərilmiş və 11.05.2024-cü il tarixə qədər həmin xəstəxanada stosianar müalicə almışdır. 21.02.2025-ci il tarixədək isə ev şəraitində dərman qəbul edərək müalicəsini davam etdirmişdir. 12.10.2024-cü il tarixdə iddiaçıya üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. Fövqəladə hallar orqanlarından ona verilən pul attestatı № 04 adlı sənəddə iddiaçının ümumi aylıq vəzifə maaşı 765.55 manat olaraq qeyd edilmişdir. Həmin attestata görə “ərzaq payı” aylıq olaraq 64 manat hesablanmışdır. “Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.5.2-ci maddəsinin tələblərinə görə iddiaçıya 701,55 manatın (765.55-64=701,55) 50 misli, yəni 35077,50 (701,55*50=35077,50) manat birdəfəlik müavinət ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində iddiaçı Tağızadə Hüseynqulu Şamil oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti ilə bağlı hər hansı məlumat qeyd edilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə qoşma edilən sənədlərə Nazirliyin qurumlarından hər hansı birinin məktubu əlavə edilməmişdir. Göründüyü kimi iddiaçının hüquqlarının Nazirlik tərəfindən pozulması halı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(112)-9472/2025 nömrəli qərarı ilə (hakim Səlma Qənbərova) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Eyni zamanda, məhkəmənin 16.07.2025-ci il tarixli qərardadı ilə iddiaçı Tağızadə Hüseynqulu Şamil oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə münasibətdə iddiası mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(112)-9472/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunun 23.9-cu maddəsinə əsasən Fövqəladə hallar orqanlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidməti davam etdirməyə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış və əmlakına zərər vurulmuş əməkdaşlarına və ya onların ailə üzvlərinə qanunvericiliyə uyğun olaraq birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi təmin edilir. Bu maddə də qeyd edilən, “və ya xidməti davam etdirməyə imkan verməyən xəstəliyə tutulmuş” şəxs ifadəsi tamamilə onun vəziyyətinə uyğundur. Məhkəməyə verdikləri yazılı vəsatətlərində iş şəraitində qazın - isitmənin olmamağı, qurutma otağının avadanlıqlarla təmin edilməməsi yaxud fəsil rejiminə uyğun 4 YMB-də nəmişliyin normadan artıq olmasına dair faktiki hallara uyğun məlumat versələr də məhkəmə nə bu məqamları araşdırdı, nə də şübhəli halları onların xeyrinə həll elədi. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(112)-9472/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(112)- 9472/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun: -25.10-cu maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydası”na əsasən: - Bənd 1. Bu Qayda “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşları (bundan sonra fövqəladə hallar orqanlarının əməkdaşları) üçün qanunvericiliklə müəyyən edilmiş aşağıdakı bəzi ödənişlərin hesablanması və ödənilməsi qaydasını müəyyən edir: 1.5. fövqəladə hallar orqanlarının əməkdaşlarına və ya onların ailə üzvlərinə: 1.5.2. əməkdaş xidməti vəzifələrinin icrası ilə əlaqədar xidməti davam etdirməyə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda və ya xəstəliyə tutulduqda və əmlakına zərər vurulduqda, dövlət büdcəsinin vəsaiti hesabına ona aylıq pul təminatının (ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla) 50 (əlli) misli miqdarında birdəfəlik müavinət və qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə maddi zərər ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən: -Bənd 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. -bənd 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkimuçuş komissiyaları) yaradılır. -bənd 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbihəkim komissiyasına həvalə olunur. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq həkimmütəxəssislər, zərurət olduğu halda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. Hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar bu Əsasnamənin 2.6-cı bəndinə uyğun olaraq çıxarılır. -Bənd 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. - bənd 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”. “İnzibati icraat haqqında” Qanuna əsasən: maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. maddə 81.1. İnzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən ona 35077,50 (otuz beş min yetmiş yeddi manat əlli qəpik) manat kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya aylıq pul təminatının 50 misli miqdarında birdəfəlik müavinət verilməsi üçün onun həmin xəstəliyi xidməti vəzifələrinin icrası ilə əlaqədar alması zəruri olduğundan, lakin H.Tağızadə həmin xəstəliyi “xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi deyil, “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirdiyindən, bu barədə qərar qüvvədə olduğundan iddiaçının hazırkı tələbinin hüquqi əsas olmamış, cavabdeh əsaslı olaraq onun müraciətinin təmin etməkdən imtina etmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə qarşı hazırkı məzmunda tələbi əsaslı sayıla və təmin oluna bilməz. İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “... Fövqəladə hallar orqanlarında xidmətkecmə haqqında Azərbaycan Respublikasının Qanunun 23.9-cu maddəsinə əsasən Fövqəladə hallar orqanlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidməti davam etdirməyə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış və əmlakına zərər vurulmuş əməkdaşlarına və ya onların ailə üzvlərinə qanunvericiliyə uyğun olaraq birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi təmin edilir. Bu maddə də qeyd edilən, “və ya xidməti davam etdirməyə imkan verməyən xəstəliyə tutulmuş” şəxs ifadəsi tamamilə onun vəziyyətinə uyğundur.” Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi bir daha qeyd etməyi zəruri hesab edir ki, qərarın tətbiq edilən hüquq hissəsində qeyd edilən normalardan bəlli olur ki, orqanlarda xidmət keçən şəxsin aldığı xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin orqanlarda xidmət keçməklə səbəb əlaqəsi hərbi-həkim komissiyaları tərəfindən müəyyən edilir. Bu zaman şəxs xəsarəti, xəstəliyi hansı şəraitdə almasından asılı olaraq o, 6 kateqoriyadan biri ilə (a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”) şəhadətləndirilir. Yuxarıda da qeyd edildiyi kimi, fövqəladə hallar orqanlarında xidmət keçərkən xəsarət (xəstəlik) almış şəxsə o zaman aylıq pul təminatının 50 misli miqdarında birdəfəlik müavinət verilir ki, həmin şəxs bu xəsarəti (yaralanma, travma, kontuziya) xidməti vəzifələrinin icrası ilə əlaqədar alsın və ya xəstəliyə tutulsun və bu xəsarət (xəstəlik) ona xidməti davam etdirməyə imkan verməsin. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 23.9-cu maddəsinə əsasən fövqəladə hallar orqanlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidməti davam etdirməyə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış və əmlakına zərər vurulmuş əməkdaşlarına və ya onların ailə üzvlərinə qanunvericiliyə uyğun olaraq birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi təmin edilir. Nazirlər Kabinetinin 67 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 1.5.2-ci bəndində iki mühüm şərtin eyni anda mövcudluğu tələb olunur:
1. Xəstəliyin və ya xəsarətin xidməti vəzifələrin icrası ilə əlaqədar olması;
2. Həmin xəstəliyin şəxsə xidməti davam etdirməyə imkan verməyən dərəcədə olması. İş materiallarından göründüyü kimi, iddiaçı Tağızadə Hüseynqulu Şamil oğluna Fövqəladə Hallar Nazirliyinin Tibb xidmətinin Xüsusi həkim ekspertiza komissiyası tərəfindən verilmiş şəhadətnamədə xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə əsasən “xidməti vəzifələrin icrası zamanı alınmışdır” (bənd “c”) kateqoriyası ilə “hərbi xidmət dövründə alınmışdır” (bənd “ç”) kateqoriyası hüquqi mahiyyətinə və nəticələrinə görə fərqlənir:
1. Xidmət dövründə alınmış xəstəlik: Şəxsin xidmətdə olduğu zaman kəsiyində yaranan, lakin bilavasitə xidməti tapşırıqların icrasından qaynaqlanmayan (məsələn, ümumi somatik xəstəliklər, irsi meyillilik və s.) halları əhatə edir.
2. Xidməti vəzifələrin icrası ilə əlaqədar: Bilavasitə xidməti fəaliyyətin spesifikası, ekstremal şərait və ya tapşırığın yerinə yetirilməsi nəticəsində yaranan halları nəzərdə tutur. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı “xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi deyil, “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirilmişdir. Həmin şəhadətləndirmə ilə bağlı inzibati orqanın qərarı hazırda qüvvədədir, ləğv olunmamış, dəyişdirilməmiş, geri çağırılmamışdır. Eyni zamanda, məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 12 dekabr 2025-ci il tarixli, 3-17-4/2-33043/2025 saylı məktubu ilə bildirilmişdir ki, H.Tağızadənin əlillik vəziyyəti Bakı Baş Səhiyyə Mərkəzinin D00224987KTQ nömrəli göndərişi və müraciəti əsasında 16.12.2024-cü il tarixində Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, 12.10.2024-cü il tarixindən ilkin olaraq hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə 2 il müddətinə (31.10.2026-cı il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(112)-9472/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.