Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4210/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu Cavabdehnə qarşı “qərarın etibarsızlığının tanınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12060/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 2704 küçəsində, 39 T 414564.9100; 4472573.6597 coğrafi koordinatlarda yerləşən 0,03-ha dan ibarət sənaye təyinatlı torpaq sahəsinin, fərdi evin tikintisi üçün X1 və digərlərinə ayrılması barədə Suraxanı rayon Cavabdeh 13 mart 2008-ci il tarixli, 02 nömrəli qərarın etibarsızlığının tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri, Suraxanı rayon Cavabdeh 13 mart 2008-ci il tarixli, 02 nömrəli qərarı ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 2704 küçəsində, 39 T 414564.9100; 4472573.6597 koordinatlarda yerləşən 0,03 ha-dan ibarət bir hissəsi fərdi evin tikintisi üçün X1 və digərlərinə ayrılmışdır. Daha sonra sözügedən 0.03 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli, 4Ə-2367 №-li alqı-satqı müqaviləsi əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixli, **********90 reyestr və ********** qeydiyyat nömrəli olan elektron çıxarış verilmişdir. Üçüncü şəxsə ayrılmış həmin torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı (Qaraçuxur sahəsi) daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinə aiddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12060/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilərək, iş üzrə Birliyin iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85ci maddəsinə uyğun verilmış, apellyasiya mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə “Azneft” lstehsalat Birliyinə verilmiş sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən isə fərdi evin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilərəkən qüvvədə olan Torpaq Məcəlləsinin müddəalarının tələblərinə riayət edilməmiş, həmin torpaq sahəsi ilə bağlı qərar qəbul etmə səlahiyyəti ona aid olmamışdır. “İnzibati icraat haqqında Qanunun 62.12-65.1.3-cü maddələrinə əsasən cavabdehin qərarı qəbul olunduğu andan etibarsızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Tağıyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qyvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, cavabdeh Suraxanı rayon Cavabdeh üçüncü şəxsə “fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə 13 mart 2008-ci il tarixli, 02 nömrəli qərarın etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini tələb etmişdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilməsi mümükün olsun. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda, isə iddiaçının hazırkı iddia tələbinin inzibati məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. Birincisi, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsi nəzərdə tuturdu ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan əlavə, 2000-ci ilin sentyabr ayının 1-dən qüvvədə olan Mülki Məcəllənin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 373.1-ci maddəsi isə nəzərədə tutur ki, ki, ümumi iddia müddəti 10 il təşkil edir. İddiaçı isə sözügedən hüquq hüquq normaları ilə ona verilən hüquqi imkandan vaxtında istifadə etməmiş, qanunla müəyyən olunan müddətləri ötürmüşdür. İddiaçının Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (“İPM”) 36.1-ci maddəsinə müvafiq olaraq həmin qərarın etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinə gəldikdə, “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 28 dekabr 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70–72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Daha sonra, Konstitusiya Məhkəməsinin Plunmu qərarında aşağıdakıları qeyd etmişdir: «İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır…» Konkret halda da məhz, işin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia edərək həmin sərəncamı mübahisələndirmişdir ki, bu da Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyi baxımından, irəli sürülmüş həmin iddianın - inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qiymətləndirilməsini istisna edir. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən olunan iddia müddətlərini ötürərək 15 il keçdikdən sonra yalnız, cavabdeh inzibati orqanın qərarının qanunsuz olduğunu mübahisələndirərək etibarsızlığının tanınmasını tələb etmişdir ki, bu da qeyd edildiyi kimi, Konstitusiya Məhkəməsinin qeyd olunan şərhi baxımından həmin iddianı mümkünsız edir. Beləliklə, konkret halda, İddiaçı tərəfindən iddia müddəti buraxıldığı nəzərə alınmaqla, cavabdehin mübahisələndirilən sərəncamının etibarsızılığının tanınması barədə hazırkı iddia tələbi İPM-in 35-ci maddəsində nəzərdə tutulan əsasalandırılmış iddia kimi qiymətləndirilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyasının mövqeyinə görə birinci instansiya məhkəməsinin qərardadı ilə sözügedən Məcəllənin 35.3-cü maddəsinin tələbi qaydasında iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun hesab edilməlidir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12060/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12060/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4210/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4210/2023
07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver