Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4215/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2-1(112)-12631/2024 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 və İddiaçı19 (bundan sonra – iddiaçılar) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan, 19 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş-çıxış qapısından 6 metr sağ hissədə, saat 12:00-dan 13:00-dək müddətdə, “Süni bahalaşmaya son”, “Əhalinin gəliri günü gündən aşağı düşür” şüarları ilə, 60 dəqiqəlik piket keçirilməsinə icazə verilməməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin 09 aprel 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, iddiaçılara qərar qüvvəyə mindikdən sonra 10 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısın qarşısında saat 12:00-dan 13:00-dək piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, piket üçün müraciət edənlər Azərbaycan Respublikasının vətəndaşlarıdır. Ölkədə süni olaraq bütün qiymətlər qaldırılmışdır. Xüsusilə də, qiymətlər dövlət qurumları tərəfindən süni olaraq artırılır və bu da insanların maddi vəziyyətlərinin pisləşməsinə səbəb olur. Belə ki, 2024-cü ilin iyul ayının 18-də qərar qəbul edilmişdir ki, Azərbaycanda ölkə ərazisində minimum aylıq internetin abunəlik haqqı 25 manat olacaqdır. İnternet qiymətlərinin artırılmasına etiraz olaraq AR Nazirlər Kabinetinin inzibati binasının qarşısında “Süni bahalaşmaya son" şüarı ilə piket keçirmək qərarına gəlmişlər. Ona görə də, xahiş edirlər ki, 19 avqust 2024-ci il tarixdə, AR Nazirlər Kabinetinin giriş qapısının ön hissəsində giriş-çıxış qapısından 6 metr sağ hissədə, saat 12:00-dan 13:00-dək müddətdə, yəni 60 dəqiqə piket keçirilməsinə icazə verilsin. Lakin, cavabdeh 15 avqust 2024-cü il tarixli məktubla (qərarla) 19 avqust 2024-cü il tarixdə AR Nazirlər Kabinetinin inzibati binasının qarşısında piket keçirilməyinə icazə verməyib və həmin piketi məqsədəuyğun hesab etməyib. Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2-1(112)-12631/2024 saylı qərardadı ilə (hakim S.Salahova) iddia mümkün sayılmamışdır. İddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan, 19 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş-çıxış qapısından 6 metr sağ hissədə, saat 12:00dan 13:00-dək müddətdə, “Süni bahalaşmaya son”, “Əhalinin gəliri günü gündən aşağı düşür” şüarları ilə, 60 dəqiqəlik piket keçirilməsinə icazə verilməməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin 15 avqust 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, iddiaçılara qərar qüvvəyə mindikdən sonra 10 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısının qarşısında saat 12:00-dan 13:00-adək piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, cavabdehin piketə icazə verməməsi barədə ayrıca qərarı mövcud deyildir. Hazırkı vəziyyətdə imtina məktubu faktiki olaraq qərardır və iddiaçının hüququnu məhz həmin imtina məktubu pozur. Məhkəmə qərardadda qeyd edir ki, hər kəsin şərbət toplaşmaq hüququ vardır və hər kəsin hüquqları digər şəxslərin hüquqlarının başladığı yerdə bitir. Lakin, məhkəmə müəyyən etməmişdir ki, iddiaçıların Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin qarşısında aksiyanın keçirilməsi kimlərin hüququnu pozurdu? Məhkəmə məhz buna aydınlıq gətirməyibdir. Məhkəmə sərəncam verməsinə baxmayaraq, cavabdeh imtinaya səbəb olmuş hallar və sənədləri məhkəməyə təqdim etməmiş, məhkəmə öz sərəncamının icrasını təmin etmədən qərardad qəbul etmişdir. Ona görə də, cavabdehdən imtina barədə “qərar” və digər sənədlər alınaraq işə əlavə edilməlidir. Sərbəst toplaşmaq azadlığına müdaxilə yalnız yuxarıda göstərilən məhdudiyyətlər çərçivəsində ola bilər. Cavabdehin məktubunun hüquqi əsası yoxdur və bu faktiki olaraq sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması deyil-qadağan edilməsidir. Ona görə də ərizəçilər bildirir ki, onların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 10-cu maddəsi ilə təminat verilən ifadə azadlığı hüququna müdaxilə edilib. Bu müdaxilə eyni zamanda ifadə azadlığına müdaxilədir və bu müdaxilə qanunda nəzərdə tutulmayıb, müdaxilə demokratik cəmiyyətdə zəruri olmayıb. Bununla da Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş verib. Hazırkı işdə iddiaçıların hüququ məktub əsasında pozulmuşdu. Cavabdehin məktubu qərar xarakterli idi və həmin qərar isə iddiaçılara piket keçirilməsini qadağan edirdi. Yəni faktiki olaraq iddiaçılar həmin məktub əsasında piket keçrimək hüququndan məhrum olublar. Qeyd edilməlidir ki, hazırkı işdə iddianın mümkün sayılmaması iddiaçıların Konvensiyanın 6(1) maddəsi ilə təminat verən məhkəməyə müraciət hüququnu pozub. Eyni zamanda, Konvensiyanın 13-cü maddəsi ilə təminat verilən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnu pozub. Hazırkı işdə məhkəməyə müraciət hüququ formal şəkildə qanunvericilikdə nəzərdə tutulub, bunun məhkəmə müdafiəsi səmərəli deyildir. Və hələ indiyədək məhkəmənin bu tip iddialar üzrə müsbət qərar qəbul etməsi, ümumiyyətlə icraata qəbul etməsi halı baş verməmişdir. İddiaçılar qeyd edir ki, hazırkı işdə məhkəməyə müraciət hüququna edilən müdaxilə qanuni məqsəd daşımır və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağılabatan əlaqə mövcud deyildir. Qeyd edilməlidir ki, müdaxilə ölkədə sərbəst toplaşmaq azadlığının pozulmasına, dövlət orqanlarının sərbəst toplaşmaq azadlığına qoyduğu məhdudiyyətlə bağlı hüquqi müdafiənin olmamasına səbəb olub. Həmçinin, o da qeyd edilməlidir ki, məhkəmənin mövqeyinə görə hazırkı işdə səmərəli hüquqi müdafiə vasitələri mövcud deyildir. Halbuki, Konvensiyanın 13-cü maddəsinə əsasən Konvensiyada göstərilən hüquqların səmərəli hüquqi müdafiəsini təşkil etmək dövlətin ali vəzifələrindən biridir. Ona görə də, hazırkı qərardad eyni zamanda iddiaçıların Konvensiyanın 13-cü maddəsi ilə təminat verilən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnu da pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçılara və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçılar piket keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, toplantı keçirilməsi haqqında müraciətin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin İİİ hissəsinin tələbinə cavab vermir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, 19 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin inzibati binası qarşısında planlaşdırdıqları piketin keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçılar hazırda bu cavabın qanunsuz sayılmasını və cavabdehin üzərinə piket keçirməsinə icazə verilməsi öhdəliyinin qoyulmasını xahiş edirlər. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İşdən müəyyən olunur ki, iddiaçılar cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişlər. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələbində isə göstərilir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsində isə konkret şəkildə inzibati icraat qaydasında baxılan iddialar müəyyən edilmişdir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati icraat qaydasında irəli sürülən iddia - birinci növbədə ümumi (publik) hüquq sahəsinə aid konkret məsələnin həlli məqsədilə inzibati orqan tərəfindən qəbul edilmiş və ünvanlandığı şəxs üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbirinin mübahisələndirilməsi ilə əlaqədar həmin inzibati orqana qarşı qaldırılan bir iddiadır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Bakı ŞİH tərəfindən hazırkı iddiaçıların “toplantı keçirilməsi barədə xəbərdarlığ”ına baxılmış, lakin piket keçirilməsi üçün qeyd edilən ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş-çıxış qapısından 6 metr sağ hissədə olduğundan, həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində, ictimai təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacağı nəzərə alınaraq, müvafiq ərazidə planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun sayılmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın “toplantı keçirilməsinin məqsədəmüvafiq hesab edilməməsi”ndən ibarət hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola biməz. Çünki sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi ilə bağlı toplantılara həm icazənin verilməsi, həm də məhdudlaşdırılması halı yalnız qanunvericilikdə göstərilən əsaslar mövcud olduqda icra hakimiyyəti orqanının əsaslandırılmış qərarı əsasında həyata keçirilir. Buna görə də cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Həmin Qanunun 6-cı maddəsinin İ hissəsinə əsasən yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun «Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər» adlanan 7-ci maddəsinin 1-ci hissəsi ilə isə müəyyən edilmişdir ki, «Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinə və 10-cu maddələrinə əsasən, dinc toplantının keçiriləcəyi yerə hər hansı məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur. Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır. Göründüyü kimi sərbəst toplaşmaq azadlığına toplantıların məhdudlaşdırılması halı yalnız qanunvericilikdə göstərilən əsaslar olduqda icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə və həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən piketin keçiriləcəyi barədə etdikləri xəbərdarlıqla bağlı cavabdehin piketin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə ki cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və bu məktubda ifadə olunan qadağanedici hərəkət hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd edilən normasının mənasından göründüyü kimi, bu Məcəllə ilə müəyyən olunmuş qayda və şərtlərə uyğun verilmiş iddianın əsaslandırıldığı hallarda həmin iddianın inzibati məhkəmə icraatı mümkündür. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir və buna istinadən doğru olaraq iddiaçılar iddiasında inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu (hüquqlarının pozulmasını) əsaslandıra bilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qəbul olunmuş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2-1(112)-12631/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-4215/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4215/2024
10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver