Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4212/2025 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi–Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X4 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi–Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əllilik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARI
1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ##.##.2021, ##.##.2022, ##.##.2022, ##.##.2022-ci il tarixlərdə əlilliyin təyin edilməsindən imtina verilmiş qərarları ləğv edib, ödənilməmiş ötən dövr üzrə məbləği, Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarına əsasən əlilliyə görə pensiyanın ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixə kimi ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilk dəfə ##.##.2003-cü il tarixində tibbi-sosial ekspert komissiyası tərəfindən üçüncü dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. Sonuncu dəfə əlillik dərəcəsinin ağırlaşmasına görə ##.##.2016-cı il tarixdə tibbisosial ekspert komissiyasında müayinə olunmuş və beş il müddətinə ##.##.2021-ci il tarixinə kimi ikinci dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. Əlillik müddəti başa çatdıqdan (##.##.2021-ci il tarixdən) sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün ** saylı şəhər poliklinikasından beş dəfə cavabdehə göndərilmiş göndərişlərə imtinalar etmişdir. Halbuki, iddiaçıya əlilliyin təyini üçün əsas olan xəstəliklər mövcud olsa da, cavabdeh həmin halı nəzərə almamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixi qərarında da, qeyd edilmişdir ki, məhkəmə tibbi ekspertizasının rəyində iddiaçıda olan xəstəliklər həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə, həm də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”da öz əksini tapmış xəstəliklərdir. İddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, həmin göndərişlərlə bağlı cavabdehin imtinalarının hər biri bütün əlamətlərinə görə bir inzibati aktdır və bu inzibati aktı mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2021, ##.##.2022, ##.##.2022, ##.##.2022, ##.##.2022-ci il tarixli inzibati aktlar mübahisələndirilmədiyindən qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən qüvvədədir.
3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
4. Cavabdehin iddia tələbinə qarşı etirazı məhkəməyə daxil olmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli qərarı ləğv edilsin və iddiaçı İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
7. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə təqdim edərək, iddia tələbinin ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini xahiş etmişdir. Dəqiqləşmə barədə ərizə icraata qəbul edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
8. Apellyasiya şikayəti etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışa əsasən iddiaçının əlillik vəziyyəti ##.##.2024-cü il tarixində, J********QPT nömrəli Forma 88 göndərişi əsasında qiymətləndirilərək “Bud sümyü cisminin (diafizinin) sınığı, Sol bud sümüyünün yuxarı yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Oynaqların kontrakturası, Sol bud çanaq oynağının açıcı-bükücü – yaxınlaşdırıcı kəskin kontrakturası ( Açma 10 dərəcə, Bükmə 145 dərəcə, uzaqlaşma 20 dərəcə), sol diz oynağının açıcı – bükücü kəskin kontrakturası (Açma 165 dərəcə, bükmə 155 dərəcə). Digər ikincili artroz, Qasıq sinfezinin artrozu. Digər posttravmatik koksartrozlar, Sol bud çanaq oynağının III-IV dərəcəli koksartrozu, Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Dayaq hərəkət və yeriş funksiysının pozulması. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sol aşağı ətraf əzələ atrofiyası. Digər ikincili qonartrozlar, Sol diz oynağının III dərəcəli osteoartrozu. Digər rubrikalard təsnif olunmayan varus deformasiya, Sol bud sümüyü və sol diz oynağının varus deformasiyası. Daim ağrı sindromu. Sümük sınığının pis bitişməsi, Sol bud sümyünün yuxarı 1/3-nin qeyri-düzgün pis bitişmiş sınığı.” diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.
12. Cavabdeh tərəfindən iddiaçı barəsində “Əlillik alt sistemindən” çıxarışlar edilərək məhkəməyə təqdim edilmişdir.
13. İddiaçı tərəfindən iş materiallarına barəsində olan tibbi sənədlərin surətləri əlavə edilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilərək iddiaçı İddiaçı əliliyin müəyyən olunmasının ##.##.2023-cü il tarixdən hesab edilməsi qərara alınmış, qərara qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “28. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tibbi ekspertizasının **** saylı, ## #### 2023-cü il tarixli rəyində iddiaçıda-“S72.3-bud sümüyü cisminin (diafizini) sınığı, sol bud sümüyünün yuxarı 1/3-in qeyri-düzgün bitişmiş sınığı, M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, əzələ artofiayası. M17.5 Digər ikincili qonartrozlar, sol diz oynağının III dərəcəli osteoartrozu, oynaq ətrafı ostefitləri, varus deformasiyası, açıcı-bükücü kəskin kontrakturası (açma 165 dər, bükmə 155 dər.) M21.1- digər rubrikalarda təsnif olunmayan varus deformasiya, sol bud sümüyünün varus deformasiyası, M25.7—osteofit, sol diz oynqaətrafı oteofitləri, M19- 1-digər oynaqların posttavmatik artrozu, sol diz oynağının III dərəcəli osteoartrozu” diaqnozun müəyyən edildiyi qeyd edilmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda adıçəkilən xəstəliklər həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapmış xəstəliklərdir.
30. Odur ki, iddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz
31. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddiaçıya əlilliyin təyin edilməsi tarixi barədə düzgün nəticəyə gəlməmişlər ( Məhkəmə qərarları ilə iddiaçının əlillik tarixinin xx.xx.2021-ci il olması qərara alınmışdır).
32. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti ## ####### 2021-ci il tarixdə bitdikdən sonra ##.##.2021, ##.##.2022, ##.##.2022, ##.##.2022, ##.##.2022, ##.##.2023-cü il tarixlərdə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə inzibati orqan tərəfindən göndərişlər verilmişdir.
33. Həmin göndərişlərlə bağlı cavabdehin imtinalarının hər biri bütün əlamətlərinə görə bir inzibati aktdır və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir.
34. Lakin iddiaçı qeyd edilən inzibati aktlardan yalnız birini ##.##.2023-cü il tarixli inzibati aktı mübahisələndirmiş, digər inzibati aktlar barəsində nə şikayət instansiyasında, nə də məhkəmədə mübahisə açmamışdır.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.9-cu bəndinə əsasən TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
36. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
37. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2021, ##.##.2022, ##.##.2022, ##.##.2022, ##.##.2022-ci il tarixli inzibati aktlar mübahisələndirilmədiyindən, qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən qüvvədədir.
38. Belə olan halda iddiaçının əlillik müddətinin əvvəlinin ## ####### 2021-ci il tarixdən hesablanması qəbul edilən sayıla bilməz.
39. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyinin təyin edilmə tarixi sonuncu imtina qərarının verildiyi ## ###### 2023-cü il tarixdən hesablanmalıdır.”
15. Məhkəmənin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən **** nömrəli, ##.##.2025-ci il tarixli məktubla təqdim edilmiş, İddiaçı Baləli qızının “Sağlamlıq vəziyyətinin təyininə dair” tərtib edilmiş “ ***/**** saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, 1962-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: S72.3 – bud sümüyü cisminin (diafizinin) sınığı, sol bud sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Ağırlaşma: M 84.0- sümük sınığının pis bitişməsi, sol bud sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, M 62.5- əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, əzələ atrofiyası, M17.5 – digər ikincili qonartrozlar, sol diz oynağının III dərəcəli osteoartrozu, oynaq ətrafı ostefitləri, varus deformasiyası, açıcı-bükücü kəskin kontrakturası (açma 165 dər., bükə 155 dər.), M21.1-digər rubrikalarda təsnif olunmayan varus deformasiya, sol bud sümüyünün varus deformasiyası, M25.7 – osteofit, sol diz oynaqətrafı osteofitləri, M19.1-digər oynaqların posttravmatik artrozu, sol diz oynağının III dərəcəli osteoartrozu. Yanaşı xəstəliklər: R26.8 – hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Qeyd edilən xəstəliklər “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nun həkim mütəxəssisləri tərəfindən ##.##.2024-cü il tarixdə təyin edilmiş diaqnozlarla tam əhatə olunmadığından uyğunsuzluq təşkil edir. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibbi ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərabycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini Elmi-Tədqiqat və Travmatologiya və Ortopediya İnstitutunun ## ### 2026-cı il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı ##.##.2026-ci il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə olmuşdur. İddiaçı aid tibbi sənədlər məktuba əlavə edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
19. Əvvəla iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
22. Hazırkı işin hallarından göründüyü kimi, iş üzrə iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsi və ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlıdır.
23. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
24. İş materiallarından müəyyən edilir ki, iddiaçı uzun müddət davam edən travmanın nəticələri ilə əlaqədar əlilliyin qiymətləndirilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İşdə olan tibbi sənədlərdən görünür ki, iddiaçıya XBT-10 təsnifatına uyğun olaraq S72.3 kodu ilə sol bud sümüyü cisminin (diafizinin) sınığı, M84.0 kodu ilə sümüyün qeyridüzgün bitişməsi, M62.5 kodu ilə əzələ atrofiyası, M17.5 və M19.1 kodları ilə sol diz oynağının III dərəcəli posttravmatik osteoartrozu və qonartrozu, M21.1 kodu ilə varus deformasiyası, M25.7 kodu ilə osteofitlər, habelə R26.8 kodu ilə yeriş və hərəkət funksiyalarının pozulması diaqnozları qoyulmuşdur. Tibbi sənədlərlə müəyyən edilir ki, sol aşağı ətrafda davamlı deformasiya, bud sümüyünün qeyri-düzgün bitişməsi, diz oynağında kəskin hərəkət məhdudiyyəti, açıcıbükücü kontraktura, əzələ atrofiyası və dayaq-hərəkət funksiyalarının əhəmiyyətli dərəcədə pozulması mövcuddur. Həmin dəyişikliklər uzunmüddətli xarakter daşıyır, müalicə və reabilitasiya tədbirlərinə baxmayaraq aradan qalxmır və iddiaçının sərbəst hərəkət etmək, yerimək və gündəlik fəaliyyətlərini həyata keçirmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən əlilliyin qiymətləndirilməsi şəxsdə mövcud olan davamlı funksional pozuntuların ağırlıq dərəcəsi, həyat fəaliyyətinin məhdudlaşma səviyyəsi və sosial müdafiə tədbirlərinə ehtiyac nəzərə alınmaqla həyata keçirilir. Kollegiya hesab edir ki, iddiaçının tibbi sənədlərlə təsdiq olunmuş diaqnozları dayaqhərəkət aparatının ağır və davamlı pozuntularını, aşağı ətrafın statik-dinamik funksiyasının əhəmiyyətli məhdudlaşmasını, sərbəst hərəkət imkanlarının ciddi azalmasını və həyat fəaliyyətinin əsas kateqoriyalarında məhdudiyyətlərin yaranmasını təsdiq edir. İş materiallarında olan tibbi sənədlərin məcmu qiymətləndirilməsi göstərir ki, iddiaçının sağlamlıq vəziyyəti dayaq-hərəkət sisteminin funksiyalarının əhəmiyyətli dərəcədə pozulması ilə xarakterizə olunur və bu hal orqanizm funksiyalarının 65-80 faiz pozulmasına uyğun gəlir.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın əsaslı olması barədə düzgün nəticəyə gəlsə də, hüququn müdafiəsi üsulunu düzgün müəyyən etməmişdir. Belə ki, iş üzrə hüquqi əhəmiyyət kəsb edən hallar tam müəyyən edildiyindən və əlavə araşdırmaya ehtiyac olmadığından, mübahisənin yenidən inzibati orqanın mülahizəsinə buraxılması səmərəli məhkəmə müdafiəsi prinsipinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının sosial təminat hüququnu təsbit edən müddəaları, inzibati məhkəmə icraatının məqsədləri və hüquqların effektiv müdafiəsi prinsipi baxımından iddiaçının hüquqi vəziyyəti məhkəmə tərəfindən birbaşa müəyyən edilməlidir. Buna görə də kollegiya hesab edir ki, cavabdehin üzərinə ümumi qaydada əlillik təyin edilməsi öhdəliyinin qoyulmasına dair hissə dəyişdirilməli, iddiaçının orqanizm funksiyalarının pozulmasının 35-60 faiz təşkil etməsi və ona müddətsiz əlillik təyin olunması müəyyən edilməlidir.
26. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarında olan iddiaçı barəsində tibb müəssisələri tərəfindən tərtib edilmiş xəstəlik vərəqələrindən, əvvəlki əlillik təyinatları ilə bağlı məlumatlardan və iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarın göründüyü kimi, iddiaçıya eyni diaqnozlarla dəfələrlə əlillik dərəcəsi təyin edilmiş, sonuncu dəfə həmin diaqnozla əlillik dərəcəsi yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qərarının icrası ilə əlaqədar təyin edilmişdir. Hazırda iddiaçının sağlamlıq vəziyyətində yaxşılaşma və reabilitasiya halının olması müəyyən edilməmişdir. Əlavə olaraq məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tibbi ekspertizasının T***/**** nömrəli rəyində iddiaçıda “S72.3 – bud sümüyü cisminin (diafizinin) sınığı, sol bud sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Ağırlaşma: M 84.0 - sümük sınığının pis bitişməsi, sol bud sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, M 62.5- əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, əzələ atrofiyası, M17.5 – digər ikincili qonartrozlar, sol diz oynağının III dərəcəli osteoartrozu, oynaq ətrafı ostefitləri, varus deformasiyası, açıcı-bükücü kəskin kontrakturası (açma 165 dər., bükə 155 dər.), M21.1digər rubrikalarda təsnif olunmayan varus deformasiya, sol bud sümüyünün varus deformasiyası, M25.7 – osteofit, sol diz oynaqətrafı osteofitləri, M19.1-digər oynaqların posttravmatik artrozu, sol diz oynağının III dərəcəli osteoartrozu. Yanaşı xəstəliklər: R26.8 – hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları” diaqnozunun müəyyən edildiyi qeyd edilmişdir ki, sözügedən diaqnozla sonuncu dəfə iddiaçıya qanuni qüvvəsini almış məhkəmə qərarı ilə əlillik dərəcəsi təyin edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarı ilə sözügedən xəstəliklərin həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması sübuta yetirilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilən zaman işin halları obyektiv və hərtərəfli qiymətləndirilməyərək qanunsuz və əsassız olaraq iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. 27.Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz. 28.Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı nəzərə alınmalıdır ki, cavabdehin həmin hallarla bağlı arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda biləcəyi üçün onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. 29.Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. 30.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 31.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı “iddiaçı İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin” hissəsində dəyişdirilməlidir və iddiaçı İddiaçı orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin üzərinə qoyulmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı “iddiaçı İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin” hissəsində dəyişdirilsin. İddiaçı İddiaçı orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov