Məhkəmə qərarları › İş №2-1(103)-4209/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4209/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4209/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti) “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxsin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-42/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli 751 nömrəli sərəncamı ilə Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən 40 000 kv.m torpaq sahəsi "xxxx" Kommersiya Mərkəzinə ayrılmışdır. Sərəncama inşaat pasportu, torpaq sahəsinə cizgi-sxem aktı əlavə edilmişdir. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 751 nömrəli sərəncamından arxiv çıxarışı verilmişdir.

2. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 7-28-90/17 nömrəli, 17 avqust 2021-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində İddiaçınə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin təqdim edilməsi ilə bağlı müraciətə baxılaraq bildirilmişdir ki, “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 226 nömrəli Fərmanına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən sorğu üzrə tələb olunan məlumatların təqdim edilməsi səlahiyyətləri xaricindədir.

3. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********84 nömrəli məktubla bildirilmişdir ki, müraciətlə əlaqədar olaraq mühəndis tərəfindən verilmiş rəyə əsasən Ayrıc Aktı üzrə olan 4.0 ha şərti sərhədli torpaq sahəsindən 0.43 ha hissəsi (şimal-qərq küncündən) N saylı hərbi hissəsinin ərazisi ilə üstüstə düşür.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 05 may 2022-ci il tarixli, MİHO/2.1.1-2-2022-1926 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi TikintiPlanlaşdırma Mərkəzinin arxivində olan məlumata əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində "xxxx" kommersiya mərkəzinə yardımçı təsərrüfatın təşkili üçün torpaq sahəsi ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli, 751 nömrəli sərəncamının 40-cı bəndi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 742 nömrəli sərəncamı ilə öz qüvvəsini itirmişdir.

5. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 25 avqyst 2022-ci il tarixli, BA-05319-2022 nömrəli cavab məktubuna əsasən Bakı şəhər İH-nin xx.xx.1996-cı il tarixli, 742 saylı sərəncamı, o cümlədən 1996-cı ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Bakı şəhər İH-nin arxiv idarəsinə müraciət edilməsi xahiş olunur.

6. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 7-4282/17 nömrəli, 31 avqust 2022-ci il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 742 nömrəli sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sərəncama əsasən, torpaq sahəsi uzun müddət istifadə olunmadığından Suraxanı rayonu, Hövsan qəsəbəsinin Şimal-qərbində İddiaçı Kommersiya Mərkəzinə yardımçı təsərrüfat tikilisi üçün torpaq sahəsi ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 751 nömrəli sərəncamının 40-cı bəndi öz qüvəsini itirmiş hesab edilməsi qərara alınmışdır.

7. “X3” MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 136 nömrəli mütəxəssis rəyinə əsasən rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən ekspertiza tədqiqatına təqdim olunmuş məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin birinci müavini Q.Fətəliyevin "torpaq sahəsinin ayrılması" haqqında xx.xx.1992-ci il tarixli, 751 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərb nissəsində İddiaçınə ayrılmış 4,0 hektar torpaq sahəsinin naturadakı sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İddiaçınə ayrılmış 4,0 hektar torpaq sahəsinin müəyyən edilmiş döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: 4.0 ha torpaq sahəsinin 1-ci hissəsi üzrə: X 417526.183, 417659.170, 417685.963, 417846.959, 417851.068, 417541.799 Y 4471545.566, 4471630.936, 4471467.102, 4471484.842, 4471453.192, 4471408.251. 4.0 ha torpaq sahəsinin 2-ci hissəsi üzrə: X 417546.128, 417725.167, 417735.328, 417552.100; Y 4471378.587, 4471404.604, 4471360.048, 4471335.026. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin birinci müavini Q.Fətəliyevin "torpaq sahəsinin ayrılması" haqqında xx.xx.1992-ci il tarixli, 751 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərb hissəsində İddiaçınə ayrılmış 4,0 hektar torpaq sahəsinin ayrıc cizgisində əks olunmuş 1-ci hissəsinin qonşuluqda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyini "N" saylı hərbi hissəsinin ərazisi ilə qismən kəsişməsi və kəsişən sahənin N kv.m (0.431 ha) ölçüdə olduğu müəyyən edilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 4.0 ha torpaq sahəsinin 1- c hissəsinin "N" saylı hərbi hissə ilə kəsişən N kv.m (0.431 ha) sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: X 417567.977, 417659.184, 417671.424, 417620.070; Y 4471572.288, 4471630.837, 4471556.034, 4471553.654. Rəyə "Google Earth" proqramının ortofoto (aerokosmik çəkiliş) görüntüləri əlavə olunmuşdur.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1918/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı MMC cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının 742 saylı xx.xx.1996-cı il tarixli sərəncamının ləğv edilməsi və Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən 40 000 kv.m torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüquqlarını təsdiqləyən Bakı şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli 751 nömrəli sərəncamının qanuni qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli e-2-1(112)-10194/2023 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli e-2-1(112)-10194/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən 40000 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərindən Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində İddiaçı MMC-nin hüquqlarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş və 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********38 nömrəli məktubu ilə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Bununla bağlı bildirirlər ki, hüquqlarının dövlət qeydiyyatından imtina olunması zamanı qanunvericiliyin tələbləri pozulmuş və mülkiyyət hüququmuz mövcud sənədlər əsasında dövlət qeydiyyatına alınmalıdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992ci il tarixli 751 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən 40 000 kv.m torpaq sahəsi "xxxx" ММС-уǝ ayrılmışdır. Bundan əlavə sorğu ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuş və İcra Hakimiyyəti Aparatının xx.xx.2021-ci il tarixli 7-1847/17 nömrəli məktubu ilə qeyd olunan Sərəncamdan çıxarış təqdim edilmişdir. Daha sonra, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli 751 nömrəli Sərəncamı, sentyabr 1992-ci il tarixli torpaq sahəsinin ayrıc aktı, tikinti pasportu, Memarlıq və şəhərsalma baş idarəsinin təsdiq etdiyi torpaq sahəsinin plan ölçüsü (yerquruluşu) sənədi və iddiaçı hüquqi şəxsə dair təsis sənədləri ilə birgə 1 saylı Bakı Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatı ilə bağlı müraciət olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin sözügedən məktubu ilə hüquqların qeydiyyatından imtina olunmuşdur. Məktubda torpaq sahəsinə dair icarə müqaviləsinin təqdim olunmadığı, torpağın faktiki sahəsinin az olduğu, torpaq sahəsinin faktiki ərazisinin müəyyən edilməsinin mümkün olmadığı və onun bir hissəsinin Müdafiə Nazirliyinin hərbi hissəsinin ərazisinə düşdüyü göstərilmişdir. İlk növbədə icarə müqaviləsi ilə bağlı bildirirlər ki, torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə "xxxx" MMC-yə icarəyə verilməmiş, birbaşa mülkiyyətinə ayrılmışdır. Məktubun imtina üçün əsas olaraq göstərdiyi növbəti 3 cümlə bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, dövlət orqanı bir tərəfdən sənəd üzərində göstərilmiş torpaq sahəsinin faktiki ərazi ilə uyğunluğunu müəyyən etməyin mümkün olmadığını, digər tərəfdən isə faktiki sahənin az olduğunu və başqa bir dövlət orqanının sahəsinə aid olduğunu göstərir. Əgər torpaq sahəsinin ayrıc aktında istinad nöqtələri və məsafələri qeyd edilməmişdirsə, belə dəqiqliklə faktiki sahənin sənədlər əsasında təsdiq edilən sahədən 4300 kv.m az olduğunun necə müəyyən edildiyi sual doğurur. Belə olan halda aydın olur ki, dövlət orqanı tərəfindən torpaq sahəsinin dəqiq sərhədlərinin müəyyən edilməsi mümkün olmuşdur. O cümlədən nəzərə alınmalıdır ki, torpaq sahəsinin istinad nöqtələrinin və məsafələrinin müəyyən edilməsinin sahibkarlıq subyekti olan iddiaçı tərəfindən müəyyən edilməsi qeyri-mümkündür. Bu məsələ, xüsusi texniki-sahəvi bilik tələb edən və xüsusi torpaq-kadastr məlumatlarına çıxışı olan şəxslər tərəfinpen aparıla bilən texniki işlərdir. Bu xarakterli işlər məhz müvafiq sahə üzrə səlahiyyətli orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparıla bilər. Məhz dövlət orqanının Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsindən də görünür ki, müvafiq ölçmə işlərinin aparılması və iddiaçıya məxsus bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi cavabdehin vəzifələrinə aiddir.

11. Məhkəmənin 2-1(112)-3215/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 742 nömrəli sərəncamının ləğv edilməsi və Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən 40 000 kv.m torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüquqlarını təsdiqləyən Bakı şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli, 751 saylı nömrəli sərəncamının qanuni qüvvədə saxlanılmasını təmin edilməsi barədə e-2- 1(112)- 12951/2022 inzibati iş üzrə yekun məhkəmə aktı çıxarılıb qanuni qüvvəsini alanadək, Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırki 2-1(112)-3215/2022 saylı işin icraatı dayandırılmışdır.

12. Məhkəmənin 2-1(112)-42/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

13. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən 35960 kv.m torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

14. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair icarə müqaviləsi təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilən inşaat pasportuna əsasən ayrılan torpaq sahəsi 40000 kv.m, faktiki 35700 kv.m təşkil edir. Torpaq sahəsinin ayrıc aktında dəqiq istinad və məsafələr qeyd edilmədiyi üçün göstərilən torpaq sahəsinin faktiki əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi (4300 kv.m) Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sahəsidir. Bundan əlavə, İddiaçı Kommersiya Mərkəzindən İddiaçı MMC-yə keçidlə bağlı əlaqəli sənədləri təqdim ediləmişdir. Bu barədə İddiaçı MMC-yə **********38 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-42/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən 35960 kv.m torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

16. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, tərəfindən torpaq sahəsi üzərində hüquqların iddiaçıya mənsub olub olmaması ilə bağlı ətraflı araşdırma aparılmamışdır. Həmçinin torpaq sahəsinin dövlət mülkiyyətində olmasına, o cümlədən sahəyə dair Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmasına baxmayaraq məhkəmə mübahisəsinə cəlb edilməmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda mübahisələndirilən torpaq sahəsi iddiaçının mülkiyyətinə ayrılmışdır və torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanmasına dair tələb və ya ehtiyac yoxdur. Torpaq sahəsinin istinad nöqtələrinin aydın olmaması ilə bağlı bildirilir ki, təqdim olunan ayrıc aktı və digər texniki sənədlərdə torpaq sahəsinin döngə nöqtələri aydın şəkildə göstərilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsində icraat zamanı ekspertiza təyin edilmiş və torpaq sahəsinin yerləşmə planı müəyyən edilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində icraat zamanı və həmçinin apellyasiya şikayətində ayrılmış sahənin 4350 kvm hissəsinin Müdafiə Nazirliyinə aid hissəyə düşdüyü qeyd olunmuşdur. Aydın olur ki, cavabdeh orqan torpaq sahəsinin dəqiq ölçüləri ilə bağlı məlumata malikdir və onun başqa sahələrlə kəsişməsini də müəyyən edə bilir. Əlavə olaraq bildiririk ki, birinci instansiya məhkəməsində iddia tələbimiz dəqiqiləşdirilərək ayrılmış sahədən Müdafiə Nazirliyinin məxsus əraziyə düşən hissə çıxarılmış və o hissədə tələbimiz dəqiqləşdirilərək azaldılmışdır. Sis-Qala MMC-nin X1 hüquqi varisi olması ilə bağlı da iş materiallarında təsis sənədləri mövcuddur. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestri məlumatlarında Sis-Qala adlı yalnız 1 hüquqi şəxs mövcuddur. Eyni zamanda bildiririk ki, Bakı şəhər İcra Hakimiyyətinin X2 torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamının ləğv edilməsinə dair sərəncamın mübahisələndirilməsi barədə Sis-Qala MMC-nin iddia tələbi üzrə işə Bakı İnzibati Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-1918/2024 nömrəli Qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-10194/2023 nömrəli Qərarından verilmiş apellyasiya şikayəti təmin olunmamış və iddia tələbimiz təmin edilmişdir. Beləliklə, qüvvəyə minmiş məhkəmə qərarı ilə Sis-Qala MMC-nin X1 hüquqi varisi olması faktı öz təsdiqini tapmış və bununla bağlı preyudisial əhəmiyyətə malik qərar qəbul edilmişdir. Əmlakın dövlət mülkiyyətində olması ilə bağlı isə heç bir sübut məhkəməyə təqdim edilməmiş, yalnız əvvəlki tarixlərdə müraciətin olması göstərilmiş, lakin müraciətin hansı torpaq sahəsi ilə bağlı olması sənədlərdən aydın deyildir.

b) Proses iştirakçılarının izahatları

19. Məhkəməda iddiaçının nümayəndəsi və vəkili verilmiş iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, 3-cü şəxsin nümayəndəsi isə qüvvədə olan Torpaq Məcəlləsinin 50-ci maddəsində daimi istifadəyə torpaq sahəsi verilən subyektlərin sırasında hüquqi şəxslərin olmamasını nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

20. Cavabdeh təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək, torpaq sahəsinin üzərində olan hüququnun qeydə alınmasına etiraz etmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər - hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. № 254-Xİİ saylı 9 noyabr 1991-ci il-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və 27 fevral 2001-ci il tarixli 96-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən) 28.İşin faktiki halları və verilmiş dəqiqləşdirmə ərizəsini, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21- 24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, iddia tələbi əsaslıdır.

29. Apellyasiya şikayətində qeyd olunan halların araşdırılması məqsədilə işin apellyasiya baxışı zamanı müxtəlif qurumlara sorğular verilmişdir.

30. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, Əmlak Məsələləri Dövlət Xidməti Dövlət Əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi tərəfindən icarəyə verilməsi nəzərdə tutulan və əlavədə göstərilən torpaq sahəsinin texniki inventarlaşdırılmasının aparılması məqsədilə aidiyyatı üzrə göstəriş verilməsi üçün sifarış DƏDKRX göndərilmişdir.

31. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyya Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması həmin əmlakın balanssaxlayıcı subyektləri tərəfindən təqdim olunan sənədlər əsasında aparılır. Bu baxımdan, sözügedən torpaq sahəsi ilə bağlı dəqiqləşdirilmiş məlumatlar (ünvan, coğrafi koordinat və s.) təqdim edildikdən sonra məktubda qaldırılan məsələyə münasibət bildiriləcəkdir.

32. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4209/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyya Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmişdir.

33. Hazırki işin hallarından göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli 751 nömrəli sərəncamı ilə Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən 40 000 kv.m torpaq sahəsi "xxxx" Kommersiya Mərkəzinə ayrılmışdır. Sərəncama inşaat pasportu, torpaq sahəsinə cizgi-sxem aktı əlavə edilmişdir. Sözügedən sərəncamın arxiv çıxarışı Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən təqdim edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən torpaq sahəsinə dair icarə müqaviləsinin təqdim edilməməsinə, iddiaçı tərəfindən təqdim edilən inşaat pasportuna əsasən ayrılan torpaq sahəsinin 40000 kv.m, faktiki isə 35700 kv.m təşkil etməsinə, torpaq sahəsinin ayrıc aktında dəqiq istinad və məsafələrin qeyd edilmədiyindən torpaq sahəsinin faktiki əraziyə aid olub-olmamasını müəyyən etməyin mümkün olmamasına, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsinin (4300 kv.m) Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sahəsi olmasına, bundan əlavə, "xxxx" Kommersiya Mərkəzindən İddiaçı MMC-yə keçidlə bağlı əlaqəli sənədləri təqdim edilməməsinə istinad edilmişdir.

34. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dədiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən 35 960 kv.m torpaq sahəsi üzərində "xxxx" MMC-nin daimi istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 880-1VQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü İl Fərmanının 4.2-ci bəndində göstərilmişdir ki, “...Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında yaranmış hüquqlara dair məlumatların 2015-ci il iyul ayının 1-dək daşınmaz əmlakın dövlət reyestrinin elektron məlumat bazasına daxil edilməsini başa çatdırsın və bu barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin”. Həmin Fərmanın 5-ci bəndində isə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılmışdır ki, bu Fərmanın 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə torpaq sahələri üzərində əvvəl yaranmış hüquqlara dair sənədlərin və məlumatların 6 (altı) ay müddətində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir.

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi “Əvvəllər yaranmış hüquqların tanınması” adlanır. Həmin Qanunun 4.1-ci maddəsində göstərilmişdir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Qanunun 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasları qeyd olunmuşdur. Əsaslardan biri kimi 8.0.5-ci bəndində 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri qeyd olunmuş; digər əsas kimi 8.0.8-ci bəndində bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində, hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər da göstərilmişdir.

37. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli 751 nömrəli sərəncamı ilə mübahisə predmeti təşkil edən torpaq sahəsinin iddiaçıya ayrılması və həmin sərəncamın hüquqi cəhətdən etibarlı olması işdə olan kifayət qədər mötəbər sübutlarla təsdiq olunur.

38. Kollegiya torpaq sahəsinə dair icarə müqaviləsinin təqdim edilməməsi dəlilinə münasibətdə isə qeyd edir ki, 11 dekabr 1998-ci il tarixli № 587-İQ saylı Qanunu ilə qəbul edilmiş “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu 1992-ci ildə İddiaçı kommersiya mərkəzinə yardımçı təsərrüfat üçün torpaq sahəsi ayrılarkən qüvvədə olmamışdır. Zaman etibarı ilə qüvvədə olmayan qanunvericilik normalarına istinad edilərək iddiaçının qanuni tələbinə qarşı digər əsası olmayan tələblərin qoyulması inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş formal tələblərdən sui-istifadəsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd olunan Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli 751 nömrəli sərəncamında iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində yardımçı təsərrüfatın təşkili üçün torpaq sahəsinin hansı əsasla (icarə və ya mülkiyyət) ayrılması barədə qeyd olmadığına görə həmin torpaq sahəsinin daimi əsaslarla İddiaçı kommersiya mərkəzinə ayrılmışdır.

39. Nəzərə alınmalıdır ki, 27 fevral 2001-ci ilə qədər qüvvədə olan Torpaq Məcəlləsinin 7ci maddəsinin ikinci hissəsinə görə Xalq deputatları Sovetlərinin qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə vermək hüquqları var idi. Həmin Məcəllənin 16-cı maddəsinə görə icarə şərtləri ilə torpaq sahələri vətəndaşlara, kolxozlara, sovxozlara, kəndli təsərrüfatlarına və digər kooperativ, dövlət, ictimai müəssisələrə, idarələrə və təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə, beynəlxalq təşkilatlara, xarici hüquqi və fiziki şəxslərə verilirdi. Sadalanan maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərkən müəyyən olunur ki, dövlər torpaqları yerli hüquqi şəxslərin icarəsinə deyil istifadəsinə verilirdi. Qeyd olunanlar isə bir daha cavabdeh təşkilatın İddiaçı kommersiya mərkəzinə torpaq sahəsinin icarəyə verilməməsi səbəbindən istifadə hüququnun qeydə alınmasından imtina üçün gətirdiyi arqumenti əsassız edir.

40. Cavabdeh təşkilatın digər, yəni qüvvədən düşmüş Torpaq Məcəlləsinin tələbinə görə torpaq sahəsinə dair istifadə hüququnun həmçinin dövlət aktı ilə rəsmiləşdirilməsi ilə bağlı gətirdiyi arqumentinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, "xxxx" kommersiya mərkəzinə Sərəncam əsasında ayrılmış torpaq sahəsi torpaq ayıran qurum olmuş Bakı şəhər İcra Hakimiyyəti tərəfindən dövlət aktı ilə rəsmiləşdirilməməsi torpaq sahəsinin iddiaçıya qanuni şəkildə ayrılmaması anlamına gələ bilməz. Belə ki, torpaq sahəsi ayrıldıqdan sonra Bakı şəhər İcrayyə Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrılmış ərazinin bir hissəsində tikinti işlərinin həyata keçirilməsi ilə bağlı tikinti pasportu tərtib edilmiş və torpaq sahəsi cizgidə əks olunan ərazidə "xxxx" kommersiya mərkəsinə təhvil verilmişdir. Başqa sözlə desək, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması barədə sərəncamdan sonra dövlət aktının tərtib edilməməsində iddiaçının hər hansı bir məsuliyyəti mövcud deyil.

41. Nəzərə alınmalıdır ki, Bakı şəhər X8 İcraiyyə Komitəsi - 1977-1991-ci ilə kimi fəaliyyət göstərmiş, 1991-ci ildən sonra onun yerinə Bakı Şəhər İcra Hakimiyyəti, 17 iyul 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 54 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi yaradılmış və torpaqların dövlət qeydiyyatının, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini, habelə müasir tələblərə cavab veriən səviyyədə yerquruluşu, dövlət torpaq kadastrı və torpaqların monitorinqi üzrə işlərin aparılması həmin quruma həvalə edilmişdir. Ona görə də qüvvədən düşmüş Torpaq Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş torpaq sahəsinin rəsmiləşdirilməsi üçün tələb edilən dövlət aktının mövcudluğu ilə bağlı müddəası həmin Məcəllədə qeyd olunmasına baxmayaraq subyektiv tələblər baxımından Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməsini istisna edir.

43. "xxxx" kommersiya mərkəzinin "xxxx" MMC-nin hüquqi varisi olmaması, o cümlədən 1992-ci ildə ayrılmış torpaq sahəsinin cizgisinin olmasına baxmayaraq həmin ərazidə yerləşməməsi ilə bağlı cavabdehin gətirdiyi arqumentlər iş materiallarına əlavə edilmiş sənədlərin araşrıdılması zamanı öz təsdiqini tapmadı.

44. Sonda o da nəzərə alınmalıdır ki, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli e-2-1(112)-10194/2023 nömrəli qanuni qüvvəyə minmiş qərarı əsasında Bakı şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli 751 nömrəli sərəncamını ləğv edən Bakı şəhər İcra Hakimiyyətinin başçısının digər 742 saylı xx.xx.1996-cı il tarixli sərəncamı ləğv edilmişdir. Yəni Bakı şəhər İcra Hakimiyyəti başçısının 25 may 1992-ci il tarixli 751 nömrəli sərəncamı hal-hazırda preyudisial əhəmiyyətə malikdir. Həmin Sərəncam əsasında iddiaçı tərəfindən torpaq sahəsi üzərində cavabdehin yaratdıqları maneələr əsasında istifadə hüquqlarının reallaşdırılması imkanının olmaması qeyd olunan qanuni qüvvəyə münmiş məhkəmə qərarının əhəmiyyətsizliyinə səbəb ola bilər.

45. İddia tələbinin sonradan dəqiqləşdirmə ərizəsinin təqdim edilməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, verilən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar ləğv olunmalı və iddia tələbi təmin olunmalıdır.

46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-42/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində yerləşən 35 960 kv.m torpaq sahəsi üzərində İddiaçı MMC-nin istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar