Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4211/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Səmədovun sədrliyi və məruzəsi ilə, X11 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs qismində X4, X5 və X6 işə cəlb edilməklə) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9260/2025 nömrəli, 15 iyul 2025ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı X4, X5 və X3 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil hazırda mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Lakin, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən X4, X5 və X1 mənzilə formal olaraq qeydiyyata düşüblər. Bu hal iddiaçı üçün əlavə çətinliklər yaradır, mülkiyyət hüququ ilə ona məxsus əmlak üzərində sərbəst şəkildə sərəncam vermək hüququnu məhdudlaşdırır. X4, X8 və X3 mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı ərizə ilə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad edərək bundan imtina etmişdir. Qeyd olunanlara əsasən aydın olur ki, X4, X5 və X3 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda qalmaları üçün hüquqi əsas yoxdur, onların qeydiyyatı yalnız formal xarakter daşıyır və faktiki vəziyyəti əks etdirmir. Məhkəmənin e-2-1(112)-9260/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə X4, X5 və X6 iş üzrə zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9260/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, “Əzizbəyovneft” İdarəsinin xx.xx.1989-cu il tarixli, 73 nömrəli qərarına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, M.Qorkovo (indiki Nurəddin İbrahimov) küçəsi, ev 41, mənzil 7 ünvanında yerləşən mənzilin 1 otaq, 16.95 kv.m-nin X7, 1 otaq, 16.95 kv.m-nin X10 adına keçirilməsi qərara alınmışdır. "Yaşayış yeri üzrə qeydiyyat haqqında" arayışa əsasən X4, Kələntərl iElxan Abdulla oğlu və X1 mənzilin iddiaçıya məxsus hissəsində formal olaraq qeydiyyata düşüblər. Bu hal iddiaçı üçün əlavə çətinliklər yaradır, mülkiyyət hüququ ilə ona məxsus əmlak üzərində sərbəst şəkildə sərəncam vermək hüququnu məhdudlaşdırır. Məhkəmə hazırkı iş üzrə mübahisəli mənzilə dair üçüncü şəxslərin istifadə hüquqlarının mövcud olub-olmamasının qiymətləndirilməsi məsələsini araşdırmadan cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarma barədə hazırkı iddia tələbini əsassız hesab etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Məhkəmə müvafiq araşdırma aparmadan əsassız qərar qəbul etmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Hətta Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli, 5-12/2-2103/2025 nömrəli məktubla bildirilmişdir ki, tərəflərindən 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 112 saylı Mənzil-Kommunal İstismar Sahəsinə ünvanlanmış müraciətə cavab olaraq X9 məxsus olduğu, İddiaçı, X4, X5 və X3 qeyd olunan ünvanda qeydiyyatda olduqları, lakin, yuxarıda adları göstərilən şəxslərin sözügedən ünvanda yaşayıb-yaşamamaları barədə hər hansı məlumatın əldə edilmədiyi bildirilmişdir. Şəxsin mənzildən qeydiyyatdan çıxarılmasının hüquqi əsaslarından biri də şəxsin yaşayış yerini dəyişməsi, yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatıdır. Üçüncü şəxslər iddiaçının bacısı və bacısı uşaqları olsalar da, heç vaxt mübahisəli mənzildə yaşamamış, hətta artıq uzun illərdir ki, ölkə xaricində yaşayırlar. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9260/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan: - Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.1989-cu il tarixli, 2-172/1989 nömrəli qətnaməsinə əsasən X17 ilə X13 arasında olan nikah pozulmuşdur. -Əzizbəyov rayon İcraiyyə Komitəsi tərəfindən verilmiş 239150 nömrəli, 27 noyabr 1985-ci il tarixli orderə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, M.Qorkovo (indiki Nurəddin İbrahimov) küçəsi, ev 41, mənzil 7 ünvanında yerləşən 2 otaqlı, 32 kv.m ölçüdə mənzil iddiaçının keçmiş əri X9 verilmişdir. Orderdə ailə tərkibi olaraq – X13, Lena Motamani, Arzu Motamani qeyd edilmişdir. - “Əzizbəyovneft” İdarəsinin xx.xx.1989-cu il tarixli, 73 nömrəli qərarına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, M.Qorkovo (indiki Nurəddin İbrahimov) küçəsi, ev 41, mənzil 7 ünvanında yerləşən mənzilin 1 otaq, 16.95 kv.m-nin X7, 1 otaq, 16.95 kv.m-nin X10 adına keçirilməsi qərara alınmışdır. - 6 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən xx.xx.1992-ci il təvəllüdlü X4, xx.xx.1995-ci il təvəllüdlü X5 və xx.xx.1963-cü il təvəllüdlü X6 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 45/2-8456/2025 nömrəli məktubla bildirilmişdir ki, adları qeyd olunan şəxslərin fərdi uçot kartoçkaları Xəzər RPİ-nin Qeydiyyat məsələləri bölməsinin arxivində müəyyən olunmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 22244/2025 nömrəli məktubla bildirilmişdir ki, ünvan 1 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli, 5-12/2- 2103/2025 nömrəli məktubla bildirilmişdir ki, tərəflərindən 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 112 saylı Mənzil-Kommunal İstismar Sahəsinə ünvanlanmış müraciətə cavab olaraq ünvan 1 ünvanının X9 məxsus olduğu, İddiaçı, X4, X5 və X3 qeyd olunan ünvanda qeydiyyatda olduqları, lakin, yuxarıda adları göstərilən şəxslərin sözügedən ünvanda yaşayıb-yaşamaları barədə hər hansı məlumatın əldə edilmədiyi bildirilmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə müraciət edərək X4, X5 və X3 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətindən xx.xx.2025-cü il tarixli, 45/2-6133/25 nömrəli məktubla imtina edilərək “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan daşınmaz əmlakdan X4, X5 və X3 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi ilə yekunlaşmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Məhkəmə hazırkı iş üzrə mübahisəli mənzilə dair üçüncü şəxslərin istifadə hüquqlarının mövcud olub-olmamasının qiymətləndirilməsi məsələsinin mülki məhkəmə icraatı qaydasında həll olunmalı olduğu qənaətinə gələrək hesab etmişdir ki, cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarma barədə hazırkı iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. İşin faktiki hallarını hərtərəfli araşdıran və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Əzizbəyov rayon İcraiyyə Komitəsi tərəfindən verilmiş 239150 nömrəli, 27 noyabr 1985-ci il tarixli orderə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, M.Qorkovo (indiki Nurəddin İbrahimov) küçəsi, ev 41, mənzil 7 ünvanında yerləşən 2 otaqlı, 32 kv.m ölçüdə mənzil iddiaçının keçmiş əri X9 verilmiş, sonradan tərəflər arasında nikah xx.xx.1989-cu il tarixli, 2-172/1989 nömrəli qətnaməyə əsasən pozulduqdan sonra “Əzizbəyovneft” İdarəsinin xx.xx.1989-cu il tarixli, 73 nömrəli qərarına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, M.Qorkovo (indiki Nurəddin İbrahimov) küçəsi, ev 41, mənzil 7 ünvanında yerləşən mənzilin 1 otaq, 16.95 kv.m-nin X7, 1 otaq, 16.95 kv.m-nin X10 adına keçirilməsi qərara alınmışdır. İşin hallarından müəyyən edilir ki, üçüncü şəxslər iddiaçıya məxsus hissədə qeydiyyata alınmışlar. Belə ki, Azərbayan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 18/2-16069 nömrəli məktubla bildirilmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü X4 xx.xx.2009-cu il tarixdən, xx.xx.1995-ci il təvəllüdlü X5 xx.xx.2011-ci il tarixdən, xx.xx.1963-cü il təvəllüdlü X6 xx.xx.2006-cı il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göründüyü kimi üçüncü şəxslər iddiaçının bacısı və bacısı uşaqlarıdır və tərəflər arasında münasibətlər 2006, 2009, 2011-ci illərdə yaranmışdır. Qanunvericiliyin tələbinə əsasən mənzildən istifadə ilə bağlı hüquqi münasibətlər 2000-ci il sentyabrın 1-dən 2009-cu ilin oktyabrın 1-dək, yəni xx.xx.2001-xx.xx.2009 aralığında yaranmışdırsa, o zaman ortaya çıxan mübahisələrə hal-hazırda qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq olunacaq. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilir ki, “..2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə (köhnə) Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.” Mülki Məcəllənin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mənzil Məcəlləsinin; 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında qeyd edilir ki, “...İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir.... Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.” Göründüyü kimi, sözügedən gedən qərarda “ailə üzvləri” və “digər qohumlar” ifadələrinə aydınlıq gətirilmiş, mülkiyyətçi ilə birgə mənzildən istifadə hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Konstitusiya Məhkəməsinin bu qərarına əsasən, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış yaşayış sahəsində yaşamamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Üçüncü şəxslərin sözügedən ev üzərində hər hansı əmlak hüququna malik olmadıqları və yaşamadıqları halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuş, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və beləliklə də səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9260/2025 nömrəli, 15 iyul 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. X4, X5 və X3 iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nurəddin İbrahimov küçəsi, ev 41, 7 nömrəli mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-4211/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4211/2025
27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver